Əvvəli: http://news.lent.az/news/170104
Əsgəran Polis şöbəsinin zirzəmisindəki dar, qaranlıq, rütubətli kamerasında ət-ətə oturub üzlərini bir-birindən, hətta qucaqlarındakı körpələrindən də gizlətməyə çalışan əsirlərin arasında Məleykə adlı yaşlı bir qadın var idi. Oğlu qonşu kamerada var gücü ilə bağıran kişilərin arasında idi Məleykə xalanın. İnsanın nəfəsi daralan bu kamerada çiyin-çiyinə oturduğu Dürdanənin dilsiz kədəri onu oğlunun kəsilmək bilməyən bağırtısından çox sarsıdırdı. Axı bu cılız, cansız qızcığaz onun gözünün qabağında böyümüşdü. Axı yeddi ildir onun anası ilə bərabər necə ailə saxladığının, yıxılmamaq üçün göstərdiyi bütün çabaların şahidi olmuşdu. Axı anası Nübar arvadın Dürdanənin toyu üçün qurduğu xəyallarından xəbəri var idi Məleykə xalanın… Axı o da bir oğul anası idi… Dürdanənin burda, bu şəraitdə, əsirlikdə, erməni əlində… Yox, bütün bunları Məleykə xala Dürdanəyə rəva görmürdü…
Yaşlı qadın cəld hərəkətlə başına bağladığı şalı açıb bir göz qırpımında ortadan ikiyə böldü. Əlini atıb yanında qorxudanmı, soyuqdanmı tir-tir əsən Dürdanənin uzun, qalın, qara və palçığa bulanmış saçlarını qarışdırdı. Dürdanə hələ heç nəyi başa düşmürdü. Məleykə xala şalından cırdığı o hissəni Dürdanənin başına bağlayıb yaşlı qadınlar sayağı tırna vurdu. Başını iki əlinin arasına alıb baxdı, alınmamışdı…
Bu vaxt o əlini ayağının altına aparıb ayaqqabısının altındakı palçığı sivirib gənc qızın hamar üzünə, alnına çəkdi. Sonra bir də iki əli ilə onun başını tutub baxdı. Deyəsən, bu dəfə alınmışdı. Dürdanənin gəncliyini palçıqla gizlətmək mümkün olmuşdu. Amma Məleykə xala yenə əmin deyildi. Buna görə də hər dəfə qapı açılanda bir göz qırpımında cansız qızcığazın boynunun dalından tutub aşağı basır, başına ətəyinin altında gizlədirdi. Hər dəfəsində də eyni sözü pıçıldayırdı:
- Burda dur, tərpənmə!
Qəhrəmanlıq təkcə əlinə silah alıb döyüşmək deyil. Yaşlı qadının gücü ancaq bir nəfəri qorumağa çatırdı, amma bu da az deyildi...
- Məleykə xala orda məni bacardığı qədər qorudu. O mənim içimdəki səsi eşidir, nədən qorxduğumu bilirdi... Mən ölənə qədər onun əllərindən öpmüşəm...
- Yarım saatdan bir aparıb-gətirdikləri qadınlar...
- Bəzilərini yarım saat, bəzilərini isə 20 dəqiqəyəcən saxlayırdılar. Eləsi var idi lap tez gətirirdilər...
- Kameraya qayıdanda nə halda olurdular?
- Onlar apardıqları qadını döymürdülər, incitmirdilər... Sadəcə ləkələmək xatirinə aparırdılar. Bir dəfə orda mənə dedilər ki, “hər türk qadınının gözündən axan bir damla yaş bizim üçün bayramdır. Çünki sizin kişilər illərlə bizim qadınları özlərinə məşuqə eləyib, erməni qadınlarını çox oynadıblar. İndi onların qisasını sizdən alacağıq. Yetərincə də aldıq...”
Ermənilər bizi yaxşı tanıyırdı. Bilirdilər ki, bizə verdikləri istənilən fiziki işgəncənin ağrısını sabah unudacağıq. Amma bu ləkə təmizlənməyəcək. Bu ləkə ilə dünya bizə dar olacaq. Həyatımız məhv olacaq. Gələcəyimiz olmayacaq. Erməni bilirdi ki, bizim qız üçün namusunun ləkələnməsi ölümdən betərdi... Bilirdi ki, bizim insanın əsas yaralayan nədir... Bilirdi ki, güllə yarası sağalacaq, amma namus yarası yox.
- Qadınların hamısını apardılar?
- Yox, elə qapı açılanda qabaqda əllərinə kim keçirdi, gözlərinə kim xoş gəlirdisə, aparırdılar.
- Bəs o “döşək üstdə oturan əsirlər” neynirdi?
- Elə birinci onları apardılar... Sənə bir nəfərdən də danışım. O qadını mən ömrümün sonuna qədər unutmayacam...
Adı deyəsən Ceyran idi... Dedilər Gürcüstan azərbaycanlısıdır. Necə olmuşdusa, Xocalıya gəlmişdi. Ya ərini ora işə göndərmişdilər, ya da kiminsə qonağı idilər... Bilmirəm, nə isə ki, o Xocalı adamı deyildi, bizdən deyildi. Bircə onu bilirəm ki, gürcüstanlı idi. Qəşəng, səliqəli geyimdə, yubkada, koftada, ayağında ev başmağı, başını sadə yaylıqla arxadan bağlamışdı, qabaqdan da qısa saçları üzünə tökülmüşdü, yupyumru, ağ, girdəsifət bir qadın idi. Çox gözəl idi, çox...
- Yaralı idi?
- Yox, dedi bizi evdən tutub gətiriblər. Yoldaşı da kişilərin arasında idi. Hələ qadınları “aparmamış” birinci onu gətirən erməni gəldi, axtarıb tapdı, götürüb apardı.
- Hara?
- Bilmədik. O qadın nə dəyişilmədi, nə sonradan gəlib çıxmadı. Nə də sonra orda ona rast gəlmədik... Xocalı sakini olmadığından heç bir siyahıda da adı yoxdur. Onun bu həyatda nə izi qaldı, nə tozu. Gözəlliyinin qurbanı oldu yazıq... Onun gözəlliyi mənim yadımdan çıxmır.
- Neçə yaşı olardı?
- Hardasa 27-28.
- Erməni onu aparanda heç nə demədi?
- Yox, elə gəldi bir-bir fənəri sifətlərə tutub onu axtardı. Tapdı, götürüb apardı.
- O sizin aranızda nə qədər qaldı?
- Hardasa beş-altı saat. Demək, onu hələ gətirəndə gözaltı eləyiblər. O gözəllikdə qadın ilim-ilim itdi...
Sonra bir qadın da var idi, indi adını yadıma sala bilmirəm. Böyük oğlanları yoldaşı ilə kişilərin arasında idi, azyaşlılar isə onunla idi...
Ermənilər körpələrin ən kiçiyini döyəndə anası dayana bilməyib özünü irəli atır:
- Onu vurma!
- Niyə? Olmaya matahdı?
- Bu gün ad günüdü... Döymə...
- Belə de...! Bəs bunu bayaqdan de uşağa hədiyyə verək! Ey, türk küçüyü! Əlini divara qoy! Üstünü divara söykə, ovcunu mənə göstər!
Qorxudan saralan körpə döyülməmək üçün ona deyiləni edir. Erməni cibindən çıxardığı tapança ilə uşağın düz ovcunun ortasından atəş açır:
- Bu da sənə ad günü hədiyyəsi! Bu deşiyi həmişə ovcunda gəzdirərsən!
Qapı çırpıldı...
- Uşağın neçə yaşı olardı?
- Hardasa 5 yaşı olardı... Çox balaca idi...
- Qadının neçə uşağı var idi?
- Beş. Üçü yanında idi, 21-22 yaşlı oğlanlarını isə ataları ilə bir yerdə əsir götürmüşdülər. Onları evlərindən tutub gətirmişdilər. Sonra dedilər onun böyük oğlanlarını güllələyiblər, ərini də asıblar. İndi o əlindən güllələnən körpə yekə kişidi, Qobustanda yaşayır.
Kamera həm divarın o üzündən gələn kişi bağırtıları ilə, həm ac, yaralı körpələrin ağlaması ilə, həm də kameranın ortasına atılmış yaralı Vaqifin zarıltısı ilə çalxalanırdı. Qaranlıq düşdü. Lənətə gəlmiş qapı yenə açıldı. Bu dəfə ermənilər yerdə meyit kimi uzanıb canı ilə əlləşən, bununla belə kameraya dolmuş səssiz təlaşın, canlara darışmış vəlvələnin fərqində olan, divarın o üzündən gələn və kəsmək bilməyən kişi bağırtılarının altında güclə eşidiləcək səslə zarıldayıb “Qızlar, onsuz da mən öləcəm, özünüzü fikirləşin” deyən Vaqifi götürüb apardılar...
- Hara aparırdılar?
- Dedilər aparırıq dəyişək. Doğrudan da onu qaytarmışdılar. Sonralar mən Elman müəllimin yanında makinaçı işləyəndə gəlib orda mənim əllərimdən öpmüşdü.
- Yaşayırdı?
- Möcüzə idi, amma yaşayırdı. Allah istəyəndə hər yerdə saxlayır.
- Vaqif sizinlə nə qədər qaldı?
- Heç bir gün qalmadı... Amma o kişi nə qədər əziyyət çəkdi. Kaş ki, bu mobil telefonlar o vaxt olardı... Amma yox! Yox! Xoşbəxtlikdən o vaxt telefon olmayıb. Yoxsa onlar elə şeyləri çəkib yayardılar ki... Başa düşürsən nələri deyirəm... O bizə ölümdən də betər olardı...
Gecə düşdü. Qapı yenə açıldı:
- Uşaqlı qadınlar gəlsin! Dəyişməyə aparırıq! Qabağa gəlin!
Bir azdan qapı yenə açıldı:
- Yaralılar, tez olun! Sizi dəyişirik! Kameranın küncünə çəkilməyin, adam boşaldıqca qabağa gəlin!
Qapı yenə açıldı:
- Yaşlılar! Qocalar! Kaftarlar!
Söyə-söyə, təhqir eləyə-eləyə qadınları 4-4, 5-5 aparırdılar. Gecə saat 2-3 olardı ki, kamera tamam boşaldı. Bütün qadınlar azad edilmişdi. Amma təkcə qadınlar! Çünki divarın o üzündəki kişilərin tükürpədici bağırtısı kəsilmək bilmirdi...
- Axı siz də yaralı idiz, sizi aparmadılar?
- Adamlar boşaldıqca erməni deyirdi bir az qabağa gəlin. Biz qabağa gedirdik. Qapı içəri açılırdı, mən keçib dayandım qapının dalında. Hamı çıxırdı, çıxa bilərdim, bilirdim ki, adamları dəyişirlər. Amma çıxmadım.
- Niyə?
- Atam-anam ölmüşdü. Valideynlərimdən mənə əmanət qalan qardaşlarımın ikisindən xəbərim yox idi. Kim bilir, bəlkə artıq həyatda Elşaddan başqa heç kimim qalmamışdı... Onu orda qoyub qayıda bilməzdim. Həyatda tək bir qardaşım qalıb, ona da divarın o üzündə işgəncə verirlər, bağırtısı gəlir... Onu qoyub hara gedərdim, necə qayıdardım? O anda qərar verdim ki, Elşad ölsə onunla ölməli, qalsa onunla qalmalıyam!
- Məleykə xala gedəndə sizi özü ilə aparmadı?
- Mən artıq qərara gəlmişdim. Apara bilməzdi...
Bayaqdan insan nəfəsi ilə, göz yaşı ilə, uşaq ağlaması, qorxu, həyəcan, dəhşət, təşvişlə qızınan kamera indi təklikdə daha da bumbuz olmuşdu. Yalın ayaqlarında uzunboğaz çəkməsi, xoşbəxt günlərindən özü ilə gətirdiyi qırmızı paltarı, artıq rəngini dəyişmək üzrə olan ağ gödəkçəsi onu qızdırmaq iqtidarında deyildi. Daha bundan sonra Məleykə xalanın şalının cırığı da onu çətin qoruyardı...
