Bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistana və oradan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Baş Prokurorluqda araşdırma aparılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyrilərinin qanunsuz əməlləri aşkar edilib. Onların Ermənistan Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistana və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil etdiyi müəyyənləşib.
Faktla bağlı bu il aprelin 28-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.
Hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib.
Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.