“Hüseyn Dəryanın həyatında məndən sonra qız uşaqları yox, qadınlar olub” - MÜSAHİBƏ
29 sentyabr 2009 18:59 (UTC +04:00)

“Hüseyn Dəryanın həyatında məndən sonra qız uşaqları yox, qadınlar olub” - MÜSAHİBƏ

Tanınmış reperin həyat yoldaşı Sona Bağırovanın Lent.az-a müsahibəsi

- Hüseynlə qovuşmağınıza az qalıb. Onunla daim təmasda olan, fikirlərini bölüşən bir həyat yoldaşı kimi nə deyə bilərsən? Özü barədə nə düşünür?

- Hüseynin planları çoxdu, amma bunları həyata keçirmək lazımdır. Yenidən efir, yeni mahnılar və oğlunun yanında çox vaxt keçirmək istəyir. Bilirsiniz nə üçün? Hüseyn tutulanda Cahangirin 2 yaşı tamam olmuşdu. Onun necə dil açdığını belə görməmişdi. Və ən dəhşətlisi o idi ki, Hüseyn oğlunun ad günündə həbs olunmuşdu.

- Flora Kərimova aparıcısı olduğu televiziya verilişində maraqlı bir fikir səsləndirdi: “keçmiş narkoman olmur”... Sən necə düşünürsən, hər şey keçmişdə qalacaq, yoxsa Hüseyni bu aqibət yenə gözləyəcək?

- Flora Kərimova düz deyir, lakin bu da bir həqiqətdir ki, iradəsi olan adam əl çəkə bilər, mən də yanında olub dəstək verəcəm... Hüseynin qarşısına məsələ qoymuşam, bir də bu yola qayıtsa, boşanacam, bir də uşağı göstərməyəcəm!

- Həbsxanada olduğu ilk günlərdə özünü necə hiss edirdi?

- Çox pis idi, narkotik vərdişindən birdən-birə ayrılmağı onu gücsüz etmişdi. Həm də ağlı, düşüncəsi bizdə idi. Həbsə girdiyi ilk aylarda bir-birimizi görə bilmirdik, təxminən 3-4 ay xəbərsiz qaldıq. Çox yerə məktubla müraciət etmişdim, hamısı da cavabsız qalmışdı.

- Həbsxanada onunla necə rəftar edirdilər?

- Şikayət etməyib, çox sağ olsunlar, elə ilk gündən bu günə qədər hörmət ediblər.

- Səni ondan ayrılmamağa nə məcbur edir – sevgi, yoxsa övladın?

- Sevgi... Onu çox sevirəm... Şükürlər olsun ki, bu sevgi qarşılıqlıdır. Demək olmaz ki, övladımı da düşünmürəm, onu da düşünürəm, niyə axı atasız qalmalıdır?

- “Qırmızı-Qırmızı” proqramında Turan İbrahimovun Hüseynin keçmişi ilə bağlı danışdığı faktlar barədə nə deyə bilərsən? Onun şöhrətə qovuşduğu vaxtdan bəri xarakterindəki dəyişiklikləri sən də hiss edə bilmişdin?

- “Qırmızı-qırmızı” adından da bəllidir ki, gerçəkləri qıpqırmızı deyir, verilişdə gözəl fikirlər də səsləndi. Sağ olsunlar. Lakin Turanın Hüseyn haqqında “bir çox qız uşağının gözünü ağlar qoyub” deməsi... O fikirlə barışa bilmirəm. Mən Hüseynlə tanış olanda 10-cu sinfi bitirmişdim, uşaq idim, onun məni yoldan çıxarmaq kimi bir düşüncəsi heç vaxt olmayıb.
Onun həyatında məndən sonra qız uşaqları yox, qadınlar olub. Bir çox insanlar, fanatlar, qohumlar zəng vurub, etirazlarını bildirdilər. Qaldı ki, Turan tək Hüseynin yox, bir çox insanların barəsində danışır, eybi yoxdur, qoy desin. Turandır da.

- Müsahibələrinin birində demişdin ki, onun bu vəziyyətə düşməsinə səbəb dostları idi.

- Doğrudur, lazımsız insanlar ətrafında çox idi. Onlara görə evdə tez-tez dava düşürdü. Onlarla görüşməsinə tez-tez narazılıq edirdim. Evdə çox söz-söhbətlər olurdu, onlarla görüşməsinə mane olmağa çalışırdım, telefonunu söndürürdüm, bu da qalmaqala gətirib çıxarırdı.

- Cahangir atasının yoxluğunu hiss edir?

- Hələ uşaqdı, lakin tez-tez aparıb görüşdürürəm ki, uşağa psixi cəhətdən təsir etməsin. Atasının qoxusunu, nəfəsini his etsin, o hisslərdən anlayışı olsun.

- Ona maliyyə dəstəyi göstərən var?

- Maliyyə dəstəyi göstərən yoxdur, lakin ailəm mənə həmişə kömək edir.

- Hansı əməlindən peşmandır?

- Özündən qat-qat aşağı insanlar onun pis gününə baxıb sevindilər, istehza etdilər. O səviyyəyə düşməsinə çox peşmandır.

- Səncə, heç nə olmamış kimi davam edə biləcək?

- Ümidim var, Allah Kərimdir... Hüseyn elə insandır ki, hər şeyi bir anda dəyişə bilər, buna gücü çatır. Ümid edirəm ki, səhnə, efir, konsertlər, fanatlar yenidən onun taleyində olacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1436

Oxşar yazılar