Lent.az-dan “Əsir düşərgəsi”nə boylanmağa davam edirik. Qəhrəmanım Xocalı sakini Valeh Hüseynovdu. Onu rabitəçi Dürdanə Ağayevanın hekayəsindən tanıyırsız. Onunla söhbətdə ilk dəfə idi ki, müsahibimin qarşısında özümü saxlaya bilməyib ağlayırdım... Ümumiyyətlə, ilk dəfə idi ki, mənə yad, uzaq bir insanın qarşısında ağlayırdım...
Ondan ayrılan kimi Qabil Abbasoğluna zəng elədim:
- Sizin dediyiniz kitabı yazacam...
- Əla! Axır ki, razılaşdın...
- İndiyə qədər olan hekayələrimin içində məni ağladacaq sevgi xətti yox idi...
Əziz oxucu, çox uzatmadan Sizə kitabımın ilk səhifələrini təqdim edirəm...
***
Rusiya. Azərbaycanlıların restoranı. Bu axşam demək olar ki, bütün masalar doludu. Yeyib-içən, deyib-gülən... Hərə öz kefindədi.
Musiqiçilər sevgililərə daha romantik şərait yaratmağa can atır və ya bütün dövrlərdə, bütün restoranlarda olduğu kimi, özləri üçün ifa edirdilər...
Ofisiantlar da masalara xidmət edərkən, adətləri üzrə müştərilərin söhbətlərinə qulaq asmağa çalışırdılar... Onlardan ən gənc olanı masaların birindən ayrılıb, gitara çalan orta yaşlı adama arxadan yaxınlaşıb, qulağına pıçıldadı:
- Sonra burda yekə-yekə danışırsan ki, bizim qızlar belədir, elədir... Erməni bizim düşmənimizdir... Bax, o küncdəki masada əyləşən sevgililər var e, o bir-birindən qopmayanlar... Hə, o bayaqdan rəqs eləyənlər... Gördün də necə rəqs edirdilər, oğlan nələr eləyirdi gördün də...
- Sözünü de!
- Dediyim odu ki, qız sizinkidi, ona yapışan oğlansa erməni...
Musiqiçi gitaranı çala-çala üzünü çevirib ofisiant göstərən istiqamətə baxdı. Ola bilməzdi... Həmin anda onun gördüyü mənzərə elə idi ki, o qızın azərbaycanlı olması mümkün deyildi. Ona görə heç bir azərbaycanlı qızı erməni oğlanın qolları arasında belə məst ola bilməzdi...
Ofisiant isə davam edirdi:
- Öz aramızdı, qız oğlandan da xoşbəxt görünür...
Gitaraçının rəngi ağardı. Gitaranın simləri üstündə gəzən barmaqları daş kimi oldu. Nə qədər çalışsa da, barmaqlarını işlədə bilmədi. Özündən asılı olmayaraq titrəməyə, dili topuq vurmağa başladı:
- Geeet, geeet onlaraaaa de ki, buuurdan çıxıb geeetsinləəər...!
- Müştərini qovmağa ixtiyarımız yoxdu!
Elə bil kimsə onu boğurdu. Səsi güclə eşidilirdi:
- De ki, mən... mənim... adımdan de ki, bu saat burdan rədd olub getsinlər...
Ofisiant musiqiçinin düşdüyü haldan qorxub tez ordan uzaqlaşdı. Sakitcə həmin masaya yaxınlaşıb, nə dedisə, oğlan tez qalxıb restoranı tərk elədi. Qız isə əsəbi görünürdü. Ayağa qalxıb ofisiantla musiqiçilərin yanına yaxınlaşdı. Ofisiant qızı dilə tutur, sakitləşdirməyə çalışırdı. Qız isə canından can qoparılmış kimi qışqırırdı:
- Kimdi o? Hansıdı? Göstər görüm mənə!
Ofisiant duruxub qalmışdı... Qızın onlara hücum etdiyini görən gitaraçı heyrətə gəlmişdi. Yerindən təpənə bilmirdi. Elə bil bir əl onun boğazından yapışıb sıxırdı. Gitaraçı daş kimi olmuş barmaqları ilə qalstukunu boşaltmağa çalışsa da, əlləri tərpənmirdi. Gitara qucağından sürüşüb yerə düşmüşdü... Musiqiçi dostları onun başına toplaşıb, yardım etməyə çalışırdılar. Kimi onun üzünə su vurub özünə gətirməyə çalışır, kimi yaxasını açıb nəfəs almasına kömək etmək istəyirdi. Gözünün qarşısında bir insanın ölüm ayağında olmasını vecinə almayan qız isə bağırırdı:
- Sən kimsən? Sənə nə qalıb kiminlə görüşürəm? Millət dərdi çəkən olmusan?
