Valeh Hüseynov, Vüsalə Məmmədova
26 fevral 2021 16:27 (UTC +04:00)

Valeh Hüseynov, Vüsalə Məmmədova

Sonuncu melodiya, qarda itirilən səadət, ölümə bir gün qalmış... – ƏSİR DÜŞƏRGƏSİ

Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımından 29 il ötür. Lent.az “Əsir düşərgəsi” layihəsindən Xocalı soyqırımına həsr olunmuş hekayələrdən birini təqdim edir.

Rusiya. Azərbaycanlıların restoranı. Bu axşam demək olar ki, boş masa yoxdur. Yeyib-içən, deyib-gülən... Hamı öz kefindədir. Musiqiçilər bütün dövrlərdə, bütün restoranlarda olduğu kimi daha romantik ab-hava yaratmaq üçün ən yaxşı nə bacarırlarsa, ifa edirlər.

Adətlərinə xilaf çıxmayaraq sifarişləri yerİnə yetirməklə bərabər kimin nə deməsinə, kimin nə danışmasına qulaq asmağı da unutmayan ofisiantlardan biri xidmət etdiyi masadan ayrılıb, arxadakı orta yaşlı gitaraçının qulağına pıçıldadı:

- Sonra burada yekə-yekə danışırsınız ki, bizim qızlar belədir, elədir... Erməni bizim düşmənimizdir. Bax, o küncdəki masada əyləşən sevgililər var e, az qala bir-birlərinə yapışıblar. Hə, o bayaqdan rəqs edənlər! Gördün də nə oyundan çıxırlar...

- Sözünü de!

- Qız sizinkidir, oğlansa erməni...

Gitaraçı ofisiant göstərən istiqamətə baxdı. Yox, bu heç cür ola bilməzdi. Üzləşdiyi mənzərə elə idi ki, o qızın azərbaycanlı olması mümkün deyildi. Valeh hesab edirdi ki, heç bir azərbaycanlı qız erməni kişisinin qolları arasında belə məst ola bilməz.

Ofisiant əlavə etdi:

- Öz aramızdır, qız oğlandan da xoşbəxt görünür...

Valehin rəngi ağardı. Gitaranın simləri üstündə gəzən barmaqları daş kimi bərkidi. Titrədı, bədəni üşəndi, dili topuq vurdu:

- Geeet, geeet onlaraaaa de ki, buuurdan çıxıb geeetsinləəər...!

- Müştərini qovmağa ixtiyarımız yoxdur!

Elə bil kimsə onu boğurdu. Səsi güclə eşidildı:

- De ki, mən... mənim... adımdan de ki, bu saat buradan rədd olub getsinlər...

Ofisiant gitaraçının nə isə törədə biləcəyindən ehtiyatlanaraq sevgililərə tərəf getdı, nə dedisə, oğlan tez qalxıb restoranı tərk etdi. Qız isə pərt görünürdü. Əsəblərini cilovlaya bilmir, ofisiant isə onu dilə tutub, sakitləşdirməyə çalışırdı. Qız canından can qoparılmış kimi qışqırırdı:

- Kimdir o? Hansıdır? Göstər görüm mənə!

Qızın onların üstünə gəldiyini görən gitaraçı duruxub qalmışdı. Elə bil qüvvətli bir əl onun boğazından yapışıb, bərk-bərk sıxırdı. Qalstukunu boşaltmağa çalışsa da bacarmadı. Gitara qucağından sürüşüb yerə düşmüşdü. Musiqiçi dostları başına toplaşıb, ona yardım etməyə çalışırdılar. Kimi üzünə su vurur, kimi yaxasını açıb nəfəs almasına kömək edirdi. Qız isə gözləri önündə baş verənləri eyninə belə almırdı:

- Sən kimsən? Sənə nə qalıb kiminlə görüşürəm? Millət dərdi çəkən olmusan?

Artıq gitaraçı heç nə eşidə bilmirdi. Onun qarşısında yalnız əl qol ata-ata qeyzlə deyinən iyirmi yaşlı qızın silueti dayanmışdı...

Onu lal-kar edən qulağına uzaq bir qaranlıqdan ildırım kimi şığıyıb gələn tükürpədən bağırtı idi...

Musiqiçilər qızı sakitləşdirməyə çalışdıqca, o bu məsələnin burada qalmayacağını, onun atasına cavab verməli olacaqlarını bildirirdi.

Gitaraçını param-parça edən bağırtı isə getdikcə artır, restoranın pəncərələrini döyəcləyirdi.

Burada heç kəs onu başa düşə bilməzdi, çünki onun eşitdiyi bağırtını heç kim eşitmirdi. Heç vaxt da eşitməmişdilər.

Birdən gitaraçıya elə gəldi ki, qulağından getmək bilməyən bağırtının əks-sədasından restoranın çilçıraqları ovulub töküldü, hər yan qaranlığa qərq oldu...

...Nəmişlik və üfunət iyi hər yanı bürüdü. Gitaraçının titrətməsi güclənirdi. Bağıran qız səsi lap yaxınlaşırdı. Səs divarın o üzündən, yanlarındakı kameradan gəlirdi. Erməni təcavüzünə tab gətirə bilməyən iyirmi yaşlı qızın bağırtısı onun bütün varlığını parçalayırdı. Yerindən qalxa bilməməsi, qızı onların əlindən almağı bacarmaması Valehi məhv edirdi.

Sevgilisinin masada tərk etdiyi, səadəti yarımçıq qalan gənc qızın hay-küyü gitaraçını iyirmi üç il əvvələ qaytarmışdı.

Gitaraçının gözü bir az əvvəl əlindən yerə düşən gitarasına sataşanda qulaqlarını deşən bağırtı səsi qəfil kəsildi. Yer üzündəki ən məlahətli, qayğıkeş səs eşidildi:

- Valeh, gitaranı götür bir şey çal... Sənə sürprizim var...

***

Səadət əlində tutduğu çıraqla Valehin qarşısında dayanmışdı. Çırağın işığı bir az gecəni, bir az da onun öz üzünü işıqlandırırdı. Bu gözəllik ən zəif işartıda belə Valehin gözünə görünəndə onun ağlını başından alırdı. Valehin baxışlarından yanaqları qızaran Səadət üzünü gizlətmək üçün çırağı divanın yanındakı masanın üstünə qoydu. Səadət o qədər gənc, məsum idi ki, qızarmağın qadın sifətinin yaraşığı olduğundan belə xəbərsiz idi.

- Valeh, gitaranı götür bir şey çal... Sənə sürprizim var...

Valeh çırağı bir az qabağa, Səadətin üzünü daha yaxşı görə biləcəyi yerə çəkib, gitarasını götürdü.

- Valeh, çırağın nefti lap az qalıb, bu gecəyə həmən çatar. Bəlkə də səhərə qurtarar. – Səadət gülə-gülə əlavə etdi, - Sabah bu vaxt üzümü görməyə bilərsən...

- Nə danışırsan, dəli olma! Heç səni qaranlıqda qoyaram? Səhər açılan kimi axtarıb bir yerdən neft tapacağam...

Səadət utana-utana qucağında gətirdiyi dəftəri açıb, şeir oxumağa başladı. Valeh altı aydır bir ömrü paylaşdığı qadını bu qədər yaxından tanımırmış.

İlahi, bir kişi bu qədərmi sevilə bilərmiş? Bir qadın bir kişiyə belə şeirmi yaza bilərmiş? Səadət ona həsr etdiyi, onun adı ilə bağladığı şeirləri oxuduqca Valeh ona yenidən vurulurdu:

- İndiyəcən məndən gizlətdiyin bu dəftərin mənə aid olduğu ağlıma da gəlmirdi...

Səadət cavab verə bilmədi. Həyəcanla şeir oxuyur, qəhərdən boğulurdu. Çıraq işığında parıldayan yanaqlarından göz yaşları süzülürdü. Səadət heç vaxt Valehi sevdiyini dilinə gətirməmişdi. Bu ilk dəfə idi. Səadət soyuq qış gecəsində şeirləri ilə Valehə sevgi etirafı edirdi. Əslində bu günə kimi heç onun sevgisini etiraf etməyə fürsət düşməmişdi. Toydan bir az sonra Xocalı blokadada olduğu üçün Valeh anasını, bacılarını və Səadəti Ağdamdakı xalasıgilə aparmışdı. Tez-tez yanlarına gedib gəlirdi. Son səfərində Səadət əl çəkməyib, onunla getmək istədiyini bildirəndə, Valeh israr etdi:

- Əzizim, gözüm, bax, müharibə qadın yeri deyil! Kişidən arxayınsan, deyirsən vuracaq, döyüşəcək, qaçacaq, uzaq başı əsir düşəcək! Qadın isə müharibədə yükdür, məsuliyyətdir. Bax, özünü müdafiə batalyonunda döyüşən hər kəs öz qadınından ötrü boğazından bir patron asıb saxlayıb ki, erməninin əlinə düşəsi olsa... Başa düşürsən? Deyirlər birdən son anda patronları qurtarar. Deyirlər qoy, mənim əlimdə ölsün, ancaq düşmən əlinə düşməsin. Gözüm, bax, kişi onda sınır ki, qadınını qoruya bilmir. Lap müharibədə qalib də gəlsə, qadınını qoruya bilməyibsə, o kişi üçün qələbənin mənası yoxdur. Əzizim, mən də sənin üçün darıxıram. Amma səni Xocalıya qaytarsam, gərək bir patron da mən ayırıb boğazımdan asam. Bu, bilirsən mənim üçün nə deməkdir?

Bütün bu sözlərə Səadət bir kəlmə ilə cavab vermişdi:

- Ölsəm, sənin yanında öləcəyəm. Qalsam da, ancaq sənin yanında qalacağam...

Valeh onun bu cavabı qarşısında aciz qalıb, anası ilə Səadəti evə qaytarmışdı. Sonra yenə ana-atasını vertolyotla Ağdama göndərəndə, Səadət eyni sözləri deyib ondan ayrılmamışdı:

- Ölsəm, sənin yanında öləcəyəm. Qalsam da, ancaq sənin yanında qalacağam...

Səadət sevgisinin içində yeni cücərən bəhrəsinin xoşbəxtliyini Valehin yanında hiss etmək, bətnindəki körpənin ilk tərpənişini Valehə göstərmək istəyirdi.

Beləcə, vertolyot Ağdama Səadətsiz qayıtmışdı. Bu, Xocalı aeroportundan səmaya qalxan sonuncu vertolyot olacaqdı. Yanvarın sonları idi. Ermənilər növbəti vertolyotu vurduqları üçün Xocalının Ağdamla hava əlaqəsi də kəsildi.

