Qətl baş verən evin fotosu
14 dekabr 2021 20:15 (UTC +04:00)

Qətl baş verən evin fotosu

Üç şüşə araq, iki tikə kolbasa, bir zərbə ilə QƏTL - CİNAYƏT İŞİ

Bakıda baş verən daha bir qətl hadisəsinin təfərrüatları məlum olub.

Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib. Söhbət 2020-ci ildə paytaxtın Sabunçu rayonunda içki məclisindən sonra 55 yaşlı Hüsnü Əliyevin ölümü ilə nəticələnən cinayətdən gedir.
 
İstintaqla müəyyən edilib ki, iyulun 27-i saat 23 radələrində 26 yaşlı Kamran Əliyev Sabunçu qəsəbəsində kirayədə yaşadıqları fərdi evin həyətində qonşuları Hüsnü Əliyev və Rəşad Hacıyevlə birlikdə yeyib-içiblər. Sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı Hüsnü Əliyev Kamrana ağır söyüşlər söydüyünə görə, o, hiddətlənib. Kamran qisas almaq məqsədi ilə Hüsnüyə çölə çıxmasını bildirib və soyuducunun üzərindən bıçağı götürüb. Evdən bir neçə metr aralıda şahidlərin olmadığına əminlikdən sonra ürəyinə bir dəfə zərbə vuraraq Hüsnünü öldürüb.

Qonşuların yeyib içdiyi stol
 
İş üzrə dindirilmiş Kamran Əliyev Sabunçu qəsəbəsində xalasıgildə yaşadığını bildirib. Mərhum Hüsnü Əliyev də həmin ünvanda kirayə qalıb. İyulun 27-i saat 22 radələrində Hüsnünün qaldığı həyətdə oturub kolbasa ilə 3 şüşə araq içiblər. Üçüncü şüşə qurtarmağa az qalmış ev yiyəsi Həsən Qəmbərov gəlib və onlarla əyləşərək 2-3 badə də o içib. Sonra isə süfrədən qalxıb. Bu vaxt Hüsnüylə Kamran aralarında mübahisə yaranıb. Qonşusunun söyüşlərindən əsəbiləşən Kamran ona küçəyə çıxıb söhbət etməyi təklif edib. Masadan qalxarkən Kamran, həyətdəki soyuducunun üstündən özünə məxsus, qatlanan bıçağı götürüb və açıq vəziyyətdə saxlayaraq çölə çıxıb.

Qətl olan həyətin qarşısı

Darvazadan təxminən 10 metr aralıda bıçaqla Hüsnünün ürək nahiyəsinə bir zərbə endirib. Aldığı xəsarətdən Hüsnünün xırıldadığını görüb və qonşusunun qoluna girərək onu darvazaya tərəf gətirib. Orda Hüsnü yerə yıxılıb. Kamran yaralını səs-küyə çölə çıxan ev yiyəsinin yanında qoyaraq hadisə yerindən uzaqlaşıb. Sonra isə paytaxtın Binə qəsəbəsində yaşayan İlham adlı tanışının yanına gedib və gecə onun evində qalıb. Kamran İlhamla söhbət edərkən, kirayədə qaldığı evdə qonşusu ilə dalaşdığını desə də, öldürdüyünü gizlədib. Binə qəsəbəsinə maşınla gələrkən, dəmir yolu keçidində bıçağı gizlicə pəncərədən atıb. Səhəri gün avtobus dayanacağında mülki geyimli polis əməkdaşları Kamranı saxlayıb 12-ci şöbəyə gətiriblər. Orda törətdiyi hadisəni danışıb və əməlindən peşman olduğunu bildirib.

İstintaq fotosu
 
Zərərçəkmiş şəxsin hüquqi varisi, Hüsnü Əliyevin həyat yoldaşı Xalidə Əliyeva ifadəsində göstərib ki, paytaxtın Bakıxanov qəsəbəsində yaşayıblar. Onların nikahdan iki övladları dünyaya gəlib. Hüsnü əvvəl metropolitendə fəhlə işləyib. Son illər Neft Şirkətinin idarəsində bağban kimi çalışıb. Hadisədən bir müddət əvvəl maddi durumlarının ağırlaşması və Hüsnünün spirtli içkiyə qurşanması ilə aralarında mübahisələr yaranıb. İyulun 22-də Hüsnü paltarlarını yığıb onlardan ayrı yaşayacağını söyləyərək, çıxıb gedib. Onun hara getməsindən Xalidə Əliyevanın xəbəri olmayıb. Ayın 28-də səhər qohumları Xalidə Əliyeva ilə əlaqə saxlayaraq Hüsnünün qətlə yetirildiyini bildiriblər. Sonra öyrənib ki, içki məclisində əri Kamran Əliyevi söyüb, o, da Hüsnünü öldürüb.

İstintaq fotosu
 
Şahid Həsən Qəmbərov bildirib ki, iyulun 27-də evdən çölə çıxaraq həyətdə Hüsnü ilə Kamranın oturub yeyib-içdiklərini görüb. Dəvətlərini qəbul edərək onlarla birlikdə 1-2 badə araq içib. 10 dəqiqə oturandan sonra onlardan aralanıb. Saat 23 radələrində siqaret çəkmək üçün həyətə düşəndə, açıq qalan darvazanın qapısını bağlamaq üçün ora yaxınlaşıb və Hüsnünü yerdə yıxılmış vəziyyətdə görüb. Kamran ondan bir neçə metr aralıda dayanıb.

Həsən Kamrana, “utanmırsan, atan yaşında kişiyə əl qaldırırsan” deyərək, iradını bildirib. Hüsnünü ayağa qaldıraraq, həyətə gətirib. Sonra təcili tibbi yardımla və polisə məlumat verib.

Qətlə yetirilən Hüsnü Əliyevin cəsədi
 
Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Kamran Əliyevdə çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Amma müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayıb. Məhkəmə iclasında Kamran Əliyev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Əliyev cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

İstintaq fotosu

# 8835
avatar

Mehman Nəbiyev

Oxşar yazılar