Azərbaycan millisinin baş məşqçisi təyin olunan Qurban Qurbanov eyni zamanda “Qarabağ” və İcraiyyə Komitəsində də qalacaq. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlayıb.
Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran qurum başçısı bildirib ki, 45 yaşlı mütəxəssis yığma ilə paralel “Qarabağ”dakı fəaliyyətini də davam etdirəcək. Qurbanov həm də AFFA-da da təmsil olunacaq.
Abdullayev qeyd edib ki, iki komandanın baş məşqçisi olması Qurbanovun İcraiyyə Komitəsindəki işinə də əngəl törətməyəcək və mütəxəssis bundan sonra da komitə üzvlüyündə qalacaq.