- Saat keçmək bilmir, nə qorxudan yuxun gəlir, nə də acırsan. Amma adam çoxlu susayır. Təxminən iki-üç saata hava işıqlandı, səhər açıldı. Mən dizlərimi qucaqlayıb, çənəmi dizimə söykəyib kameranın bir küncündə oturmuşdum. Və dəmir qapı yenə açıldı... Əlində süpürgə olan qara geyimli qoca bir kişi erməni qadınları üçün gətirilən döşəkləri aparmağa gəldi. Onda məni görüb əlindəki süpürgə ilə üstümə cumdu. Gah süpürgənin sapı ilə, gah da təpiyi ilə məni döyməyə başladı. Onun səsinə 5-6 erməni də tökülüb gəldi. Hamısı da saçlı-saqqallı, qara geyimli... Məni o qədər döydülər ki...
- O vaxta qədər döymüşdülər?
- 24 saat idi əsirlikdə idim, ilk dəfə idi döyülürdüm. Hələ o vaxta qədər mənə əl vurulmamışdı.
- Nə ilə döyürdülər?
- Dubinka, təpik, taxta qırığı, əllərinə nə keçdi götürüb döyürdülər. Onlar üçün qarşılarındakının cansız qız olmağının fərqi yox idi. Onlar döyür, mənsə qışqırırdım. Sanki birdən ayıldım. Öz səsimdən özüm qorxdum və susdum. Fikirləşdim ki, divarın o üzündə allah bilir hansı işgəncələrə dözüb ölməyən, 24 saatdır bağıran kişilər mənim səsimi eşitsələr necə olar? Onlara az zülm verilir ki, bir zərbəni də mən vurum. Niyə bilsinlər ki, divarın o üzündə bir qızı incidirlər. Nə xəbərləri var məni necə incidirlər? Başıma hansı oyunu açırlar? Onlar da ürəyinə salar axı... Var gücümlə üzümü əllərimlə bağladım. Səsimi udmağa çalışdım.
Onlar isə döyürdülər... Yorulunca döyüb getdilər... Ölü kimi kameranın bir tərəfinə uzanıb qalmışdım. Gözüm qaralırdı. Amma onu gördüm ki, erməninin biri bıçaq çıxardıb üstümə gəlir. Ayağımdakı çəkməmi bıçaqla kəsib çıxarıb apardı... Qapı çırpıldı...
Əsirliyin ikinci günü o qapı bir neçə dəfə açıldı. Hər dəfəsində də qaranlıqdan üzləri seçilməyən, ancaq saqqalları görünən əli dəyənəkli insanlar... Döyülməkdən taqəti qalmamışdı. Bir tərəfdən də qonşu kameradan gələn və bu gün dünənkindən də vahiməli olan kişi bağırtıları...
O gün ya kamera çox qaranlıq idi, ya da onun dünyası zülmətə qərq olmuşdu. Heç nə görünmürdü. Ancaq səslər gəlirdi. Kişilər bağırırdı... Qapı açılırdı... Kişilər bağırırdı... Onu döyürdülər... Kişilər bağırırdı... Qapı çırpılırdı... Kişilər bağırırdı...
Gecə yarıdan keçmişdi, kişilər yenə bağırırdı, qapı yenə açıldı... Beş-altı nəfər qara geyimli, saqqallı erməninin ayaq səsləri... Kişilərin bağırtısı... Növbəti dəfə amansızca döyülmək və bu dəfə qapının necə çırpıldığını eşitmədi... Huşunu itirmişdi...
- Özümə gələndə ağrı bədənimi bıçaq kimi kəsirdi. İçimdə dəhşətli sancı var idi...
Ağrıdan yerində qıvrılan qızcığazın gözünə ilk sataşan ondan bir az aralıda, kameranın o biri küncündə ağ olduğu güclə sezilən gödəkçəsinin üstünə atılan qırmızı paltarı oldu...
- Əlimi üzümə apardım, ağzım qorxudan yara tökmüşdü... Bədənimə çəkdim, hər yerim sızıldayırdı... Ayaqlarım, dizlərim qan içində idi...
Qaranlıqda kameranın bir küncündən o biri küncünə qədər güclə sürünüb sulu və palçıqlı paltarını geyinəndə sevinirdi...
- İlk dəfə idi ki, atamın öldüyünə sevindim... Nə yaxşı ki, həyatda deyildi... Yaşasaydı, həm “bacım”, həm “anam” dediyi tək qızının düşmən əlinə düşdüyünü, başına nələr gəldiyini bilsəydi ürəyi partlayardı...
Əsirliyin ikinci günü başa çatdı… Artıq onu heç nə qorxutmurdu. Qorxduğu nə vardısa, başına gəlmişdi...
Kameranın bir küncünə qısılıb ailəsi ilə bir yerdə olduğu son dəqiqələri xatırlayırdı...
...Ailəlikcə meşəyə qaçırlar... Anası, qardaşları, nənəsi yanındadır... Əsgəranın tuşuna qədər qaçırlar... Qara qayada atışma düşür... Şumluğa girəndə yaralanır...
- Əvvəlcə elə bildim ayağıma tikan batdı. Çayı keçəndə islanmışdıq. Soyuq, buz kimi sudan çıxan adam... Ayağım donmuşdu, donmuş ayağa da güllə girəndə elə bil tikan girdi. Baxdım ki, ayağımdan qan axır. Sonra getdikcə ayağım başladı istiləşməyə. Birdən də başladı soyumağa. Atışma düşəndə anam bir yana getdi, qardaşlarım bir yana. Hava hələ tam işıqlaşmamışdı. Atışma adamları pərən-pərən elədi. Onda hamını itirdim, hamını... Huşumu da... Kaş ki, heç özümə gəlməyəydim...
- Yara dərin idi?
- Güllə sağ topuğumdan girib içəridə qalmışdı...
Əsirlikdə üçüncü gün başlayır... Bu gün də o birilərindən heç nə ilə fərqlənməyəcəkdi, əgər günlərin sayını itirməsəydi...
- Bu dəfə özümə gəlib gözümü açanda gördüm nə isə işıqlıqdı... Kamerada deyildim, səma görünürdü. Əvvəlcə fikirləşdim ki, yəqin ölmək belə olur... Sonra əllərimi tərpətdim, gördüm əllərim nəyəsə dəyir, amma mən hiss eləmirəm... Bədənimi tərpətmək istədim, gücüm çatmadı, donmuşdum, titrəyirdim... Yenə dedim yəqin adam öləndə belə olur... Üstümə qar yağmışdı... Necə öldüyümü xatırlamağa çalışdım. Axırıncı dəfə bir neçə kişinin üstümə hücum edib döydükləri yadıma gəldi... Sonrasını xatırlamadım... Deməli bu dəfə nəhayət ki, döyüləndə ölmüşəm, canım qurtarıb... Atam, anam burda olmalı idilər... Çağırmaq istədim, səsim çıxmadı... Güclə “Aaaaa....” elədim...
Bu vaxt yaxınlıqdan keçən bir erməni səsə gəlir:
- Qancıq, bəs sən ölmüşdün?
Əlini atıb qızın soyuqdan sırsıra bağlamış saçlarından tutub arxasınca sürüyür. Və Dürdanə indi əslində ölmədiyinin, işgəncələrə tab gətirə bilməyib huşunu itirdiyinin fərqinə varır... Onu ölü bilib zibilliyə atıblarmış... Çılpaq, palçıqlı, donmuş bədəni zibilliyin içindən sürüyüb çıxardanda ora atılmış şüşə qırıqları, konserv qutuları yaralı bədəni bir də doğradı... Bütün bədəni qanın içində idi... Zibillikdən qadın tapdığının sevincini yaşayan erməni əsirin hörüklərindən yapışıb tələsə-tələsə irəliləyir, arxasınca isə Dürdanənin donmuş, yaralı və qanlı bədənini qarın, palçığın, şüşə qırıqlarının üstü elə sürüyüb gətirirdi...
- Hörüyümdən tutub elə sürüyürdü elə bil kisə sürüyür... Apara-apara dedi ki, “Dedik yəqin ölmüsən, atdıq zibilliyə! İki gündü ordasan...” Məni sürüyüb zirzəminin arxa qapısından içəri saldı, tualetin yanından keçib, gətirib kameraya tulladı...
İnana bilmirdim, mən nə günə qalmışam ki, məni aparıb zibilliyə atırlar... İki gün üstümə qar yağır... Sonuncu dəfə anamın öz əlləri ilə hördüyü palçıqlı hörüklərimdən sırsıra sallanır... Niyə ölmürəm ki, canım qurtarsın? Mən neyləmişdim ki, bu əzabı çəkirəm?
Danışmağa heyim yox idi, zorla zarıldadım ki, “Paltar”... Paltarımı tualetdən gətirdi... Düz, qırmızı, sinəsində də iki düyməsi olan paltarımın sinəsini düymə qurtaran yerdən lap aşağıyacan, göbəyimdən də aşağıyacan cırmışdılar...
İstədim suyunu sıxıb geyinəm, taqətim yox idi, gücüm çatmadı. Elə suyu axa-axa geyinməyə başladım. Bəlkə də bir saata geyindim. Halım yox idi, başımı qaldıra bilmirdim, gözlərim axırdı. Axırda geyinib qurtardım... Sonra da gödəkçəmi tapıb gətirib atdı üstümə...
Beləcə, əsirliyin neçənci günü, bəlkə də həftəsi, ayı olduğunu unutdu... Ancaq hava qaralırdı, birdə işıqlaşırdı... Təkcə kameraya doluşan əli dəyənəklilərin üzü və məruz qaldığı işgəncələrin növü dəyişirdi... Qalan hər şey eyni idi...
- Yemək vermirdilər?
- Heç adını da tutmurdular.
- Bəs su?
- İstəyəndə verirdilər. O da tualetdə saxladıqları vedrədə qar suyu olurdu... Komandirləri Vladik adlı arıq, uzun oğlan idi. Gəldilər ki, səni çağırır... Yerimdən güclə qalxdım, divardan yapışıb yıxıla-yıxıla birtəhər gəldim...
Kiçik otaqda stol, stul, dəmir çarpayı və soba var idi. Dürdanə bu otağı tanıyırdı. Əsir düşəndə onları bu otaqda siyahıya almışdılar...
- Soba elə yanırdı ki... Elə ürəyimdən keçdi ki, yaxına gedim, cəhənnəm qızınmağım, heç olmasa paltarım qurusun... Otaqda stul da var idi, çarpayıda da yer var idi. Amma orda oturmaq olmazdı, məni qarşılarında yalvarırmışcasına diz çökdürdülər. Onlar oturublar, mənsə yerdə, qarşılarında dizi üstdə çöküb oturmuşam.
Üst-üstə stressdən, döyülməkdən, təcavüzdən havalı kimi dolanan qız özündə güc tapıb nəhayət dilə gəlir:
Dürdanə: Qardaşım sağdı?
Vladik: Buna bax, qardaşını da soruşur! (Qışqırır) Sən nə ürək eləyib məndən söz soruşursan?
Karo yaxınlaşıb Dürdanəyə bir şillə çəkib, söyür. Karonun şilləsinin zərbindən yerə yıxılan qız yenə dikəlib dizi üstdə oturur...
Karo: Sən burda danışa bilməzsən! Səni söhbət eləməyə çağırmamışıq!
Vladik: Səni buraxmayacağıq!
Dürdanə: Niyə?
Vladik: Səni Yerevana göndərəcəm! Orda bizə orqan lazmdı. Cavansan, sənin orqanlarından yaxşı istifadə eləyə bilərik... Bizə gənc böyrək, ürək lazımdı. Daha sən bizə lazım deyilsən, səni aparıb hissə-hissə satacağıq.
