İndoneziyada polis iki məktəblinin vəhşicəsinə qətlinin üstünü açıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Sumatra adasında Benqkulu şəhərində baş verib. Aprelin 15-də səkkiz və doqquz yaşlı iki oğlan itkin düşüb.
Onların cəsədləri daha sonra şəhərin müxtəlif yerlərində bağlanmış və torbalara yığılmış vəziyyətdə tapılıb. Onların qonşusu olan 17 yaşlı oğlan qətliamda şübhəli bilinərək həbs edilib.
Hüquq-mühafizə orqanlarının müəyyən etdiyi kimi, vəhşicəsinə qətlə səbəb uşaqların yeniyetmənin ailəsinə məxsus hovuzda balıq tutması olub. Qatil əsəbiləşərək, onları boğub, ağızlarını bağlayıb, sonra suya atıb və boğulana qədər gözləyib.
Cinayətkar uşaqlardan birini şəhər çimərliyinin yaxınlığında daşla dolu çantada suya atıb. Digərini isə ailənin mülkündəki kanalizasiya quyusunda gizlədib.
İlk uşağın qoyulduğu çantanın üzərindəki yazı sayəsində şübhəli şəxs müəyyən edilib. Gəncin evində axtarış aparan polis qısa müddətdə ikinci cəsədi tapıb. Gənc arxın içinə limon yarpaqları və kamfora ataraq çürük iyini gizlətməyə çalışıb.
Yeniyetmə lap əvvəldən şübhə doğurmamaq üçün digər şəhər sakinləri ilə birlikdə itkin düşənlərin axtarışında fəal iştirak edib.