Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin keçirdiyi yoxlamanın nəticələrinə əsasən, Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsinin rəisi, general-mayor Boqdan Françişko məzuniyyətə göndərilib. Onun artıq işə qayıtmayacağı bildirilir.
Lent.az xəbər verir ki, yoxlamanın səbəbi Sverdlovsk vilayətində azərbaycanlılar Şıxlinski və Səfərovlar barəsində aparılan, lakin uğursuz nəticələnən istintaq işləri olub. Bu işlər Xüsusilə vacib işlərin istintaqı üzrə dördüncü şöbənin rəhbəri, mayor Yaroslav Kuzvesov tərəfindən aparılırdı.
Araşdırma nəticəsində məlum olub ki, istintaqçı Kuzvesovun Şıxlinski və Səfərov barəsində təqdim edəcəyi ciddi sübutlar yoxdur. İttiham yalnız işgəncə yolu ilə alınmış etiraf ifadələrinə əsaslanır və həmin işgəncələr nəticəsində iki azərbaycanlı həyatını itirib.
İstintaq idarəsinin rəhbəri Boqdan Françişko uzun müddət öz tabeliyində olan Kuzvesovu Moskvadan gələn yoxlamaların qarşısında qoruyub. Lakin sonradan onların arasında münaqişə yaranıb. Françişko istintaqın sürətləndirilməsini tələb edib, Kuzvesov isə buna cavab olaraq iş yerində sərxoş vəziyyətdə qalmaqal yaradıb.
Kuzvesovun həmkarlarının sözlərinə görə, mayor son vaxtlar tamamilə adekvatlığını itirib və rəhbərini açıq şəkildə şantaj edib: “Yaroslav deyirdi ki, əgər onu işdən çıxarsalar, öz əlaqələri vasitəsilə məsələni birbaşa İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə çatdıracaq. Bu əlaqələrin həqiqətən mövcud olduğuna çox az adam inanırdı. Amma nədənsə Boqdan Valeryeviç Françişko onu işdən azad etmirdi”.
Moskva səviyyəsində isə anlayırlar ki, Şıxlinski və Səfərov işi faktiki olaraq dağılır. Nəticə etibarilə, Sverdlovsk vilayət İstintaq Komitəsinin rəhbəri Boqdan Françişkonun idarəçilik bacarığı da sual altına düşüb: o, “spirtli içkiyə qurşanmış mayoru belə idarə edə bilməyib”.
Qeyd edək ki, bu ilin iyun ayında Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı saxlanılıb. Saxlanılma zamanı iki həmyerlimiz işgəncə ilə öldürülüblər. Onlar guya 2001-ci ildə kafedə azərbaycanlı Yunus Paşayevin qətlində şübhəli biliniblər.