Gözü qorxmuş 20 yaşlı qızı bacardıqları bütün üsullarla dəhşətə gətirirdilər:
- Hamısı azərbaycanca danışırdı?
- Hə, başa düşüm deyə, məni qorxutmaq üçün təmiz azərbaycanca danışırdılar. Onsuz da mən çəkdiyimi çəkirdim, onların bir təpiyi bəs edirdi ki, mən qorxum. Orda biri Vladikə ermənicə nə isə dedi. Sonra da bir kitab verdi. Vladik kitabı açıb baxanda dedi “Aaa, “svyazistka””.
- Sizin rabitəçi olduğunuzu hardan bilirdilər?
- Bəs “döşək üstdə oturan erməni arvadlar”, bizim kişilərin xanım elədiyi qadınlar orda niyə əzizlənirdilər? Kimliyimizi bir-bir danışmışdılar... Məni orqanlarımı satacaqları ilə qorxudub, yenidən kameraya gətirdilər.
Onu kamerada növbəti amansızlıqla döyəndən sonra Vladik tapşırıq verdi:
- Əllərini bura qoy!
Vladik Dürdanənin barmaqlarını həmin kameranın dəmir qapısının arasına qoyub sıxdı...
- Qapını var gücü ilə sıxırdı, hər iki əlimin barmaqları da qapının arasında. Yenə bir anlıq qışqırıb susdum. Kişilərimizin divarın o üzündə kəsilmək bilməyən səsləri onların daha böyük işgəncələrə məruz qaldıqlarından xəbər verirdi. Onlara bir dərdi də mən yükləməməliydim. Əzabımı tək çəkməliydim. Qardaşım elə biləcək bacısıdır, başqası elə biləcək qızıdır, yoldaşıdır... Hərəsi bir cür məhv olacaq. Qoy elə bilsinlər qadınların hamısını dəyişiblər. Dişimi sıxıb, inildəyir, ufuldayır, bəzənsə ulayırdım. Amma qışqırmırdım... Bir dəfə erməninin biri mənə dedi ki, sən çox canavar qızsan. Bu qədər əzabın qarşısında nə öldün, nə qışqırdın. Ancaq inildədin... Əslində 5-6 nəfər birdən gəlib məni döyəndə dözə bilirdim, nə qədər möhkəm döysələr də dayanırdım, huşumu itirmirdim. Amma təcavüzə dözə bilmirdim, hər dəfə huşumu itirirdim...
Vladik yeni əyləncəsindən olmazın həzzini alır, bu əyləncənin neçə gündür niyə ağlına gəlmədiyini özünə bağışlamırdı. Ayaq üstdə dayanmağa heyi olmayan Dürdanə əllərindən dəmir qapıdan asılı qalmışdı. Qapının arasından sallanıb qalan qızcığaz güclə eşidilə biləcək səsi ilə soruşdu:
- Axı... mənim... nə günahım... var...?
O isə qapını sıxa-sıxa xoşbəxtcəsinə qışqırırdı:
- Bütün günahlar səndədir, qancıq! Sən bu barmaqlarla məlumat ötürmüsən. Rabitədə işləmisən! Bu lənətə gəlmiş barmaqlarınla Ağdamı, Şuşanı, Bakını köməyə çağırmısan. Bəs niyə gəlmədilər? Sizin torpağınız da bizimdir, qadınınız da, namusunuz da, qeyrətiniz də. Kişi bizik! Eşidirsən? Kişi bizik ki, sən bu gün bizim yanımızdasan! Bizim əlimizin altındasan! Bizim... Bizim... Bizim...
Dürdanənin kamerasından yüksələn Vladikin qışqırığı, qəhqəhələri qonşu kameradakı kişilərin bağırtısı ilə bir-birinə qarışmışdı... Bu səslərin içindən qapıdan asılı qalıb inildəyən, ulayan məsum qızcığazın səsini Allahın özü belə eşitməyə çətinlik çəkirdi...
(Davamı olacaq...)