Azərbaycanda kimlərin konsert verməsi qadağandır? - ARAŞDIRMA
30 sentyabr 2009 14:31 (UTC +04:00)

Azərbaycanda kimlərin konsert verməsi qadağandır? - ARAŞDIRMA

Vaxtaşırı müxtəlif xarici ölkə müğənnilərinin konsertlərinin təşkil olunduğu paytaxt Bakıda konsert verməsi qadağan olunan sənətçilər də var.

APA-nın apardığı araşdırma zamanı məlum olub ki, 15-ə yaxın xarici müğənninin nəinki Azərbaycanda konsert verməsi, hətta bu torpağa ayaq basmaları rəsmi şəkildə qadağan olunub.

Araşdırmanın nəticəsi onu da göstərir ki, Azərbaycanda çıxışı qadağan olunmuş müğənnilər arasında rus müğənnilər çoxluq təşkil edir. Həmin müğənnilər arasında Katya Lel, Soso Pavliaşvili, Nadejda Babkina, Aleksandr Peskov, Valentina Leqkostupova, Stas Kostyuşkin, Denis Kiyaver, İrina Otieva , “Çay vdoyom” qrupunun adları var. Məhz adlarını sadaladığımız rus sənətçiləri 2003-cü ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının 13 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etdiklərinə görə, onların Azərbaycanda konsert verməsinə dövlət səviyyəsində qadağa qoyulub. Rusiya sənətçilərinin bu addımından sonra isə o vaxtkı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xüsusi bəyanatla çıxış edib. Həmin bəyanatda rəsmi Bakının razılığı olmadan rusiyalı artistlərin çıxışı Azərbaycan xalqına hörmətsizlik kimi dəyərləndirilib və adı çəkilən tədbirlərə dəfələrlə Bakıda konsert verən Rusiya ulduzlarının qatılması təəssüflə qeyd olunub.

Adları sadalanan rusiyalı sənətçilərdən başqa tanınmış müğənni Filipp Kirkorovun da üzünə Azərbaycanın qapıları bağlıdır. Filipp Kirkorov Azərbaycana gəlmək və Bakı səhnəsində çıxış etmək arzusunda olsa da, bu arzusunu hələ də həyata keçirə bilməyib. Azərbaycan tərəfi sözügedən müğənninin Bakıda konsertinin keçirilməməsini onun anasının erməni əsilli olması ilə əlaqələndirilir. Filipp Kirkorov məsələ ilə bağlı APA-nın sualını cavablandırarkən isə onun Azərbaycana gəlməsinə mane olan şəxs kimi keçmiş mədəniyyət naziri, hazırda Azərbaycanın Rusiyada səfiri olan Polad Bülbüloğlunun adını çəkib: “Bu sualı mənə yox, məhz Polad Bülbüloğluna ünvanlamalısınız. Çünki bu illər ərzində mən Azərbaycana gəlmək üçün çox çalışsam da, müxtəlif vasitələrə əl atsam da, bu mümkün olmayıb. Çünki mənim yolunu Polad Bülbüloğlu kəsib və o mənim Azərbaycana gəlməyimin qarşısını alıb. Azərbaycana gəlmək və konsert verməyi çox istəyirəm, ancaq bu mənim əlimdə deyil”.

Araşdırma zamanı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda konsert verməsi qadağan olunmuş müğənnilər arasında əslən Cənubi Azərbaycandan olan Dayruş və Ququşun da adı var. Hər iki sənətçinin Bakı səhnəsində çıxış etməsinə məlum olmayan siyasi məsələlər mane olur.

Araşdırma zamanı rəsmi mənbələrdən daha dəqiq siyahını əldə etməyə çalışsaq da, sözügedən siyahının qapalı olduğu və ictimaiyyətə açıqlanmadığını bildiriblər. Məsələ burasındadır ki, mötəbər mənbələr həmin siyahının olduğunu da təkzib etməyiblər.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciətimiz də nəticəsiz qalıb. Sözügedən nazirlikdən bununla bağlı xüsusi bir siyahının mövcud olmadığı deyilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya açıqlamasında Azərbaycanda konsert verməsi qadağan olunan sənətçilərin olduğunu da etiraf edib. Z. Əliyeva qeyd edib ki, bununla bağlı xüsusi bir siyahı olmasa da, Azərbaycan qanunlarına və ərazi bütövlüyünə hörmət etməyən sənətçilərin ölkəmizdə konsert verməsinə icazə verilmir: “Elə sənətçilər var ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda konsert veriblər. Onlar nəinki Azərbaycanda konsert verməyə, heç bu torpağa ayaq basmağa belə layiq deyillər. Onlar bizim kədərimizi bayram kimi qeyd ediblər. Həmin torpaqlarda konsert verən, Azərbaycan dövlətçiliyinə, qanunvericiliyinə hörmət etməyənlərin Vətənimizə gəlməyə mənəvi hüquqları yoxdur. Bundan sonra da hər hansısa çox hörmət etdiyimiz və tanınmış müğənni eyni addımı təkrarlayarsa, eyni qadağa onlara qarşı da tətbiq olunacaq. Fikrimcə, hər bir müğənni bir addımı atmazdan öncə hərəkətinin necə qiymətləndirəcəyini və hansı cəza ilə rastlaşacağını bilməlidir”.

Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı təşkilatçı şirkətlərinin rəhbərlərinin bu məsələ ilə bağlı fikirləri fərqli deyil. “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya açıqlamasında bir təşkilatçı olaraq “Eurovision-2009” yarışmasında Türkiyəni təmsil edən, Azərbaycandan 12 xal qazanan, üç ay sonra isə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı olduğunu qeyd edən və bu ölkələrin qardaş ölkə olduğunu vurğulayan Hadisə Açıqgözün konsertinin təşkilindən imtina edib və bundan sonra o sənətçinin konsertinin təşkilinə bir təşkilatçı olaraq qadağa qoyub. N. Emiloğlu bundan sonra da bu cür hərəkət edəcək hər hansısa bir sənətçinin Bakı səhnəsində çıxışından imtina edəcəyini bildirib.

“Art Community” şirkətinin rəhbəri Elman Sidqiyayev və “Tonica Production”un əməkdaşı Zəhra Bədəlbəyli konkret olaraq hansısa bir sənətçiyə olaraq qadağa qoymadıqlarını bildiriblər. Hər iki şirkət nümayəndəsi Azərbaycan dövlətinin qanunlarına hörmət etdiklərini və onların qoyduğu qadağalarla tam razı olduqlarını dilə gətiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar