Rusiyada Çelyabinsk Yol Polisi İdarəsinin sabiq rəis müavini Oleq Jilayev 100 ton asphalt qırıntısı şəklində rüşvət aldığı üçün saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi onu 100 ton asfalt həcmində rüşvət almaqda şübhəli bilir. KİV-in məlumatına əsasən, bu “qeyri-adi hədiyyə”nin dəyəri 500 min rubldan (təxminən 10 min 312 manat) çox olub və Jilayev onu “Kapitalstroy” şirkətinin təsisçisi Romik Vardanyandan alıb.
Jilayev bu asfalt qarışığının əvəzində Vardanyanın şirkətinə yol hərəkəti qaydalarını pozmağa göz yumub və yol təmir işlərinin nəticələrini razılaşdırmaqda kömək edib.
Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumatına görə, Jilayev 6 oktyabrdan etibarən artıq Yol Polisində işləmir. O, hazırda rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə cinayət işi çərçivəsində istintaq altındadır.