Arvadını xəyanət üstündə öldürən: “Mənə dedi ki, sən kişi fahişəsisən”
15 mart 2022 18:20 (UTC +04:00)

Arvadını xəyanət üstündə öldürən: “Mənə dedi ki, sən kişi fahişəsisən”

Gəncədə keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Qafar Amanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qafar Amanovun hansı səbəbdən keçmiş arvadını qətlə yetirməsi ictimaiyyət üçün qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

Cinayət işinin materiallarından məlum olur ki, hadisə ötən ilin mayında Gəncə şəhərində qeydə alınıb. Belə ki, Qafar Amanov keçmiş arvadı Günay Amanovanı xəyanətə görə öldürüb. Daha sonra o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qafar Amanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs deyib ki, Günayla 2010-cu ildə ailə həyatı qurub və həmin nikahdan 2 övladı olub:

“Günay həm də qohumum idi. Onun atası ilə atam xalaoğludurlar. Onunla evli olduğum müddət ərzində Günayın qonşuluqda olan şəxslərlə mənə xəyanət etməsindən şübhələnmişdim. Bu səbəbdən aramızda tez-tez mübahisələr olub. Belə ki, Günayın qonşuluqda yaşayan şəxslərlə gizlicə baxışdıqlarını və bir-birilərinə göz-qaş işarələri etdiyinin şahidi olmuşam. Onlar bir-birilərinə qarşı olan münasibətlərini açıq-aşkar sürətdə büruzə verirdilər. Təxminən 2019-cu ildə işdən evə qayıdırdım, gördüm ki, Günay qonşuluqda yaşayan Vüsal adlı şəxslə baxışırlar. Avtomobildən düşüb onun yanına çatdıqda məndən qorxduğunu həyəcanlı şəkildə fərq etdim. Arvadımı evə apardım. Aramızda mübahisə oldu. Sabahı Günay mənə Vüsal adlı şəxslə baxışdıqlarını etiraf etdi və üzr istədi. Onu bağışladım. Həmin müddətlərdə Günayın mobil telefonunu yoxlayırdım. Bir də gördüm ki, o, “YOUTUBE” internet səhifəsinə daxil olaraq evli qadınların ərlərinə gizli xəyanət etmələrinin yolları barədə videoçarxlara baxırmış. Belə qərara gəldim ki, Günaydan boşanım. Buna görə də, Xətai rayon məhkəməsinin qətnaməsi ilə nikah münasibətlərinə xitam verildi. Məhkəmə qətnaməsinə əsasən, iki övladımız arvadımın himayəçiliyinə verildi. Onların hər biri üçün də 175 AZN olmaqla, ümumilikdə 350 AZN məbləğində aliment müəyyən edildi. Boşandıqdan sonra o, Gəncə şəhərinə köçdü və atasıgillə eyni binada, üzbəüz mənzildə kirayədə yaşadı. Hətta  boşandıqdan sonra, onları Gəncə şəhərinə yola salarkən də uşaqların xərcliyi üçün 1500 AZN pul verdim”.

Qafar Amanov bildirib ki, bir müddət sonra Günay ona övladları ilə sərbəst əlaqə saxlamasına və danışmalarına maneçilik törətməyə başlayıb:

“Bununla bağlı ona zəng elədim. Zənglərimə cavab vermədi. Bu səbəbdən qızım Aylinin telefonuna zəng elədim. Qızım anasının digər otaqda olduğunu, otağının da qapısının bağlı olduğunu dedi. Mən hiss etdim ki, o qapını bağlayıb başqa kişilərlə danışır. Aylinə “qızım mamaya de ki, ata yüz dəfə təkrar elədi ki, Bakıyla əlaqəsini kəssin, bilirəm ki, Vüsalla danışır” dedim. Günay da sözlərimi eşidib mənə “kişisən get onlarla danış, sən kişi deyilsən, sən kişi fahişəsisən” deyə cavab verdi.

Bu sözləri və mənimlə evli olduğu müddətdə onun hərəkətləri mənə pis təsir edirdi. Hətta utandığımdan yaşadığımız binadan köçmüşdüm. Onun bu əməllərindən çəkindirmək üçün Gəncəyə getdim. Gəncədə heç kimə demədən onların yaşadığı əraziyə gəldim. Günayın davranışlarını müşahidə etmək üçün də avtomobilin sürücü qoltuğundan düşüb avtomobilin arxa salonunda əyləşdim. Çünki avtomobilin tünd qara rəngli yan pərdələri olduğundan məni görə bilməyəcəyinə əmin idim. Bundan başqa da həmin müddətlərdə övladlarım ilə danışıb onlara Bakı şəhərində olduğuma inandırmışdım. Günay da mənim Gəncəyə gəlməyimə inanmırdı. O, Gəncə şəhərinə köçdükdən sonra müəllim olmaq üçün hazırlıq kurslarına başlamışdı. Gündəlik olaraq evdən çıxıb hazırlıqlara getdiyini bildiyimdən məhəllənin başında gözlədim. Bir müddət sonra o evdən çıxıb avtomobilim tərəfə gəldi. Bu vaxt maşından düşüb ona yaxınlaşdım və danışmaq istədiyimi dedim. Söhbət zamanı dedim ki, Bakıda onlarla qonşu ilə münasibətdə olduğunu bilirəm. Həmin şəxslərlə münasibətlərinə son verməsini istədim. Lakin Günay da mənə “kişisənsə sən özün çıx onların qabağına, gücün mənə çatır?” dedi. Keçmiş arvadıma dedim ki, cavablarını verəcəm,  heç onlar mənim çölə atılan dırnağım da ola bilməzlər, amma sən nahaq məni ayağa verdin. O təkrarən mənə “Vüsal sənin gözünü çıxarar, sən qorxundan onun qarşısına çıxa bilmirsən” dedi. Onun həmin sözlərindən sonra qəzəblənərək öldürmək qərarına gəldim. Günayla danışarkən bel kəmərində saxladığım bıçağı çıxaraq ona zərbələr vurmağa başladım. Zərbələrin təsirindən o, yerə yıxıldı və orada da öldü”.

Keçmiş arvadını qətlə yetirən şəxs qeyd edib ki, hadisə yerindən uzaqlaşaraq avtomobilə minib:

“Məhəllənin bu biri tərəfinə gəldim. Bu vaxt yol polisi məni saxladı. Avtomobildən düşüb ona “nə üçün məni axtardığınızı bilirəm, arvadımı mən öldürmüşəm, namus üstündə etmişəm” dedim. Və ona bıçağın avtomobildə olduğunu bildirdim. Törətdiyim cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirirəm. Hazırda əməlimdən peşmanam, məhkəmədən aşağı həddə cəza təyin olunmasını xahiş edirəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qafar Amanov 17 il müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5145
avatar

Səlcuq Elçin

Oxşar yazılar