Ferma sahibini öldürən çoban: "Dedi ki, qardaşın arvadı..." - MƏHKƏMƏ QEYDLƏRİ
28 dekabr 2021 20:15 (UTC +04:00)

Ferma sahibini öldürən çoban: "Dedi ki, qardaşın arvadı..." - MƏHKƏMƏ QEYDLƏRİ

Samuxda ferma sahibi qətlə yetirməkdə təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Fermada çoban işləyən S. Quliyevin ferma sahibini niyə öldürməsi ilə bağlı ictimaiyyətdə qaranlıq məqamlar qalır.

Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:

İttiham görə, bu ilin iyul ayında Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Arzu Namiq oğlu rayonun Samuxun Qarabağlar kəndi ərazisində yerləşən fermada bıçaqlanaraq öldürülüb.  

Araşdırmalar zamanı məlum olub ki, A. Abdullayev fermada çoban işləyən S. Quliyev tərəfindən qətlə yetirilib. O, hüquq mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qətldə ittiham olunan S. Quliyev iş üzrə özünü təqsirli bilib. Qeyd edib ki, Arzunu 2021-ci ilin fevral ayından onun əmisi Mikayılın vasitəsilə tanıyıb:

“Mikayıl işsiz olduğum üçün məni Arzunun Samux rayonu Qarabağlar kəndindəki fermasına gətirdi. Onunla maaşımı razılaşdırdıqdan sonra çoban kimi fəaliyyətə başladım. Əvvəlcə aramızda hər şey normal idi. Sonradan onunla aramızda bəzi problemlər başladı. Problemlərdən biri ödənişlə bağlı idi. Digəri isə namus məsələsi idi. Bir dəfə mənə dedi ki, mənim qardaşım arvadı Elnurə ilə onun dayısı oğlu Elçinin arasında nəsə var. İddia etdi ki, Elnurə yüngül həyat tərzi keçirən qadındır, gəzir. Belə sözlər deməklə məni aşağılamağa başladı. Mən isə Arzuya üç gün vaxt verərək dediyi sözü sübut etməsini, sübut edə bilməyəcəyi təqdirdə isə onu öldürəcəyini bildirdim. Arzu isə gülərək sübut edəcəyini dedi”.

S.Quliyev qətlin necə baş verdiyini belə ifadə edib:

“İyul ayının sonuna yaxın Arzu məni fermadan kənarlaşdıraraq yerimə Vüqar adlı oğlanı gətirdi. Bir neçə gün sonra yeyib-içib Arzu ilə görüşmək üçün fermaya getdim. Arzu çarpayıda uzanmışdı. Məni görən kimi ayağa qalxaraq üstümə gəldi. Əlbəyaxa dava etdik. Otaqda olan beli götürərək məni vurdu. Mən isı üstümdə gəzdirdiyim bıçaqla Arzunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Onun yerə yıxıldığını gördükdən sonra fermadan çıxaraq qaçdım. Gecəni Gəncə şəhərində keçirdim. Səhəri gün polislərin məni axtardığını eşitdim. Elə həmin gün polisə gedərək təslim oldum. Qardaşım arvadına da zəng edib dedim ki, Arzunu onun barəsində nəlayiq ifadələr işlətdiyi üçün öldürmüşəm”.

Məhkəmə iclasında şahid qismində dindirilən Elnurə Quliyeva isə bildirib ki, Samir onun qayınıdır: “Samir 2021-ci ilin fevral ayından Samux rayonunda fermada işləyirdi. Orada işlədiyi müddətdə bir dəfə bizə 2-3 kiloqram qoyun əti, bir dəfə də Arzu adlı şəxs vasitəsilə təxminən 2 kiloqram pendir göndərib. Arzunun Elçin adlı qohumunun olmasını və yaxud taksi sürücüsü olduğunu bilmirəm. Ümumiyyətlə Elçini tanımıram. Hadisə günü Samir mənə zəng edib, ferma sahibi Arzunun mənim barəmdə xoşagəlməz sözlər ifadə etməsini görə öldürdüyünü dedi. Mən isə Samirə qardaşın var, niyə öldürdün, gəlib ona deyərdin deyə cavab verdim. Ümumiyyətlə baş vermiş hadisənin mənimlə heç bir əlaqəsi olmayıb. Sonradan Samirin Arzunu ona pul borcu olmasına görə öldürməsini eşitmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Quliyeva 12 il müddətinə azadlıqdan məhrum edilib.

# 9306
avatar

Səlcuq Elçin

Oxşar yazılar