Valeh barmaqlarını gitaranın simləri üzərində gəzdirə-gəzdirə gözünü çıraq işığında güclə sezilən nəm yanaqdan, dolmuş gözlərdən, onun adını tələffüz edən dodaqlardan çəkə bilmirdi. Valeh bu gecə bətnində onun iki aylıq körpəsini daşıyan Səadətə yenidən vurulurdu.

Qadınını yenidən sevmək kişinin özünü kəşf etməsidir. Valeh də həmin gecə özünü kəşf etmişdi. Valeh Səadətə hələ orta məktəbdə oxuyanda vurulmuşdu. Səadət onun kiçik bacısı ilə bir sinifdə oxuyurdu. Bu gecə isə bir başqa idi. Bu, onun həyatının ən xoşbəxt gecəsi idi...

Gecənin sakitliyində Səadətin şeirləri, Valehin “Segah”ı onlara çoxdan unutduqları hüzuru vermişdi.

Bu hüzuru küçədən gələn atışma səsləri pozdu.

Tez ayağa qalxıb, qalın geyinib, silahlanıb, qalan neftə qənaət etmək üçün çırağı söndürüb, evdən çıxdılar.

Evdən çıxarkən Valeh avtomatını çiyninə asıb, atasının posta çıxarkən özü ilə götürdüyü babadan qalma ov tüfəngini də Səadətə verdi. O, Səadətə çox sərrast nişan almağı öyrətmişdi...

***

Valehlə Səadət yolu gizlənə-gizlənə gedirdilər. Küçədə Valehin əmisi uşaqları ilə tapışdılar. Bir yerdə gəlib Qarqar çayına çatdılar. Valeh posta gedəndə geyindiyi dizə qədər olan içi yun rezin çəkməsində çaya girdi. Səadəti çiyninə alıb çaydan keçirtmək istəyirdi ki, Səadət xahiş etdi:

- Nə olar, birinci o qadını keçir... Bax, yaşlı qadındır. O özü çayı tək keçə bilməyəcək, çay onu aparacaq. Onu keçir, sonra məni...

Valeh həmin yaşlı qadını çiyninə alıb çayı keçirtdi. Geri qayıdanda Səadət körpə uşağı olan bir qadını yanında saxlamışdı:

- Bunlara da kömək edək, nə olar. Suya girsə ayaqları donacaq... Sonra mən...

Beləcə, Valeh taqətdən düşənə kimi uşaqlara, qadınlara, yaşlılara çayı keçməyə kömək etdi. Ən sonda Səadəti çiyninə alıb çayı keçirəndə Səadət Valehin nə qədər yorğun olduğunu gördü:

- Sən heydən düşmüsən. Məni yerə qoy, özüm keçim...

- Olmaz! Sən bu halınla ayağını suya batıracaqsan? Yenə mənim “sapoqlarım” var...

Valeh bu halında belə Səadətin üzünü güldürmək üçün zarafatından qalmadı:

- Düzdü, artıq içinə bir az su dolub, amma yenə də adı “sapoqdur”.

Valeh Səadəti sahilə çətinliklə çatdırdı. İti axan çayda hərəkət etməyə heyi qalmamışdı. Səadət çiynindən düşsün deyə, arxasını sahilə çevirəndə, halsızlıqdan büdrədi. İkisi də yıxıldı, Səadət sahilə, Valeh isə çaya. Səadətin çiynindəki tüfəng islandı…

Valeh o qədər yorğun idi ki, çabalayır, çaydan çıxa bilmirdi. Səadətdən bərk-bərk yapışıb dayanan Valeh bir az nəfəsini dərib, onun köməkliyi ilə çaydan çıxdı.

Gəlib camaata çatdılar. Səadət burada da adamlara kömək edirdi. Yaşlı qadınların qoluna girir, uşaqları qucağına alır, hamilə qadınların bir əlindən Valeh tutanda, o biri əlindən də Səadət yapışırdı.

Bu elə bir məqam idi ki, insan illərlə bir damın altında yaşadığı insanı indi tanıya bilərdi. Bir dəqiqə sonra nə baş verəcəyini, kimi nə gözlədiyini, hara qaçdığını bilməyən insanları ölüm qarabaqara izləyirdi. Ölüm bir addımlığında olanda hamı xeyirxah ola bilmir. Üstəlik, əgər sən həm də hamiləsənsə və bu halınla kiməsə də kömək edirsən. Axı adətən hamilə qadınlar özlərinə diqqət, qayğı tələb edir. Bütün bunları düşünən Valeh Səadətin əlini ovcunda bərk-bərk sıxıb, qulağına pıçıldadı:

- Nə yaxşı ki, sən mənim…

Valeh sözlərini tamamlaya bilmədi. O, “mənim…” deyən kimi güllələr meşəyə yağış kimi yağmağa başladı. Bura çox böyük olmayan bir dağın döşü idi. Əsgərana tərəf gedən asfalt yolda rusların ağır texnikası cəmləşmişdi. Burada camaat pərən-pərən düşdü. Valeh ovcunda saxladığı əlləri daha möhkəm sıxdı. Elə vəziyyət yaranırdı ki, kiməsə kömək edirdilər, amma sonra yenə bərk-bərk bir-birindən yapışırdılar. Gözlərinin qarşısında heç kim buraxdığı əli sonradan tapa bilmirdi…

Dan yeri yenicə sökülürdü. Xocalı aeroportunun rəisi Əlif Hacıyevin səsi eşidilirdi. Öz döyüşçülərini səsləyirdi:

- Tez olun! Biz bu biri tərəfdən çıxıb ermənilərin qabağını alaq, adamlar birtəhər üzü Ağdama qaçsın!

Valeh Səadəti özünə sıxıb, pıçıldadı:

- Buradan sağ-salamat çıxmağımız üçün ermənilərə mane olmalıyıq. Mən Əlifgillə gedirəm, sən adamlardan ayrılma. Siz bu yolla gedin, biz, silahı olanlar erməninin qabağını kəsək.

Ayrıldılar. Valeh yanındakı Səlimlə döyüşçülərə qoşuldu. Bu çox böyük risk idi, qorxuluydu. Düşmən onların tüfənglə, lap avtomatla atdığı yeri bəlli edib, PDM ilə həmin yerin torpağını göyə sovururdu.

***

Valehgil təhlükəni adladıb, Qaraqayaya çatan adamlara yetişdilər. O, Səadəti qoşub göndərdiyi adamları tapdı. Səadəti onların içində görməyəndə isə təşvişə düşdü:

- Səadət hanı? Necə oldu?

- Onlar bir neçə nəfərlə arxada qaldılar.

Valeh ağlını itirmişdi. Kimə dediyini bilmədən, qışqırırdı:

- Necə yəni arxada qaldılar? Arxada güllə yağış kimi yağır! Onlar necə arxada qala bilərlər?

Valeh havalanmış kimi üzü Ağdama tərəf qaçan insan axınını yarıb, geriyə qayıdırdı. Sağa-sola boylanır, səsi çatan qədər çağırırdı:

- Səadəəətttt!!! Səadəətttt!

Gecə yuxusundan qəfil oyanıb meşəyə qaçan insanların doğmalarını itirmək təlaşı, qarda ayaqları dizə qədər batanların ələ keçmək qorxusu, dörd tərəfə səpələnən meyitlərin yaratdığı dəhşət, hara, necə gedəcəklərini bilməyənlərin ah-naləsi, bir-birindən ayrı düşənlərin “haradasan” çağırışı, dayanmadan meşəyə yağan düşmən gülləsinin səsi bir-birinə elə qarışmışdı ki, bu vəhşətin içində Valehin səsi çox da uzaqlara gedib çata bilmirdi.

Qarşılaşdığı hər kəsdən Səadəti soruşur, onlarsa “Dəli olma, geri qayıtmaq təhlükəlidir!” deyib onu özləri ilə çəkib gətirməyə çalışır, geriyə qayıdan Valehin qolundan güclə yapışıb özləri ilə irəli aparırdılar. O isə ona kömək etmək, ağlını başına yığmaq istəyən adamların əlindən çıxıb, geriyə qaçırdı.

Nə qarşılaşdığı adamların içində Səadət görünürdü, nə də Kətik meşəsini bürüyən “Sə-a-dət!” naləsinə cavab gəlirdi. Gənc oğlan Qaraqayaya tərəf qaçan insanları aralayıb var gücü ilə, qara bata-bata, yıxıla-yıxıla geri qayıdırdı.

***

Qarın üstünə düşən su damcıları onu özü ilə aparmaq istəyən, arxadan səsləyən adamların əlindən çıxıb geri qayıdan Valehin paltarlarının ətəklərindən axırdı... Suyu süzülən gənc hər ağacın, hər kolun dibində səadətini axtarır, səsi çatan qədər səadətini haraylayırdı. İndi onun qarşılaşdığı ancaq qarın üstünə səpələnən meyitlər, valideyninin öldüyünü başa düşməyib, onları oyatmağa çalışan körpələr, bir də yerindən qalxıb gedə bilməyən ümidsiz yaralılar idi.

Əllərinə, üzlərinə ana-atasının qanı bulaşan körpələrin meyitləri oyatma cəhdi o qədər dəhşətli idi ki, Valeh hönkürürdü…

Meyitlərinsə...

Valeh onların heç birinin üzünə baxa bilmirdi. Onlar da hərəsi bir ailənin səadəti idi, amma onun Səadəti deyildi. Ola da bilməzdi. Çünki hər dəfə qarşılaşdığı meyitlərə tərəf getmək istəyəndə Səadətin səsi onun qulağına gəlirdi:

- Ölsəm, sənin yanında öləcəyəm. Qalsam da, ancaq sənin yanında qalacağam...

Bəli, Səadət ölə bilməzdi. Səadət itirilə bilər, ancaq ölə bilməz.

Uzaqdan adamların naləsi eşidilir, körpələr çığırır, hələ də güllə səsləri gəlirdi. Gözünün qarşısında yaralılar can verir, zarıyırdı. Valehsə qaçır, qaçır, qaçırdı.

Təxminən üç-dörd kilometr yolu geri qayıdandan sonra bir qayanın dibində gözünə qaraltı dəydi. Yaxınlaşdıqca bir neçə nəfərin toplaşdığını gördü. Əmin idi, yaralılardır. Yoxsa niyə qayanın dibinə çəkilsinlər ki?

Valeh yaxınlaşdıqca o qaraltı Səadətə çevrilirdi. Gənc qadın daşın üstündə ayaqlarını qarnına yığıb, büzüşüb oturmuşdu. Ağlayırdı...

Valeh var gücü ilə ona tərəf qaçırdı. Nə deyəcəyini bilmir, dili söz tutmurdu.

- Valeh, nə yaxşı ki, gəldin...

- Niyə adamlardan ayrıldınız?

