Brilliant Dadaşovanın 50 yaş tamam oldu
15 sentyabr 2009 13:00 (UTC +04:00)

Brilliant Dadaşovanın 50 yaş tamam oldu

Müğənni yubileyini Türkiyədə qeyd edir

“Mənim ən sevdiyim mövsüm payızdır, çünki bu mövsümdə doğulmuşam. Mən tamamilə işə bağlı insanam. Hətta öz ad günümdə belə işlə məşğul oluram. Bu gün səsyazma studiyasında aranjemançı və bəstəkarlarla görüşəcəyəm. Sonra qızlar Ruxa, Cəmilə və mənimlə bir gündə doğulmuş türkiyəli mətbuat katibimlə birgə evdə ad günümüzü qeyd edəcəyik. Cəmilə bu gün dadlı plov hazırlayacağına söz verib. Bu gün idman və pəhrizi unudub, doyunca plov yeyəcəyəm”.


APA-nın məlumatına görə, bunu yaydığı açıqlamasında bu gün 50 yaşını qeyd edən Azərbaycanın xalq artisti Brilliant Dadaşova deyib. Hazırda Türkiyədə olan və elə ad gününü də qardaş ölkədə qeyd edən xalq artisti ad günündə çox kövrəldiyini də bildirib: “Mənim doğum günüm özüm və ailə üzvlərim üçün adi gün deyil. Ancaq ənənəvi olaraq bu günü adi qaydada qeyd edirəm. Bu zamana kimi geniş və təntənəli ad günü keçirməmişəm. Bu da onunla bağlıdır ki, mən hələ öz yaradıcılığımı tam açmamışam. İşləmək, yeni nəğmələr yazmaq, kliplər çəkdirmək hissi məni heç zaman tərk etmir. Bəlkə hansısa bir gün böyük təntənəli ad günü keçirəcəyəm, ancaq o bu gün deyil.


Həmin gün mən sizi əmin edirəm ki, çox möhtəşəm bayram olacaq. Planlaşdırıram ki, belə bir ad günü oğlum universiteti bitirəndən sonra qeyd edim. Ad günümdə həmişə kədərlənirəm. Mən çox erkən yaşlarımda anamı itirmişəm, hər ad günümdə onu gözləmişəm. Hamı mənə deyirdi ki, anan Moskvadadır və bu yaxınlarda qayıdacaq... Atamın mənə verdiyi hədiyyələrə gəldikdə, üzərində allı–güllü hərflər yazılmış ləçəyi xatırlayıram. Həmin hədiyyəni təqdim edəndə atam mənə dedi: “Qızım sənin bacılarına üzərində güllər əks olunmuş ləçəklər verdim, sənə isə məhz üzərində hərflər olanı verirəm. Bunu təsadüfən etmirəm, mən bilirəm ki, sən ağıllısan və mən səninlə fəxr edəcəyəm”. Bu sözləri mən heç zaman unutmaram”.

B. Dadaşova bu gün tanımadığı adamlardan 100-lərlə təbrik ismarıcları aldığını da əlavə edib: “Siz təsəvvür etməzsiniz bu nə qədər xoş haldır. Mən Türkiyə vaxtı ilə səhər saat 10-dan təbriklər almağa başlamışam. Bakıda artıq saat 12 idi. Bilirsiniz, biri var səni tanıdığın insan təbrik edə, biri var heç zaman görmədiyin, tanımadığın insanlar sənə ürək sözlərini yazıb təbrik etsinlər. Bu çox şeydən xəbər verir, ilk növbədə mənim yaradıcılığıma olan məhəbbətdən. Bu məhəbbətdən də böyük bir şeydir. Bu insanlar mənim musiqimlə, yaradıcılığımla yaşayır və onların məhəbbəti onlar üçün yaratmağa mənə böyük qüvvə verir, onların məhəbbəti məni qanadlandırır. Səmimi təbrik və məhəbbətə görə hamıya təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Brilliant Dadaşova 1959-cu ildə sentyabrın 15-də anadan olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710

Oxşar yazılar