Lent.az-dan “Əsir düşərgəsi”nə boylanmağa davam edirik.
Bu layihəni sevərək başlasam da oxunmayacaq deyə tərəddüd edirdim. İnsanların qan-qadadan bezib ancaq əyləncə oxuduqlarını düşünürdüm. Çünki saytların ən çox oxunan xəbərləri arasında müharibə, əsir, qaçqın mövzusu yox idi.
Qabil Abbasoğlu “Sən yaz, mən yayımlayacam. Qoy oxumasınlar, nə zamansa oxuyan tapılacaq” deməsi məni bir az ürəkləndirdi. “Eybi yox, qoy beş yüz nəfər oxusun” - deyib işə başladım...
Üç ilə yaxın erməni əsirliyində olan Müşfiqin hekayəsi saytımızda yayımlanan gün aldığım zənglər və mesajlar məni haqsız çıxardı. Kimi təşəkkür edir, kimi məktəblərdə Müşfiqlə görüşlər təşkil etmək istəyir, kimi Pyeri axtarmaq qərarına gəlirdi…
Kimi də müharibədə döyüşüb itkin düşən, taleyindən hələ də xəbər çıxmayan yaxınlarının şəklini göndərib “Lütfən, gələn dəfə kiminlə görüşsəz bu şəkli göstərin, görün tanıyır” soruşurdu…
Hətta bir nəfər “Nənəm narahatdı, deyir soruşun görün ONA da işgəncə verirdilər...?” – dedi.
İnsan darmadağın olur…
Axı bir ananın nə boyda günahı olmalıdır ki, doğub böyüdüb heç 20 yaşına çatdırmadığı, üzünə doyunca baxmadığı oğlunu müharibəyə göndərsin, sonra ömrünün 22 ilini “Balam hanı” deyə soraqlasın? Əsirmi düşüb? Çox incitmirlər ki? - deyə ömrün çürütsüz… Həsrəti, dərdi, ağrısı oğlundan böyük olsun? Bizim analar nə vaxt bu cəzaya layiq olacaq günah işlətdilər axı…?
Budəfəki qəhrəmanım qadındır. Çörək zavodunda çalışıb, sonra uzun illər şəhər xəstəxanalarında tibb bacısı işləyən bir qadın. Ola bilsin, dəfələrlə onun əlində bişən çörəyi yemisiz, ya xəstə olanda qayğınıza qalıb. Onlar həyatımızda o qədərdilər ki, biz kimliklərini bilmirik, amma yanlarında bircə kəlmə düşmən haqda xoş söz deməklə onları parça-parça eləyirik. Onlar yenə düşmən əlində olduqlarını hiss edirlər...
Zəruri qeyd: Əsəbi zəif olanlar və ürəyi bu torpaqla döyünməyənlər, sizə tövsiyəm – Ctrl+W!
***
Yeganə Əliyeva. 1974-cü il, dekabrın 31-də Laçının Qarabəyli kəndində, səkkiz uşaqlı ailədə anadan olub. Üç böyük qardaşı, bir böyük bacısı və özündən kiçik üç qardaşı var idi. Anası Nüşabə xanım evdar qadın idi. Atası Nadir kişi isə kəndin qarışıq mallar mağazasını işlədirdi. Müəllimlər bu uşaqların hər birini öz oxuduqları sinfin “gözü” adlandırırdı. Onlardan kimsə xəstələnib dərsə getməyəndə müəllim “İndi dərsi kimə keçim” deyirdi:
- Qardaşım Müşfiq VI sinifdə oxuyanda XI sinfin tənliklərini həll eləyirdi, müəllimlər heyran olurdu...
O günlər çox uzaqdadır. Xatırlayanda lap köhnə kinolent kimi, tez-tez qırılır, ilişir... Xatirələri bir-birinin ardınca düzmək üçün xeyli epizodları xatırlamalı olur:
- Üç böyük qardaşım döyüşürdü, böyük bacım başqa rayonda ərdə idi, mən və məndən kiçik üç qardaşım – Müşfiq, Habil, Tural isə müharibəyə görə dərsə gedə bilmirdik... Həmin il məktəbi bitirəcəkdim... Atamın məsləhəti o idi ki, hamımız ali təhsil alaq... Həkim olmaq istəyirdim... Müharibə tək ciyərimi yox, arzularımı da parçaladı...
Kəndimiz işğal olunandan sonra bir ilə yaxın Qaxda dayımgildə qalıb, sonra ordumuzun erməni işğalından azad etdiyi kəndə qayıtdıq. Öz kəndimizdə yaşayış üçün heç bir şərait qalmadığından başqa kənddə məskunlaşdıq. Orda da ermənilər bütün evləri yandırmışdılar, nə işıq var idi, nə qaz... Özümüz bir təhər ora-buranı düzəldib, həyatımıza davam elədik.
- Kənddə adam çox idi?
- Altı ailə idi, bir də hərbçilər...
- İşğaldan azad ediləndən sonra öz kəndinizdəki evinizi görmüşdüz?
- Qardaşlarım hərbçilərlə girib həyətimizə baxmışdılar. Dedilər həyəti elə ot basmışdı ki... Elə xarabalığa çevrilmişdi ki... “Dədə Qorqud” filminə baxmısız?
- Baxmışam...
- Bax ordakı kimi, uğultulu səslər gəlirdi. Qorxulu idi... Elə biz qalan kənd də qorxulu idi, hər dəqiqəmiz təhlükə idi, ölüm idi. Həyat deyildi ki... Bir evin qapısı yanıb düşmüşdü, o birinin damı... Ölməmək üçün birtəhər o yanıq evlərdən birini qaraltmışdıq... Hər gecə atəş səsləri gəlirdi, hərbçilər qaçıb gəlirdi ki, vəziyyət pisdi, çıxmaq lazımdı, tez qaçıb gizlənir, ara sakitləşəndən sonra yenə çıxırdıq.
- Harda gizlənirdiz?
- Zirzəmilərdə... Atam deyirdi axı torpağımdan hara gedim? Axırda qardaşlarım dedi “erməni qəddar millətdi, anamı, bacımı çıxartmalıyıq...”
Susur... Qucağında bir-birinə sarılan əllərinə baxır, göz yaşları sakitcə yanağından axıb sinəsinə tökülür, köynəyinə hopur... Mən də onunla bərabər susmuşam. Heç nə soruşmuram. Xatirələrini qovalamaq, məhrəmlərini dindirmək istəmirəm. Ayaq baqmaqlarını corabın içində yığıb açır, barmaqlarını bir birinin altında gizlətməyə çalışır...
- Apreldə oralarda qar təzə əriməyə başlayır, amma hələ mart idi. Qış, soyuq... Qorxudan gözləri böyümüş uşaqlar, böyüklərin təlaşından qorxub ağlayan körpələr, valideynlərinin üzünə çıxmağa utanan yeni evlilər, təzəcə doğduğu körpəsini böyüklərin yanında qucağına ala bilməyən gənc analar, doğmağına lap az qalmış hamilə qadınlar...
Nə xatırladığını bircə özü bilir, əllərini üzünə tutub hönkürür:
- Məni başa düşün, hər dəfə xatırlayanda... Xatırlaya bilmirəm... Təzədən özümü o odun içində hiss eləyir, boğuluram...
- Bu yerini ötürək. Müşfiq Laçından necə çıxdığınızı, valideynlərinizi necə itirdiyinizi, necə əsir düşdüyünüzü danışıb, oxucularımız bu haqda bilir. Özünüzə gələndə harda idiz, o haqda danışın.
- Yox, mən Müşfiqin görmədiyi şeyləri də gördüm...
- Nələri?
- Əlimdə bir armud var idi, ordakı qadınlardan biri vermişdi. Yemək istədim. Ağzıma aparıb dişlədim, çeynəyə bilmədim... Ağzımda qaldı... Soldan, ciyər tərəfimdən güllə dəydi... Əlim boşaldı, armud yerə düşdü, sonra yenə güllə dəydi, yenə... Ondan sonra olanları qırıq-qırıq kadrlar kimi xatırlayıram...
Onu gördüm ki, Müşfiq arxada Turalı özünə sıxıb oturmuşdu, ayağından qan axırdı... “Yegiş, ay Yegiş” deyib ağlayır, məni çağırırdı... Qan içindəydim, cavab verə bilmirdim, o da məni ölmüş bildi...
Onu gördüm ki, maşının arxasından yerə düşən anam yenidən yuxarı qalxmaq istəyəndə əllərini uzadıb yük yerinin kənarından tutdu... O vaxt mənə növbəti güllə dəydi, başım maşının yük yerinə elə düşdü ki, həm Müşfiqgili, həm də maşından aşağıda olanları görə bilirdim. Gördüm ki, maşına çıxmaq istəyən anamı arxadan vurdular... Əlləri açıldı, arxası üstdə düşdü yolun altına...
Məni bu dəfə də çiynimdən vurdular... Bu artıq mənə dəyən yeddinci güllə idi. Başım “KamAZ”ın kənarından sallanırdı, gözümün qabağında anam yerdə qan içində uzanmış, ölmüşdü... Mən də ölürdüm... Güllə səsindən heç nə eşitmirdim... Sonra bir qız səsi eşitdim. Maşının üstünə hərbi geyimli, sarı saçlı bir qız çıxmışdı, onu Janna çağırırdılar. Janna “poğu” deyə-deyə əlindəki “ştık-noj”la maşının arxasındakı bağlamaları, diplomatları kəsib pul axtarırdı...
- “Poğu” nə deməkdi?
- Ermənicə pul deməkdi... Meyitlərin üstündəki pulları, qiymətli əşyaları götürdü... Kim bir balaca tərpənirdisə maşının arxasından götürüb yerə atdı. Maşın yanırdı, qız tələsirdi, alov ayağım tərəfdən mənə yaxınlaşırdı, məni də saçımdan tutub yerə tulladı. Yerə düşəndə gördüm Turala güllə dəyib, “KamAZ”ın təkərinin yanında qıvrılır. Erməni bir təpik də vurdu, getdi düşdü “KamAZ”ın altına.
- Turalın səsi gəlirdi?
- Yox, yerə düşəndən sonra heç nə eşitmədim. Artıq qulağım batmışdı, amma batmış qularlarımda bircə Müşfiqin “Yegiş, ay Yegiş” deyib ağlayan səsi qalmışdı... Elə bilirdim məni çağırır...
Janna bizi yerdə cərgə ilə düzdü. Qəssab işləyəndə görmüsüz? Əti necə cəld kəsir, cəmdəyi necə çevik hərəkətlə o üzünə, bu üzünə çevirir, bax bizimlə o qəssablar kimi davranırdılar... Tankı üstümüzə sürdülər, üstümüzdən keçmək istəyirdilər. Erməninin biri nə dedi, nə izah elədi bilmədim, eşitmirdim axı... Amma qoymadı üstümüzdən tankla keçməyə.
- Müşfiqi görmədiz?
- Ağzı qışqırırmış kimi açılıb yumulurdu, erməni isə hər ağzı açılıb-yumulanda onu təpiklə vururdu... “KamAZ”ın yandığını gördüm, alov qalxdı, artıq orda Müşfiqi itirdim...
- Tural harda idi?
- Mən onu son gördüyümdə erməni Turalı yaralı-yaralı təkərin altına itələdi... Sonra da “KamAZ” yandı... Ermənilər başqa maşınlara da hücum edib girov götürmüşdülər, hələ bizdən sonra da hücum eləməkdə davam elədilər. Xeyli yaralı əsir var idi. Sovetdən qalma hərbi paltar rəngində təcili tibbi yardım maşınları olurdu. Onlardan birini gətirdilər. Meşədə odunu necə yığırlar, bax o üsulla bizi götürüb atırdılar o təcili yardımın arxasına. Elə bil maşına insan yox, odun yükləyirlər. Üst-üstə... Qadın, uşaq, hamilə, ölümcül... baxan yox idi. Kim kimin üstünə düşdü, düşdü... Kimin qanı kimin üstünə axdı, axdı... Meşə ilə bizi apardılar. Arada bir yolda maşını saxlayıb bir-bir baxırdılar, ölən vardısa elə yoldaca atırdılar. Onlara əlavə yük idi axı...
- Sizi hara aparırdılar?
- Kəlbəcər ərazisində Dovşanlı deyilən yer var. Ermənilər ora Vəng deyirlər. O istiqamətdə apardılar. Mənim üstümə yığılan yaralılardan bir oğlanın qanı ağzıma axırdı, nə qədər eləyirdim o qandan xilas ola bilmirdim... Onun qanı axıb mənim qanıma qovuşurdu... Səkkiz güllə almışdım, beşi ağ ciyərimdən dəymişdi, nəfəs ala bilmirdim, bir tərəfdən də ağzıma axan qan... Tərpənməyə, ağzıma axan qandan kənara çəkilməyə çalışırdım... Üstümdə yaralı çox idi, gücüm çatmırdı... Qanı uda bilmirdim, boğulurdum...
- O halda nə qədər yol getdiz, bilmirsiz?
- Dəqiq saatı deyə bilmirəm, amma ya çox uzaq getdik, ya da mənə elə gəldi. Hardasa səkkiz saat yol getdik bəlkə. Yenə bizi maşından odun kimi boşaltdılar.
- Hara idi?
- Nə isə yanıb xaraba qalmış, üstü açıq bir yer idi. Bizi yaralı-yaralı odun boşaldan kimi ora boşaldıb başladılar vəhşicəsinə döyməyə. Qanımız hələ kəsməmişdi, üstündən də döyürdülər…
- Nə ilə döyürdülər?
- Təpiklə. Ayaqlarında da əsgər çəkmələri. Çəkmə ilə güllə yarasının üstündən təpikləyirdilər... Üstündən təhqir, üstündən söyüş... Həm yaralı olasan, həm də... (Hönkürür)
- Təxminən neçə nəfər idiz?
- Hardasa 40 nəfərəcən adam idik...
- Yanınızda sizinkilərdən kim var idi?
- Kəlbəcərdən atamın 13 yaşlı dayısı nəvəsi Nəsibə, 3 yaşlı Aygün, Azər. Onlar beş uşaq idilər, ikisini öldürdülər. Yaşar adlı qardaşlarına alnından güllə dəydi, yerindəcə öldü. Nəsibənin qarın nahiyəsindən güllə dəymişdi. Bəşir isə ayağından yaralanmışdı.
- Valideynləri ölmüşdü?
- Onlar bizimlə deyildi. Ata-anası guya balalarını bizimlə göndərdi ki, qoy uşaqlar sağ-salamat xilas olsunlar, özləri dağla çıxacaqdılar.
- Çıxa bilmişdilər sonradan?
- Hə, indi Şəkidə yaşayırlar...
- İkinci ölən uşaqları hansı idi?
- 3 yaşlı Aygün. Qarayanız, qıvrımsaç, şirin uşaq idi, qaraca qıza oxşayırdı. Ermənilər əməliyyat eləyib dedilər öldü. Bacı-qardaşı soruşdu bizim uşaq hanı? Dedilər atdıq zibil vedrəsinə... Ölüsünü göstərmədilər... (Ağlayır) Orda 21-22 yaşlı bir qadın da var idi, necə gözəl idi...
- O kim idi?
- Müəllimə idi, doqquz aylıq hamilə... 3 yaşlı qızı Nurlanəni isə başqa istiqamətə aparmışdılar. Güllə Səmanın qarnından dəymişdi... Əməliyyat elədilər, uşağı anaya göstərmədilər. Nə ölüsünü, nə də dirisini... Bilmədik sağ qalmışdı, ya yox... Səma qaldı ağlaya-ağlaya... 3 yaşlı qızını itirib... Bətnindəki körpəni itirib... Ayağından da yaralanmışdı, bir ayağı işləmirdi... Elə balasını axtarırdı, harda erməni görsə soruşurdu “balam hanı?” Eləcə havalandı... (Ağlayır) Sonra ermənilər qızını Yerevandan tapıb gətirmişdilər, uşaq qaldı ortalıqda... Səma ağır idi, ən ağır vəziyyətdə olan o idi, onun necə şeytanla çarpışdığını gördük... Ayağı çirk verirdi, öldü...
Bu hələ sonralar olacaqdı... Hələ ki yaralı əsirləri ac-susuz saxlayır, döyür, söyür, təhqir eləyirlər. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gələnə qədər belə davam edirlər. Onlar gələndə isə əsirlərdən bir neçəsini və meyitləri onlardan gizlədirlər. “Qırmızı xaç” nümayəndələri yaralı əsirlərə ilk tibbi yardım göstərirlər:
- Mən çox qan itirmişdim, baxıb dedilər əməliyyat eləyək, ölər-ölər, qalar da qalar... Gözümü açanda gördüm sinəmdən sistem qoşublar. Qollarımı güllə qırmışdı deyə gipsə qoymuşdular. Qolumdan sistem qoşmaq mümkün olmamışdı.
- Ətrafda nə baş verirdi?
- Ermənilər nə isə danışır, həkimlərə nə isə tərcümə eləyirdilər.
- Sizə əməliyyat haqda, durumunuz haqda nə isə deyən olmadı?
- Yox, heç nə izah eləyən olmadı. Bilmirəm hara idi, uçulub dağılmış bir yer idi, gətirib orda yerdən uzandırdılar.
- Ağrıkəsici dərmanlar necə, verirdilər?
- Heç bir şey, heç baxan yox idi. Amma ağrılar olsa dişini dırnağına sıxıb cınqırını da çıxarmamalıydın. Hərbçilərin yanında ağrıdan səsi çıxmaq, çığırmaq qadağan idi. Ancaq “Qırmızı xaç” gələndə səsimiz çıxa bilərdi. O da onların sualına cavab vermək üçün. Daha necə tərcümə eləyirdilər, o öz vicdanlarına. Oralar çox soyuq idi, titrədirdik, “Qırmızı xaç” hamımıza yun adyallar vermişdi, onlar gedən kimi gəlib üstümüzdən götürüb gedirdilər. Yerdə üstü açıq, yan-yana uzanırdıq.
- Bir-birinizlə söhbət eləyə bilirdiz?
- Kimsə kiməsə yaxınlaşsa, danışsa, əlini uzadıb qanını silsə, yarasının bandını yapışdırsa, kömək eləsə onu elə ordaca təpiyin altına salırdılar. Ola bilməzdi! Əməliyyatdan çıxdığım hardasa bir həftə olardı, arxası üstdə uzanmaqdan kürəyim yara olmuşdu. Bir dəfə ermənilərdən birinə dedim məni bir az qaldır, saçımdan tutub dartdı ki “Axçi, sus!”
- Əməliyyatda üst-başınızın qanını yuyub təmizləmişdilər?
- Yox, elə həmin qan quruyub qalmışdı üstümüzdə. Necə ki, yağış yağar, toraq palçıq olar, bax qaşımdan, kipriklərimdən elə torpaq, toz qarışmış qan dənələri sallanırdı. Kimin əli qalxırdı, arada təmizləyirdi, mənim əlim-qolum qırılmışdı, gipsdə idi, qaldıra bilmirdim ki, kipriyimi aralanmağa qoymayan qan qurularını təmizləyim, gözüm yaxşı açılsın. Özü qopsun deyə bəlkə yüz dəfə gözümü qırpmağa, açıb-yummağa çalışırdım. Kipriklərim bir-birinə yapışmışdı. Zamanla qan özü qurudu. Kiprik özü qopub töküldü... Saçlarımda da neçə günün qanı quruyub saçlarımı topa-topa bir-birinə yapışdırmışdı...
Bir gün qırıcı təyyarələrin uğultusunu eşidən ermənilər “Türklər gəlir, Surətin dəstəsidir!” deyərək əsirləri olduqları yerdə qoyub, özləri qaçıb başqa yerdə gizlənirlər. Bombardmanda altı nəfər həkim itirən ermənilər acıqlarını yaralı əsirlərdən çıxırlar:
- “Sizi burda saxladığımızı türklər bilir deyə buranı vurmadılar. Altı erməni həkim itirdik. Niyə siz yox, biz olan yerə atdılar” deyib bizi nə günə qoydular...
- Neylədilər?
- Döydülər... Təpik, yumruq, şillə ilə... Hamımız da yaralı... “Niyə onlar öldü?” deyirdilər... Onlar Surət Hüseynovun adı gələndə dəli olurdular ki, onun qırıcı təyyarələri var, gəlsə bizi məhv eləyəcək. Axırda elə o qorxuyla da ordan qaçmağa məcbur oldular.
- Sizi də apardılar?
- Əvvəl istədilər orda atıb gedələr, sonra “Qırmızı xaç” gəlib dedi olmaz! Məcbur olub bizi də özləri ilə apardılar.
- Hara?
- Yenə hara isə viran qalmış, hərbçilərə məxsus yer idi.
Gecə yarısı 17 yaşlı Yeganəni, Səmanı, Kəlbəcərdən olan 3 nəfəri - 22 yaşlı bir qızı və 28 yaşlarında ana ilə 12 yaşlarında qızını o biri əsirlərdən ayırıb hərbi maşınla apardılar. Səhərə yaxın meşənin ən sıx yerində çadırların qurulmuş hərbi hospitalda idilər. Burda meşə elə qalın idi ki, gündüz nə isə axtarası olsan əlinə fənər almalıydın. Ermənilər buranın Ağdərə olduğunu dedilər.
- Yaxınlıqdan çay axırdı, səsini eşidirdik, soyuq idi... Orda tibbi personalın da, hərbçilərin də içində ruslar çox idi. Ermənilər rus dilində çox kobud danışırlar, ona görə də təmiz rus onların içində fərqlənir.
- Bəs ruslar sizinlə necə davranırdı?
- Elə ermənilər kimi.
- Onlar da sizə türk deyirdi?
- Hə, biz orda azərbaycanlı sözü eşitmədik. Elə türk, türk...
Səhər açılanda birinin ayağı, o birinin qolu kəsilən, azərbaycanlılara qəzəbdən alışıb-yanan yaralı erməni hərbçiləri çadırdan çıxanda, yük kimi maşından boşaldırılan yaralı əsir qadınlar quru torpağın üstündə yanaşı uzanıb titdəyirdilər... Uzaqdan axsaya-axsaya bir oğlan gəlirdi:
- Arıq, uzun, üzü tükün içində bir oğlan idi...
- Orda hamısı saqqallı idi?
- Hə, mən orda saqqalsız erməni görmədim...
Oğlanın əynində ayağı kəsilib qısalmış hərbi şalvar, yuxarısında isə çılpaq bədəninə geyilmiş cibli jilet var idi. Qolları, ayaqları açıq, yalın ayağında isə köhnə, cırıq bir başmaq var idi... Ermənilərdən biri o oğlanı Yeganəyə göstərib “Axçi, o sənin “zemlyak”ındır” deyir. Başqa bir erməniyə isə “Dığanı bura çağır” deyir. Oğlan qorxa-qorxa yaxınlaşanda bir erməni onu yerdə uzanan yaralı əsir qadınlara göstərib deyir:
- Şəmkirdəndi, Surətin dəstəsində döyüşüb. Onu öz torpaqlarımızda, Ağdamın Canyataq-Gülyataq istiqamətində əlində silah tutmuşuq. Döyüşürdülər, arxadan hücum elədik, ölən öldü, qaçan qaçdı, bu oğlanı da arxadan yaraladıq. 7-8 güllə vurub tutduq. Əli silahlı torpağımıza soxulan əsgərlə başqa nə cür davranardıq?
Üç böyük qardaşı hərbçi olan 17 yaşlı Yeganə yaxınlaşan əsir əsgəri süzəndə halı daha da pərişan olur. Qardaşları hər gün döyüşürdü və bir gün onlar da beləcə düşmən əlinə düşə bilərdilər... Ermənilər uzaqlaşanda əsir oğlan Yeganəyə yaxınlaşır:
- Adın nədir?
Ciyərlərindən aldığı güllə yarasından nəfəsi çatmayan, güclə danışan Yeganə bir təhər qırıq-qırıq sözlərlə cavab verir:
- Yeganə...
- Mənim adım Arzudur, fevraldan burdayam. Əməliyyat elədilər, ağ ciyərlərimdən yaralanmışam. Bax, burdan şlanklar qoyublar, (Jiletin qolundan çıxan şlankları göstərir) yaram hələ də işləyir... Acsan?
- Hə...
- Məndə bir parça çörək var, onun yarısını sənə verərəm. Amma gizlədib gecə onlar yatanda ye. Çeynədiyini görsələr, döyəcəklər...
Sonra ermənilər gəlib yeni gələn yaralı əsirləri hospitalda “yerləşdirməyə” başlayırlar.
- Özləri çarpayıda yatırdılar, döşəkləri, yorğanları, yastıqları var idi. Ortada odun sobası var idi, üstündə də qapqara qaralmış böyük bir çaynik. Yuxarı başda otun üstündə iki ağacı kəsib üst-üstə qoyub, üstünə də başqa iki ağac atmışdılar. Arzu orda yatırdı. Altında quru taxta, üstü açıq... Səma çox ağır idi, son günlərini yaşayırdı, onu xərəkdə gətirib tulladılar bir tərəfə. Bir küncdə isə köhnə sırıqlı kimi bir şey var idi, onu mənə göstərib dedilər sən də burda yatacaqsan.
- Bəs o biri yaralılar?
- Onları başqa çadıra apardılar. Burda üçümüz idik – mən, Arzu və Səma. Bir də yaralı ermənilər.
- Yaralılar sizinlə necə davranırdı?
- Az qalırdılar qanımızı içələr ki, “bizi sizinkilər yaralıyıb”. Birinin gözü yox idi, o birinin əli... Elə bil yaralı şir idilər. Yanlarından keçəndə bir az büdrəsən əllərindəki qoltuq ağacları ilə səni ölüncə döyərdilər. Gərək elə gəzərdin ki, onlar hiss etməyələr.
- Siz qalxa bilirdiz ki?
- Yox, məni sürüyüb gətirirdilər. Qollarım gipsdə idi, ayağımdan da güllə dəymişdi. Nə əlim işləyirdi, nə ayağım...
- Bəs Arzu verən çörəyi necə yediz?
- Hə, onu deyirdim axı. Gecə hamı yatandan sonra Arzu sakitcə mənə yaxınlaşdı. Cibində gizlətdiyi çörəyini çıxarıb yarı böldü, iki dişləklik çörək idi, ağzıma uzadıb “dişlə” dedi. Dişləmək istəyəndə az qaldı dişim sına. O qədər bərkimişdi... Daş idi elə bil...
- Ermənilər ümumiyyətlə sizə yemək vermirdilər?
- Özləri yeyəndə qabaqlarından sümük qalsa üstümüzə atırdılar ki, “Türk, götür ye!” Bir də özləri yemək yedikləri qabı yuyandan sonra həmin çirkli suyu gətirib verirdilər ki, için. Onu da elə verirdilər ki, içə bilmirdin. Yaxantını bir az ağzına tutub qalanını üstünə töküb gedirdilər…
- “Qırmızı xaç” nümayəndələri necə, yemək gətirmirdilər?
- Gətirirdilər. Kolbasa, konserv, peçenye... Belə şeylər gətirirdilər. Onlar uzaqlaşan kimi ermənilər əlimizdən alıb yeyirdilər...
- “Qırmızı xaç” nümayəndələri gələndə sizin qaldığınız şəraiti görmürdü? Görmürdülər quru yerdə yatırsız?
- Yox, onlar gələndə bizi qaldırıb oturdur, yastığa söykəyirdilər, üstümüzü də adyalla örtürdülər. Deyirdlər yaxşıdılar... Arzunu isə Azərbaycanda əllərində hərbçi olduğunu bilməsinlər deyə ümumiyyətlə “Qırmızı xaç”dan gizlədirdilər. Arzu evə məktub da yaza bilmirdi...
“Qırmızı xaç”ın gətirdiyi ayaqqabıları əlimizdən alardılar. Əsirin ayağı yalın olar deyirdilər. Onlar verən paltarları alıb, əski-üskü verirdilər. Paltar deyildi, elə ayıbını örtmək üçün cır-cındır... Bəlkə də heç cəngəlliklərdə insanlar elə geyimdə olmurlar...
Dırnaqlarımız uzanır, kəsmək nə idi? Saçda hələ də neçə vaxtın qanı, toz-torpaq... Daramaq nə idi? Arzunu elə saqqal basmışdı ki, ilk dəfə onu görəndə elə bildim o da ermənidi...
Günlər keçmək bilmirdi, Səmanın vəziyyəti daha da pisləşirdi, ağlını tamamən itirmişdi. O vəziyyətində də gördüyü hər ermənidən “Qızım hanı”, “Qızımı görməmisiz” soruşurdu... Bir gün bir neçə erməni gəlib “Qızını Yerevandan tapmışıq” deyib onu apardılar... Hara apardıqlarını heç kim bilmədi... Yeganə ilə Arzunun tək bildiyi o idi ki, gedəndə Səma artıq can verirdi...
- Qaldıq ikimiz. Arzu və mən.
- Arzunun neçə yaşı var idi?
- On doqquz…
- Səhhətiniz necə idi?
- Artıq qollarımın gipsini açdılar. Bildim ki, dirsəyimin yanından və sinəmdən dəyən güllələr “5.45” gülləsi olub, yəni “gəzən güllə”. İkisi də keçib qalmışdı ağ ciyərimin içində. Bildim ki, ağ ciyərimin xeyli hissəsini kəsiblər, qəfəsi ayırıblar… Qolun altında liflər olur, məndə isə onlar artıq tamamilə yox idi. Güllə məhv eləmişdi, əməliyyatda bərpa eləmək mümkün olmamışdı. “Qırmızı xaç”ın həkimi dedi ki, qolun işləməyəcək. Sonra Arzuya tapşırdı ki, hər gün 3-5 dəqiqə Yeganənin qollarını yuxarı qaldırıb saxla ki, bitişməsin.
Arzu qurumuş qandan üzü-gözü seçilməyən bu qıza öz doğması kimi qulluq eləyir. Qollarını iplə bağlayıb yuxarıda saxlayır, əlinə düşən yeməyi gizlədib, gecələr ermənilər yatandan sonra yarısını onun ağzına qoyurdu...
Arzunun sayəsində Yeganə yavaş-yavaş qollarını işlədə bilirdi. Artıq bir gün “Qırmızı xaç” cəmiyyətinin nümayəndələri gələndə o ailəsinə məktub yazmağı bacardı! Əziyyətlə yazırdı, çox qaralayırdı. Buna görə də ona məktub yazmaq üçün bir neçə kağız verirdilər. Yeganə ilk fürsətdə kağızın birini və qələmi gizlətməyi bacarır. Arzu ilə tək qalanda qələmlə kağızı ona verir:
- Qız adı ilə evə məktub yaz, mən xəlvətcə “Qırmızı xaç”a verim. Onsuz da Arzu adında qız da olur, sən soyadını İbrahimova yaz. Hər halda evdə başa düşəcəklər… Heç olmasa sağ olduğunu bilərlər…
Bu seçimsizlik, çarəsizlik şəraitində Yeganənin təklifi ağlabatan, həm də yeganə çıxış yolu idi.
Arzu məktubda şübhəli heç nə yazmadı. Bütün əsirlər kimi “Yaxşıyam, məndən nigaran qalmayın” yazılan bir cümləlik məktub Arzu İbrahimova imzası ilə göndəriləcəkdi. Nə qədər riskli də olsa, gələn həftə “Qırmızı xaç” nümayəndələri Yeganəyə ailəsi üçün məktub yazdıranda ermənilərin çadırdan çıxdığı bir neçə saniyədən istifadə edən qız özündə gizlətdiyi Arzunun məktubunu nümayəndələrdən birinin cibinə sala bilir…
Nümayəndələr zatən azərbaycanca yazılan məktubu oxuya bilmirdilər. Məktublara baxan ermənilərin isə Arzunun hardan kağız tapıb məktub yazması, hələ onu “Qırmızı xaç” nümayəndəsinə verməsi ağlına gəlməzdi… Mətni heç bir şübhə doğurmayan məktubu hansısa bir qadın əsir yazdığını düşünüb, getməsinə icazə verdikləri məktubların içinə atırlar. Beləcə, Allahın da unutduğu bu məkandan bir məktub aylardı oğul yolu gözləyən bir anaya doğru yola çıxdı…
***
…Soyuq gecələrdən birində Yeganəni üzünə salınan fənər işığı oyadır. Ermənilərdən fərqli olaraq təmiz azərbaycanca danışan biri onu göstərib soruşurur:
- Gətirdiyiniz türk qızı budur?
- Bəli!
- Ey, türk, hardansan?
- Laçından...
- Ailəndə hərbçi var?
- Üç qardaşım, Vaqif dayım və dayım oğlu Mübariz...
- Hansı Mübariz? Cin Mübariz?!
- Bəli…
- Əla! Getdik!
Doğrudan da dayısı oğlu Mübariz “Cin Mübariz” adı ilə məşhur idi. Siz onu Çingiz Mustafayevin çəkdiyi kadrlarda da görə bilərsiz…
- Çox qəhrəman oğlan idi, ermənilər onun başına pul qoymuşdular. Həmin o bizim kimi danışan erməni yağışlı bir gecədə məni və Arzunu gizlicə maşına qoyub apardı…
Ardı var…