- Çox yorulmuşuq, qaça bilmədik, dedik bəlkə bir az dincimizi alıb özümüzə gələk. Elə atırdılar ki, qorxduq...

- Qalxın gedək... Atışma olan yerdə qaçmaq olmaz! Gördünüz atırlar, yerdə uzanıb irəliyə doğru yuvarlanmaq lazımdır. Məndən ayrılmayın, başa salacağam necə getmək lazımdır.

Valeh hərbi xidmətini Almaniya quru qoşunlarında keçmişdi. Döyüş taktikasından yaxşı xəbərdar idi. Hansı şəraitdə necə davranmalı, harda qaçmaq, harda sürünmək, harda da yuvarlanmaq lazım olduğunu bilirdi. Elə buna görə də güllələrin altından yaralanmadan üç-dörd kilometr yolu geriyə sağ qayıda bilmişdi. O, Səadəti və onunla qayanın dibinə sığınan adamları götürüb, gəldiyi yolla qayıdırdı.

Yerdə süründükləri vaxt valideynlərini itirmiş körpə bir oğlan sağa-sola boylanırdı. Valeh uşağın ayaqlarından yapışıb, özünə tərəf çəkdi. O, körpəni sinəsi altında gizlədəndə ona tuşlanmış güllə gəlib yanlarında yerə sancıldı. Güllələrdən biri Valehin saçlarına toxunub keçdi. Qadın bağırtısı eşidildi. Səadətdən bir az aralıda olan qadın övladını haraylayırdı:

- Sadiq, oğlum, hardasan!?

Valehin güllədən gizlətdiyi uşaq anasının səsini eşidəndə qalxıb qaçmaq istədi:

- Anam tapıldı, məni çağırır!

- Ayağa qalxma, güllə dəyər. Sürünə-sürünə get…

Valeh bir az dikəldi, xilas etdiyi uşaq anasına tərəf yuvarlandı…

İyirmi il sonra bir polis kapitanı Valehi qucaqlayıb, təşəkkür edəcəkdi:

- Siz Kətik meşəsində məni ölümdən xilas etdiniz. Bu günə qədər unutmuram, əgər bir neçə saniyə gec tərpənsəydiniz, o güllə mənə dəyəcəkdi…

***

Valehgil yenə Səlimlə rastlaşdılar. Yolun çoxunu arxada qoymuşdular. Valehlə Səlim arabir silahdan istifadə edirdilər. Tikiş sexində işləyən əmisi oğlu Valehə postda geyinmək üçün güllə keçirməyən jilet tikdirmişdi. Bu, adi parçadan tikilib, içinə qurğuşun yerləşdirilmiş cibli geyim idi. Ciblərinə patronlarını yığırdı. Demək olar ki, patronlar islanıb sıradan çıxmışdı. Bircə boğazından asılan “son patron” yararlı idi…

Səadətə baxdı. O, ov tüfəngini hələ də çiynində daşıyırdı. Valeh tüfəngi ondan alıb atmaq istəyəndə, güllə açılmadı, “pıkk” edib, susdu...

Valeh yenə Səadətə baxdı. On doqquz yaşlı qadının şaxtadan üz-gözü qızarmışdı. Əllərini bir-birinə sürtüb, nəfəsi ilə qızdırmağa çalışırdı. Valeh əlini boğazından asılan sonuncu patrona aparanda Səadət sakitcə əllərini yanına saldı. Demək, o məqam yetişmişdi. Səadət ilk gündən Valehin boğazında gəzdirdiyi güllənin onun sonu, həm də xilası üçün saxlandığını bilirdi. Əgər nə vaxtsa güllə açılacaqdısa, demək Valeh belə məsləhət görəcəkdi. Bu güllə indi iki nəfərin həyatına son qoyacaqdı…

Səadət əllərini qarnının üstündə çarpazladı. Həmişə “Ölsəm, sənin yanında öləcəyəm” deyən qadının baxışları “bilirəm, ikimizi də qorumaq üçün başqa çıxış yolun yoxdur” deyirdi.

Səadət bu gün Valehi təəccübləndirməkdə davam edirdi. Belə bir anda onun mərdlikdə dayanmasına, hətta ona kömək etməsinə məəttəl qalmışdı. Ancaq Valeh bilirdi ki, bacarmaz. Səsini qaldırmağa ürəyi gəlməyən qadına əlini, hələ silahını heç vaxt qaldıra bilməz.

- Səadət, bir şey qalmayıb, artıq Qaraqayaya çatmışıq. Ermənilərin başını birtəhər qatıb keçə bilsək, on beş-iyirmi dəqiqəyə Ağdamdayıq. Uzağı 500 metr yolumuz qalıb. Yaxşı olacaq!

Valeh əmin idi ki, əgər Səadəti yenidən tapa bilmişdisə, demək, onu bu gün bu meşədə itirməyəcəkdi! Demək, Allah onların ayrılmasını istəmirdi...

O, sonuncu gülləsini də düşmənə atıb, avtomatını qaya parçasına çırpıb, sındırdı.

Səadət Valehin əlindən bərk-bərk yapışdı...

***

Lap az yol qalmışdı. Valehlə Səlim qabaqda, qadınlar isə arxada gəlirdilər. Birdən Səadətin səsi gəldi. Valeh onun çığırtısına dönüb, yanına qaçdı:

- Səadət, nə oldu?!

Səadəti snayperlə böyründən vurmuşdular. Valeh Səadətin başını qaldırıb, özünə tərəf çəkdi. Nə deyəcəyini bilmirdi. Bu, ola bilməzdi. Səadət danışmağa çalışırdı. Hər şey bir anın içində baş verdi, Səadətin gözləri Valehin üzünə baxa-baxa qaldı...

O, dediyinə əməl etmişdi – “Ölsəm, sənin yanında öləcəyəm!” Valehin yanında, qollarının arasında, gözlərinə baxa-baxa dünyadan köçdü. Valeh yer üzündəki iki ən doğma varlığını tapmağının sevincini tam yaşayıb qurtarmamış itirdi. Sevdiyi qadını da, övladını da...

Valeh Səadət qucağında yerə, qarın içinə çökmüşdü. Səadətin qanına bulaşmış əllərini başına çırpıb, qışqırırdı:

- Səadət! Səadət!

Ölüm sevdiyi qadını əlindən alıb aparır və o çarəsiz baxırdı. Gözünə baxa-baxa onu qorumaq üçün heç nə edə bilmirdi. O qadınla Valehin bütün səadəti gedirdi...

Onların sevgisinin şahidi olan xocalılar Səadətin meyiti qucağında meşənin ortasında hönkürüb bağıran Valehə yaxınlaşıb, burada dayanmağın təhlükəli olduğunu deyirdilər. Valeh isə əllərini başına döyür, ağlayırdı:

- Səadət öldü... Səadət getdi... getdi... Səadət... getdi...

Meyitlərin arasındakı yaralılardan biri sürünərək onlara yaxınlaşdı. Bu, rabitəçi Dürdanə idi. Onun qardaşı Elşad, Səadətlə bir sinifdə oxumuşdu. Dürdanə:

- Valeh, qorxma, qışqırma, sağalar, yəqin yaralanıb... – deyərək onu sakitləşdirməyə çalışırdı. Valeh onu eşitmir, elə hey eyni sözü deyirdi:

- Səadət öldü... Səadət getdi... getdi...

Valeh özündə deyildi. Kimsə onu bu güllənin altında çəkib aparmasa, növbəti qurban o olacaqdı. Onun musiqiçi dostu, qarmon ifaçısı Akif yaxınlaşdı:

- Valeh, artıq gecdi... Ona heç nə ilə kömək edə bilməzsən... Gəl gedək...

- Ölsəm, onun yanında öləcəyəm... Qalsam, meyiti də aparacağam...

- Gəl gedək, indi biz də ölə bilərik. Bu cəhənnəmdən qurtaraq, sonra birtəhər gəlib meyiti apararıq...

- Ölsəm, onun yanında öləcəyəm... Qalsam, meyiti də aparacağam...

Burada dayanmağın hər saniyəsi təhlükəli idi. Akif bir ayağı qaçaqaçda, Valehi özü ilə gəlməyə razı salmaq istəyirdi. Onun bütün cəhdlərinə Valeh eyni cavabı verirdi:

- Ölsəm, onun yanında öləcəyəm... Qalsam, meyiti də aparacağam...

Akif də adamlara qoşulub getdi...

Valeh meyiti qucaqlayıb, ən yaxınlıqdakı xəndəyə bənzər calaya yuvarlandı. Ayağından yaralanan Dürdanə də sürünüb bu xəndəyə düşmüşdü. O da ətrafda ailə üzvlərini axtarırdı... Bir az aralıda yaralı qardaşını gördü...

***

- Qalxın ayağa! Qalxın, təslim olun, qorxmayın, sizi öldürməyəcəyik!

Ermənilər xəndəyin düz qarşısında dayanmışdılar. Dürdanənin qardaşı Elşad pıçıldadı:

- Qalxmayaq!

Valeh üçün artıq heç nəyin fərqi yox idi. Səadət qucağında, gözünə baxa-baxa can verəndən sonra şokda idi, nə dediyinin, nə etdiyinin fərqində deyildi:

- Çarəmiz yoxdur. Bizimki bura qədərmiş...

Valeh ermənilər Səadətin meyitinə yaxınlaşmasın deyə, onu qucağından yerə qoyub, ayağa qalxdı. Elə irəli bir-iki addım atmışdı ki, arxadan başına dəyən zərbədən yıxıldı. Valeh, bu anda xoşbəxt idi. İçində “Nə yaxşı ki, Səadət öldü, əsir düşmədi” deyə sevinirdi…

Çarəsiz, ümidsiz insanlar əllərini boyunlarının arxasına qoyub, əlisilahlı ermənilərin qabağınca qara, palçığa bata-bata, Əsgəranacan gəldilər.

Əsgəranda yaşayan ermənilər sanki yığılıb onları gözləyirdilər. Qadınlar əllərindəki daşla, dəmirlə girovları döyməyə başladılar. Hərbçilər mane olmasa, onları elə ordaca boğardılar.

Hərbçilər onları qadınların əlindən alıb, Əsgəran Milis şöbəsinə gətirdilər...

***

Milis şöbəsində girovları siyahıya alıb, birinci ayaqqabılarını çıxardılar. Sonra isə paltolarını… Valehin əynində bircə idman şalvarı ilə alt köynəyi qalmışdı.

Qadınları ayrı, kişiləri isə ayrı kameralara saldılar. Valeh olduğu kamerada iyirmi nəfərəcən gənc var idi, hamısı da yarıçılpaq. Burada, hamı ölümə məhkum olanlar idi. Onların adı olan siyahını artıq Ağdama “ölüblər” başlığı ilə göndərmişdilər. Bu gənclərin tək günahı əllərinin silah tutması, Xocalının blokada şəraitində olduğu vaxtlarda özünümüdafiə batalyonunda döyüşməsi idi.

Əsirliyin ilk günü Valehi bir otağa aparıb əhatəyə aldılar, hərənin əlində taxtadan stol ayaqları, bir də dəmir var idi. Ağdamdan atılan raket Əsgəran Milis şöbəsinin ikinci mərtəbəsinə düşüb, oranı dağıtdığı üçün, o dağıntıların arasından tapdıqları stul ayaqlarını girovları döymək üçün istifadə edirdilər.

Ümumiyyətlə, girovları döyməyə tək-tək aparırdılar. Və yaxud bir rota adama beş dəqiqə vaxt verib, “Gir, döy, çıx” əmri verilirdi.

Valehə ilk zərbə başının arxasından dəydi. O, huşunu itirdi.

Gözünü açanda bədəninin heç bir yerini hiss etmirdi, hətta nəmin üzərində uzandığını da. Ancaq kəskin ağrı var idi. Gözləri tavandan başqa bir şey görmürdü. Yuxarıdakı şüşəsiz pəncərədən işıq düşürdü. Neçə saat idi buradadır, yoxsa neçə gün, bilmirdi. Canında əcaib bir sızıltı gəzişirdi...

İlk zərbədən huşunu itirəndən sonra onu o qədər döymüşdülər ki, artıq meyitdən heç bir fərqi yox idi. Əlini belə tərpədə bilmirdi. Ağrıdan zarımaq istəyirdi, lakin dodaqları açılmırdı. Üzünə axan qan dodaqlarının üstündə qurumuşdu. Dodaqlarını aralayıb qanı qoparmağa isə taqəti qalmamışdı. Əynindəki qanlı alt köynəyi belə cırılıb sallanırdı.

Kamerada tək idi. İlk dəfə salındığı kameradakı gənclərin hamısı ilə belə amansız davranmışdılar. Ölümcül olana qədər döyüb, hərəsini bir kameraya atmışdılar...

Buz kimi soyuq, pəncərəsindən içəri nazik işıq süzülən kamerada Valeh sağ olduğunu bircə onunla hiss edirdi ki, qulağına Səadətin səsi gəlirdi:

- Sabah bu vaxt üzümü görməyə bilərsən...

Qapı açıldı. Valehi qollarından sürüyüb kameradan çıxartdılar. Onu qan iyi verən dar dəhlizlərlə sürüyüb aparan ermənilərdən biri əylənirdi:

- Sən demə, əlimizdə böyük musiqiçi var imiş, bizim də xəbərimiz yox. Heç dünən bilmirdik ki, “gitarist”sən...

Onu bir otağa gətirib, yenidən döyməyə başladılar. Valehin müqavimət göstərəcək halı yox idi. Sadəcə gözləri baxırdı...

Ayağa qaldırır, vurur, yenidən buraxırdılar. Növbəti zərbədə üzü üstə yıxılanda əlləri yana açılmışdı.

- “Gitarist”, indi sənə uzun müddət unutmayacağın hədiyyə verəcəyik!

İçlərindəki ən cüssəli iki nəfər hərəsi bir tərəfdən siqaret söndürürmüş kimi dabanları ilə Valehin barmaqlarını əzməyə başladılar.

Valeh barmaqlarının necə şaqqıltı ilə sındığını eşidirdi. Bayaqdan bədənindəki bütün ağrılar bir-birindən fərqlənmirdi. Bu isə tamam başqa ağrı idi. Qırılan, sınan onun təkcə barmaqları yox, həm də ruhu idi...

Onu yenidən ayağa qaldırdılar. Valeh güclə eşidiləcək səslə zarıyırdı. Üzünü dar otağın pəncərəsinə tərəf çevirdilər. Pəncərənin qarşısında bir neçə qadın dayanmışdı.

Sən demə ermənilər azərbaycanlı kişilərə əzab verəndə öz qadınlarını bu pəncərənin qarşısına düzüb tamaşa etdirir, sanki qadınlarına “baxın, görün kimləri sevmisiniz” deyirmişcəsinə “cəsarətləri” ilə qürrələnirmişlər.

Ermənilərdən biri Valehin belindən yapışdı. Biri sağ qolunu arxaya qatlayıb sıxdı, bir nəfər isə sol qolunun dirsəyindən və biləyindən yapışdı. Bir erməni əlinə aldığı kəlbətini əvvəlcə pəncərənin qarşısına topladıqları qadınlara nümayiş etdirdi, sonra isə Valehə yaxınlaşdı:

- Hə, “gitarist”, barmaqlarla qurtardıq, qaldı dırnaqlar! Onsuzda bu barmaqlar daha sənə lazım deyil. Biz ermənilər Xocalıda sizə elə toy tutmuşuq ki, bundan sonra siz çətin toy edəsiniz! Neynirsən bu barmaqları? İndiki bir də heç vaxt gitara çalmayacaqsan, demək bunlar sənə artıq yükdür!

Erməni kəlbətinlə Valehin sol əlinin baş barmağının dırnağını dartıb çıxardırdı. Üç nəfər erməni Valehi bərk-bərk tutmuşdular.

Dırnaq çıxardan erməni bilərəkdən Valehin əzabını artırır, bir dırnağını çıxartmaq üçün üç dəfə kəlbətindən istifadə edirdi. Valeh zarıyır, çabalayır, pəncərədən baxan qadınlar ağlayırdı. Qadınlarına öz “qələbə”lərini nümayiş etdirən ermənilərsə bu vəhşiliklərindən həzz alır, qəhqəhə ilə gülürdülər.

Çığırmağa belə halı qalmayan Valehin zarıltısı kəsiləndə ermənilər onu əllərindən buraxdı. Valeh, meyit kimi döşəməyə sərildi.

Növbəti dəfə huşunu itirmişdi...

***

İşıqlı, geniş qonaq otağının ortasındakı böyük yemək stolu silkələnir, üstünə düzülmüş qablar cingildəyirdi. Armudu stəkanda süzülmüş çay damcı-damcı nəlbəkiyə boşalırdı. Qadın səsi eşidilir:

- Ay bala, bəsdir! Min dəfə demişəm yemək stolunun üstündə nağara çalmazlar. Bu saat atanın çayını dağıdacaqsan!

Bacıların dördü də bu saat atalarının hirslənəcəyindən qorxaraq qaçıb gizlənmişdilər. Üçüncü sinif şagirdi olan Valeh isə yenə ritmlərin qanadında coşmuşdu. Heç anasının ona acıqlanmasını da eşitmir, çalırdı. Atası nə vaxt gəlib masaya əyləşdi, əlini nə vaxt çaya uzatdı, çay nə vaxt aşıb süfrəyə dağıldı, Valehin xəbəri olmadı. Bir də onda ayıldı ki, anası hirslə çaya bulaşmış ağ süfrəni masanın üstündən çəkib götürdü. Valeh əlini “nağarasından” çəkib, məsum-məsum anasının üzünə baxdı.

- Ay Valeh, anan qurban, başına dönüm, sənə min dəfə demişəm axı! Bax, atanın çayını səhər-səhər dağıtdın süfrəyə, kişi işə çaysız getdi. Özü də bilirsən ki, başını musiqi ilə qatmağını istəmir. Qorxur ki, dərsindən yayınasan. Evdə bir dənə salamat kasa, nəlbəki qoymamısan. Bütün günü qabağına düzüb çalıb sındırırsan, dinmirəm! Bir də hünərin var atanın çayın süfrəyə dağıt...

Valeh məktəbə gedən gündən stolun üstündə nağara çalmağı öyrənirdi. Artıq evin bütün stolları, stulları, kasaları ona “dar gəlirdi”. Hesab edirdi ki, onun mütləq nağarası olmalıdır. Atası isə bu sözü heç eşitmək də istəmirdi.

Bir müddət bundan əvvəl Rusiyadan əsgərlikdən qayıdan əmisi oğlu Valehə bas gitara hədiyyə etmişdi. Bu Valehin ilk musiqi aləti idi. Həmin gecə səhərə kimi yatmayıb, gitaranı qurdalayır, çalmağı öyrənirdi. Anası səhərə kimi bir neçə dəfə onun otağına gəlib yatması üçün yalvarmışdı:

- Valeh, qurban olum, daha sənindir də, səhər oynadarsan. İndi dur yat, gecdir...

- Yox ey, ay ana! Çalmağı öyrənirəm!

- Ay bala, bir gecəyə çalmaq öyrənmirlər. Onun məktəbinə getmək lazımdır!

- Mən öyrənəcəyəm! Məktəbsiz-zadsız öyrənəcəyəm! Görəcəksiniz!

Atası işə çaysız getdiyi günün axşamı evə qayıdanda bir bağlamanı Valehə uzatdı:

- Sənə almışam! Bundan sonra imkan ver səhər çayımı içim!

İlk nağarasını qucağına alan Valeh həmin günü dünyanın ən xoşbəxt uşağı idi. Onun sonralar çox musiqi aləti olacaqdı. Altıncı sinifdə oxuyanda artıq qoşa nağara ilə toylara gedəcək, hər toydan 50-60 rubl qazanacaqdı. Bu pulla piano, qarmon, nağara, qoşa nağara, zərb, gitara və bir neçə başqa alətlər alacaqdı. Heç vaxt musiqi məktəbinə getməsə də, Xocalının bütün musiqiçiləri ondan məsləhət alacaq, ondan öyrənəcəkdi. Valeh Maliyyə-İqtisad Kollecini bitirib bankda işləyəcək və Xocalının ən yaxşı musiqiçisi adını qazanacaqdı...

...və bir gün Əsgəran Milis şöbəsinin qaranlıq, rütubətli kamerasında özünə gələndə həmin o atasının çayını dağıdan ritmlər qulağında səslənəcəkdi...

O barmaqlar – evin tək, ərköyün oğlunun kiçik və toppuş, şirin və sözdinləməz barmaqları böyüyüb, böyüyüb düşmən tapdağı altında qırıq-qırıq olacaqdı...

Valeh özünə gələndə barmaqlarında şiddətli ağrılar var idi, dırnağı isə göynəyib yanırdı. Dırnağı çıxarılan barmağına çirkli mələfə cırığı dolamışdılar. Bədəninin başqa yerlərini hiss etmirdi.

***

Əsgəran Milis şöbəsində saxlanılan bütün girovların ən qorxduqları yer – sobalı otaq idi. Bu otağa hərbçilər toplaşırdı. Girovları da burada siyahıya almışdılar. Otaqda masa, stullar, dəmir çarpayı və yumru kömür sobası var idi. Sobaya altından qaz borusu salmışdılar, daima qıpqırmızı qızarırdı.

Yenə yarıçılpaq gənclərin bir neçəsini bura yığıb, vəhşicəsinə döyürdülər. Valehlə bir yerdə əsir düşən rabitəçi Dürdanəni yuxarı başda əyləşdirmişdilər. Qız hər dəfə əlini üzünə tutanda, dəyənəklə barmaqlarına çırpır, bağırırdılar:

- Bax!

Valeh növbəti zərbədən büdrəyəndə isti sobanın üstünə yıxıldığını görüb özünü qorumaq üçün əllərini üzünə tutdu. Qıpqırmızı qızarmış sobanın qapağı yerə düşdü. Valeh sobaya dəyib yana aşdı, sinəsi yanmışdı.

Ermənilərdən biri onun başının üstündə durub bağırdı:

- Ey, “gitarist”, qalx, sobanın qapağını götür qoy yerinə!

Valeh döşəmədən çətinliklə qalxdı. Dırnağı çıxarılmış və sınmış barmaqları ilə sobanın isti qapağını götürməli idi...

Başqa çarəsi yox idi. Dişini sıxıb, qapağı ovuclarının və biləyinin köməyi ilə birtəhər qaldırıb, sobanın ağzına qoydu. Ağrıdan dayana bilmirdi, özündən asılı olmayaraq əllərinin içini çevirib barmaqlarının, ovcunun yanığına baxırdı ki, ermənilər hərəsi bir tərəfdən ona yaxınlaşıb biləyindən yapışdılar. Musiqiçinin hər əlini bir tərəfdən qıpqırmızı közərən sobanın kənarına yapışdırdılar:

- “Gitarist”! Biz, ermənilər siz türklərə elə toy tutmuşuq ki, bundan sonra çətin toy-bayram edəsiniz. Nə üzlə, kimə, hansı qıza toy edəcəksiniz? Ona görə də daha bu barmaqlar heç kimə lazım deyil!

Cızıltı və gülüş səsləri hər tərəfi bürümüşdü. Valeh növbəti dəfə huşunu itirdi...

***

Valeh gözlərini ağrıyla açdı. Əlləri həm ağrıyır, həm də yanırdı. Ətrafında soyuq nə isə axtarırdı ki, ona toxunub, bir neçə saniyəlik özünə gəlsin.

Ətrafa boylandı. Bu dəfə də başqa kamerada idi. Yeni üzlər gördü. Ağlı başında olmadığından, heç kimi tanıya bilmədi. Bircə onu başa düşdü ki, döyüləndən sonra onları hər dəfə bir kameraya atırlar.

Zülmət qaranlıq, rütubətli kamerada atılıb qalan Valehin bütün bədəni əzilmiş, qabırğası sınmışdı. Ayaqlarına o qədər vurmuşdular ki, şişib az qalırdı əynindəki idman şalvarını cırıb çıxsın. Ancaq bunların heç birinin ağrısı əlləri qədər deyildi. Əlinin içindəki yanıqlar Valehə əzab verirdi.

Valeh yanan əlini yerə sürtür, sərinlik axtardıqca yanığın suluqları əzilir, deşilir, ağrısını daha da artırırdı.

Kamera isti deyildi, külək qarı, soyuğu, şaxtanı şüşəsi sınıq pəncərədən içəri qovurdu. Amma belə dərin yanıq üçün bu şaxta çox az idi.

Nəhayət, Valeh başının üstündə nəsə sərin bir yer tapıb əllərini ora söykədi.

Bu, istifadə olunmayan qızdırıcının soyuq boruları idi. Valeh əllərinin içini dəmirlərə söykəyən kimi sakitləşib yuxuya getdi.

Yenə hər dəfə olduğu kimi, qulağına Səadətin səsi gəlirdi. Valeh gitarada “Segah” çalır, Səadət isə ona şeir oxuyurdu. Səadət o qədər yaxınındaydı ki, əllərini hər an uzadıb ona toxuna bilərdi. O isə əllərini həyatının mənasından, birinci böyük sevgisindən – gitarasından çəkib, ikinci sevgisinə uzada bilmirdi. Çalır, çalır, çalırdı... Səadət əlində tutduğu qalın dəftərdən şeir oxuyur, göz yaşları çırağın işığında yanağından süzülüb dodaqlarını isladırdı.

Valeh gözlərini dəmir qapının səsinə açdı. Elə həmin anda içəri girən erməni onun ayaqlarından yapışıb dəhlizə çıxartdı. Valeh axşamdan yanmış əllərini dəmir borunun üstünə qoymuşdu. Səhərə qədər yanıq suluqlayıb dəmirə yapışmışdı. Qəfil zərbə ilə Valehin əlləri yapışdığı dəmir borudan qopdu. Əllərinin içindəki ətlər dəmir boruya yapışıb qalmışdı. Valeh var gücü ilə bağırırdı.

Əllərindən qopub dəmirin üstündə qalan ətlərin yerindən axan qan girovun arxasınca döşəmədə iz qoyurdu...

Onu növbəti dəfə döyməyə aparırdılar. Burada girovlar üçün günlər bir-birinin təkrarı idi. Hər gün sürüyüb aparır, döyür, işgəncə verirdilər. Girov huşunu itirir, özünə gələndə görür kameradadır, yenə sürüyüb aparıb döyürdülər, huşunu itirirdi. Günlər o qədər bir-birinin davamı idi ki, heç burada ən çox arzulanan ölüm də gəlmirdi...

Valehin əlinin qanı kəsmədiyi üçün ermənilər köhnə bir mələfə tapıb ortadan ikiyə böldülər. Onun biləyini sıxıb mələfənin hər parçasını bir əlinə doladılar. Bu da ermənilərin “tibbi yardım”ı idi. O vaxtdan Valehin əlləri yumulu qaldı. Artıq sağalanda da əlləri elə bitişəcəkdi.

İşgəncələri əsasən Əsgəranda Yanğınsöndürmə şöbəsinin rəisi Karo Petrosyan sifariş edirdi. O ən amansız, qəddar işgəncələr düşünüb tapmaq üzrə mütəxəssis idi. Burada gəlmələr də çox idi. Suriyadan muzdlu döyüşməyə gələn Qarik heç ermənicə də bilmir, rusca danışırdı. Döyüşə pulla getdiyindən, onun üçün hər şey pul idi. O burada yeganə adam idi ki, girovları döymür, işgəncə vermirdi. Onun növbəsi olanda heç kimə girovlara toxunmağa icazə vermirdi. Döyülən girovu erməni hərbçisinin əlindən alıb acıqlanırdı:

- Axmaqsan!? Girov puldur, adam pulu döyər!? Birdən ölər, gör nə qədər pul əldən çıxar!

***

Valehi növbəti dəfə vəhşicəsinə döyəndən sonra bir erməni ayağını girovun sinəsinə qoydu:

- Bu günlük bəsindir, yarısı da səhərə qalsın. Sabah sənin dırnaqlarının arasına biz soxacağıq! Bu şərəfli işlə şəxsən özüm məşğul olacağam! Mənim qardaşım torpaq uğrunda döyüşlərdə həlak olub, onu sizinkilər, lənətə gəlmiş türklər vurub. Qardaşımın qısasını səndən alacağam! Sabah işgəncə ilə öləcəksən! Əvvəlcə ətini tikə-tikə kəsəcəyik! Tikə-tikə! Birdən yox, tikə-tikə öləcəksən! Bu, türk köpəyinə layiq ölüm olacaq!

Valehi yenə sürüyüb kameraya atdılar. Qapılar gurultu ilə bağlandı. Qaranlıq kameraya musiqi səsi dolmuşdu. Yenə gitarada “Segah” çalınır, Səadət şeir oxuyurdu...

Bədəni ağrıyıb, sızıldayan, yanıqları göynəyən Valeh səhərəcən qapının qabağında divara söykənib qaldı. O ölümdən yox, işgəncədən qorxurdu.

...Səhər erməni nəzarətçi qapını açanda Valehə baxıb güldü:

- Ara, sənin saçın ağarıb ki! Gecə burada neyləmisən ki? Həm də gecə Qarikin növbəsi idi. O girova neyləyəndi ki, saçı bir gecəyə ağarsın? Qarik də it oğlu heç elə bil erməni deyil. Torpaq-zad vecinə deyil. Pul versələr, türklərə də işləyər…

***

Növbəti işgəncədən sonra kamerada ağrıdan zarıyan kişilərin səsini yan kameradan ucalan vahiməli qadın bağırtısı kəsdi. Hamı susdu. Heç kəs bir-birinin üzünə baxa bilmirdi, hamı ağrısını udmağa çalışırdı ki, yanındakı yoldaşı onun var olduğunu, hələ də yaşadığını bilməsin. Bu xəcalətdən yerin dibinə girməyə bənzər bir duyğu idi. Səs iki dəfə ucalıb, kəsildi. Kamerada elə sakitlik idi ki, küləyin uğultusu içəri çaqqal ulamağı kimi dolurdu. Valeh güclə eşidiləcək səslə soruşdu:

- Kim bilir, qiblə hansı tərəfdədir?

Ermənilərin “Alazan atan Elxan” adlandırdıqları girov dilləndi:

- Bu tərəfdə... Elə üzü qibləyə uzanmısan...

Valeh dirsəkləri ilə yerə güc verib, çirkli mələfə dolanmış əllərini çətinliklə yerdən tərpətdi:

- Allah, çox şükür...

Elxan:

- Gör nə gündəsən... Heç əllərini Allaha tərəf aça da bilmirsən. Hansı gününə şükr edirsən?

- Ona şükür edirəm ki, Səadət öldü...

- Nə olsun, burdakı qadınlar da hərəsi bir Səadət deyil?

Valeh nə cavab verə bildi, nə də boğazına tıxanan qəhəri uda bildi. Hönkürdü...

Kamerada isə qapqara külək dolaşır, yaralı kişilərin heysiyyətini dondururdu...

***

İnsan övladı ən çox müharibədə və ovda yalan danışır. Elə buna görə də meşədən qaçıb gedə bilən insanlar Səadətin ailəsinə xəbəri belə aparmışdılar:

- Əsir düşəndə Valeh son gülləsi ilə Səadəti vurdu.

İllər sonra həqiqətin üstü açılacaqdı. Amma hələ ki, Səadətin atası, əmisi və əmisi oğlu da Valeh kimi girovdurlar. Atası ilə əmisi oğlu Xankəndində, əmisi Ələmdar isə Əsgəran Milis şöbəsində.

Bir gün Valeh özünə gələndə kamerada kimsə “su, su” deyə zarıyırdı. Üzünü çevirəndə yanaşı uzanmış iki yaşlı, yaralı kişini gördü. Biri Səadətin əmisi Ələmdar, o birisi isə Məhəmməd idi. Məhəmməd su istəyirdi.

