Qarajda başa çatan ömür
17 mart 2010 13:30 (UTC +04:00)

Qarajda başa çatan ömür

Meyiti 5 gün maşınında qalan Fuad Siraczadənin ailəsi bundan xəbərsiz olub


Martın 15-də Daxili İşlər Nazirliyi paytaxtın Binəqədi rayonunda baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, rayonun 6-cı mikrorayon, İ.Haşımov küçəsində yerləşən qarajların birində maşında kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində mərhumun elə həmin küçədə yerləşən 5 mərtəbəli binaların birində yaşayan 1963-cü il təvəllüdlü Siraczadə Fuad Maqsud oğlu olduğu müəyyənləşib. Nazirliyin məlumatında F.Siraczadənin dəm qazından zəhərlənərək öldüyü, meyitinin 3 gün maşında qaldığı bildirilir.


Lent.az-ın müxbiri mərhumun yas mərasimində iştirak edib.


Özəl şirkətlərdən birində yük maşını sürən və eyni zamanda ekspeditorluq edən Fuad Siraczadə “Zeytunluq” deyilən əraziyə yaxın bir yerdə yaşayıb. Həmin ərazidə rastlaşdığımız qadından mərhumun ünvanını soruşduq və “şamaxılı oğlanı soruşursunuz, rəhmətlik çox yaxşı oğlan idi, heyf, 3 uşağı da yetim qaldı”, cavabını aldıq.



Qadının göstərdiyi binaya yollandıq. Orada qarşılaşdığımız ortayaşlı qadından mərhumu soruşduq. Qadın elə bənd imiş kimi bizimlə söhbətə başladı.


5 gündən sonra axtarılıb...

Mərhumun qonşuların arasında sevildiyini, böyük hörməti olduğunu deyən qadın əlavə etdi ki, Fuad hamı ilə çox mehriban davranıb, zəhmətkeş, ailəcanlı biri olub: “Ancaq ailəsində ciddi problem vardı. Tez-tez evlərində söz-söhbət olurdu, evlərindən dava-dalaş səsi gəlirdi. Deyirlər, Fuad ürək xəstəliyinə də tutulub. Hadisədən bir neçə gün əvvəl də evlərində söz-söhbət olmuşdu, Fuad qapını çırpıb getmişdi. Amma onun qarajda yatdığını bilmirdik. Sən demə, acıqlı halda evdən çıxıb, qaraja gedib. İçəridən qarajın qapısını bağlayaraq maşınına oturub. Sonra ürəyi tutub və orada da qalıb. Evdə isə onun harada olduğunu bilən olmayıb. 5 gün sonra Fuadın iş yoldaşı onun evinə zəng edərək Fuadın işə gəlmədiyini söyləyib. İş yoldaşı Fuadın harada olduğunu soruşub. Bundan sonra isə arvadı əl-ayağa düşərək ərini axtarmağa başlayıb. Fuadın cib telefonuna da zəng çatmırmış. Arvadı tez qohumlarına zəng edib. Fuadın yoxa çıxdığını söyləyib. Qohumlar tez gəliblər”.



Qadın dedi ki, qohumlar həyətə düşəndə Fuadın idarə etdiyi şirkətə məxsus “Ford” markalı yük maşınını görüblər. Qohumlar fikirləşiblər ki, yəqin öz şəxsi avtomobili ilə gedib. Bunu dəqiqləşdirmək üçün qarajın açarını həyat yoldaşından istəyiblər. Açarla açmaq istədikləri qapının içəridən bağlı olduğunu görüblər. Bundan şübhələnən qohumlar tez polisə zəng ediblər. Fuadın itkin düşməsi ilə bağlı xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Fuadın maşınının qarajda olduğunu və qapının içəridən bağlandığını müəyyən ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri çağırılıb. FHN-nin əməkdaşları dəmir kəsən mişarla qarajın qapısını kəsiblər. Qaraja daxil olanda Fuadın cansız bədənini maşında aşkarlayıblar.


Deyilənlərə görə, mərhum işi ilə əlaqədar əvvəllər də bəzən gecə evə gəlmirmiş. Amma bu səfərlər ən çox 2 gün olurmuş. Fuadın 5 gün evə gəlməməsinin narahatlıq yaratmaması təəccüb doğurur.


Ölüm qarajı

Fuadın cəsədi ekspertizada müayinə olunandan sonra ailəsinə təhvil verilib, 2 gün əvvəl dəfn olunub. Yaşadıqları binanın arxasında yas çadırı qurulub.


Yas çadırında 7-8 nəfər vardı. Məclisin ağsaqqalından hadisənin təfərrüatlarını öyrənmək istədim. Amma həmin şəxs bu barədə ətraflı danışmaq istəmədi: “Rəhmətlik işdən həmişə yorğun gəlirdi. Ona görə də, istəyib otursun, nəfəsiin alsın. Yuxu tutub, qalıb orda”.


Ağsaqqaldan “bəs qapını niyə arxadan bağlayıb” soruşanda “polis və prokurorluq hər şeyi araşdırır, biz heç nə bilmirik” cavabını aldım.


Bundan sonra, hadisənin baş verdiyi qaraja getdim. Qarajın qapısının ağzına onun iş maşınını söykəmişdilər. Meyitinin aşkarlandığı “VAZ 2109” markalı maşın isə yox idi. Bəlkə də qarajda idi.


Ətrafda dolaşarkən 40 yaşlarında bir kişi mənə yaxınlaşdı. Haradan gəldiyimi biləndə bunları danışmağa başladı: “Fuad çox əməksevər və işgüzar oğlan idi. O, özəl şirkətlərin birində yük maşını sürürdü, həm də ekspeditor işləyirdi. Ailəsində problemlər vardı, bəzən qarajda gecələyirdi”.

Həmin kişi də mərhumun dəm qazından deyil, ürək tutmasından öldüyünü söylədi.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar