Nazpəri Dostəliyeva: “Xoşbəxtəm ki, qızım yoxdur” – MÜSAHİBƏ
20 aprel 2009 13:00 (UTC +04:00)

Nazpəri Dostəliyeva: “Xoşbəxtəm ki, qızım yoxdur” – MÜSAHİBƏ

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın Lent.az-a müsahibəsi

- Nazpəri xanım, xalq artisti adına layiq görüləndən sonra sanki durğunluq dövrü yaşayırsınız. Bizim sənət aləmində qəribə bir psixologiya var, çətini ad almaqdır...

- Yox, qətiyyən. Mən belə deməzdim. Çünki bu adın böyük məsuliyyəti var. Xalq artisti adına qədər yaratdıqlarımı indi daha səviyyəli və təkmilləşmiş şəkildə təqdim etmək istəyirəm. Əksinə, indi işlərim artıb, bu üzdən daha mükəmməl şəkildə işləməyə, yaradıcılığımı ciddi şəkildə xalqa təqdim etməyə çalışıram. Ona görə də hər verilişə çıxmaq, hər dəqiqəbaşı məntiqsiz, mənasız görüşüb nə isə söhbət eləmək, köhnə mahınlardan istifadə etmək olmasın deyə, çəkilib bir kənara böyük layihələr, böyük işlər haqqında düşünürəm.

- Böyük işlər deyəndə nəyi nəzərdə tutursunuz?

- Maraqlı layihələr. Başqa ölkələrdə konsertlər. Mən demirəm ki harikalar yaradacam. İlk öncə solo konsert edəcəm, maraqlı disklər təqdim edəcəm. Neçə illərdir məndən aşıq mahnıları istəyiblər, əlbəttə ki, çox çətindir. Hər şeyi arxada qoymuşam. Mənim səhnəyə gəlişim çoxlarını qıcıqlandırıb, əsəbləşdirib, mən artıq bunları keçmişəm.

- Sizi nəyə görə qısqanırlar? Xarici görünüşünüz, yoxsa səs imkanlarınıza görə? Ya da başqa səbəb var?

- Təbii ikisi də. Allah sənəti də, görünüşü də, daxili gözəlliyi də mənə bəxş edibsə, deyərdim ki, xoşbəxtəm. Bu saydıqlarım kimdə yoxdursa, onları əsəbləşdirib.

- Şou-biznesdə məhz sizə olan qadın qısqanclıqlarını barmaqla saysanız bitər, yoxsa hesablayıcıya ehtiyac var?..

- Çox deməzdiim, amma az da deyil.

- Xalq artisit olanda incəsənətdə sizi birinci kim təbrik etmişdi?

- İlk dəfə Afaq Bəşrqızı təbrik edib. Onun özünə də, sənətinə də sonsuz hörmətim var. Əvvəl mənə elə gəldi ki, gülüş ustası bu dəfə də yumor edib. Ümumiyyətlə, təbrik çox idi. Bütün dostlarım tanışlarım, məni sevənlər, hətta sevməyənlər belə təbrik elədi.

- Bəs kim təbrik etmədi?

- Heç vaxt ünsiyyətdə olmadığım və ünsiyyətdə olmaq istəmədiklərim təbii ki təbrik etmədi.

- Kimlər idi, onlar?

-Heç vaxt işləməyənlər. Nəinki xalq aristi adı ilə məni təbrik etmək arzusunda olanlar, əksinə, məni hər bir şəkildə ləkələməyə çalışanlar. Bu gün də o hal yaşanır. Amma mənim o insanlara yazığım gəlir.

-Yəqin ki, onlar “okeanın balaca balıqları” deyil...

- Təbii ki. Neçə illərdir səhnədə meydan oxumaq istəyənlər. Oxuya bilənlər yox ha, Onlara elə gəlir ki, meydan oxuyublar. Sadəcə olaraq meydan oxumaq istəyənlər...
Onlar məni qarşılarında əzə bilməyiblər. İstədikləri an o insanların istəyini yerinə yetirməmişəm. Əslində xalqa, sənətə, özümə xoş təsir bağışlayacqsa, o istəyi hər gün qəbul etməyə hazıram. Lakin bu istəklər kiminsə şəxsi mənafeyi üçün, öz cibi üçün nəzərdə tutulubsa, o istəkləri qəbul etməmişəm və qarşılarında əyilməmişəm.

- Demək istəyirsiniz ki, bir qrup şou-biznes nəhənglərinin kölgəsində gizlənənlərdən olmamısınız?

- Heç vaxt olmamışam. Həmişə də istər mətbuatda, istər müsahibələrimdə demişəm: mənə sənəti Allah verib. Atamın məktəbini keçmişəm. Sözsüz ki, sonradan professionallaşmışam. Heç bir müğənninin - guya gənclərə dəstək olan müğənninin, səhnədə olan insanların əlinin altında olmamışam.

- Yeri gəlmişkən, bir qrup gənclərə dəstək verən, digərləri isə gənclərin qarşısını kəsən müğənnilər kimi tanınıblar. Sizi nə orda, nə də burda görmək mümkündür...

- Yox, o mənə görə deyil. Dəstək olaram o tələbəyə ki, o mənim bu gün dərs dediyim unıversitetdə qabiliyyətini nümayiş etdirir. Dəstək olmaq nədir? Gənc ifaçının yaxşı pulu varsa mənimsəmək? Filan qədər pul alıb, onun təqdimatına gedib, tərifləmək? “Bu mənim tələbəmdir, mən ona dəstək olacam...” Mən bunu qəbul etmirəm. Tələbə ayrı şeydir. Tələbə odur ki, oturur auditoriyada və sən ona dərs verirsən. Mən istedadı, sənəti olmayan gənclərin pulunu alıb sonra onu bədbəxt edib bir kənara atmıram. Yalnız dərs dediyim universitetdə müəllim oluram.

- Şəxsi həyatda hər şey qaydasında görünür. Artıq oğlunuzu evləndirmisiniz, nənə olmusunuz. Nənə olandan sonra özünüzü sevgidən sığortalamısınız? Adətən, incəsənət aləmində sevgi hər yaşda qəbul olunur.

- Nənə olmaq o demək deyil ki, artıq mənim 70-80 yaşım var. Bu gün elə incəsənətdə də 70 yaşına çatdıb nənə adına həsrət qalanlar var. Mən gəncəm. Bu gün artıq hər şeyi əldə etmişəm. Xoşbəxtəm. Sənətdə “mənəm-mənəm” deyib bu gün heç nə əldə etməyənlərdən fərqli olaraq, istədiklərimə çatmışam. Bu gün şəxsi həyatım barəsində böyük bir açıqlama verməyəcəm. Təkcə “xoşbəxtəm, şəxsi həyatımda gözəl ailəm, övladlarım və gəlinim var” deməklə hər şeyi izah etmiş oluram.

- Gəlinlə yola gedə bilirsiniz?

- Hə. Çox yaxşı qızdır.

- Kiçik oğlunuzu evləndirmək istəyirsiniz?

- Hə, mən istəyirəm. Amma o istəmir. Oxuyur,işləyir. Elə bunları səbəb gətirib, yola verir.

- Deyirlər, böyük oğlunuz sizin seçdiyiniz qızla ailə qurub.

- Deyirlər, amma belə deyil. Oğlum özü məni o ailə ilə tanış edib. Bu gün birinci oğlumdan ən çox bu seçiminə görə yerdən göyə qədər razıyam. Məni elə ailə ilə tanış edib ki, ancaq hörmət görürəm.

- Adətən, tanınmış ailələr elə köklü bir ailə ilə birləşib qohumluq yaratmaq istəyində olurlar. Demək olar ki, 99 faiz tanınmış ailələr bu düşüncədədir.

- Mənim üçün fərqi yoxdur. Hansı qızı seçirlər- seçsinlər, təkcə sənətçi olmasın.

- Müğənni gəlin istəməzsiniz?

