Səbail rayonu, Neftçilər prospektində 4 avtomobil toqquşaraq, zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb. Tofiq Həşimovun idarə etdiyi “BMW” markalı avtomobil idarəetməni itirərək, əvvəlcə İsmət Nəzərovun idarə etdiyi “Mercedes” və türkiyəli Fatih İlilaqın idarə etdiyi “AUDİ” markalı avtomobilləri əzib, daha sonra isə Kamil Sadıqovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ 2106" ciddi deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisi Səbail Rayon Şöbəsinin əməkdaşları gəliblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya “BMW” markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub.
Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac yaranıb. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra, prospektdə nəqliyyatın hərəkəti normallaşıb.
Faktla bağlı Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsində araşdırma aparılır.