Elnarə: “Fərqli teleaparıcı olacam, axı iki diplomum var…” - MÜSAHİBƏ
31 avqust 2009 10:01 (UTC +04:00)

Elnarə: “Fərqli teleaparıcı olacam, axı iki diplomum var…” - MÜSAHİBƏ

Müğənni Elnarənin Lent.az-a müsahibəsi

- Elnarə, içi pulla dolu çemodan hazırdı, indi gəl qiymətlə razılaşaq görək, müsahibənin qiyməti neçədir?

- (Gülür). Siz məndən müsahibə istəyəndə nəzərdə tutduğum başqa şeylər var idi, özü də ondan sonra bir neçə dəfə müsahibələr, açıqlamalar vermişəm, yenə də bilmirəm məni niyə düz başa düşməyiblər.

- Yadımdadır, sonra anan bizə zəng vurub hesab nömrəni xatırlatdı.

- Mənim anam?.. O özü-özünə belə edə bilməz, yəqin siz yenidən zəng vurmusunuz, o da hesab nömrəsini xatırladıb.

- Yox, biz sənin müsahibəni pulla verəcəyini barədə xəbər yazandan sonra zəng gəldi.

- (Gülür) Hə… Maraqlıdır… Onda yəqin bilməmişəm bu siz olubsunuz. Təsəvvür edirsən ki, gün ərzində o telefona nə qədər zəng gəlir, gündə nə qədər sayt, qəzet, jurnal çıxır. Dünən çıxıb, bu gün müsabihə istəyir. Mən ona ya yox, deməliyəm, ya da pul istəməliyəm. Düzü, o vaxt telefona özüm cavab vermədiyimə görə, Lent.az-la müsahibə olacağını bilməmişdim. Bəyəm sənə az müsahibə vermişəm?
Ümumiyyətlə, əməkdaşlıq etdiyim proqramlardan, jurnallardan, saytlardan pul istəsəm, ayıb olar. Yox, əgər yeni veriliş açılıbsa və o məni reytinqli veriliş təqdim etmək üçün dəvət edirsə, niyə də pul istəməyim?
Maşina benzin tökürəm? Salona gedirəm? Əynimə paltar geyinirəm? Bunlar hamısı puldur.

- O da səni gündəmdə saxlayır.

- Başa düşürəm. Amma mənim üçün efirə çıxıb insanların gözünü mazol etmək gündəm demək deyil. Yaxşısı budur ayda-ildə bir dəfə verilişdə qonaq olaram, o daha yaxşı nəticə verər, nəinki hər gün… Ayda bir dəfə verilişə çıxıram, yaxşıya-pisə düz bir ay danışırlar. Elə olmalıdır da.

- O vaxt yadımdadır, Aygün Kazımova pul məsələsinə etiraz etmişdi.

- Normaldı. Həmin vaxt jurnalistlər mənə zəng vurub cavab verməyimi istədilər, dedim, nə cavab verim, o elə fikirləşir, mən də belə fikirləşirəm. Lakin digər xalq artistləri, misal üçün Nazpəri xanım, Zülfiyyə xanım məni müdafiə etmişdilər.

- İlhamə Quliyeva da etiraz edənlər sırasında idi.

- Bütün hallarda, bu mənim haqqımdır, bir var, mən istəyəm, biri də var, məndən istəyələr. İndiki halda mənim adım Elnarədir axı, Sürəyya deyil... Əslində mən pul almalıyam. Ancaq Azərbaycanda vəziyyət başqa olduğuna görə şərait uyğun deyil. Yeri gəlmişkən, mən verilişlərin birindən pul almışam.

- Hansı verilişdən?

- Deməyim də, həmkarlarım məndən inciyər. Həmkar ona görə deyirəm ki, mən özüm də teleproqram aparıcısı olmağa hazırlaşıram. Onlarla insan kimi danışdım ki, evdən çölə çıxmağım üçün bu qədər pul xərcləməli olacağam. Məni verilişində görmək istəyirsən, lap yaxşı, kosmik qiymət demirəm, heç olmasa, evdən çıxmağımı təmin et. Dövlətə vergi ödəyirəm.

- Nə qədər pul aldın?

- 500 manat.

- Deyirlər, hətta dünya praktikasında hamiləliyinin 8-ci ayında teleproqram aparacaq olan ilk qadın sənsən.

- Doğrudan belədi? Mən səndən əvvəl də bu sözü eşitdim, elə bildim, zarafat edirlər…

- Sənə çətin olmayacaq? Zarafat deyil, həftədə beş gün…

- Əlbəttə, ayaq üstə çox qala bilmirəm, ayaqlarım şişir, panika var. Həm də neçə vaxtdır enerjimi heç nəyə sərf eləmirəm. Elə çıxıram ki, iki ay mənə bəs eləsin.

- Hamilə qadının istəkləri sonsuz olur, proqram vaxtı çox şey istəyə bilərsən, bu verilişə necə təsir edəcək?

- Nəzərə alsaq ki proqram canlı yox, çəkiliş olacaq, bu mənada rahat olacaq. Yəqin çəkilişdən qabaq istəklərimi reallaşdıraram (Gülür) . Məni yeganə narahat edən mövzular, qonaqlar və birbaşa onlarla ünsiyyətimdir. Hazırkı vəziyyətimlə emosionallığım necə nəticə verəcək, bax, onu düşünürəm. Ümumiyyətlə, mən çox emosionalam. Ən pis cəhətim budur. Qorxuram ki, əsəbiləşə bilərəm. Düzdü, aparıcı kimi neytral olmalıyam, maksimum buna çalışacam. Lakin mənim də şəxsi görüşlərim var…

- Verilişin qapısı kimin üzünə bağlıdır?

- Heç kimin. Mən işimin professionalıyam, daha əvvəl də veriliş aparmışam, işimi yaxşı bilirəm…

- Küsülü həmkarlarını proqramda görə biləcəyik?

- Desəm inandırıcı olmayacaq, heç kimlə küsülü deyiləm. Harda oluramsa-olum, hamı ilə salamlaşıram. Mənim salamımı almayanlar olub. Onu da özümə dərd eləmirəm.

- İldə-ayda bir dəfə efirə çıxsan da bəzən işlətdiyin bir kəlmə ilə xalq artistlərinin ürəyinə xal salırsan da, ay Elnarə…

- İndi sən zarafat elə, iki universitet bitirmişəm, iki uşaq anasıyam (gülür), mənim qədər öz yaşıdlarım arasında istədiyi nüfuza nail olan demək olar ki, yoxdur. Axı mənim də özümə görə dünyagörüşüm var, fikrimi soruşurlar, deyirəm, bu da haqqımdır. Kimsə də inciyirsə, o da cavab haqqından istifadə edir, heç vaxt da həmin şəxsə demirəm, gəl dalaşaq. Kimin fikrinə hörmət edirəm, o da mənim fikrimə hörmət etməlidir, vəssalam.

- Hamiləlik dövrünü necə keçirirsən?

- Günaşırı Röya ilə danışıram. Tez-tez sms-ləşirik.

- Bildiyimə görə, keçmiş qrup üzvləri yenidən birləşib klip çəkdirməyə, konsert verməyə hazırlaşırsınız, amma sənə görə bütün işlər dayanıb. Bunu Röyanın köməkçisi deyib.

- Təklif Röyadan gəlib. Klip təklifi də ondan gəlib. İnandırım səni, ən aktiv mən olmuşam. Qızlar məsləhət üçün yaxşı mənada mənim yanıma gəlirlər, düz bir həftə telefon əlimdə düşmədi, bəlkə on nəfərlə danışıqlar aparmışam. Klipin ssenarisini hazırladım. Deyərdim e, qorxuram ideyanı oğurlayarlar… Qoy deyim, oğurlayanda da hamı bilsin ki, məndən oğurlayıblar. Ssenariyə görə üç qız mümkün və mümkün olmayan obrazlarda podiumda görünməlidir. Klip üçün hər şeyi hazırladım. Bircə işə başlamaq lazım idi. O məsələ elə orada da dayandı. İş söndü.

- “Nömrə-1” deyəndə ağla istər-istəməz Aygün Kazımova gəlir. Nə istəyirsiniz Aygün Kazımovadan?

- Vallah, heç nə (gülür). O xalq artistidir, biz dünənki uşaqlar, bizim qarşıdurmamız gör necə gülməli görünür... Düz demirəm? Düşünürəm ki, belə qarşıdurma ona lazım deyil, hamımız bir qazanda qaynayırıq, söz-söhbət kimə lazımdır? Dünənki uşaq olsaq da, hərənin özünə görə əhatəsi, sevənləri var…

- Müğənninin veriliş aparmasından riskli heç nə yoxdur. Bu dəqiqə ekranda ictimai qınağa səbəb olan bir yox, bir neçə təcrübəli müğənnilər var. Kanalın və ətrafındakı komandanın səni xərcləməməsi üçün qarantiyan var? Ön tədbirlərin nədir?

- Hər şeydən əvvəl fərqli teleaparıcı olacam, çünki iki diplomum var…(gülür) Mən özümü tam mənada işlədiyim şirkətə etibar etmişəm. Creative Holding mənim fərqli yanaşdığım və güvəndiyim şirkətdir. İşlədiyim komanda etibarlıdırsa, vəzifəmin öhdəsindən gəlmək üçün gücüm varsa, nüfuzumu itirmək kimi qorxum yoxdur. Nəzərə alsaq ki, bu mənim Creative Holdinglə növbəti işbirliyimdir, hələ bundan sonra da olacaq.

- Yaxşı, bəs uşaq dünyaya gələndə verilişin aqibəti necə olacaq? Qısa fasilə verməli olacaqsan, yoxsa o vaxt veriliş davam edəcək?

- … Davam edəcək, məni başqası əvəz etməyəcək.

- Necə yəni əvəz etməyəcək? Fasilədə təkrar nümayiş olacaq?

- Yox. Zarafat etmirəm… Ciddi sözümdü, məni başqası əvəz etməyəcək. Elə verilişin əsl marağı da bunda olacaq…

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530

Oxşar yazılar

© 2007 - 2024 Bütün müəllif hüquqları qorunur.