“Natəvan haranın oxuyanıdır ki, “Hammer” sürsün?” - MÜSAHİBƏ
08 sentyabr 2009 10:30 (UTC +04:00)

“Natəvan haranın oxuyanıdır ki, “Hammer” sürsün?” - MÜSAHİBƏ

Bu dəfə onun sorağı “İstiot”dan gəlir. Mirəliyevin jurnala verdiyi müsahibəni təqdim edirik.

- Nə vaxt bu dava-dalaşdan qurtaracaqsınız?

- Vallah, mən heç kimlə dava-dalaş etmirəm. Əksinə, dava-dalaş özü gəlib məni tapır. Sadəcə olaraq, fikirlərim maraqlı olduğundan, jurnalistlər məndən fikir öyrənirlər, mən də düzünü deyirəm. Bax, mənim düz sözüm onların acığına gəlir və bir də görürəm qalmaqal başlandı. Qalmaqal oldu-olmadı, mən sözümü demişəm, deyirəm və həmişə deyəcəyəm.

- Deyirlər, populyar sənətçilərin şöhrətinə paxıllıq etdiyinizdən belə danışırsınız…

- Ay balam, mən paxıllıq edərəm, yaxşı mənada, İlhamə xanıma, Flora xanıma. Çünki onlar sənətkardırlar. Yerdə qalanlara nə paxıllıq edim?! Axı onların nə oxumaqları, nə həyat tərzləri, nə də həyata baxışları mənim səviyyəmdə deyil. Sadəcə, mən onlara başa salmaq istəyirəm ki, siz ucuz yolla şan-şöhrətə sahib olmusunuz. Amma siz bu şan-şöhrətə layiq deyilsiniz.

- Həmişə qeyd edirsiniz ki, “mən böyük sənətkarlarla işləmişəm”. O böyük sənətkarlarla indi səhnədə olanların fərqi nədədir?

- İndikilərin heç biri tamamilə sənətkar deyil! Sənətkar Alim Qasımov kimi başını salar aşağı sənətlə məşğul olar, Azər Zeynalov, Azərin kimi mahnısını oxuyar.

- Başqalarını qınayırsınız, bəs özünüz niyə sənətlə məşğul olmursunuz?

- Məni oxumağa dəvət etmirlər, ancaq qalmaqala çağırırlar. Çünki televiziyalara oxumaq yox, qalmaqal sərf edir.

- Sizin fikirləriniz həmişə tamaşaçıya maraqlıdır…

- Maraqlı fikrin altında qalmaqal yatdığı üçün maraqlı olur.

- “Toylar kralı” layihəsində münsiflər heyətində olmağınız haradasa sənətkar kimi özünüzü təsdiqləməkdə kömək oldu…

- Mən “Toylar kralı”nda böyük məmnuniyyətlə iştirak etdim. ANS TV vasitəsilə məhz sənətlə, musiqi ilə bağlı fikirlərimi xalqa çatdıra bildim. Xalq gördü ki, Əli uşaq-muşaq deyil, doğrudan da sənətdən xəbəri var. Çünki o layihədə musiqidən söhbət gedirdi və mən ancaq musiqi ilə bağlı fikirlər söyləyirdim.

- “Toylar kraliçası” layihəsinə dəvət almısınız?

- Xeyr, ancaq iştirak etmək istəyərdim! Ona görə istəyirəm ki, öz fikirlərimi gənclərə çatdıra bilim. Necə oxumaq lazımdır başa salım. Səhnədə artıq hərəkət lazım deyil, oxumaq lazımdır! Oxuya bilmirsənsə, get başqa sənətlə məşğul ol.

- Əminsiniz ki, sizin iradlarınızı qəbul edib sənətdən gedən olacaq?

- Mən onların xeyrinə danışıram, deyirəm “a bala, bura bataqlıqdır, ayağını qoyma, o biri yolla get”.

- Çətin sizi başa düşsünlər…

- Cəhənnəmə başa düşsünlər. Bəyəm “Hammer” sürməklə sənətkar olacaqlar? Sənətkar “Hammer” ala bilməz. Bizdə qazanc ancaq toydadır. Toya getməklə “Hammer” almaq mümkün deyil. “Hammer”i başqa yollarla alırlar. İllərlə toya getmişəm, niyə mənim “Hammer”im yoxdur?!

- “Hammer” Aygün Kazımova ilə Natəvanda var. Onlara söz atırsınız?

- Aygün çoxdanın sənətkarıdır. Bəs Natəvan haranın oxuyanıdır ki, “Hammer” sürsün. Mən onu hələ bir toyda oxuyan görməmişəm. Sual yaranır ki, bəs bu pulu haradan qazanır, kim verir o pulu ona?

- Bəlkə sponsor verib?

- Burda başqa söhbətlər var. Sponsor sənətə, layihələrə pul buraxır, müğənninin altına “Hammer” alıb qoymur!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar