Ağcabədidə oğurluq hadisəsi baş verib.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluqda şübhəli bilinən A.Mamedov saxlanılıb, qardaşı Allahşükür isə müəyyən edilib. Onların rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurladıqları bildirilir.
Polis əməkdaşları tərəfindən Allahşükürün yaşadığı evə baxış zamanı oradan 100 qramdan artıq heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən Allahşükürə məxsus “VAZ-21705” markalı avtomobilin rayonun Taxta Körpü qəsəbəsi ərazisində olduğu müəyyən edilib. Ağcabədi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi qəsəbə ərazisində saxlanılıb.
Avtomobilin salonuna baxış zamanı oradan heroin aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsini idarə edən Ağcabədi şəhər sakini P.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.