Berti Foqts: “Qorxaq futbol mənim taktikam deyil” - MÜSAHİBƏ
17 dekabr 2012 16:08 (UTC +04:00)

Berti Foqts: “Qorxaq futbol mənim taktikam deyil” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts jurnalistlər üçün brifinq keçirib. Almaniyalı mütəxəssis Lent.az-ın da suallarını cavablandırıb:


- İli necə qiymətləndirirsiniz?
 

- Arxada çətin oyunlar qalıb. Seçmə görüşlərdən yalnız birini evdə keçirdik. Təəssüf ki onda da qələbə qazana bilmədik. Portuqaliya və Rusiya ilə uduzduğumuz oyunları da səfərdə keçirdiyimizi nəzərə alsaq, məncə, builki görüşlərimizdən razı qalmaq olar.

- Özbəkistanla yoldaşlıq oyununun təxirə salındığı deyilir...
 

- Belə bir şey yoxdur. Daha doğrusu, mənim bundan xəbərim yoxdur. Oyun təxirə salınmayıb. Sadəcə, adi bir sınaq oyunu olacaq. Fevralın 1-də hər iki komandanın məqsədi bəzi oyunçuları sınaqdan keçirmək olacaq. Rəsmi görüş kimi isə yalnız Lixtenşteynlə üz-üzə gələcəyik.

- Elnur Allahverdiyevin milliyə qaytarılması mümkündür?
 

- Hələlik heç nə deyə bilmərəm. Bir qədər də gözləmək lazımdır.

- Bir çoxları sizin meydana çıxardığınız taktikanı “qorxaq” adlandırır. Bununla nə dərəcədə razısız? Hətta “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev də belə bir fikir səsləndirib: Məni Foqtsla səhv salmayın, mən həmişə hücum futbolu oynadıram.
 

- Mənə elə gəlir ki, bu, düzgün yanaşma deyil. Portuqaliya, Rusiya və Şimali İrlandiyaya qarşı səfər oyunlarında hücum futbolu oynatmaq düzgün olmazdı. Bu 3 görüşdə hücum futbolu gözləmək düzgün deyil. Bir az təvazökar olmaq lazımdır. 

- Bəs Böyükağa Hacıyevin açıqlamasına münasibətiniz necədir?
 

- O haqda suala cavab vermək istəməzdim. Böyükağa müəllimə işlərində uğurlar arzulayıram.

- Seleksiya xarakterli toplanışın yekununda hansısa futbolçuları bəyəndiniz?
 

- Bir neçəsini bəyəndim. Onlar növbəti toplanışlara çağırılacaq.

 

- Ümumiyyətlə, yığmamızın sonadək mübarizə aparmaması və təqribən 65-ci dəqiqədən sonra tamamilə müdafiəyə çəkilməsi nədən irəli gəlir?

 

- Sözsüz ki, bu, mənim taktikam deyil. Mən həmişə komandamın gözəl oyun nümayiş etdirməsini istəyirəm. İstər son dəqiqələrdə penaltidən qapımıza qol vurulması, istərsə də komandamızın 90+6-cı dəqiqədə top buraxması fiziki hazırlıqla bağlıdır. Oyunçular öz üzərlərində işləməlidirlər ki, 90 dəqiqə boyunca hücumameylli oyun sərgiləyə bilək. 

- “Sumqayıt”dan Pərdis Fərcad-Azadı yığmada görə biləcəyikmi?
 

- Ad çəkmək istəməzdim. Ancaq kimləri bəyənmişəmsə, onları gələcəkdə milliyə çağıracam. Bir də istərdim ki, gələcəkdə təlim-məşq toplanışlarına jurnalistlər tez-tez gəlsin və məşqlərə gəlib baxsınlar. Təəssüflər olsun ki, budəfəki toplanışda az sayda jurnalist gördüm. Qapalı məşq aydındır. Ancaq açıq məşqlərə gəlmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126
avatar

Oxşar yazılar