"İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi ətraf mühitin mühafizəsi təşkilatını məhkəməyə verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, boya sıçrayan evə görə 50 min avro təzminat tələb edib.
"Futuro Vegetal" təşkilatını təmsil edən ispan ekoloji fəallar futbolçunun İbizadakı evinin ərazisinə daxil olublar. Onlar hökumətin iqlim böhranı ilə bağlı siyasətinə etiraz edərək binanın fasadını qırmızı və qara rəngə boyayıblar.
Argentina prezidenti Xavyer Miley də ekoloji xuliqanların hərəkətlərinə cavab verib və Messinin İspaniyadakı evinə hücumu “qorxaqlıq” adlandırıb.
Bu arada, "Futuro Vegetal" nümayəndəsi hesab edir ki, futbol ulduzunun tələbləri çox yüksəkdir, çünki "su əsaslı boya sadəcə şlanqla yuyula bilər".