Valeh danışa bilmirdi. Başındakı yaralardan sızan qan laxtalanıb boğazına qədər tıxandığından dili, ağzı bir-birinə qovuşmuşdu. Qan sifətində, saqqalında, ağzının üstündə qurumuşdu. Dodaqları bir-birindən aralanmırdı. Qopartmağa dırnaq yox, barmaq yox, əl yox...

Ağrıdan, işgəncədən gücün çatan qədər bağıranda dodaqların nə qədər açılıbsa, danışmaq imkanın da o qədər idi.

Bu vaxt bir erməni içəri girdi. Valeh güclə eşidilən səslə danışmağa başladı:

- Qoca kişidir, ona su verin...

Erməni Valehə bir neçə təpik vurub, qapını çırpıb getdi. Bir az keçmiş yenidən qayıtdı:

- Ey, gitarist, sən necə dedin?

- Qocaya su verin...

- Həə... Su... Sən istəyirsənsə, verək də. İstəyirsən onlara su verək?

- Hə, verin.

- Onda qoy səni öz razılığınla döyək, sonra qocalara su verək. Bax, ancaq öz razılığınla haa!

- Hə, döyün, amma verin...

Ələmdar güclə dilləndi:

- Ay Valeh, ay bala, niyə elə edirsən? Lazım deyil su... Daha istəmirik, lazım deyil...

Valehi ayaqlarından sürüyüb, kameradan çıxartdılar. Ələmdarın güclə eşidilən səsini dəmir qapının çırpılması kəsdi.

Bir azdan qapı yenidən açıldı. Döyülüb huşunu itirmiş Valehi sürüyüb içəri atandan sonra qocaların hərəsinə iki stəkan su gətirdilər…

***

Sobalı otaqda növbəti işgəncədən sonra Valehlə Elxan meyit kimi yerdə uzanıb qalmışdılar. Bir erməni onlara yaxınlaşıb əlindəki bıçağı Valehin sağ ayağının dizdən bir az aşağı hissəsindən çəkdi. Eyni anda da çevrilib Elxanın ürəyinin üstündən batırdı. Digər erməni isə sobanın üstündə qızaran şişi götürüb, girovlara yaxınlaşdı. Şişin ucunu bıçaq kəsiyinin yerinə, iki-üç santimetr dərinliyə saldı.

Hər ikisi huşunu itirdi…

Elxan Valehdən bir neçə yaş böyük idi. Onlar uşaqlıq dostu idilər, bir yerdə böyümüşdülər.

Özlərinə gələndə Elxanın vəziyyəti daha ağır idi. Həmin günü Valeh ona çatan çay payını Elxana verdi. Bu, dəmir fincanda gətirilən kəsif qoxusu olan maye idi. Gün ərzində bir dəfə əsirlərin “çay saatında” paylanırdı.

Valehin ayağındakı yara böyüyüb, bütün ayağını tutacaqdı. Amma hələ ki, o kameradakı Muradxana yalvarırdı:

- Məni boğ. Özümün gücüm çatmır, yoxsa çoxdan edərəm. Əlim tutmur. Məni boğ öldür, canım qurtarsın bu işgəncələrdən.

Bir neçə gün sonra Elxanı kameradan sürüyüb çıxartdılar. Bu, Elxanla Valehin son görüşü idi. Sonra Elxanın taleyindən heç kimin xəbəri olmadı…

***

Martın 6-sı idi. Dəmir qapı açıldı:

- Ey, “gitarist”, qərara gəlmişik ki, səni yaxşı pula sataq! Onsuz da ölürsən, cəhənnəm ol, orda öl. Buraları murdarlama! Öləndən sonra sənin leşinə beş qəpik də verməzlər…

Valehi sürüyüb köhnə UAZ maşınına atdılar. Avtomobil Ağdamın üstündə, Əsgəranın aşağısında yerləşən Xanabad deyilən yerdə dayandı. Ermənilər hərəsi Valehin bir tərəfindən yapışıb, uzunluğu on, eni isə üç-dörd metr olan bir yerə gətirdilər. Bura, təpənin ortasında tikilmiş gizli yer idi. Erməni postundan 300 metr aralı olan yer, hərbçilərin dincəlməsi üçün nəzərdə tutulmuşdu. Üstü torpaqla örtülmüşdü, dəmir qapısı var idi. Yanından keçən heç kim bilməzdi ki, burada nəsə var. Ağlagəlməz yer idi. Yuxarı başdan gələn nov aşağıdan çıxırdı. Yuxarıdan gələn suyu içməyə, aşağı başı isə tualet kimi istifadə edirdilər. Ermənilər bura girəndə Ağdamdan görünməsinlər deyə, qapıdan çıxmamaları üçün hər şərait yaratmışdılar. Hətta kimsə evinin əşyalarını raket atəşindən qorumaq üçün gətirib bura yığmışdı.

Ermənilər Valehi bu gizli yerə atıb getdilər. Həmin günü “Ala Yaqub” kimi tanınan Ağdam özünümüdafiə batalyonunun komandiri Yaqub Rzayevin dəstəsi bu əraziyə hücum etdi.

Valeh yerdə atıldığı kimi də qalmışdı. Tərpənməyə, hərəkət etməyə taqəti yox idi. Uzanıqlı halda atışma səslərini eşidirdi. Qəfil qapı açıldı və buranı tərk edib geri çəkilməyə məcbur olan ermənilər onu ölümcül döydülər. Onlardan biri əl atıb silahını çıxartdı, Valehin sinəsinə dirədi. O biri isə onun qolundan itələdi:

- Türklər 200 metr o yandadırlar, güllə atsan səsimizi eşidəcəklər. Onsuz da ölür, qoy əzab çəkə-çəkə ölsün, qaçaq!

Avtomatın qundağı ilə də Valehə bir neçə zərbə vurub, qapını bağlayıb getdilər...

Həmin günü Ağdam özünümüdafiə batalyonunun komandiri Yaqub Rzayevin dəstəsi Xanabadı ermənilərdən təmizlədi. Valeh ətrafdan səslər eşidirdi. Hərbçilərdən kimsə çağırırdı:

- Ay Vüqar, uşaqlara deyin, bu tərəfdən gedin!

Doğma səs eşidəndə hər şeyə rəğmən Valehin içində bir inam yarandı ki, “xilas oldum”. Amma bunun yaxşı, yoxsa pis olduğunu bilmirdi. Çünki artıq həyat onun üçün mənasını itirmişdi. Ölməyi hər şeydən çox istəyirdi, onlarsa öldürmürdülər. Valeh hər gün erməniyə “məni öldürün” deyə yalvarırdı. Ermənilərsə bundan həzz alır, onun üçün ölməyəcəyi, amma əzabını artıracaq işgəncələr düşünürdülər.

İndi Valehin nə ayağa durmağa, nə də qapını döyməyə heyi qalmamışdı. Səs çıxartmaq, burada olduğunu büruzə vermək istəyirdi, ancaq gücü yox idi. Yanındakı nələrisə bir-birinə çırpmaq istədi, əllərini hiss eləmirdi. Gözü baxır, qulağı eşidirdi. Balaca deşiklərdən fin evlərinin yandığını görürdü. Bilirdi ki, dörd tərəfi azərbaycanlılardır, amma nə azərbaycanlıların belə gizli yerdə post olduğu ağıllarına gələ bilərdi, nə də Valehin onlara burada olduğunu deməyə imkanı var idi.

Evlərsə yanırdı, Valeh bilmirdi alov onun olduğu yerə çatacaq, ya yox.

Altı gün keçdi…

Qapı qəfil açıldı. Bir dəstə erməni deyib-gülərək, zarafatlaşaraq içəri girəndə döşəmədə uzanan Valehin tərpəndiyini görüb, mat qaldılar:

- Ara, sənin canın it canıdır, altı gündür qoyub getmişik, ölməmisən!

- Türklər bir günlüyünə torpağımıza soxulub, buranı almışdılar. Tapmadılar səni!?

- Yəqin tapsalar da aparmayıblar. Əllərini görüb biliblər ki, daha gitara çala bilməyəcək. Lazım olmayıb onlara!

Valehi əşyaların içindən tapdıqları köhnə palazın üstünə atıb, gizli sığınacaqdan çıxartdılar.

Valeh yaşadığının, ya öldüyünün fərqində deyildi. Doqquz gün Əsgəran Milis şöbəsinin kamerasında, altı gün isə bu qapalı sığınacaqda qalandan sonra təbiətə çıxırdı.

Ömründə bircə dəfə də olsun yolu Qarabağdan keçən adam martın 12-də buraların necə cənnət olduğunu, torpağın yeniyetmə qız kimi necə oyandığını, ətrafı necə füsunkar ətir bürüdüyünü bilir. Bu torpaqlarda bahardan öncəki ovqat elədir ki, istər-istəməz düşünürsən: kim belə torpağa sahib olmaq istəməz ki?

On beş gündür başına gəlməyən işgəncə qalmamış gəncin zorla açılan gözlərinə günəş işığı düşürdü. Gözlərinin kənarından sürüşüb qulağına tərəf axan, ordakı qurumuş qanı yumşaldıb, dirildən damcıların günəş şüasındanmı, yaşama sevincindənmi, ya bu cənnətdə tezliklə Səadəti ilə qovuşmaq həyəcanındanmı olduğu heç kimə məlum deyildi. Ermənilər heç bunun fərqində də deyildilər. Hərəsi palazın bir tərəfindən yapışıb təxminən 100 metr aralıdakı dağın başına çıxdılar. Valeh var gücü ilə təmiz havanı ciyərlərinə çəkmək istəyir, sınmış qabırğaları buna imkan vermir, nəfəsi yarıda qırılırdı.

Ermənilər dağın başına çatanda onu sağa-sola yelləyib, palazın bir tərəfini əllərindən buraxdılar. Valeh yamyaşıl, bahar qoxulu otların üstü ilə üzü aşağı yuvarlanırdı. Qara torpaqdan yenicə cücərmiş otlar onun yaralarını yalayır, kol dibindən boylanan bənövşələr üstü qaysaq bağlamış yaraları sığallayırdı.

Bu torpaq, bu otlar, bu çiçəklər hələ uzun illər doğma övladına tumar çəkməyəcəkdi. Yadlar, düşmənlər içində yeganə doğma olan torpaq, yarpağı, çiçəyi, otu, alağı ilə Valehi daşa-kəsəyə toxunub yenidən yaralanmaqdan qoruyur, əzizləyirdi.

