"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilənlər dövlət ittihamçısı Rauf Malışova etiraz ediblər.
Prosesdə zərərçəkən qismində İqtisadiyyat Nazirliyi yanında Vergiyə Nəzarət Xidmətinin nümayəndəsi Ramil Abbasov elan olunub.
Daha sonra müdafiə tərəfinin vəkilləri baxılan cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər.
Vəsatət təmin edilməyib.
Daha sonra təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi vəsatətə baxılıb.
Vəsatət təmin edilməyib.
Proses mayın 5-də davam etdiriləcək.
Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.