“Mançester Siti”nin yarımmüdafiəçisi Mateus Nunes mobil telefon oğurladığı üçün sentyabrda Madriddə həbs edilib.
Lent.az bildirir ki, “Marca” “El Mundo”ya istinadən xəbər verir.
26 yaşlı portuqaliyalı ilə bağlı insident sentyabrın 8-də İspaniyanın paytaxtında “La Riviera” gecə klubunda baş verib. Nunes tualetdə onun fotosunu çəkən şəxsin cib telefonunu alıb.
Həbs edildikdən sonra Nunes polis bölməsinə aparılıb və oradan oğurluq etməkdə şübhəli bilinərək ifadəsi alınıb. Futbolçuya qarşı ittiham irəli sürülüb və bir neçə saat sonra sərbəst buraxılsa da, indi onu məhkəmə gözləyir.
Nunes 2023-cü ildə 62 milyon avroya "Vulverhempton"dan "Mançester Siti"yə keçib. Bir gün əvvəl yarımmüdafiəçi Çempionlar Liqasında "Slovan"la oyunda (4:0) 90 dəqiqənin hamısını keçirib. Ümumilikdə o, “şəhərlilər”in heyətində 35 oyun keçirib.