Valeh yuvarlanıb gəlib dağın ətəyindən keçən su arxına düşdü. Çırpınıb çıxmağa çalışırdı. Üzünü çevirib dağın başındakı ermənilərə baxdı. Onlar palazı yumurlayıb qoltuqlarına vurub, zarafatlaşa-zarafatlaşa dönüb gedirdilər.

Valeh var qüvvəsi ilə çırpınır, əl-qol atıb arxdan çıxmaq istəyirdi.

Son on beş gün ərzində yaşadığı hər şeyə rəğmən torpaqdan gələn qoxu insana yaşamaq üçün güc verirdi. Bu vaxt incə qadın əlləri Valehə doğru uzandı...

Səadət on beş gün öncə Qarqar çayını keçərkən olduğu kimi, yenə əlini uzadıb onun arxdan çıxmasına kömək etdi. Valehin çılpaq, yaralı bədənini döyülməkdən süzülən idman şalvarı örtürdü. Otun üstündə uzanıb, Səadətin əlindən tutmuş, bütün ağrılarını unutmuşdu...

***

Səhər açılanda onu arxın kənarında uzanmış görən ermənilər xorla dedilər:

- Türkün canı, itin canı! Ölmür ki, ölmür!

Valehin bədəni elə titrəyirdi beş erməni hərbçisi onu tutub saxlaya bilmirdi. Onu bir təhər gətirib yenə gizli postlarına atdılar.

Valehin susuzluqdan ürəyi yanırdı. Çətinliklə də olsa, əllərinə dolanan mələfədən barmaqlarının ucunu açmağı bacardı. Çarpayının altına düzülmüş bankalardan ən yaxında olanını bir təhər yanına çəkdi. Bankanı ayaqları ilə saxlayıb, biləkləri və dişləri ilə qapağını açdı. Bütün bunlara Valehin təxminən üç saat vaxtı getdi. Nəhayət ki, alındı! Kompot hesab etiyi konyak dolu üç kiloluq bankanın yarısını birnəfəsə içdi. Onu yerinə itələyib, yatdı.

Valeh düz bir sutka beləcə yatdı.

Bir gündən sonra ermənilər onu yenə sürüyüb maşına atdılar, Əsgəran Milis şöbəsinə gətirdilər.

***

Yenə günlər əvvəlkindən fərqlənmirdi. Tək fərq onda idi ki, indi havalar açılmışdı, ermənilər əsirləri isti otaqda yox, açıq havada, milis şöbəsinin meydançasında döyürdülər.

Meydançanın bu başında Valehi döyəndə, o başında da başqa birini döyürdülər. Ermənilər buranı bəyənir, “əsiri ürəklə döymək üçün geniş yer lazımdır” deyirdilər.

Valehi növbəti dəfə döyüb kamerasına sürüyəndə atəş səsi gəldi. O biri başda döyülən girovu öldürmüşdülər. Səhəri gün onu döyülməyə gətirəndə Valehi dünən öldürüb elə burada qoyduqları meyitin yanından keçirtdilər. Üzü üstdə düşmüş meyitin sol tərəfindən qan axmışdı. Valeh üzünü görmədiyi insanın cəsədindən o qədər doğmalıq hiss etdi ki, ayaq saxladı. Gözlərindən yaş axırdı…

Bunu görən erməni hərbçiləri meyiti çevirdilər. Gözlərindən tanıdı. Bu, Faiq idi. Bir yerdə böyümüşdülər…

***

Növbəti işgəncədən sonra onu yenə kameraya sürümüşdülər. Qanı axıb gedir, siçovullar yarasının qanını yalayır, üstündən o yana, bu yana tullanır, Valehsə tərpənə bilmirdi.

Gecə idi, yuxu aparmışdı. Addım səsi eşitdi. Gözünü açmaq istədi, aça bilmədi. Betonun üstündəki bağlı, sarıqlı əllərini qaldırıb sinəsinin üstünə qoymağa çalışsa da, gücü çatmır, qaldıra bilmirdi. Dizlərini və qollarını tutduqlarını hiss etdi. Lakin gözünü aça bilmədi. Axı içəri kimsə girsə dəmir qapı açılar, səsinə oyanardı. Dəqiq, kamerada insan yoxdur. Amma o kim idisə dizlərini və qollarını tutub xeyli müddət saxladı, sonra tıqqıltı gəldi və Valeh gözünü açdı. Heç kim yox idi...

Heç bir saat keçməmiş, yenə eyni addım səsləri eşidildi. Valeh bu dəfə gözlərini aça bildi.

Yaşlı, ağ saç-saqqallı, nurani bir kişi Valehin dizinin üstündə dayanmışdı. Amma o dizində heç bir ağırlıq hiss etmirdi. Nurani kişi saqqalını tumarlayaraq, Valehin gözünün içinə baxırdı. Onun baxışlarından Valehə bir yüngüllük gəldi və o, əllərini qaldırıb sinəsinin üstünə qoydu, dikəldi. Qoca ona baxaraq dedi:

- Qorxma, yat! Sən ata-ananın yanına gedəcəksən!

Valeh qocanın gözünün içinə baxa-baxa yuxuya getdi.

Yuxuda çox hündür bir yerdə dayanıb, məscidə baxırdı. Bir nəfər yaşlı kişi dəstəmaz alırdı. Kişi qəfil dönüb Valehə baxdı. Yenə həmin nurani qoca idi:

- Sənə demədim yat?! Qayıdacaqsan! – qoca bunu deyib, gözdən itdi.

***

Səhər açılmışdı. Valeh gecə kameraya gələn qocanı düşünür, qulağına isə Səadətin səsi gəlirdi. O, yenə şeir oxuyurdu. Dəmir qapı açılanda Səadətin səsi kəsildi. Bu, həmişə belə olurdu. Demək olar ki, hər səhər açılanda Səadət Valehə şeir oxuyur, içəri erməni girəndə susub, yoxa çıxırdı.

İçəri girən erməni nəm betonun üstündə yatan yaralı girova bir təpik vurub, dedi:

- Ey, gitarist! Gedirik! Vaxtın çatdı! Çox nazınla oynadıq, ölmədin. Bu dəfə axırın çatdı!

Yenə Valehin ayaqlarından tutub arxası ilə sürüyüb meydançaya gətirdilər. Rütubətli, nəm kameradan havaya çıxanda günəş onsuz da açmağa çətinlik çəkdiyi gözlərini qamaşdırır, ona doyunca tamaşa etməyə qoymurdu. Bu, Qarabağ havası idi, bu yerlərdə günəş də bir başqa cürə doğurdu.

Valehi yerdən qaldırıb divara söykədilər. O elə halda idi ki, heç divardan sürüşüb yerə də düşə bilmədi. Cansız odun parçası kimi, hara söykəsən qalacaqdı.

Günəş şüası Valehin gözünə düşür, sümüyünə qədər donan bədənini isə qızdırmırdı. Həmişə belədir, günəş tənhaların gözünə, sevgilisi yanında olanların isə ürəyinə düşür. Bundan sonra heç bir günəş Valehin ürəyinə düşəsi deyildi…

Gözqamaşdıran günəş şüasının işığında bir neçə erməni dayanıb mübahisə edirdi:

- Mən alnından atacağam!

- Mənsə ürəyindən!

- Gəl ikimiz də birdən ataq!

- Hə, gitarist! Bütün günü “məni öldürün” deyirdin, indi səni öldürürük! Havanı görürsən? Qəşəngdir, hə? Rahatca çək ciyərlərinə, bir də Qarabağ baharının havasını harada udacaqsan?

- İndi düz cəhənnəmə yollanacaqsan! O biri türklərin yanına!

- Siz türklərin nəslində bir də bu havanı udan olmayacaq!

Ermənilər çarəsiz insanla əylənir, ələ salırdılar. Valehin sanki dili açıldı. İndiyəcən erməniyə “öldürün, canım qurtarsın” deyib yalvaran adam qəfil soruşdu:

- Ölümqabağı bir söz deyim?

- De!

- Bu gün ayın neçəsidir?

- Martın 21-dir!

- Bir gün… bircə gün artıq… yaşamaq istəyirəm…

- Pah! Xeyirdirmi? Guya yaşayıb nə xeyir verirsən!?

- Martın 22-si mənim ad günümdür...

- Nədir, ad gününə qədər yaşamaq istəyirsən?

- Hə... Cəmi bircə gün...

- Amma bir şərtimiz var. Ad günündə səni işgəncə ilə öldürəcəyik...

- Razıyam... Amma bir gün artıq yaşayım...

Onu yenə sürüyərək kameraya qaytardılar. Kamerada tək idi. Yuxarıdakı şüşəsiz pəncərədən içəri düşən işıqda Səadət görünürdü. Yenə onun səsi Valehin qulağına gəlir, yaraları sızıldayır, ruhu ağrıyırdı.

Valeh gözünü qapıya dikib, səhərin açılmasını gözləyirdi. Səhər açılan kimi arxasınca gələcək, onu işgəncə ilə öldürməyə aparacaqdılar...

***

Valeh 23 il sonra o günləri belə xatırlayır:

- Həmin günü 24 yaşınız tamam olurdu?

- Yox, 24 yaşım hələ avqustun 28-də olacaqdı. Hərçənd, o vaxtdan evdə ad günümü elə martın 22-də qeyd edirlər.

- Onda ermənilərə yalandan demişdiniz ad gününüz olduğunu?

- Hə, yalandan dedim. Bir gün də artıq yaşamaq istəyirdim. Bütün itkilərə, ağrılara, şəraitə baxmayaraq, yaşamaq həvəsi çox güclü duyğudur. İnsan ölmək istəmir...

***

Səhər açıldı, günorta oldu, dəmir qapı hələ də açılmadı. Axşamtərəfi idi, hələ hava tutulmamışdı ki, milis şöbəsində qəfil səs-küy, çaxnaşma yarandı. Hərbçi addımları, dəmir qapıların səsi. Sanki, bütün kameralara baxış keçirirdilər. Valeh dikəldi:

- İşgəncə başlandı...

Valehin kamerasının qapısı açılanda Səadət yox oldu.

Hündür boylu, qarabuğdayı, təmkinli, orta yaşlı bir kişi içəri girdi. Əlində kiçik ölçülü şəkil tutmuşdu. Əlindəki şəklə, sonra isə divara söykənib oturan Valehə baxır, onlarda nə isə bir bənzərlik axtarırdı. Amma Valehin üzündə tanınacaq hal qalmamışdı.

- Adın nədir?

- Valeh...

- Atanın adı?

- Sahib...

- Bu sənin şəklindir?

Orta yaşlı adam Valehin qarşısında bir az aşağı çöküb, görməsi üçün şəkli onun gözlərinə yaxınlaşdırdı. Bu, Valehin orta məktəbdə çəkdirdiyi şəkli idi.

- Hə, mənim şəklimdir...

Adam ayağa qalxıb iti addımlarla kameradan çıxdı, qapılar bağlandı. Daha o biri kameraların qapılarının səsi gəlmədi.

Bir saat keçəndən sonra qapı yenə açıldı. Bir erməni Valehi sürüyüb kameradan çıxartdı, gətirib köhnə UAZ maşınının qarşısına atdı. Bu vaxt orda dayanan iki erməni onu qolundan tutub qaldırdı, biri isə əlində saxladığı nimdaş hərbi paltarı üstdən Valehin əyninə çəkib, qabağını möhkəm bağladı. Yaralı gənc tərpənə bilmədiyindən qolları da paltarın altında qaldı. Onu yük dolu kisə kimi qaldırıb maşının arxasına atdılar, UAZ yerindən tərpəndi.

Maşın Valehi atıb tutduqca gəncin son həftələri bir-bir gözünün önündən keçib gedirdi. Axı niyə iyirmi üç yaşlı oğlan ölümə bu qədər əzablı yollarla getməli idi? Axı elə o da meşədə, Səadətin yanında bir güllə ilə ölə bilərdi. Demək ki, ölüm bu qədər bahalı ola bilərmiş.

Maşın dayananda iki erməni onu qucağına aldı. Artıq sürümürdülər. Valehi maşından bir az aralıda yerə qoyub geri qayıtdılar. Hava qaralırdı, ətrafda məzarlar var idi. Valeh qoyduqları kimi də qaldı, addım ata bilmirdi. Qaş qaralır, yüngül meh hərbi paltarın boş qalan qollarını əsdirirdi. Girov isə məzar kimi hərəkətsiz donub qalmışdı. Sanki bir baş daşına paltar geyindirmişdilər…

***

- Özü gələ bilmir, qaçın gətirin! Vicdansızlar qollarını kəsiblər…

İki nəfər qaça-qaça Valehə tərəf gələndə həmin səs üzü maşına çevrilib bağıraraq, söyürdü:

- Alçaqlar! Oğraşlar! Niyə bizim adamları bu günə qoyursunuz? Əclaflar!

Bu Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov idi. Onun söyüşlərinə heç bir reaksiya verməyən ermənilər maşına minib getdilər. Əsgərlər Valehi qucaqlarında gətirib, maşına mindirib, qəbiristanlıqdan uzaqlaşdırdılar. Posta az qalmış maşın dayandı. Əsgərlər Valehi maşından aşağı düşürdəndə, atası yaxınlaşdı.

Valehin danışmağa halı yox idi. Ruhsuz bədən kimi dayanmışdı, ancaq gözləri baxırdı.

Sahib kişi qollarını açıb Valehin qarşısında dayandı. Külək isə Valehin əynindəki geyimin qollarını sağa-sola yellədirdi. Sahib kişi hönkürərək oğluna sarılanda, Valeh güclə eşidilə biləcək səslə pıçıldadı:

- Sıxma…

Üstünə çəkilib qabağı bağlanan geyim Valehin açıq yaralarına, yanıqlarına yapışıb, ağrısını bir az da artırmışdı…

***

- Bəs o şəkil nə idi? Kamerada adınızı, atanızın adını soruşan adam kim idi?

- Bakıda yaşayan bacımda məktəb vaxtımın şəkli olub. Atam o şəkli gətirib verib rəhmətlik Allahverdi Bağırova ki, oğlumu axtar tap. Ruhu şad olsun, məni o qurtardı əsirlikdən, yoxsa məni ölü kimi qələmə vermişdilər. Rəhmətlik mənimlə bir yerdə neçə-neçə Xocalı sakinini xilas etdi. O öləndən sonra bir nəfər də olsun girov azad edilmədi. Elə kim azad olundusa, Allahverdinin əli ilə azad olundu. Atam verən şəkli Əsgəran batalyonunun komandiri Vitali Balasanyana verib ki...

- Kameranıza əlində şəkillə girən Vitali olub?

- Bəli, Vitali də məni o cür axtarıb tapıb...

- Sizi ordan birbaşa xəstəxanaya apardılar?

- Atam qoymadı yardım etməyə, bir başa götürüb evə gətirdilər.

- Evə, hara?

- ...Ağcabədinin Şotlanlı kəndində atamın əmisi oğlanları yaşayırdı... Ora gəldik.

- Ananız da orda idi?

- Orda idi, amma... Anam gəlib mənimlə görüşmədi...

- Niyə?

- Bizim ailənin öz adətləri var idi. Atamın ağbirçək bibisi Suğra bibi orda idi. Onun, atamın qardaşlarının, əmisi uşaqlarının yanında anam gəlib oğlu ilə görüşə bilməzdi.

***

Yeriyə bilmədiyi üçün qohumlar Valehi qucaqlarında gəzdirirdilər. Sahib oğlunun əynindəki əsgər formasının düymələrini açanda, altdan qolları çıxacağına heç ümid də etmirdi. Oğlunun yaralı, yanıq bədəninə, çirkli mələfə sarınmış əllərinə baxanda Valeh güclə pıçıldadı:

- Məni anamın yanına aparın…

Qohumlar onu qucaqlarına alıb anası olan otağa apardılar. Burada, Valehin qolları ilk dəfə yuxarı qalxdı. Çətinliklə qollarını qaldırıb, anasını qucaqladı. Bu dəfə də anası tərpənmirdi…

***

Qadın oğlunu körpə uşaq kimi vannaya qoyub, çimizdirdi. Ana, oğlunun bədənində salamat yer tapmırdı. Başının ortasından tutmuş, ayağının altına qədər yara, yanıq idi.

Bacıları Valehin əynindən çıxan geyimləri aparıb yandırdılar. Onu təmiz çimizdirib yatağa uzandırdılar, heç on dəqiqə keçməmiş mələfə qana bulaşdı. Yaralarının islanıb tökülmüş qaysaqları mələfəyə yapışırdı. Həkimlər pasa, zəhərlənməyə qarşı iynələr vurmaq üçün gəlsələr də, onun bədənində iynə vurmağa yer tapa bilmirdilər. Mədə divarları aclıqdan bir-birinə yapışmışdı. Həkimlər anasına gündə bir-iki qaşıq çay, su verməyi tapşırdı. Başqa heç nə olmazdı.

On gün belə davam etdi. Valehi xəstəxanaya aparmaq üçün əyninə geydirməyə paltar tapa bilmirdilər. Əynindəkiləri yandırdıqları gündən onu adyala bürümüşdülər. Axırda Sahib hardansa bir dəst paltar tapıb gətirdi. Çox böyük ölçülü paltarları Valehə geydirib, Mingəçevirə, xəstəxanaya gətirdilər.

Ağcabədidən, qəbiristanlığın qarşısından keçəndə atası əlini bir istiqamətə uzadıb, başını aşağı salıb, astadan dedi:

- Əmingil elə həmin günü gətirdilər. 26-da dəfn etdik…

Valeh həyatında ilk və son dəfə atasının yanında hönkürüb ağlamağa başladı…

***

Xəstəxanada xeyli müddət yatdı. Yaralarını, yanıqlarını müalicə etdilər. Yarı yumulu vəziyyətdə bitişən barmaqlarını sındırıb, gipsə saldılar.

İlk dəfə barmaqlarının gipsini açanda Valeh yenə eynən aylar öncə, sobanın qapağını qaytarıb yerinə qoyandan sonra baxdığı kimi, əllərini çevirib, içinə baxdı. Ovcunda nələri gördüyünü bircə özü bilirdi.

Yanında dayanan həkim deyirdi:

- Sənə söz verirəm, elə edəcəyəm ki, bir neçə ildən sonra yenə gitarada çala biləcəksən…

Valeh susurdu. Həkimlər çıxmışdı, o isə çarpayısında oturub hələ də əllərinə baxırdı.

Sonuncu dəfə əlinə gitara aldığı günü xatırladı. Artıq musiqinin onun üçün heç bir dəyəri qalmamışdı. Valehin ruhu meşədə ölmüşdü. O, bu barmaqlarla sonuncu dəfə Səadət üçün çalmışdı, indi əlləri düzəlsə də nəyinə gərək idi? Barmaqları özünə gəlsə də, Valeh özünə gələ bilmirdi. Qəbul edə bilmirdi ki, Səadət həyatda yoxdur.

Valeh əllərini divara çırpıb, barmaqlarını sındıranda onun bağırtısına həkimlər toplaşdı. Onlar Valehi saxlaya bilmir, musiqiçi ağlaya-ağlaya var gücü ilə yumruqlarını divara çırpır, barmaqlarını qırırdı…

Valehin barmaqlarını yenidən gipsə saldılar.

***

Ayağı bir balaca yer tutan kimi əlinə çəlik alıb, xəstəxanadan çıxdı:

- Nigaran qalmayın, artıq gəzə bilirəm, evə gedirəm...

Avtobusa minib, Ağcabədiyə, qəbiristanlığa gəldi. Atasının xəstəxanaya gələrkən yolda göstərdiyi istiqaməti yadında saxlamışdı. Məzarı tapdı. Səadət tək deyildi. Valehin əmisi, əmisinin həyat yoldaşı, uşaqları, nəvələri... Biri birinci sinfə gedən qız, o biri isə yaş yarımlığında oğlan. Bir ailə məhv olmuşdu. Hamısı təzə məzar idi, hələ heç şəkilləri də yox idi, sadəcə adlarını yazmışdılar – “Abbasova Səadət Qədim qızı”.

Valeh məzarın qarşısında aşağı çökdü:

- Səadətim, kaş ki, biz də əmimgil kimi ailəlikcə ölərdik. İndi burada yan-yana, qoşa məzarımız olardı… Bilərdim ki, yanımdasan… Amma sən… Sən nə yaxşı ki, öldün… Əgər ölməsən, səni qoruya bilməyəcəkdim, axı sonuncu patronu da onlara atmışdım… O biri qadınlarımızı qoruya bilmədiyim kimi… Ora dəhşətli yerdir. Qadınlar üçün daha dəhşətlidir… Soyqırım nədir ki… Sən əsir qadınların səsini eşitməmisən. Bu, soyqırımdan da dəhşətlidir...

Səadətin gözündən axan yaşlar, dodağını isladır, səsi əsə-əsə Valehə şeir oxuyurdu…

Bundan sonra Valeh hər bazar günü evə getmək adı ilə, Səadətin yanına gələcəkdi. Günlər, aylar, illər keçəcəkdi. Valeh tez-tez yoxa çıxacaqdı. Onu bu məzarın başında axtarmaq heç kimin ağlına gəlməyəcəkdi...

(Lent.az-ın “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanmış “Cəhənnəmdə böyük çığırtı” kitabından)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15315
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar