Telman İsmayılov “Mardan Palace”a Bakıda müştəri axtarır
24 avqust 2009 18:00 (UTC +04:00)

Telman İsmayılov “Mardan Palace”a Bakıda müştəri axtarır

Otelin yalnız 40%-i dolub
Azərbaycanlı milyarder Telman İsmayılovun Antalyada inşa etdirdiyi 1,4 milyard dollarlıq “Mardan Palace” otelinə Bakıda sifarişlər qəbul olunur. Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, artıq paytaxtdakı reklam lövhələrində “Mardan Palace”ın reklamları gedir. Sifarişlər “Sİ LTD American Express World Travel” tərəfindən qəbul edilir. Lent.az-ın əməkdaşı həmin qurumun telefon nömrələrinə zəng vuraraq “Mardan Palace”dakı qiymətlərlə də maraqlanıb. Məlum olub ki, iki nəfərin məşhur oteldə bir həftəlik dincəlməyi üçün 1631 avro (və ya 1866 manat) ödəmək lazımdır. Bu, yalnız oteldə dincəlməyin qiymətidir, yəni təyyarədə gedişhaqqının xərcləri bura aid deyil. 1631 avroluq xərcə yalnız otaq və səhər yeməyi daxildir, vəssalam (bu isə bir günlük xərcin 267 manat olması deməkdir).
Lent.az-ın əməkdaşı “Sİ LTD American Express World Travel”ə müraciət edərək Bakıdan “Mardan Palace”da dincəlməyə gedənlərin sayı barədə də soruşub, lakin bu sual cavablandırılmayıb.
Yeri gəlmişkən, patronlardunyasi.com saytının məlumatına görə, “Mardan Palace”a hələ də gözlənilən sayda müştəri daxil olmayıb. Sayt otelin yalnız 40%-inin dolu olduğunu yazıb. Super lüks otelin hovuzu da daxil olmaqla, bir çox nöqtələrində ümumiyyətlə insan gözə dəymir. Türkiyənin ən lüks otelinin doldurulması məqsədilə bir sıra kampaniyalar hazırlamağa başlanılıb. Məsələn, “Mardan Palace” yerli turistləri cəlb etmək məqsədilə 19-23 sentyabr aralığında 1510 dollara “Ramazan bayramı” paketi hazırlayıb. Otaq və səhər yeməyinin daxil olduğu bu qiymətə iki nəfərlik axşam yeməyi, amfiteatrda axşam şousunu izləməklə yanaşı, masaj da daxildir.
Ramazan bayramının ikinci günü Telman İsmayılova yaxınlığı ilə tanınan İbrahim Tatlısəs də “Mardan Palace”dakı səhnədə oxuyacaq.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar