Adam oğrusuna 10 həbs cəzası
04 fevral 2010 12:30 (UTC +04:00)

Adam oğrusuna 10 həbs cəzası

O, istintaqdan 10 il yayına bilib

Fevralın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğunda və bir sıra cinayətlərdə ittiham olunan mütəşəkkil dəstənin üzvünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Şirinxu Asif Dilavər oğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 1975-ci il təvəllüdlü Şirinxu Asif Dilavər oğlu adam oğurluğu məqsədi ilə Rüstəmov Akif Əşrəf oğlu, Bağırov Xalıq Səccad oğlu, Əhmədov Fərhad Məzahir oğlu, Tağıyeva Gülnarə Hüseynqulu qızı və Həmzəyev İbrahim Dadaşbala oğlu ilə qabaqcadan əlbir olub G.Tağıyevanın və İ.Həmzəyevin sifarişi ilə 2000-ci il mayın 17-də Bakı şəhəri 3-cü mikrorayonda yerləşən «Arzu» şadlıq evinin yanına gəlib həkim Kərimov İsmayıl Meybulla oğlunu xəstəyə baxmaq adı ilə qaçırıblar.


İnsanlıq etmək istədi, girov götürüldü

Belə ki, 2000-ci ilin may ayının əvvəllərində Gülnarə Tağıyeva həmkəndlisi İ.Kərimova zəng edərək qohumunun xəstə olması ilə bağlı köməklik etməsini xahiş edib. Sonra G.Tağıyeva həmin qohumuna yardım göstərmək üçün ondan evlərinə gəlməyini xahiş edib. İ.Kərimov da Gülnarə ilə razılaşıb.


Gülnarə Tağıyeva İbrahim Həmzəyev adlı şəxslə İ.Kərimovun oğurlanmağı barədə əvvəlcədən plan qurub. G.Tağıyeva bu barədə Xaliq Bağırovla danışıb və onu oğurlayandan sonra Xaliqə pul verəcəklərini vəd edib. Bununla bağlı Xaliq Bağırov tanışları olan Akif Rüstəmovu, Fərhad Əhmədovu və Asif Şirinxunu İ.Kəromovu oğurlamaq üçün göndərib.



İ.Kərimovu A.Rüstəmovun idarə etdiyi “QAZ 24” markalı avtomobilə mindiriblər. Avtomobildə F.Əhmədov əlindəki açılıb - qatlanan bıçaqla, Asifin əlində isə silah qismində istifadə etdiyi “Makarov” tipli uşaq tapançası ilə İ.Kərimovun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək qorxudublar. Onlar İ.Kərimov getdikləri yeri görməsin deyə yolda onun gözlərini bağlayıblar.


Girov götürdükləri həkimi X.Bağırovun Hövsan qəsəbəsində yerləşən evinə gətiriblər. İ.Kərimovu həmin evdə ac-susuz mayın 19-na kimi saxlayıblar.


Sən saydığını say, gör fələk nə sayır

Gülnarə Tağıyeva İ.Kərimova mobil telefonu verərək qardaşı Abı Kərimova zəng etməsini istəyib. O, İ.Kərimovdan qardaşına girov götürüldüyünü və azadlığa çıxması müqabilində 350.000 ABŞ dolları verməsini tələb edib. Lakin bütün bunlardan ev sahibi, dəstənin üzvü Xaliq Bağırovun xəbəri olmayıb. O, dəstənin digər üzvlərindən xəbərsiz İ.Kərimovun qardaşı Abı Kərimovla əlaqə yaradaraq, 2000-ci il mayın 18-də onunla görüşüb. Abı ilə görüşən X.Bağırov ondan 25.000 ABŞ dolları məbləğində pul alıb. Pulu alandan sonra 2000-ci il mayın 19-da gecə saatlarında Xaliq, Akif, Fərhad və Asif İ.Kərimovu Xaliqin idarə etdiyi “Moskviç” markalı avtomobillə yaşadığı evə gətirib ailəsinə təhvil veriblər.


Əldə etdikləri puldan A.Rüstəmov, F.Əhmədov və A.Şirinxunun hər birinə 3000, qalan 16.000 dollar X.Bağırov çatıb.


Oğurluq işini planlayan G.Tağıyevaya və İbrahim Həmzəyevə puldan heç nə çatmayıb.


Hadisən bir neçə gün sonra İ.Kərimovun şikayət əsasında dəstə üzvləri tutulublar. Lakin həmin şəxslərdən Asif Şirinxu gizləndiyi üçün onu tutmaq mümkün olmayıb.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2000-ci ildə dəstə üzvlərinə hökm oxunub. Dəstənin azadlıqda gəzən üzvü A.Şirinxu barəsində isə həmin vaxtdan axtarış elan olunub. Nəhayət, o, 2009-cu ilin sentyabrında Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.


Ekstradisiya olunandan sonra onun daha bir cinayət əməli törətməsi üzə çıxıb. Belə ki, o, 12 dekabr 1999-cu il tarixdə Bakı şəhəri, dəmiryolu vağzalının ərazisində şəxsi münasibətlərin pisləşməsi zəminində tanışı Süleymanov Yalçın Ələsgər oğlu ilə dalaşaraq ona həmin vaxt özündə olan bıçaqla ağır xəsarətlər yetirib.


Qeyd edək ki, A. Şirinxu Azərbaycan Respublikası Cinayət məcəlləsinin 144.2.3-ci (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) və 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunub.

Fərid ƏKBƏROV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar