Neftin ixracda payı 92 faizə çatıb
30 dekabr 2009 16:30 (UTC +04:00)

Neftin ixracda payı 92 faizə çatıb

2009-cu ilin 11 ayında Azərbaycandan kənara 12,1 milyard dollarlıq neft və neft məhsulları ixrac olunub. Bu isə ümumi ixracın 91,6 faizini təşkil edib. 2008-ci ilin müvafiq dövründə bu göstərici 97 faizə bərabər olub.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, bu ilin yanvar-noyabr aylarında ümumi ixracda xam neftin payı 81,28 faiz, neft məhsullarının payı isə 10,35 faiz təşkil edib. Xam neftin ixracı bütünlükdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilib. Neft məhsullarının isə 66,53 faizi ARDNŞ, 26,64 faizi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi, 3,97 faizi "Azneftyağ" İstehsalat Birliyi, 1,77 faizi "İlqar LTD" şirkəti tərəfində ölkədən kənara çıxarılıb.

Bu ilin 11 ayında ümumi ixracda meyvə-tərəvəz məhsullarının payı 1,29 faiz, bitki və heyvan mənşəli yağların payı 0,85 faiz, qara metallar və onlardan hazırlanan məmulatların payı 0,77 faiz, kimya sənayesi məhsullarının payı 0,22 faiz, pambığın payı 0,13 faiz, alüminium və ondan hazırlanan məmulatların payı 0,09 faiz, alkoqollu və alkoqolsuz içkilərin payı 0,07 faiz, tütün və tütün məmulatlarının payı 0,04 faiz təşkil edib. Qalan əmtəələrin payına 4,91 faiz düşüb.

İdxalda üstünlük maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələrinin payı 35,24 faiz təşkil edib. Nəqliyyat vasitələri və onların hissələri 12,87 faiz , ərzaq məhsulları 11,57 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 9,28 faiz, əczaçılıq məhsulları 2,29 faiz, oduncaq və ondan hazırlanan məmulatlar - 1,38 faiz, xalq istehlakı malları 0,77 faiz, mebel 0,70 faiz paya malik olub. Qalan əmtəələrin payına 25,89 faiz düşür.

Elxan SALAHOV
# 767

Oxşar yazılar