İlhamə Quliyeva: “Gözaltım var...” - MÜSAHİBƏ
10 iyun 2009 15:30 (UTC +04:00)

İlhamə Quliyeva: “Gözaltım var...” - MÜSAHİBƏ

Azərbaycanın xalq artisti, tanınmış müğənni İlhamə Quliyevanın Lent.az-a müsahibəsi

- İlhamə xanım, bir neçə vaxt idi ki, vətəndə yox idiniz. Qayıdanda maraqlı açıqlama verdiniz: “Mənim gedişimdən istifadə ediblər, burada çox hadisələr baş verib. Hər şeyi qaydasına salmağa gəlirəm”. Bu açıqlama konkret olaraq kimə ünvanlanmışdı?

- Bilirsiniz, qeybətçilər çoxdur. Konkret heç nəyə. Bilirsiniz ki, mən dincəlirdim. Ancaq ünsiyyətim Faiq Ələkbərli ilə idi. Azərbaycanda təəssüflər olsun ki, insanın dalınca danışmaq, şərləmək, böhtanlamaq, istirahəti başqa cür təqdim etmək və bu kimi əməllər var. Konkret heç nəyi nəzərdə tutmurdum. Mənim heç kimlə şəxsi qərəzim yoxdur. Baxmayaraq ki, mənim Azərbaycan şou-biznesinə aidiyyatım yoxdur, lakin şou-biznesdə bəzi xoşagəlməz hallar var. Haqqımda kimsə nəsə deyirsə, buna çox təəssüflənirəm. Bəzən sual verirlər ki, İlhamə xanımın sənəti haqqında nə deyə bilərsiz... Siz bilən, 43 il Azərbaycan mədənyyətinə xidmət edən insan, yüksək fəxri adlara, ölməz ulu öndər Heydər Əliyevin fəxri fərmanı ilə təltif olunan şəxs sənətkar deyil? Mənim zənnimcə, belə sənətkar toxunulmaz olmalıdır. Sənətkarlıqdan əlavə, mən həm də ictimai xadiməm, dünya azərbaycanlıları ilə daim ünsiyyətdə oluram. Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidentiyəm.

- Sizdən də bir mütəxəssis kimi rəy soruşsalar, təbii ki, cavab verərsiniz...

- Təbii ki... Lakin mən heç kimi təhqir etmədən cavab verərəm. Heç kimin şəxsiyyətinə toxunmadan cavab verərəm. Bakı balaca şəhərdir, heç kim öz keçmişini unutmasın. Dövlətin ünvanına kim hansı fikirləri söyləyib?

- Nə vaxtsa, sənətə təzə gələn müğənnilərin sizin kölgənizdə gizlənib özünü tanıtmağa cəhd göstərdiyini müşahidə etmisiniz?

- Allah məni yaxşılıq, əlimi gənclərə uzatmaq üçün yaradıb. Bu missiyanı həmişə etmişəm və edəcəm də. Biləni də olub, bilməyəni də. Qoy Allah bütün yaxşılıqlarımı özü qiymətləndirsin. Amma mənim əlimi uzatdığım gənclərdən nankor çıxanları da olub. Allah-Təala onlara elə cəza verib ki, nankor olaraq, bataqlıqda iylənmiş su kimi qalıblar.
Ağlı olan adam mənim kimi insana xəyanət etməz. Yəni mənim açdığım aydın, işıqlı yolu çirkin etməz.

- Xəyanəti bağışlayırsınız?

- Xeyr, həyat boyu.. Bir yalanı, bir də xəyanəti heç vaxt bağışlaya bilmirəm.

- Lakin elə şəxslər var ki, istər-istəməz onları bağışlayan görürük.

- Adını çəkin.

- Misal üçün, Sərxan Kərəmoğlu ilə münaqişə yenidən dostluqla əvəzləndi.

- O mənə xəyanət etməyib. Sərxan axına düşmüşdü. Onun ailəsi ilə illərdir ki, yaxınlıq edirəm, bu gün də yanımdadırlar. Bu münaqişə ilin bir fəsli qədər də çəkmədi. Sərxan başa düşdü ki, mənim kimi bir dostu itirmək olmaz. O, çaşdı, onu çaşdırdılar, amma gördü ki yox, çaşdığı tərəf ona bəlalar gətirir. Vaxtında ayıldı. Ona etibarım var, xanımı ilə də yaxın rəfiqəyik.

- Lakin şöhrət çox təhlükəlidir. Yəqin ki, sizin şöhrətiniz kölgəsinə sığınanlar çox olub.

- Demək istəyirsiniz ki, Sərxan mənim şöhrətimin kölgəsinə sığınıb? Yox, axı, Sərxan özü də populyardır. Sənətdə onun öz yeri var. Məni sənət aləmində hamı sevir. 43 ildir ki, səhnədəyəm, mən ağ at üzərində rahat oturmuşam. Bax, əgər sizin gözünüzün önündə bu qədər insan məni öpüb, bağrına basıb getməsəydi, o mənim sevilməməyimə sübüt olardı. Xoşbəxtəm ki, sevilirəm. Bilsəm ki, sənətdə ürəyim istəyən yerim yoxdu, ömrümdə səhnəyə çıxmaram. Xarici görünüşüm, səs imkanım mənə imkan verir. Mən ağ atımın üstündəyəm. Özü də rahat oturmuşam. Mənim ağ evimə kim daş atmaq istəyirsə, daş onun özünə dəyir.

- Ağ evə gəlin nə vaxt gələcək?

- Az qalıb. Oğlum Orxanı bir-iki ilə evləndirmək istəyirəm. Gözaltım da var. Gözəl bir xanımdır, yaxın rəfiqəmin qızıdır. Fikrim var ki, bu il nişan edim, gələn il evləndirim.

- Necə qayınana olcaqsınız?

- Mən qaynana olmayacam, öz gəlinimlə rəfiqə olacam. Mən hələ çox cavanam.

- Qız nəvə istəyirsiniz, yoxsa oğlan?

- Övlad olsun. Mənim üçün fəqi yoxdur. Mənim balamın balasıdır.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400

Oxşar yazılar