“Gördüm ki, masanın üstündə kasa dolusu narkotik var...” - Xanəndə Zakir Əliyevlə  MÜSAHİBƏ
22 iyun 2022 15:00 (UTC +04:00)

“Gördüm ki, masanın üstündə kasa dolusu narkotik var...” - Xanəndə Zakir Əliyevlə MÜSAHİBƏ

Onun kövrək, ürək oxşayan həzin səsində xalq mahnıları, muğamlar xüsusi təravətlə səslənir. 
Lent.az-ın qonağı xalqın sevgisini qazanmış xanəndə, Əməkdar artist Zakir Əliyevdir.


- Neftçalanın Xolqarabucaq kəndində, isti bir aran bölgəsində böyüyən qaraca bir oğlan. Necə xatırlayırsınız onu?


- Uşaqlıqda dəhşətli dərəcədə qısqanc idim. Anamla rayona bazara mən gedərdim. Kələğayısı başından sürüşüb düşəndə, az qalırdım dünyanı dağıdam. Anam da anlayırdı, hörmət edirdi mənə. Mənə görə, çalışırdı ki, örpəyi başından düşməsin. Biz 8 uşaq idik. Evin ən balacası mən idim, elə ən çox qısqanan da mən idim. Anamın dibində böyümüşəm demək olar ki. Rəhmətlik atam dünyasını dəyişəndən sonra qayğımızı o çəkdi.  (Bu yerdə o kövrəlir. Və söhbət zamanı nə zaman anasını, atasını xatırlasa, övlad sevgisindən danışsa, gözləri dolur, özünəxas təbəssümlə bunu gizlətməyə çalışır). Hər şeyi verən Allahdır. Bu gün heç kim gərək öyünməyə ki, ailə saxlayıram, ev dolandırıram. Anam tək başına 8 uşaq böyütdü, oxutdu, yerbəyer etdi. Vallah bunu edən Allahdır. Bizlik bir şey yoxdur. Mənim qısqanclığıma gəlincə, bu yəqin gendən gələn bir şey idi. İndi oğlum da öz anasına qarşı elədir. Baxıram gülürəm. Öz keçmişimi xatırlayıram.


-    İndi də o dərəcədə qısqancsınız?


-    Yox zamanla keçdi getdi. Hesab edirəm ki, insanı o qədər boğmaq, sıxmaq olmaz. Məni bu qədər sıxıb boğsalar, dözmərəm. Həyatda ən dözmədiyim şey budur.


-    Xanım qısqancdır sizə qarşı?


-    Yox. Anlayır ki, sənətim budur, mənim ətrafımda xanımlar ola, qoluma girib şəkil çəkdirə, mənimlə rəqs edə bilərlər. Həm o məni tanıyır. Tələbə yoldaşı olmuşuq. Bilir ki, çərçivələri olan adamam, istəsəm də o çərçivələrdən çıxa bilmərəm. İstəmərəm ki, yaxın ətrafımdan kimsə mənə görə utansın, Zakirin qohumuyam deməyə sıxılsın. Mən belə gördüm, belə böyüdüm. Məncə yaxşı tərbiyə idi. Dəyişə bilmərəm. Bu dünyada insan, dost qazanmaqdan çətin bir şey yoxdur. Bəlkə şablon kimi görünə bilər, amma mən azərbaycanlı olmağımla fəxr edirəm. Xalqımı çox sevirəm. Qazandığım hər şeyi xalqa borcluyam. Ona görə xalqın mənim haqqımdakı fikirləri də önəmlidir. Axı biz tək yaşamırıq, ətrafımız var. Səhər qardaşımın qızına elçi gələndə deməsinlər ki, əmisi filankəsdir. Bu rol oynamaq, maskalanmaq deyil. İnsanların  sevgi ilə üzümə baxması, mənə enerji verir. Neftçalada, anadan olduğum kənddə toya çağırırlar, inanın, mən orda bir başqa cür oxuyuram. Bakıda oxumadığım kimi, zilləri, edə bilmədiyim xalları edirəm. Çünki orda daha çox sevildiyimi görürəm.


-    Bəs enerji almadığınız adamların yanında oxumaq çətin olur? Elə adamlar var, onları çox çalışsan da, məmnun edə bilmirsən, qaşqabağı açılmır. Onda necə?


-    Onda  yola veririk (gülür). Bu artıq illərin gətirdiyi təcrübə ilə texniki oxumaq olur. Ürəkdən oxumaq başqa şeydi.


-    Sizi heç dəyişməyə can atmayıblar?


-    Olub. Kasıb vaxtlarım olub. Elə bir restorandan iş təklifi gəlib, getmişəm, ehtiyacım var idi. Getdim gördüm buralar mənlik deyil. Masanın üstündə kasa dolusu narkotiklər, içkilər... daha nələr, 3 gün gedib, dayandım. Mənim mühitim deyildi bu. 


-    Sizi əslində mülayim, mütəvazi, gülərüzlü bir insan kimi tanıyırıq. Bəs elə bir cəhətiniz varmı ki, biz onu bilmirik, tamaşaçıların bilmədiyi Zakir necə biridir?


-    Mən axı əkizlər bürcüyəm. Başqa bir Zakir də var içimdə. Onunla çox söhbətlərim olur. Bəzən uşaq kimi oluram. Yaşlanmaqla deyil ki. İçimdəki uşaq qalır, yaxşıdakı qalır. Hərdən oğlum mənə deyir Əliyev neçə yaşın var? (gülür). 54 yaşımdayam və həyat necə axıb gedib fərqində olmamışam. Dəyişən ancaq bədəndir, qocalırıq. Gərək ruh qocalmasın. Amma  həmişə belə də olmuram. Sərt tərəflərim də var. Məncə kişi evdə hər şeyi xanımına deməməlidir. Mən demirəm. Həm onu çox yükləməmək, stressə salmamaq üçün, həm də bu belə lazımdı. Kişi hər sözünü xanımına deməz. Onun ömrünü qısaltmamaq, üzməmək üçün çox şeyi gizlətmişəm. Kişi var, pulunu da arvad idarə edir. Bir dostun səndən borc istəyir. Yanında zəng vurub arvaddan pul istəyəcəksən? Adam başqalarının gözündə bir qəpiklik olar. Bu əsla ailəyə hörmətsizlik anlamına gəlməməlidir. Kişinin kişi yeri var. Kişi ailənin yük çəkənidir.


-    Sevgi ilə ailə qurmuşdunuz?


-    Məncə ailə sevgisiz olmamalıdır. Həmişə dua edirdim ki, uşaqlarım eşqə düşməsinlər. Birdən xəyal qırıqlığı yaşayarlar, ömürlərinə xal düşər. Amma indi istəyirəm ki, sevgi ilə evlənsinlər. Ailə qurmaq ən asanıdır. Çətini ailəni davam etdirməkdir. Toylara gedirəm. Analar, atalar  övladlarına xeyir-dua verəndə mən kövrəlirəm. Hamıya arzu edirəm ki, xeyir-dua verərkən cüt olsunlar, tək  dayanmasınlar o məclisin başında. Evləndiyin adamı sevməsən, onun xarakterinə hərəkətinə xəstəliyinə çətin günlərə dözə bilməzsən. Bir evdə iki yad adama dönərlər zaman içində.  


-    Bilirəm ki, Allaha bağlı insansınız. Allahın xatirinə yaşamaq hansısa çətinliklər yaradır?


-    Nə edirəmsə Allaha xatir edirəm. Balıq bilməsə də, xaliq bilər deyirəm. Etdiyim hər əməlin yaxşı, ya pis fərq etməz cavabını Allahın verəcəyinə inanıram. Yaşatmadığını yaşamadan ölməz insan. Gərək gözünün önünə bunu qoyasan. Bəzən mənim bu düşüncəmi saflıq kimi düşünüb, zərbə vurmaq istəyən, sui-istifadə edənlər də olur. Ümumiyyətlə, həyat çətindir, onu təmiz yaşamaq daha çətindir. Bəzi adamlara pulu Allah bilərək verir. Elə bilirsiniz onların günü gündür? Zülüm çəkirlər,  pullarının başında. Bəzən şöhrət də, pul da  Allahın sınağıdır. Hər adam daşıya bilməz o yükü. Birdən arzu edirlər ki, Allah sənə uzun ömür versin. Uzun ömürlü olmaq sanki çox gözəldir? 120 il yaşayıb, bütün əzizlərinin övladlarının, dostlarının ölümünü görmək qarğışdı əslində. Allah sağlam can versin. Ölənə qədər də ağlımızı başımızdan almasın. Bu bəs edər.


-     Sənət yoldaşlarınızdan küsdüyünüz, danışmadığınız kimsə var?


-    Hamıyla salamım var. Amma bu hamıyla dostam demək deyil. Bu heç düz olmaz. Təkəbbürlü, lovğa, insanlara yuxarıdan aşağı baxan, aşağılayan adamlardan xoşum gəlmir. Adam var yalançıdı, bekarçlıqdan milçək qovalayır, hardansa toy dəvəti gələndə özünü qoyur dağ başına ki, məşğulam, amma sənin xətrinə gələrəm. Pulunu da alır, üstəlik minnət də qoyur.


-    Ən çox nədən qorxursunuz?


-    Övladlarımın gözəl övladlar olmağını istəyirəm. Şükür ki, bu günə qədər hər şey yaxşıdır, oğlum beynəlxalq münasibətlər, qızım tibb üzrə ali təhsil alıb. Onları çox sevməyə də qorxuram ki, Allahın xoşuna gəlməz (yenə kövrəlir). Çox sevdikləri ilə sınanır insan. Bunu düşünməyə belə qorxuram. Və bir də bekar qalmaqdan qorxuram. Kimin kimə qarğışı varsa, desin “səni bekar qal”. Bekar qalmaq o deməkdir ki, sən daha heç kimə lazım deyilsən, heç bir işə yaramırsan.

# 5646
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar