Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımından 29 il ötür. Lent.az “Əsir düşərgəsi” layihəsindən Xocalı soyqırımına həsr olunmuş hekayələrdən birini təqdim edir.
***
Dönüb geri baxdı. Evləri yanırdı.
Bayaqdan anlamadığı bir təlaş içində ata anasına qısılıb camaatla ayaqlaşmağa çalışan 6 yaşlı Siracın hönkürtüsü Yaşarı ildırım kimi vurdu:
- Evimiz yanır, evimiz yanır!
Üzü meşəyə baxan ikimərtəbəli evi bürümüş alovu canında hiss etdi.
Evi təzəcə tikib tamamlamışdı, hələ heç çəkdiyi əziyyətin yorğunluğu canından çıxmamışdı. Səidə hələ bu evi ürəyi istədiyi kimi bəzəyə bilməmişdi.
Əgər hər tərəfdən şaqqıldayan silah səsləri olmasaydı, Yaşar indicə Siraca qoşulub hönkürəcəkdi...
Qabarlı əlləri ilə Siracı sinəsinə sıxdı:
- Atan sənə bundan da böyük, bundan da qəşəng ev tikəcək!
- Evimiz yanır, evimiz...
- Bizim yenə evimiz olacaq, bala...
Yaşar ölümlə üz-üzə dayandığı bir vaxtda bu sözlərlə Siracı ovutmalı idi. O, yaxşı bilirdi ki, evi olmayan uşağın keçmişi yoxdur, bu günü qaranlıq, gələcəyi zülmətdir...
Elə buna görə də oğlu dünyaya gələn kimi ata yurdunun yaxınlığında ev tikməyə başlamışdı. Yaşar evin böyüyü idi, dörd qardaşı, iki bacısı var idi.
Ata-anası hər dəfə “hara tələsirsən” soruşanda Yaşar cavab verməyə sıxılır, təklikdə isə Səidəyə deyirdi: “İstəyirəm oğlum öz evində böyüsün. Bir kişi üçün bu, çox vacibdir. Həm də qardaşlarım bir azdan ailə quracaqlar...”
İndi həmin sözlər Yaşarın qulağında Siracın hönkürtüsü ilə bərabər cingildəyirdi...
...Evin divarları qalxırdı. Yaşar axşamlar işdən gələn kimi ustalara qoşulub daş daşıyır, palçıq qatır, taxta yonurdu...
Sirac qışqırırdı: “Evimiz yanır, evimiz!”
Səidə hər ikisinin çiynindən yapışıb silkələdi:
- Gedək, aralı düşərik... Evi sən tikmişdin, Yaşar. Bu müsibətdən sağ çıxsaq, yenə tikəcəksən...
- Hə, ağlama, oğlum, bizim yenə evimiz olacaq. Atan yenə sənə ev tikəcək...
Qara bata-bata, üzüyuxarı qalxdılar. Ətrafda hamı bir-birinə qarışıb qışqırırdı. Xocalılılar ermənilərin qəfil hücumundan qaçıb, Kətik meşəsinə üz tutmuşdular. Hamı gecə ilə evindən hövlnak çıxıb qaçmışdı. İndi od tutub yanan evləri geriyə yollarının, meşədən atılan güllələr isə qarşıda gedəcək yerlərinin olmamasından xəbər verirdi. Erməni hərbi birləşmələri ilə Rusiyanın 366-cı motoatıcı alayı Xocalını zirehli texnika ilə atəşə tutmuşdular. Aeroporta od vurmuşdular, şəhər başdan-ayağa yanırdı. Camaat alovun içindən çıxıb, tankların üstünə qaçırdı. İnsanların yarısı Kətik meşəsinə, yarısı isə Qarqar çayının sahili boyunca qaçırdı...
Yaşar atasını kürəyinə alıb, Qarqar çayını keçirtdi. Yola davam edəndə Şahmalı kişi getməyəcəyini dedi:
- Namiqsiz bir addım da atmaram!
- Namiq gəlib bizə qoşulacaq, gedək... – Faiq atasını yola gətirməyə çalışdı.
- Yox, getmirəm!
Şahmalı kişi 50 ilə yaxın idi ki, Xocalıda müəllimlik edirdi. Beş oğlunun ikisi Moskvada, ikisi isə Xocalıda yaşayırdı. Müharibə başlayandan evin sonbeşiyi, Gəncə Texnologiya Universitetinin II kurs tələbəsi Faiq də ali təhsilini yarımçıq qoyub, Xocalıya qayıtmışdı. İndi hər üçü - Yaşar da, Namiq də, Faiq də növbə ilə postlarda dayanırdı. Ermənilər şəhərə hücum edəndə Yaşar evə gəlib ailəsini çıxarmışdı, Namiq isə başqa postda idi. Ondan xəbər çıxmamışdı.
Namiq yeni evlənmişdi. Yaxınlarda ata olacaqdı. Hər ehtimala qarşı həyat yoldaşını Xocalıdan çıxarmışdı. Təranə hamiləliyinin son aylarını Ağcabədidə yaşayırdı...
Soyuq gecədə Qarqar çayının buz kimi suyunda islanıb, qarlı meşəyə qaçan adamların içində qızları Zemfira ilə Kəmaləyə də rast gəldilər. Zemfira əri Sabir və üç uşağı ilə, yeni ailə quran Kəmalə isə həyat yoldaşı Namiqlə gəlib Şahmalıgilə qoşuldular. Bütün ailə Namiqi gözləyir, adamlardan onu soruşurdu.
Qarqarın soyuq suyunda islandıqları üçün titrəyirdilər. Yola davam etmək lazım idi. Qərara gəldilər ki, hamı birlikdə getməsin. Dəstələrə ayrılıb, hərə bir istiqamətə üz tutsun, qarşıda birləşsinlər.
Ölümün üstünə qaçdıqlarını bilirdilər. Bu gecədən qurtuluş yox idi. Bəlkə də, böyük ailənin üzvləri bir-birlərinin ölümünü görməmək üçün bu qərarı vermişdi...
Yaşar ailəsi ilə 70 nəfərlik bir dəstədə idi. Qardaşı Faiqlə qayınatası Cəmil də onlarla idi. Meşə ilə üzüyuxarı irəliləyirdilər. Xeyli qalxmışdılar ki, atəş açıldı. Yıxılıb üzüaşağı yuvarlandılar...
Yaşar ətrafında sinif yoldaşı Xuramanı gördü. Xuraman iki övladını qucaqlamışdı, qardaşı Rövşən də yanında idi. Yaşar isə tək idi. Ətrafda ailəsindən heç kim yox idi. Dəstədən xeyli adam yaralanmış, neçəsi də həlak olmuşdu. Ermənilər dayanmadan atırdılar deyə, Yaşar başını qaldırıb ətrafa baxa bilmirdi. Əlindən yalnız o gəlirdi ki, kol-kosun arasında gizlənib, atəşin kəsməsini gözləsin.
Bir az sonra atəş səsi kəsildi. Yaşar gizləndiyi yerdən çıxıb, üzü yuxarı qalxaraq, meşəyə səpələnən insanların arasında ailə üzvlərini axtardı. Nə Səidə, nə Sirac, nə də Faiq adamların arasında yox idi. Var gücü ilə çağırdı:
- Faiq! Səidə! Sirac! Harada...
Atəş səsi Yaşarın səsini kəsdi. Arxası üstə yıxılıb, üzüaşağı yuvarlandı. Əlini atıb bir şeydən yapışmaq istəyir, amma hər dəfə də əli boşa keçir, çətinliklə qalxdığı yolu sürətlə aşağı enirdi. Beləcə, adamlardan xeyli aralı düşdü. Ətraf yenə də yaralı və meyitlərlə dolu idi. Ölənlərin biri də yad deyildi. Tanış, qohum, qonşu, sinif yoldaşı…
Atəş səsi kəsilən kimi Yaşar yenidən yuxarı qalxdı. Yeganə övladının heç olmasa meyitini tapıb, özü ilə aparmalı idi. Başqa uşaqların meyitlərini də çevirib üzünə baxırdı. Siracı hətta böyüklərin də arasında axtarırdı. O isə yox idi...
Yaşar lap uzaqdan meyitlərin arasında dolaşıb, onların içində doğmalarını axtaran bir qadın gördü. Bu, Səidə idi. Qarşılaşanda hər ikisinin bir-birinə verdiyi sual eyni oldu:
- Sirac hanı?!
Səidə tamam əldən düşmüş, paltarları kol-kosa ilişib cırılmışdı. Qarın içində ayaqyalın titrəyirdi.
Yaşar paltosunu çıxardıb, əynindəki jileti cırdı. Donmuş əlləri ilə çətinliklə ikiyə böldüyü yun jiletini Səidənin ayaqlarına doladı. O qədər də etibarlı “ayaqqabı” alınmamışdı, amma meşədən çıxmağa, bəlkə də, kömək edərdi. Bir-birini tapandan sonra bir neçə dəqiqə əvvəl olduğu kimi, “bu, axırımızdır” deyə düşünmürdülər. İndi onlar bir-birindən güc alıb, qarın içində addımlayır, Siracı axtarırdılar. Əmin idilər ki, Sirac yaşayır. Onlar əvvəlcə Siracı tapacaq, sonra bu lənətlənmiş gecədən xilas olub, özlərinə ev tikəcəkdilər. Axı Yaşar Siraca söz vermişdi...
İkisi də bir təpənin ətəyində oturub, donmamaq üçün ayaqlarını dayanmadan yerə döyürdülər. Dan yeri sökülürdü. Ətrafdan atəş səsləri, insan çığırtıları, ah-nalə eşidilirdi. Səidə əminliklə deyirdi:
- Birinci dəfə bizə atəş açanda Sirac əmisinin qucağında idi, yəqin, onunla bir yerdədir.
Yaşar təsdiqləyirdi:
- Hə, Faiq Siracı bir dəqiqə də gözündən kənara qoymaz. İndi onun yanındadır...
Hava işıqlaşanda qarın üstündə xeyli qan ləkəsi var idi. Ayaq izlərindən bilinirdi ki, üzüaşağı gedənlər olub. Yaşarla Səidə üzüaşağı qayıtdı. Xocalılardan üç nəfər də onlarla idi. Bir az gedəndən sonra bir təpənin arxasından iki nəfər göründü. Adamlar əvvəlcə gizləndilər, sonra isə çağırdlar:
- Bu tərəfə gəlin, Ağdama yol buradan gedir…
Yaşar şübhələndi:
- Bu adamlar bizimkilər deyil. Səslərindən hiss eləyirəm. Qorxub qaçan adam səsinə oxşamır. Getməyək, ermənilərdir!
Kamil isə etiraz etdi:
- Erməninin nəyinə lazımdı bizə yol göstərsin? Erməni olsaydı, hərəmizə bir güllə vurub öldürərdi. Daha bizi niyə çağırsın?! Görmürsən nə qədər adamı öldürüblər...
Belə vəziyyətlərdə insan nicat tapacağına bütün varlığı ilə inanmaq istəyir. İnanmaq istəyir ki, xilas olmaq mümkündür. İnanmaq istəyir ki, çıxış yolu lap yaxınlıqdadır…
Kamilə inanıb, bir az irəliləmişdilər ki, erməni hərbçiləri hər tərəfdən üstlərinə gəldi. Yenə qaçmağa başladılar, yenə pərən-pərən düşdülər…
Amma nə qədər qaçdılarsa da, xeyri olmadı. Meşə ağ paltarlı desant dəstəsi ilə dolmuşdu. Yaşarı da onlar tutdu… Yaşar çırpınıb, ətrafda Səidəni axtarırdı ki, başına kisə keçirtdilər:
- Düşün qabağımıza! Kim qaçmağa cəhd etsə, yerindəcə güllələnəcək!
***
Ana ürəyi heç vaxt yanılmaz. Üzüaşağı yuvarlananda Sirac doğrudan da Faiqin qucağında idi. Faiq aşağı yuvarlananda Siracı qucağında bərk-bərk tutmuş, əlindən çıxmağa, yaralanmağa qoymamışdı. Səidənin atası Cəmil də onlarla idi. Üçü birlikdə meşədən çıxmağa yol axtarırdılar. Evdən çıxanda Sirac ayaqqabısını da geyinməyə macal tapmamışdı. Buna görə də Faiq onu qucağından yerə qoymurdu. Əmisinin boynundan bərk-bərk yapışan Siracın gözü hər yerdə atasını axtarırdı…
Ətraf üst-başı, üz-gözü qan içində olan insanlarla dolu idi. Sirac ilk dəfə idi ki, insan ölümü görürdü. Meyitlər uşağa çox qorxulu görünürdü. Gözləri böyümüşdü. Faiq onu qucaqlayıb, tez-tez “qorxma, əmi qurban” deyirdi.