- Yox! Net! Nine! Qətiyyən!

- Axı, özünüz də müğənnisiniz...

- Müğənniyəm, xoşbəxtəm ki, qızım yoxdur. Əgər mənim oğlum sənətdən qız sevsəydi, qarşısını kəsməzdim. Sadəcə razı olmazdım.

- Övladlarınıza qadağanız var?

- Biri evlidir, ona qadağam yoxdur. Ailənin qədrini bil, demirəm, çünki anasının da, həyat yoldaşının da qədrini bilir. Ayrı-ayrılqda dəyərləndirir. Qaldı ki, Əkbər, 6-da iş bitir, 7-nin yarısı evdədi. Çox ciddiyəm. Həmişə evə zəng vurmalıdır.

- Məşhur övladı olmaq cox çətin məsələdir. Xoşagəlməz hadisələrin çoxu da elə məşhurların övladlarının başında cərəyan edir.

- Hansısa xoşagəlməz işin başında dayanıb “mənim anam müğənnidir” demək onlara aid deyil. Mən həmişə onlara demişəm, “özünüzə haqq qazandırmayın”, elə bilin ki, fəhlə balasısınız. Sadə olmaq, başıaqağı olmaq onların qarşısına qoyduğum şərtdir.

- Sizi bəxti gətirən müğənni hesab etmək olar...

- ...Çoxlarının illərlə qazana bilmədiklərini mən səhnəyə gəlişimdə qazanmışam.

- ...əgər bəxtiniz gətirməsəydi, istedad və xarici görünüş effekt verməsəydi, sizə paxıllıq etdiyini iddia etdiyiniz o insanlara haqq qazandırardınız?

- Bizi Allah yaradıb. Alnımıza nə gəlibsə, onu yaşayırıq. Mənə nə elə gəlir ki, hər şeydə ağıllı olmaq kömək edir. Əgər ağlın varsa, şans da sənin yanındadır. Gələcəkdə mən nə xoşagəlməz hadisə yaşasam, o mütləq buraxdığım səhvlərdir ki, qarşıma çıxacaq.

- Səhviniz olub?

- Deməzdim səhv eləmişəm. Sadəcə, mənim bəzi xarakterim var ki, problem yaradır. Sırf insanlıq naminə edirəm. Ürəyimə gücüm çatmır. Əgər yerə yıxılana ürəyim yanırsa, bilirəm ki, ona əl uzatsam əlimi udacaq, yenə də onu edirəm.

- Adətən, ağıllı adamlar hissiyata qapılmayan adamlar olur.

- Mən hissiyyata qapılmamağa çalışıram. Bilmirəm, ürəyimin yumşaqlığı, yoxsa nədir...

- Sizə əzəli düşmən olan həmkarlarınız barışıq əli uzatsa barışarsınız?

- Sözsüz ki, barışaram. Əgər o bu gün barışıq əli uzadacaqsa və o barışıqdan istifadə edib məni əyməyə çalışacaqsa, mən ümuiyyətlə elə insanı tanımıram. Əgər səmimi qəlbdən əlini uzatsa və öz yalnış hərəkətini başa düşsə, niyə də olmasın...

- Sənətdə dostunuz var?

- Mən istəmirəm. İncəsənət aləmində, xüsusilə də şou-biznesdə biri ilə dost olmağı heç istəmirəm.

- Sizi özünə dost görən olub...

- Ola bilər. Mənim niyyətimi yaxşı görüb dost deyənlər də var, düşmənçilik kimi qəbul edib, düşmən olanlar da.

- Bacınızla münasibətiniz necədir?

- Şükürlər olsun. Mənim bacım mənim yanımdadır və hər zaman olduğu kimi yalnış yolda olduğunu bildi, öz səhvini boynuna aldı. O mənim böyük bacımdır və onun əməllərinə heç “səhv etdi” demək belə istəmirəm. Amma onu o yola çəkən insanlar bu gün də səhv yoldadırlar. Getsinlər, görək hara qədər gedəcəklər!...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4144

Oxşar yazılar