BMW-dən çevik VAZ-2107
Və ya 2-ci ötürmədə 140 km/saat sürəti necə yığmaq olar?
Əziz oxucu! Niyyətimiz sizi heyrətləndirmək deyil. Biz sadəcə uzun illər mövcud olmuş, lakin Azərbaycan ictimaiyyətinin xəbərsiz qaldığı elmi-texniki nailiyyətlər barədə sizləri məlumatlandırmağa çalışırıq. Avropa dillərində istənilən mövzu barədə məlumat əldə etmək üçün İnternetdə on dəqiqə axtarış kifayətdir. Ana dilimizdə hələ ki, belə imkan yoxdur. Lent.az bu boşluğu qismən də olsa aradan qaldırmağa çalışır.
Riyaziyyatı sevməyən mühəndis və ya orta təhsilli almanın dahiliyi
Klassik daxili yanma mühərriklərinin (DYM) icadından 150 il ötsə də onların iş prinsipi dəyişməz olaraq qalır. Lakin ağıllı mühəndislər hər zaman enerji itkisini minimuma endirə bilmək barədə baş sındırmışlar. Bu sualın cavabını tapmaq 1953-cü ildə 2 almana - Feliks Vankel və Vilhelm Froudeyə nəsib olur. Onlar klassik mühərrikdən daha yüngül, daha səmərəli və detalların həcmi 70% az olan rotor mühərriki patentləşdirirlər. Bu ixtira avtomobil sənayesində həyəcana səbəb olur. “Mercedes” bu mühərriklərin təkmilləşməsi işinə girişir və 1973-də beynəlxalq sərgiyə 400 at gücündə ikikameralı rotor mühərriki çıxarır. Lakin model o qədər də diqqət çəkmir və rotor mühərrikli yeganə “Mercedes”in son dayanacağı Ştutqart muzeyi olur.
Həmin illərdə “Mazda” və “Lada” bu layihəyə maraq göstərirlər. “Mazda” kiçik seriya ilə rotor mühərrikli avtomobillər buraxmağa başlayır. İş elə gətirir ki, bu model sadə amerikalıların diqqətini çəkir və artıq 1980-in əvvəllərində ABŞ-a ixrac olunan “Mazda”ların 80%-i məhz bu motorla komplektləşdirilirdi. Mazda bu tip mühərrikləri indi motosikletlərə də tətbiq edir.
1973-cü ildə VAZ-ın nəzdində rotor mühərriklərini təkmilləşdirmək üçün büro yaradılır. Peterburqdakı Elmi Tədqiqat Avtomobil Nəqliyyatı İnstitutunun (NİİAT) əməkdaşları da bu işə cəlb olunur. Məqsəd KQB (Dövlət Təhlükəsizlik Komitəsi) üçün çevik, lakin görünüş etibarilə digərlərindən seçilməyən avtomobillərin hazırlanması idi. Məqsədə əsasən nail olunur, lakin mühərrikin resursunun azlığı əsas qüsur olaraq qalırdı. Vankel motoru ilə “Jiquli” maksimum 20000 km hərəkət edə bilirdi. Sovet mütəxəssisləri NİİAT-da dünyanın ən kiçik mühərrikini hazırlayırlar. Ölçüsü təqribən yumurta boyda, kütləsi 200 qram olan bu mühərrik 5 at gücündə idi! Bu nadir eksponat indi VAZ-ın muzeyindədir (belə çıxır ki, “kərtənkələyə motor qoymaq” ifadəsi havadan götürülməyib – müəllif).
Vankelin texniki təhsili olmayıb. Bu dahi hər zaman “mən riyazi formullara nifrət edirəm” deyirdi.
Bu mühərrikin hazırlanmasında Vankellə yanaşı Vilhelm Froudenin də böyük əməyi olmuşdur. Lakin bir jurnalist xətasına görə Froudenin “haqqı yeyilir”, unudulur. Elmi dairələr bu texnikanın “rotor mühərriki” adlandırılmasını daha savadlı seçim hesab edirlər. Azərbaycan Sovet ensiklopediyasında “Vankel mühərriki” əsas götürülüb.
Görmə problemləri olduğu üçün Vankel sürücülük vəsiqəsi əldə edə bilməyib.
Avtoşların seçimi
Mazda bu gün də daxili bazara və ABŞ-a rotor mühərrikli modellərini təqdim edir. Rotor mühərriklərinin təkmilləşməsinə töhfəsini vermiş ruslar da SSRİ-nin süqutundan sonra üzərindən məxfilik qrifi götürülən layihələrdən pul qazanmaq niyyətinə düşürlər. Vankel mühərrikləri təkmilləşdirilir, mövcud qüsurlar aradan qalxandan sonra 2 model bazara çıxarılır. Biri “klassik Jiquli”, digəri isə “Samara” üçün nəzərdə tutulmuş bu mühərriklərin yalnız asqıları (rusca – podveska dviqatelya) fərqlidir. Mühərriklər dərhal mafiyanın və çılğın gənclərin diqqətini çəkir və zavod bu modellərin kütləvi istehsalına başlayır. Rus mənbələrinə görə, bu tip 07 və ya 099 ilə 2-ci ötürmədə 140 km/saat sürət yığmaq mümkündür. Qarşıdakı avtomobili vurmamaq üçün şəhərdə birbaşa 4-cü ötürmədə hərəkətə başlamaq tövsiyə edilir. Müqayisə edək:
VAZ 2106 mühərriki: 1450 sm3, 140 kq, 75 at gücü, 5500 dövr dəqiqə
VAZ 409 Vankel: 1100 sm3, 70 kq, 140 at gücü, 8000 dövr dəqiqə. Kompressorla təchiz olunmuş eyni mühərrik 180 və 220 at gücü hasil edir. Bu da kütləsi 900 kiloqram olan LADA üçün hədən ziyadə artıqdır. Müasir Jeeplərin əksəriyyətində bu gücdə mühərrik yoxdur. Bir sözlə, bu mühərrik əsl “avtoş”lar üçündür.
Rotor mühərrikin üstünlüyü: Yüngüldür, eyni həcmli klassik DYM-dən 2 dəfə artıq güc hasil edir, maya dəyəri aşağıdır, yanacaq sürtkü materiallarının keyfiyyətinə az həssasdır, səsi azdır, çevikdir.
Çatışmazlığı: Resurs azdır, ekoloji problemlər tam həllini tapmayıb, mühərriklə tormozlama az effektlidir. Bu tip mühərriklə təchiz edilən avtomobilə daha güclü tormoz sistemi quraşdırmaq lazım gəlir. Güclü mühərrik naşı sürücülərə şəhər rejimində problemlər yaradır.
Tüninq barədə
İnkişaf etmiş ölkələrdə avtomobil zavodları ilə yanaşı tüninq laboratoriyaları da fəaliyyət göstərir. Bu sahə çox böyük elm və mühəndislik qabiliyyəti tələb etdiyi üçün “tüninq” olunmuş avtomobillərin də qiyməti yüksək olur. Tüninq laboratoriyaları mini avtomobil zavodu kimi dəyərləndirilir. Təəssüf ki, Azərbaycanda avtomobil zavodu kimi tüninq laboratoriyaları da yoxdur. O ki qaldı, standartdan böyük/kiçik təkər, “liftinq” edilmiş avtomobil, xoruz, eşşək, it səsi verən siqnallar, təyyarə uçuşunu xatırladan səsboğan, maşını silkələyən maqnitofon, göz çıxaran faralar, əcaib yazılar, plyonka, pərdə, spoylerlər... Bunların tüninqə heç bir aidiyyatı yoxdur. Bunlar sürücünün əqli və mədəni səviyyəsinin barometri olmaqla bahəm, inzibati xəta predmetidir. Avropa bir yana, qonşu Rusiyada da bu cür “təchiz olunmuş” avtomobillərin sürücüləri sanballı cəriməyə məcburdurlar – həm də bu “ixtiraları” öz hesabına sökdürmək şərtilə. Ölkənin nüfuzunu ləkələyən bu texniki vandalizmlə mübarizədə ictimai qınaq təsirli olardı. Yol hərəkəti iştirakçılarının intizamı və həmrəyliyi bütöv bir xalqın inkişaf və mədəni səviyyəsinin göstəricisidir. Gəlin, bu sahədə Azərbaycanın adının Avropa ilə bir yerdə çəkilməsinə çalışaq, Afrika ilə deyil (Bu sətirlərin müəllifi avtomobil sənayesinin beşiyi olan Almaniya və Fransada bu tip əcaibliklərə rast gəlmədi).
PS. Standart VAZ mühərriklərinin də gücünün artırılması üçün çox sadə variantlar mövcuddur. Lakin sui-istifadə hallarından qaçmaq üçün biz bu variantları şərh etmirik. Güclü mühərrik yüksək sürət və ya avtoxuliqanlıq deyil, sırf sürücü və sərnişin rahatlığı üçündür.
Gələn yazıda: Obamamobil
Vüqar Ələsgərov.

1940