İngiltərə Futbol Assosiasiyası “Mançester Siti”nin baş məşqçisi Xose Qvardiolaya ölkə millisinə rəhbərlik etməyi təklif edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 53 yaşlı mütəxəssis hələ cavab verməyib, lakin təşkilat Qvardiolanın yaxın həftələrdə qərar verəcəyini gözləyir.
İyulda İngiltərə millisi baş məşqçi Qaret Sautqeytin gedişini açıqlayıb. Mütəxəssis öz istəyi ilə postunu tərk etmək qərarına gəlib. Milli komandaya müvəqqəti olaraq İngiltərə gənclər komandasının məşqçisi Li Karsli rəhbərlik edib. Bu yaxınlarda britaniyalılar Millətlər Liqasında evdə Yunanıstan millisinə sensasiyalı şəkildə uduzublar.
Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Bu müddət ərzində “şəhərlilər” altı dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Kubokunun qalibi olub.