Onlarla yanaşı irəliləyən Cəmilin də gözləri elə Siracınkı kimi böyümüşdü. Bu yaşa qədər belə dəhşətə gəlməmişdi. Gördüklərini ağlına sığışdıra bilmirdi...
***
Kisəni Yaşarın başından çıxarıb, tövləyə itələdilər. Ətrafında 300 nəfərə yaxın Xocalı sakini var idi. Yaşlılar, uşaqlar, hamısı bir-birinə qarışmışdı. Adamların arasında dolaşıb Səidəni axtardı. Qardaşı Namiq, bacılarının həyat yoldaşları, dayısı oğlu, bir neçə qohum, qonşular, tanışlar – hamısı burada idi. Siracla Səidədən başqa...
Erməni hərbçiləri tövləyə böyük bir küpə gətirdilər. Girovların üstünü yoxlayıb, pul, qızıl, qiymətli əşya nə vardısa, hamısını yığdılar. Bəs etmədi, kimin qızıl dişi vardısa, kəlbətinlə çıxardıb küpəyə atdılar. Tövlədə uşaqlardan başqa, demək olar ki, hamının dişi çəkilmişdi. Ətrafı tükürpədici inilti, ah-nalə bürümüşdü. Hərbçilərdən biri elan etdi:
- Ulamayın! Bu gün sizdən topladığımız bu qızıllarla dünyadakı ən böyük ədalətsizliyi aradan qaldıracağıq. Silah alıb, bütün türkləri öldürəcəyik! Erməni xalqı olan yerdə türk köpəklərinə yer yoxdur!
Axşamüstü 20-yə yaxın erməni hərbçisi tövləyə girib, girovları dəstələrə böldü. Sonra hərə öz payına düşən dəstədəki girovları elə tövlədəcə armatur və taxta parçaları ilə amansızcasına döyməyə başladı. Onsuz da dişləri çəkilən girovların başı-gözü partlamış, qabırğaları sınmış və zədələnmişdi.
Erməni hərbçisi silahının lüləsi ilə elə zərbə endirdi ki, Yaşarın burnu sındı. O, ağrıdan huşunu itirdi. Özünə gələndə gözləri görmürdü...
***
Faiqgil bir neçə gün meşədə meyitlərin arasında gəzib, çıxmağa yol axtardılar. Körpə Siracın yaddaşına qar qanla birlikdə həkk olunurdu. Bir səhər meşədən çıxmaq üçün yol axtararkən, iki snayperçi qız görüb geri qayıtdılar. Erməni dilində danışan bu qızlar onları mühasirəyə aldılar. Faiq qorxudan titrəyən Siracı bərk-bərk qucaqlayıb, ürək-dirək verirdi…
Erməni hərbçiləri Cəmil, Faiq və Siracı Naxçıvanik kəndinin içindən keçirərək tövləyə gətirəndə, kənd uşaqları onlara daş atır, söyüb təhqir edirdilər. Faiq Siracı daşlardan qorumağa çalışır, başını əlləri ilə gizlədib, sinəsinə basırdı…
***
Tövlənin qapısını açıb, onları içəri itələdilər. Faiq Sirac yıxılsa əzilməsin deyə onu qorumağa çalışırdı ki, uşaq özünü onun qucağından yerə atıb qışqırdı:
- Ata! Ata!
Günlərdir gözləri ətrafda atasını gəzən Sirac onlarla yaralı girovun arasında Yaşarı dərhal gördü. Burnu sınandan sonra yaxşı görməyən Yaşarın gözləri yavaş-yavaş açılırdı. Üz-gözü qan içində idi, dili söz tutmur, üstünə uzanan oğlunu qucaqlayıb ağlayırdı...
Faiqlə Siracın gəlişi ilə ailənin, demək olar, bütün kişiləri bir araya toplandı. Bircə Şahmalı yox idi. Onu heç kim görməmişdi...
İndi erməni hərbçiləri içəri girib girovları döyəndə, Sirac Yaşarın üstünə uzanıb ağlayır, qışqırırdı:
- Atamı vurmayın, atama dəyməyin...
Buradakı bütün uşaqlar valideynlərini döyülməkdən bu yolla qorumaq istəyirdilər. Əvəzində özləri döyülürdülər. Erməni hərbçiləri uşaqları atalarının qucağından çəkib kənara atır, onların gözü qarşısında atalarını, babalarını, əmilərini, dayılarını huşunu itirənə qədər döyür, hədələyir, saatlarla ayaq üstə durmağa, torpaq, mal-qara peyini yeməyə məcbur edirdilər. Girovlar özləri də bilmirdilər ki, onları işgəncələr belə ağrıdır, yoxsa ciyərparələrinin çığırtısı…
***
Ermənilərin torpaq iddiası baş qaldırmazdan əvvəl Əsgəran rayonunun katibi Saşa Fomin Namiqi özünə sürücü götürmüşdü. Çünki Namiq rus dilini yaxşı bilirdi. Elə bu da onun girovların arasından seçilib aparılmasına səbəb oldu. Namiqi tanıyan ermənilər onu aparanda, Yaşarla Faiq qapıyacan qardaşlarının arxasınca getdilər. Hərbçilər Namiqi tövlədən çıxarıb, qapını Yaşargilin üzünə çırpdılar. Qardaşlar qulaqlarını tövlənin qapısına söykədilər. Atəş səsi gəlmədi. Amma Namiq də gəlmədi... Qardaşlar nə qədər gözləsələr də, Namiqi geri qaytarmadılar...
***
Erməni hərbçiləri növbəti işgəncəni başa çatdırıb tövlədən çıxan kimi, Sirac bir az əvvəl Yaşarın üstünə sərilib, “atamı vurmayın” deyərkən yerindən qaldırılıb çırpıldığı küncdən qalxdı, atasının yanına qaçdı. Yaşar indi ona meşədə gördüyü üz-gözü qan içində olan, tərpənməyən adamları xatırladırdı…
Ətrafa baxdı, Faiq zarıyırdı, iniltisi zorla eşidilirdi. Yaşarın isə səsi gəlmirdi. Sirac atasının üstünə əyilib onu sığallamağa başladı. Bilirdi ki, atası nə qədər ağır yaralı olsa da, belə edəndə əllərini, heç olmasa bir əlini zorla qaldırıb onu qucaqlayacaqdı. Amma Yaşar bu dəfə tərpənmirdi…
- Ata, ata... Niyə sənin də səsin çıxmır? Heç yerin ağrımır?
Sirac atasının da meşədəki adamlar kimi öldüyünə inana bilmirdi. O qədər çarəsiz idi ki, atasının qanına bulaşan balaca əllərini onun bütün bədəninə sürtür, ölümünə mane olmağa çalışırdı. Bu vaxt kimsə içində kiçik banka olan bir vedrəni içəri qoyub qayıtdı. Bu, girovlara su vermək idi…
Sirac vedrənin içindəki bankanı su ilə doldurub atasının yanına qayıtdı. Barmaqlarını bankada isladıb, onun dodaqlarına sürtdü:
- Ata, ata…
Sirac bir də onun dodaqlarını isladanda, Yaşar dodaqlarını yavaşca yaladı. Sirac sevincindən ağlaya-ağlaya hər iki əlini isladıb, onun dodaqlarına, üzünə vurdu. Yaşar tərpənib zarıdı. Sirac xoşbəxt idi. İndi onun da atası tövlədəki bütün uşaqların atası kimi zarıyırdı. O, balaca əlləri ilə atasına qalxmağa kömək edib, su içirtdi…
Az əvvəl Siracın nələr hiss etdiyindən xəbərsiz olan Yaşar indi oğlunun niyə sevindiyini başa düşə bilmirdi…
***
Növbəti işgəncə saatı bitər-bitməz, hərbçilərdən biri ortaboylu, mavi gözlü Cəfər müəllimi çəkib tövlənin ortasına qoyduqları stulda oturtdu. Cəfər müəllim 32 il idi ki, Xocalıda Azərbaycan dili və ədəbiyyatından dərs deyirdi, məktəb direktoru idi. Tövlədəki girovların çoxu onun şagirdi olmuşdu. İndi 52 yaşı olan Cəfər müəllimin sarışın saçlarının yarısı ağarmış, yarısı isə qana, palçığa bulaşmışdı…
Hərbçi əlindəki süngü bıçağını onun boğazına dirədi, saçlarından yapışıb, geri dartdı:
- Hə, müəllim! Özün də ağsaqqal adamsan, siz türklərdə ağsaqqal yalan danışmaz axı! Amma sən utanmadan neçə il bu uşaqlara yalan danışmısan. İndi sənə imkan veririk ki, böyük erməni xalqı qarşısında günahlarını yuyasan. Təzədən dərs keç! De ki, Qarabağ ta qədimdən erməni torpağı olub! De! De ki, Qarabağ ermənilərindir!
Cəfər müəllim şagirdlərinin qarşısında sıxılır, onların üzünə baxmağa utanırdı. Zərbənin təsirindən başından üzünə şoralanan qan gözlərini tutdu, onu şagirdlərinin gözlərinə baxmaq əzabından xilas etdi…
***
Tövləyə girib döymək üçün girovları bayıra sürüyəndə, Sirac Yaşarın üstünə qaçıb qışqırdı:
- Atamı aparmayın!
Hərbçi uşağa elə bir yumruq vurub kənara atdı ki, Sirac huşunu itirdi. Bir az sonra Yaşar Siracın huşunu itirdiyinə görə sevinirdi. Çünki işgəncə zamanı ölümcül girovların başının dərisini soyub, yandırdılar. Sonra onları insandan qalanan tonqalın kənarına düzdülər:
- Tək ayaq üstdə dörd saat dayanacaqsınız! Büdrəyəni yerindəcə güllələyib, tonqala atacağıq!
Girovların ayaqlarını meşədə don vurduğundan, bu ən məşəqqətli işgəncə növü idi...
***
Tövlədəki bütün uşaqlar iki günün içində böyümüşdülər; heç biri oynamır, xəyal qurmur, şıltaqlır etmirdi. Böyük bir oyunun qurbanı olan körpələr yaralı valideynlərinə sığınıb, onların iniltisinə qulaq verir, onlar yaşadıqları üçün sevinirdilər. Tövləyə yeni girən hərbçilərdən biri Yaşara qısılan Siracın çənəsindən yapışıb, başını yuxarı qaldırdı. Diqqətlə süzüb, qolundan dartdı, bədənini yoxladı:
- Bu türk küçüyü çox yaxşı uşaqdır, özümüzlə götürək...
Bayaqdan tərpənməyə halı olmayan Yaşar yerindən dik atılıb, var gücü ilə Siracı qucaqladı:
- Balamı heç kimə vermərəm! Onu heç kimə vermərəm!
- Burax! Sən kimsən ki, verməyəsən? Səndən icazə istəmirik, – hərbçi ermənicə yanındakılara dedi: - Bu uşaq sağlamdır. Öz orqanları ilə neçə-neçə ermənini xilas edə bilər. Götürün, İrəvana göndərək!
Onlar Yaşarın ermənicə bildiyindən xəbərsiz idilər. Yaşar bütün gücü ilə Siracdan yapışıb saxlamağa çalışır, erməni hərbçi isə uşağın qolundan tutub dartırdı. Sirac qışqırıb ağlayırdı…
Hərbçilərdən biri Yaşarı vurdu. Yaşar qışqırır, oğlunun ayaqlarından bərk-bərk tutub buraxmaq istəmirdi. İkinci hərbçi də avtomatının qundağı ilə Yaşarın boynunun arxasından vurmağa başladı. Yaşar sayını-hesabını itirdiyi zərbələrin təsirindən heydən getdi, qolları boşaldı. Siracı çəkib onun əlindən aldılar.
Atasının əlindən alınan Sirac daha da bərkdən qışqırıb ağlayırdı. Hərbçi onu qoltuğuna vurub, tövlənin qapısından çıxdı. Ağrıdan yerdə qıvrılan Yaşar yerindən qalxıb, özünü tövlənin qapısına atanda, arxadan aldığı daha bir zərbədən yerə yıxıldı. Hərbçilər tövləni tərk etdi. Çarəsiz Yaşar hönkürürdü…
Tövləyə yeni girən erməni Yaşarın qarşısında dayandı:
- Yaşar?!
Samvel Əsgəranda yaşayırdı, maşın ustası idi. Yaşar maşınını həmişə ona təmir etdirirdi. İndi Yaşar onun qarşısında yerə çöküb əlini qapıya uzadaraq, “oğlumu alıb apardılar” deyib hönkürürdü…
Samvel tövlədən çıxdı. Bir az keçmiş Sirac qucağında geri qayıtdı. Sirac bağırır, elə çapalayırdı ki, uşaq indicə az qala ağlını itirəcəkdi. Özünü Yaşarın üstünə atdı. Ata-bala bir-birinə sarılıb ağlayırdı. Samvel astadan:
- Səni belə görmək istəməzdim, Yaşar. Qorxma, səni buradan çıxardacağam, - deyib tövlədən çıxdı.
Yaşadığı şokdan ayılmayan Yaşarla Sirac hələ də qucaqlaşıb hönkürürdülər…
***
Bir neçə saatdan sonra Samvel yenə gəldi:
- Uşağı da götür, gəl, sizi dəyişməyə aparıram.
- Necə gedim? Qardaşlarım, qohumlarım hamısı buradadır…
- Özün bil, Yaşar. Mənə çox yaxşılığın dəyib, bunun əvəzini çıxmaq istəyirəm. Danışmışam, mən ancaq səni apara bilərəm, vəssalam!
Faiq Yaşarla Siracı bağrına basdı:
- Fikirləşməyin yeri yoxdur, heç nə düşünmə, Yaşar! Əsas odur ki, Sirac xilas olsun. Onu qoru! Özündən muğayat ol, Sirac atasız böyüməsin! Bizdən nigaran qalmayın, yəqin, yavaş-yavaş hamımızı dəyişərlər… Qismət olsa, görüşəcəyik!
***
Girovları daşıyan köhnə “UAZ” Xocalının içindən keçəndə, hamı istər-istəməz pəncərədən şəhərə boylandı. Bütün şəhər yanıb kül olmuş, viran qalmışdı. Küçələr insan cəsədi ilə dolu idi…
Üz-gözü tanınmaz hala düşən meyitlərə, hələ də tüstülənən evlərə baxmağa qorxan Sirac balaca, çirkli, qanlı əlləri ilə üzünü tutdu. Böyüklərin səsini eşidirdi:
- Neçə ilə zülm-zillətlə tikib-qurduğumuz evləri iki günə külə döndərdilər...
- Cavan qadının, körpə uşağın meyiti küçələrdə qalıb... Allah bu zülmü götürməz...
- Nəyimiz var, əlimizdən çıxdı. Evimiz, eşiyimiz, torpağımız, hörmətimiz... Hər şeyimiz... İndi Allah bilir, axırımız necə olacaq...
- Yenə şükür, başımıza nə müsibət gətirdilərsə də, özümüzü dəyişməyə aparırlar. Heç olmasa, gedib görək ki, bizimkilər Ağdama çata biliblər...
“UAZ” Əsgəran tərəfə gedirdi. Yolda bir dəstə rus hərbçisi maşını saxladı. Maşındakı hərbçilər enib söhbət edərkən, girovların həyəcanı bir az da artdı:
- Ruslar bizi sağ buraxmazlar! Hamımızı qıracaqlar!
Maşının qapısı açıldı. Bir erməni hərbçi başını içəri salıb, girovları diqqətlə süzdü. Siracın başını sinəsinə sıxan Yaşar nə zamansa bir yerdə işlədiyi Qariki tanıdı. Azadlığın bir addımlığında ikən bu, Yaşarın həyatda ən arzulamadığı görüş idi...
- Yaşar?! Yaxşı görünürsən! Ömründə belə layiq olduğun hala düşməmişdin! Nə oldu? Bəs deyirdin Qarabağ bizimdir? İndi gördün bu torpaqlar kimindir? Hər şey bizimdir! Nəyiniz varsa, bizimdir! Sənin evin də mənimdir! Artıq tutmuşam, köçüb orada yaşayacağam...
Sirac evləri haqqında eşidəndə əllərini üzündən çəkdi. Sanki evlərinin yeni sahibini yaddaşına həkk etmək istəyirdi. Qarik qapını çırpıb getdi. Sirac Yaşarın titrəyən çiyinlərinə, səyriyən dodaqlarına baxıb, sakitcə pıçıldadı:
- Ata, inanma, yalan deyir! Evimiz ona qalmayıb, yanıb! Gözümlə gördüm...
***
Dəyişdiriləcəklərini düşünən girovları Əsgəranda Ərminavan deyilən ərazidəki uşaq bağçasına gətirdilər. Maşından düşəndə yerli camaat qəzəblə girovların üstünə töküldü. Əllərinə nə keçmişdisə götürmüşdülər – ağac parçası, armatur qırığı, bel, yaba...
Hərbçilər bir az onların döyülməsini izləyəndən sonra yerli camaata üz tutdular:
- Daha bəsdir, ürəyiniz soyudu, bəsdir! Onlarla işimiz var, aparmalıyıq...
Uşaq bağçasında cəmi 19 girov vardı – üçü yaşlı kişi, qalanı isə qadın və uşaqlar. Yaşarın gözləri yenə də qadınların arasında Səidəni və bacılarını axtarır, ürəyində Allaha yalvarırdı ki, heç olmasa onları qoru, onlar əsir düşüb bu işgəncələri yaşamasınlar...
Çox keçmədi ki, Yaşarla Sirac da daxil olmaqla, 13 nəfəri seçib, xocalıların əksəriyyətini saxladıqları Əsgəran milis şöbəsinə apardılar.
Onları döşəməsi qanlı dəhlizdən keçirib, sobası gur yanan otağa apardılar. Yaşargil güllədən deşik-deşik olan, insan qanı ilə boyanan isti otağa daxil olanda, elə buradaca öldürüləcəklərini düşündülər. İndi Yaşarın tək istəyi Siracdan əvvəl ölmək idi. O, övladının qanının divarlara sıçramasını görmək istəmirdi.
Otağı seyr etdikcə, iliyinə qədər titrəyirdi. Yaşarın titrəməsi ovcunda saxladığı balaca əldən bapbalaca ürəyə keçirdi. Onu nə gözlədiyini, ölümün nə olduğunu bilməyən Sirac üzünü atasının böyük əlləri arxasında gizlətməyə çalışırdı...
Heç kim bir-birinə baxmırdı. Hamının gözü “qırmızı divarda” ilişib qalmışdı. Otaqda sobanın çırtıltısı ilə səssiz ağlayan qadınların sızıltısı eşidilirdi. Bir də qonşu kameralarda əzab çəkən girovların tükürpərdici qışqırığı...
***
Ucaboy, enlikürək, qara bığlı adam Yaşara yaxınlaşdı:
- Yaşar, sən öləcəksən!
Bu, Əsgəran Yanğından Mühafizə Xidmətinin rəisi Karo Petrosyan idi. Onlar hələ Xocalıda ikən Karo qəddar insan kimi tanınırdı. Xocalı hadisələrində isə birbaşa iştirak etmişdi. Ürəyi soyumayıb, indi də Əsgəran milis şöbəsində saxlanılan girovlara xüsusi amansızlıqla işgəncələr verirdi.
Alnını Yaşara göstərdi:
- Bax, nə vaxtsa sənin atdığın daş alnımı yaralayıb. Bunun heyifimi səndən çıxacağam! Bunun əvəzini verəcəksən!
Yenidən üst-başlarını axtardılar. Üçüncü əsir düşərgəsinə gələn insanın üstündə nə tapmaq olardı ki?
Girovları kameralara göndərdilər. Burada gördükləri girovların halı tövlədəkilərdən də, uşaq bağçasındakılardan da dözülməz idi. Yaşar onların arasında yenə də Səidəni axtarırdı...
Burada verilən işgəncələr tövlədəkindən də tükürpərdici idi. Elə gələn kimi dəmir parçasını qızdırıb, Yaşarın qoluna dağ basdılar. Barmaqlarını və qabırğalarını sındırdılar.
Bir az keçmiş, yeni girovlar gətirildi. Onların içində Faiq də vardı. İndi üçü də – Yaşar, Faiq və Sirac eyni kamerada idilər...
***
Girovlar soba olan otaqda sıra ilə düzülüblər. Sirac Yaşara qısılıb dayanıb. Karo əmr etdi:
- Hamısını kameraya qaytarın! Elxan, İsa, Yaşar isə qalsın!
Faiq Siracın əlindən çəkib özü ilə aparmaq istəyəndə, uşaq ağlayaraq bərk-bərk atasından yapışdı:
- Mən heç yerə getmirəm! Atamla qalacağam!
Karo Siracı boynundan yapışıb bir göz qırpımında havaya qaldırdı, zərblə vurub otağın bir küncünə elə atdı ki, Yaşar oğlunun öldüyünü, ya qaldığını anlaya bilmədi. Hər şey bir anın içində baş verdi. Yalnız Siracı qucaqlarında apardıqlarını gördü. Uşaq tərpənmirdi...
Otağın qırmızı divarları gözünün önündə gah qaralır, gah ağarır, dünya başına fırlanırdı... Ətrafında Elxanla İsadan savayı, bir də Karo ilə dəstəsi var idi...
Yaşar hələ özünə gəlməmiş Karo tapançanı onun başına dayadı:
- Səninlə hesablaşmaq çoxdankı arzum idi, Yaşar! Rezini bura gətirin!
Yaşar yenə başına kisə keçiriləcəyini düşünürdü ki, boynundan dəyən zərbədən yerə sərildi. Karo hərbçilərinə tərəf çevrildi:
- Yüz dəyənək vuracaqsınız. Ölsə, meyitini çırpacaqsınız! Yüzdən aşağı olmasın!
Hərbçilər zərbəni endirə-endirə xorla sayırdılar:
- Bir, iki, üç, dörd... On bir... İyirmi beş... Qırx iki... Qırx doqquz...
Yaşarın ən son eşitdiyi “qırx doqquz” oldu. Amma İsa ilə Elxan şahiddir ki, huşunu itirəndən sonra da ona əlli dəyənək vurdular. Elxangil artıq onun öldüyünü düşünürdü...
Əsgəranın batalyon komandiri Vitali Balasanyan içəri girəndə hərbçilər hələ də Yaşarı döyürdülər. Vitali yerdə uzananın adamın Yaşar olduğunu görəndə ayağını yerə çırpıb, Karoya acıqlandı:
- Karo, Yaşarı öldürməyəcəksən! Allahverdiyə söz vermişəm, səhər onu aparıb Ağdamda dəyişdirməliyəm!
Vitali ilə Yaşarın gəncliyi birlikdə keçmişdi. Hətta Ağdamın “Qarabağ” futbol komandasında da bir yerdə oynamışdılar. Karo Vitaliyə heç nə deyə bilmədi, amma üzündən görünürdü ki, çox narazıdır. Otaqdan qəzəbli çıxdı. Hərbçilər Yaşarı sürüyüb apardılar...
***
Faiq Karonun yumruğundan huşunu itirən Siracı birtəhər özünə gətirmişdi. Uşaq ayılan kimi atasını soruşdu:
- Atam hanı?
- Bir azdan gələcək...
- Bilirəm, onu yenə döyəcəklər...
- Qorxma, əmi qurban, bu dəfə döyməyəcəklər. Elə-belə, söhbət edirlər...
Faiq Siracı ovudaraq, ürəyində Yaşarın qayıtması üçün dua edirdi. Kameradan çıxardılıb geri qaytarılmayanlar o qədər idi ki...
Kameranın qapısı açılanda ikisi də təlaşla dikəldi. Hərbçilər Yaşarı sürüyüb içəri atdılar. Sirac özünü Yaşarın üstünə atdı:
- Ata, ata!
Faiq Yaşarın ölümcül olduğunu görürdü. Amma ölmədiyinə əmin idi, meyitləri heç vaxt kameraya qaytarmırdılar. Siraca isə “yaşayır” deməyə qorxurdu, çünki Yaşar yaşayacaq kimi görünmürdü. İndi Faiqi ən çox qorxudan Yaşarın burada, Siracın gözü önündə ölməsi, ya da heç ayılmaması idi. Bacardıqca Yaşarın qanlı bədənini sığallayan, yoxlayan Siracın başını qatmağa çalışırdı. Siracın təlaşla atasının yerə atılıb qalmış bədəninin ətrafında çırpındığını, onu oyatmağa çalışdığını gördükcə, ürəyi parçalanırdı. Faiq Siracın qarşısında o qədər çarəsiz idi ki, qəfildən onu özünə çəkib bağrına basdı:
- Əmi qurban, qorxma!
Elə bu vaxt dəmir qapı açıldı:
- Faiq Əliməmmədov!
Faiq işgəncə üçün çağırıldığını bilirdi. Onun da Yaşarın düşdüyü hala salınıb qaytarılacağı təqdirdə Siracın bu kamerada heç kimi qalmayacağından, körpənin iki doğmasının meyiti arasında havalanacağından qorxub, uşağın qulağına pıçıldadı:
- Əmiyə söz ver, nə olursa olsun, qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər şey yaxşı olacaq!
Faiqi qolundan dartıb kameradan çıxartdılar. Yerdə diz üstdə çöküb oturan Sirac onun arxasınca baxanda, Faiq qapı örtülməmiş gözləri ilə ona “hər şey yaxşı olacaq” deyirmiş kimi işarə verdi.
Faiq getdi... Siraca elə gəlirdi ki, artıq yer üzündə onu qucaqlayacaq adam qalmayıb...
***
Faiqin gətirilməsini Karo əmr etmişdi. Məhbusların gəzinti meydançasında onu gözləyirdi. Girovları xüsusi işgəncələr vermək, döymək üçün buraya gətirirdilər. Meydançanın hər tərəfində bir girovu incidirdilər.
Karo Vitaliyə gücü çatmadığı üçün qisasını Faiqdən almaq istəyirdi. Onun üçün fərq etməzdi, acığını Əliməmmədovlar ailəsindən hansı yollasa çıxmalı idi. Bir az keçmiş Faiqlə üz-üzə dayanmışdılar...
Ard-arda iki dəfə atəş açıldı. İşgəncədən sonra sürütlənərək kamerasına aparılan girovlar hamısı heyrətlə Faiqə baxırdı... Karo 23 yaşlı gənci ürəyindən və boğazından vurmuşdu...
Faiqin öldürülməsi xəbəri tezliklə girovlarla dolu kameralara yayıldı. Hərə bu gəncə qəlbində bir cür acıdı. Ən böyük acını isə kamerasının bir küncünə qısılan qız çəkirdi... Faiqin yer üzündə ən çox sevdiyi qız... Faiqi yer üzündə hamıdan çox sevdiyini hələ heç kimə deməyə macal tapmayan, indi isə ona yas saxlayan girov qız...
***
Sirac o qədər balaca idi ki, ağlı hələ çox şeyi kəsmir, insanın bütün orqanlarının ürək kimi döyündüyünü zənn edirdi. O, indi başını Yaşarın böyrəyinə, mədəsinə, dizinə söykəyib, yaşadığını sübut edən səsi bir əlamət tapmaq, ürək döyüntüsünə bənzər bir səs eşitmək istəyirdi. Atəş səsi eşidiləndə kamerada hamı ani olaraq diksindi... Kəsmək bilməyən insan bağırtılarına, nalələrə ara verildi...
Girovu kameradan çıxarıb aparandan bir neçə dəqiqə sonra açılan atəşin nə demək olduğunu burada hətta Sirac da başa düşürdü... Amma yenə də uşaq bilməsin deyə kamerada Faiqin adını çəkməməyə çalışdılar. Həmin vaxt başını atasının sağ çiyninə söykəyib dinləməyə çalışan Sirac dikəlib, gözlərini qapıya zillədi.
Faiqin bir neçə dəqiqə əvvəl dediyi sözlər hələ də qulaqlarında idi: “Əmiyə söz ver, nə olur olsun, qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər şey yaxşı olacaq...”
Bu atəş Faiqə açıla bilməzdi, çünki o, Siraca hər şeyin yaxşı olacağına söz vermişdi. Amma indi qapı açılmır, Faiq geri qayıtmırdı... Uşaq hissləri onu aldatmamışdı. Sirac dünyada sonuncu doğmasının da onu bir az əvvəl tərk etdiyini hiss eləmişdi. Nəm betonun üstündə, üz-gözü qanlı, sümükləri sınıq-sınıq olan huşsuz atasının önündə diz çökmüş Siraca daha heç kim “əmi qurban, qorxma” deməyəcəkdi. Sirac qorxurdu. Bu amansız insanların arasında əlindən tutmağa kimsəsi olmadığı üçün qorxurdu...
Sirac yenidən atasının üstünə əyildi. Hələ ki, bu dünyada ona məxsus, toxuna biləcəyi nəsə var idi. Bu, cansız bədən olsa da, hələ ki, onun idi. Üzünü atasının üzünə söykəyib uzandı. Elə bu vaxt alnında nəyinsə gəzdiyini hiss elədi... Tez dikəlib əlini üzünə çəkdi, üzündə heç nə yox idi, dikələndə heç nə hiss eləmədi. Sirac yenidən alnını Yaşarın üzünə söykədi. Uşağın canına güclə hiss olunacaq xoş istilik yayılırdı...
Sirac isti gələn yerə yanağını söykədi, yanılmırdı... Əllərini toxundurdu... Bir neçə saniyə öncə yer üzündə kimsəsiz qalan uşağa sanki dünyanı bağışlamışdılar. Atası nəfəs alırdı... Atası sağ idi...
***
Yaşar özünə gələndə Sirac sevinclə onun sağına-soluna keçir, yerdən qaldırmağa çalışırdı. Taqəti olmasa da, Siracın onu yaşatmaq həvəsindən güc alıb, divara qədər süründü, dikəlib söykəndi. Ətrafa baxdı, Faiq yox idi.
- Əmin hanı?
Sirac susub qapıya baxdı. Kamerada heç kim Yaşara Faiqin bir neçə saat əvvəl aparıldığını, sonra atəş səsi eşidildiyini demədi...
Axşam kameraya qaranlıq çökəndə dəmir qapı yenə açıldı. Barmaqlıqların arxasından kimsə fənərlə içərini işıqlandırdı. Fənər bir-bir girovların üzərində gəzib, Yaşarı tapdı. Qaranlıqdan səs gəldi:
- Yaşar, məni tanıdın?
- Yoo... Həə... Səsin tanış gəlir...
Barmaqlıqların arxasındakı adam fənəri öz üzünə tutdu:
- İndi tanıdın?
- Hə... Manvel...
Manvel Vitalinin qardaşı idi.
- Vitaliy dedi ki, buradasan. Dedim görüm nə lazımdır. Nəsə istəyirsən?
Döyülməkdən qol-qabırğası sınan, bədənində salamat yer qalmayan, həyat yoldaşından, bacı-qardaşından xəbər tuta bilməyən, gözünün önündə az qala havalanmış körpə balası olan insan belə suala necə cavab verə bilər?! Nə istəyə bilər axı?! Onun ağrılarını, dərdini azaldacaq nə ola bilər axı?!
Yaşar özü də bilmədən ağzından çıxdı:
- Siqaret...
- Bu gün heç bizə də siqaret paylamayıblar. Əsgərlərin hamısı siqaretsiz qalıb. Ağlın öz ordunuza getməsin, bizdə, burada siqaret asan tapılan şey deyil... Ümidimiz sizədir, sizi qaytarıb əvəzində siqaret alacağıq. Başqa nəsə istəyirsən?
- Onda, heç olmasa... Heç olmasa su...
- Gözlə, indi çay gətirdərəm...
Qapı örtüldü. Az keçmiş yenidən açıldı. Barmaqlıqların arasında uzun hörükləri qana, palçığa bələnən, cırıq-cırıq olmuş qırmızı donunun üstündən rəngini itərmiş gödəkçə geyinən gənc qız göründü. Bu, xocalılıların yaxşı tanıdığı rabitəçi Dürdanə idi. Əlindəki dəmir parçı vedrədən doldurub, barmaqlıqdan içəri uzatdı...
Xocalının ən ağır günlərində hamı vəziyyəti rabitəçilərdən soruşur, harda onları görürdülərsə, yeni bir xəbər öyrənmək istəyirdilər. Gözlərini ümidlə bu qızların dodaqlarından çıxacaq kəlmələrə dikirdilər. İndi isə Dürdanə gözünü əlindəki parçdan ayırmadan onu barmaqlıqların arasından içəri uzadır, xocalılılar başını qaldırmadan növbə ilə parçı alıb, şəkər qatılmış isti suyu içirdilər. Yaşadıqları bu dəhşətdən sonra artıq heç kim bir-birinin üzünə baxmaq istəmirdi. Heç kimin həqiqətin üzünə baxmağa gücü qalmamışdı. Sadəcə, dəmir parçı qaytaranda hamı eyni sözü deyirdi:
- Allah yolunu açıq eləsin, bacı...
Nəvəsi ilə birlikdə girov düşən İsa parçı Dürdanəyə qaytaranda, gözlərini gizlədərək pıçıldadı:
- Sən də mənim qızım, elə elə ki...
- Neyləyim...?
- Bilmirəm bala, bilmirəm nə elə, amma elə elə ki, səni dəyişsinlər... Özü də tez dəyişsinlər...
***
Səhər açılar-açılmaz girovlar dəmir qapının taqqıltısına diksindi. Nəm betonun üstündə büzüşüb yatan Sirac tez qalxıb oturdu. Gələn Vitali Balasanyan idi:
- Yaşar, gəlin, sizi dəyişməyə aparıram.
Kameradakı 20 girovun hamısı tez ayağa qalxdı. Ürəkləri əsə-əsə bir-bir qapının qarşısında dayanan Vitalinin yanından keçirdilər. Yaxşı bilirdilər ki, kimisə geri itələyib, “sən qal” deyə bilərlər. Belə də oldu. Vitali Elxanı süzüb, əmr etdi:
- Sən qal!
Yaşar başını yerdən qaldırmadan Vitaliyə yaxınlaşdı:
- Elxanı burax, o, bacımın yoldaşıdır...
- Qəribə adamsan e, Yaşar! Öz türkünüzü xilas etmək üçün yalan danışırsan. Guya mən sənin yeznələrini tanımıram?
Yaşar susdu. Amma yerindən də tərpənmədi. Vitali başını buladı:
- Of, yaxşı, gəl sən də çıx. Hamınız çıxın...
Girovlar qanlı dəhlizlə addımlayırdı. Ətrafdakı hərbçilər kiminə təpik, kiminə qapaz vururdu. Bəziləri isə avtomatın qundağı ilə çarəsiz insanlara son zərbələrini endirirdi. Yaşar dağlanmış qollarını irəli uzadıb, əlləri ilə Siracı zərbələrdən qorumağa çalışırdı...
***
Martın 2-də erməni hərbçiləri onları Ağdama təhvil verib, əvəzində siqaret və benzin aldılar...
Həmin günlər Azərbaycanın az qala bütün bölgələrindən Ağdama insan seli axırdı. Yaxınlarından xəbər tuta bilməyən xocalılılar bura toplaşıb, dəyişdirilən girovların arasında doğmalarını axtarırdılar. Bundan başqa, digər rayonlardan Xocalıda yaxını, qohumu, tanışı olan adamlar xəbəri eşidib Ağdama gəlmişdilər. Yaşarın Moskvada yaşayan qardaşları Natiqlə Xalid də günlərdir Ağdamda Qaraqayadan gətirilən meyitlərin, dəyişdirilən girovların arasında ailə üzvlərini axtarırdılar...
Övladını tapan valideynlərin, ana-atasını görən balaların, girovluqdan qayıdan bacıları ilə tapışan qardaşların ah-naləsi ərşə dirənmişdi...
Bu izdihamın içindən bir kişi hönkürərək Siracın üstünə qaçdı. Böyük əmisi Natiq idi. Sirac onu görən kimi ağlamağa başladı. Natiq Siracı bağrına basıb, dörd gözlə ətrafa baxır, qardaşlarını axtarırdı...
Yaşar Səidəni, atasını, bacılarını Ağdamda tapdı. Qohumların çoxu burada toplaşmışdı. Amma Namiqdən xəbər-ətər yox idi... Onu ən son görən elə Yaşarla Sirac olmuşdu... Bir də Faiq...
Yaşargillə birlikdə Faiq də gəlmişdi... Gətirmişdilər... Onu elə Ağdamda dəfn etdilər...
Yaşarın bacısı Zemfiranın həyat yoldaşı Sabir də gəldi, yeni ailə quran Kəmalənin həyat yoldaşı Namiqin isə ölüm xəbərini gətirdilər...
Ölüm xəbəri gələn qohumların sayı çox idi – Yaşarın iki dayısı oğlu, bibisi və onun qızı...
Sağ qalanların isə ayağını don vurmuşdu... Kiminin barmağı kəsildi, kiminin ayağı... Hər il qış gəlib havalar soyuyanda bu böyük ailənin ayağı ürəyi kimi sızıldayır... Hər qar yağanda Siracın burnuna qan qoxusu gəlir...
(Lent.az-ın “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanmış “Əsir düşərgəsi” kitabından)