Manana: “Fəxri ad almağıma körpəm sevindi” - MÜSAHİBƏ
18 sentyabr 2009 15:45 (UTC +04:00)

Manana: “Fəxri ad almağıma körpəm sevindi” - MÜSAHİBƏ

Azərbaycanın əməkdar artisti Manana Caparidzenin Lent.az-a müsahibəsi

- Manana xanım, bu günün sevincinin əvvəlki xoş təəssüratlardan fərqi var?

- Hazırda Gürcüstandayam. İnanın, içimdə elə böyük hisslər var ki, sizə çatdırmaqda çətinlik səkirəm. Artıq sabah Bakıya gələcəm. Mənə ilk dəfə prodüserim zəng vurub xəbəri çatdırdı. Elə bil göylərdəyəm, özümü sözlə ifadə edə bilmirəm.
Bəlkə də şablon, boğazdan yuxarı səslənəcək, amma tam səmimi qəlbdən Azərbaycan xalqına təşəkkür edirəm, məni sevən var ki, bu ada layiq görülmüşəm.
Artıq telefonumda zənglərin sayı çoxalmağa başlayıb. Doğrudur, hələlik sənət dostlarımdan təbrik almamışam, yəqin ki, bir azdan onlar da eşidib təbrik edərlər. Yenə deyirəm, şadam, uçmağa qandım olsaydı, sevincimdən uçardım! Hər şeydən əvvəl Allaha şükr edirəm ki, mənə Azərbaycanda sevilmək qismətini bağışladı.

- Necə düşünürsünz, fəxri adı məqamında almısınız?

- Düşünürəm ki, yaxşı sənətə həmişə qiymət verilir.

- Artıq istirahətdən qayıtmağa hazırlaşırsınız. Yaxşı dincəlmisiniz, sənətçi üçün fəxri addan böyük stimul ola bilməz. Sizi sevənləri nə gözləyir?

- Bu yaxınlarda “Bəxt ulduzum” adlı albomumu təqdim etdim. Yeri gəlmişkən, artıq hamı bilir ki, “Bəxt ulduzum”u həyat yoldaşıma həsr etmişəm. Ana olduğuma görə, bir az dinamik iş rejimindən ayrıldım. Bilirsiniz, özümü tanıyandan heç vaxt istirahət etməmişəm. Lakin bu il həyat yoldaşım və körpəmlə yaxşıca istirahət etdim. İndi solo konsertin vaxtıdır.

- Həyat yoldaşınızdan bu gün münasibəti ilə hədiyyə gözləyirsiniz?

- (Gülür) O, mənə hər gün olmasa da, heç olmasa həftədə 2 dəfə xoş sürprizlər edir. Demirəm hər gün bahalı hədiyyələr verir. Lakin hər sürprizi, hədiyyəsi mənim üçün xoşdur. Bu gün də təbii ki, nəsə olacaq. Çünki bütün ailə həyəcan içindədir. Bu xəbəri eşitmədən öncə uşağa yemək verib yatırmağa çalışdım. Nə qədər çalışdımsa, yatmadı. Anamdan soruşuram axı niyə yatmır? İnanırsız, bu xəbəri eşidəndə Liza yanımda idi, gözlənilmədən gülümsədi. Anam deyir ki, bu xəbərə bütün ailə sevinir.

- Oradakı dostlarınız artıq əməkdar artist olduğunuzdan xəbərdardırlar?

- Bilən bütün yaxınlarım məni təbrik edib. Bura gələndən televiziyadan, sənətdən yaxınlıq etdiyim insanlar deyir, nə yaxşı burdasan, yəqin sən bir gün qayıdacaqsan, elə indidən burada işləsən yaxşı olar. Mən onlara başa salmağa çalışıram ki, düzdü, mən Gürcüstanda doğulmuşam, amma ruhum, fəaliyyətim, stimulum - hər şeyim Azərbaycanla bağlıdır. Bura gəlib sevilmək, qəbul olunmaq asan iş deyil. Ona görə də çətin mən Azərbaycanı tərk edəm. Bəlkə də kiməsə hər iki vətənə bağlı olmaq çətindir. Amma mən Gürcüstandan və Azərbaycandan güc alıram.
Bir il əvvəl məni səhnədə əməkdar artist kimi təqdim etmişdilər. O kaseti saxlamışam. Bu gün o vaxt da yetişib. Mənə elə gəlir ki, işinə, vətəninə və Allaha bağlı olan bütün insanlar üçün müvəffəqiyyət sonsuzdur.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1270

Oxşar yazılar