Musiqiçinin gözü qarşısında bu 20 yaşı güclə olan qızın silueti dayanmışdı. Səsini isə eşitmirdi. Onu məhv edən qulağına gələn bağırtı idi. Əlləri ilə hey qulağını bağlamağa çalışsa da, əlləri kilidlənmişdi... Qulaqlarındakı qarşısında dayanan qızın yaşıdının bağırtısı onu bıçaq kimi kəsirdi...
İşıqları alışıb yanan restoranda musiqiçilər qızı sakitləşdirməyə çalışdıqca, o bu məsələnin burda qalmayacağını, onun atasına cavab verməli olacaqlarını bildirirdi. Gitaraçının qulağına qaranlıq dünyadan gələn qız bağırtısı isə artdıqca artır, səsi isə restoranın pəncərələrini silkələyirdi. Burda heç kəs onu başa düşə bilməzdi, çünki onun qulağının eşitdiyi bağırtını heç kim eşitmirdi... Heç vaxt da eşitməmişdilər...
Gitaraçıya elə gəldi ki, qulağından getmək bilməyən bağırtıdan restoranın çilçıraqları çiliklənib töküldü, hər yan qaranlığa qərq oldu.
Nəmişlik və üfunət iyi surətlə artmağa başladı. Gitaraçının titrətməsi güclənirdi. Bağıran qız səsi lap yaxınlaşırdı. Səs divarın o üzündən, yanlarındakı kameradan gəlirdi. Erməni təcavüzünə tab gətirə bilməyən 20 yaşlı qızın bağırtısı onun bütün varlığını parçalayırdı... Yerindən tərpənə bilməməsi, qızı onların əlindən almağı bacarmaması onu məhv edirdi...
Sevgilisi tərəfindən masada tərk edilən, səadəti yarımçıq qalan gənc qızın hay-küyü gitaraçını 22 il əvvələ qaytarmışdı...
Gitaraçının gözü qəfil bir az əvvəl əlindən yerə düşən gitarasına sataşdı. Qulaqlarını deşən bağırtı qəfil kəsildi. Yer üzündəki ən məlahətli, qayğıkeş səs eşidildi:
- Valeh, gitaranı götür bir şey çal... Sənə sürprizim var...
***
Gənc qadın əlindəki çıraqla onun qarşısında dayanmışdı. Çırağın işığı bir az gecəni, bir az da qadının üzünü işıqlandırırdı. Bu gözəllik ən zəif işıqda belə Valehin gözünə görünəndə onun ağlını başından alırdı. Valehin baxışlarından yanaqları qızaran Səadət üzünü gizlətmək üçün çırağı divanın yanındakı masanın üstünə qoydu. Qadın o qədər gənc idi ki, qızarmağın qadın sifətinin yaraşığı olduğundan belə xəbərsiz idi...
- Valeh, gitaranı götür bir şey çal... Sənə sürprizim var...
Valeh çırağı bir az qabağa, Səadətin üzünü daha yaxşı görə biləcəyi yerə çəkib, gitarasını götürdü...
- Valeh, çırağın nefti lap az qalıb, bu gecəyə həmən çatar... Bəlkə də səhərə qurtarar... – Səadət gülə-gülə əlavə elədi, - Sabah bu vaxt üzümü görməyə bilərsən...
- Nə danışırsan, dəli olma! Heç səni qaranlıqda qoyaram? Səhər açılan kimi axtarıb bir yerdən neft tapacam...
Gənc qadın utana-utana qucağında gətirdiyi dəftəri açıb, onun müşayiəti ilə şeir oxumağa başladı... İlahi, Valeh altı aydır bir ömrü paylaşdığı qadını bu qədər yaxından tanımırmış...
Bir kişi bu qədərmi sevilə bilərmiş? Bir qadın bir kişiyə belə şeirmi yaza bilərmiş? Səadət ona həsr etdiyi, onun adı ilə bağladığı şeirləri oxuduqca Valeh ona yenidən vurulurdu:
- İndiyəcən məndən gizlətdiyin bu dəftərin mənə aid olduğu ağlıma da gəlmirdi...
- ...
Səadət cavab verə bilmədi. Şeri də güclə oxuyurdu. Qəhərdən boğulurdu. Çıraq işığında yanaqları parıldayır, göz yaşlarını büruzə verirdi... Səadət heç vaxt Valehi sevdiyini dilinə gətirməmişdi. Bu ilk dəfə idi... Səadət soyuq qış gecəsində şeirləri ilə Valehə sevgi etirafı edirdi...
Toydan bir az sonra Xocalı blokadada olduğu üçün Valeh anasını, bacılarını və Səadəti Ağdamdakı xalasıgilə aparmışdı. Tez-tez yanlarına gedib gəlirdi. Son səfərində Səadət əl çəkməyib, onunla getmək istədiyini bildirmişdi. Valeh israr edəndə, onun bir kəlməsi qarşısında aciz qalmışdı:
- Ölsəm, sənin yanında öləcəm. Qalsam da, ancaq sənin yanında qalacam...
Bu sözdən sonra Valeh anası ilə Səadəti evə qaytarmışdı. Sonra yenə ana-atasını vertolyotla Ağdama göndərəndə, Səadət yenə eyni sözləri deyib ondan ayrılmamışdı. Səadət sevgisinin içində yeni cücərən bəhrəsinin xoşbəxtliyini Valehin yanında hiss eləmək istəyirdi...
Beləcə, vertolyot Ağdama Səadətsiz qayıtmışdı. Bu, Xocalıdan səmaya qalxan sonuncu vertolyot idi. Yanvar ayının sonları idi. Ermənilər növbəti vertolyotu vurduqları üçün Xocalının Ağdamla hava əlaqəsi tamamən kəsilmişdi...
Valeh barmaqlarını gitaranın simləri üzərində gəzdirə-gəzdirə gözünü çıraq işığının azacıq şüası altında güclə sezilən nəm yanaqdan, dolmuş gözlərdən, onun adını tələffüz edən dodaqlardan çəkə bilmirdi... Valeh bu gecə bətnində onun iki aylıq körpəsini daşıyan Səadətə yenidən vurulurdu...
Qadınını yenidən sevmək bir kişinin özünü kəşf etməsidir. Valeh də həmin gecə özünü kəşf etmişdi.
Gecənin sakitliyində Səadətin şeirləri, Valehin segahı onlara çoxdan unutduqları hüzuru vermişdi.
Bu hüzuru küçədən gələn atışma səsləri pozdu.
Tez ayağa qalxıb, əyinlərini qalın eləyib, silahlanıb, qalan neftə qənaət etmək üçün çırağı söndürüb, evdən çıxdılar...
Evdən çıxarkən Valeh avtomatını çiyninə atanda, atasının posta çıxarkən özü ilə götürdüyü babadan qalma ov tüfəngini də Səadətin çiyninə asdı. O Səadətə çox sərrast nişan almağı öyrətmişdi...
***
Lent.az-ın redaksiyasında üz-üzə oturmuşuq. Gözləri dolur, davam edə bilmir...
- O vaxtlar Səadət xanımın neçə yaşı var idi?
- On doqquz. O 1972-ci ildən idi, mən isə 1968-ci ildən...
- O da Xocalıdan idi?
- Hə, kiçik bacımla bir sinifdə oxumuşdular.
- Onda seçim ailənin idi?
- Onun adını evdə birinci bacım çəkdi. Mən də onu uşaq vaxtı görmüşdüm. Getdim baxdım, çox xoşuma gəldi, gördüm indi daha da gözəlləşib... Ona görə də rahat deyə bilərəm ki, öz ürəyimcə olan seçim idi...
- Neçə bacınız var?
- Dörd bacının bir qardaşıyam. Bir bacım məndən böyükdü, o biriləri isə kiçik. Səadət üçüncü bacımla bir sinifdə oxumuşdu.
- Toyunuzda özünüz də çalmışdız?
- Yox. Amma nişanımda özüm çalmışdım. Atası demişdi ki, oğlana deyin mənim qapıma başqa gitara çalan gətirməsin, özü gəlsin...
- Bəs nə əcəb toyda yox?
- O vaxtlar indiki kimi deyildi. Toy çox ağır keçirdi... Məsələn, oğlan gedib gəlinin qoluna girib gətirmirdi... Mən öz toyumda gitara çalmağa utanardım...
- Bacılar ailəli idi?
- İkisi ailə qurmuşdu. Biri Laçına ərə getmişdi, biri isə Rusiyada yaşayırdı... İki kiçik bacımı isə lap əvvəldən çıxartmışdıq ki, əl-ayağa dolaşmasınlar. Axı atamla iki gündən bir posta gedirdik...
- Müharibə zonası qadın yeri deyil...
- Bəli, müharibə qadın yeri deyil! Kişidən arxayınsan, deyirsən vuracaq, döyüşəcək, qaçacaq, uzaq başı əsir düşəcək! Qadın isə müharibədə yükdür, məsuliyyətdir. O vaxt hərə öz qadınından ötrü boğazından bir patron asıb saxlamışdı ki, erməninin əlinə düşəsi olsa... (Gözləri dolur... Susur...) Deyirdik birdən patronumuz qurtarar... Boğazımızdakı son patron onlardan ötrü idi, qadınımızdan ötrü... Güllələyək, ələ düşməsin deyə... Qoy, mənim əlimdə ölsün, amma düşmən əlinə düşməsin... Kişi onda sınır ki, qadınını qoruya bilmir...
- Lap müharibədə qalib də gəlsə, qadınını qoruya bilməyibsə, o qələbənin dadı bir az turş dadacaq...
- Elədi...
- Həmin gecəyə qayıdaq?
- ...Nə qədər çətin olsa da sizə hamısını danışacam. İlk dəfədir ki, bir jurnalist məni bu qədər axtarıb... Arxamca Goranboya gəlmisiz, mən Bakıda olmuşam. Sonra gəlib Bakıda axtarmısız... İndiyə qədər hansı jurnalisti görmüşəm, bircə kəlmə deyib – “Tez, qısa danış. Geniş material verməyə imkanımız yoxdu”. Elə jurnalistlər üçün orta məktəb dərsliyi səviyyəsində bir mətn də hazırlamışam. Fevraldan-fevrala soruşurlar, mən də o mətni deyirəm.
- Olar o mətni mənə də deyəsiz?
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə Xocalı şəhərini işğal edib, azərbaycanlılara qarşı soyqırım törədiblər. Faciə zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 yaralıdan 76 nəfəri uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
- Bizim günlərcə sizi dinləməyə imkanımız var... Xahiş edirəm, hər şeyi danışın....
- Onsuzda bayaq heç kəsə danışmadıqlarımı danışdım. Heç ailə üzvlərim də bunu bilmirdi... Onun o gecə gizlətdiyi o dəftər ki var... Mənə ən çox təsir edən hadisələrdən biri də mənə şeir həsr etməyi və bunu gizlətməyi olmuşdu... Və bu sirrini həmin gecə açmağı... Kaş, heç olmasa o dəftər əlimdə olaydı... O mənə ən böyük təsəlli olardı...
- O günə qədər şeir yazdığını bilməmişdiz?
- Heç ağlıma da gəlməmişdi... Həmin gün onu kəşf edirdim. Həmin gecə gözümdə nə qədər ucalmışdı... Onun şeirlərinin təəssüratı nə əsirlikdə, nə də sonra məndən getmədi... Özü məni bir cürə, şeirləri isə başqa cürə yandırır...
Gözləri yenə dolur... Kim deyir ki, sevgi ölür? Onu deyənlər heç vaxt sevməyib...
Həmin gecəyə qayıdırıq...
- Səadətlə birtəhər gizlənə-gizlənə gedirdik. Əmim uşaqları ilə tapışdıq. Silahımız var idi, mən avtomatımla, Səadət isə tüfənglə... Amma Rusiyanın 366-cı alayının hərbi texnikası qarşısında bir avtomatla bir tüfəng neyləyə bilərdi?
Bir yerdə gəlib Qarqar çayına çatdılar. Valeh posta gedəndə geyindiyi dizə qədər olan içi yun rezin çəkməsində çaya girdi. Səadəti çiyninə alıb çaydan keçirmək istəyirdi.
- Valeh, nə olar birinci o qadını keçir... Bax, yaşlı qadındı... O özü çayı tək keçə bilməyəcək... Çay onu aparacaq... Onu keçir, sonra məni keçirərsən.
Valeh həmin yaşlı qadını çiyninə alıb çayı keçirdi. Geri qayıdanda Səadət körpə uşağı olan bir qadını yanında saxlamışdı:
- Ona da kömək eləyək, nə olar... Suya girsə ayaqları donacaq... Sonra mən...
Beləcə, Valeh taqətdən düşənə kimi qadınlara, uşaqlara, yaşlılara çayı keçməyə kömək elədi. Ən sonda Səadəti çiyninə alıb çayı keçirəndə Səadət Valehin nə qədər yorğun olduğunu görüb dilləndi:
- Sən tamam heydən düşmüsən, qoy yerə özüm keçim...
- Olmaz! Sən bu halınla ayağını suya batıracaqsan? Yenə mənim “sapoqlarım” var...
Valeh bu halında belə Səadətin üzünü güldürmək üçün zarafatından qalmadı:
- Düzdü, artıq içinə bir az su dolub, amma yenə də adı “sapoqdu”.
Səadət çiynində sahilə bir təhər çatdı. Çiynindən düşməsi üçün dönəndə halsızlıqdan yıxıldı... İkisi də... Səadət quruya, Valeh isə suya...
Valeh o qədər yorğun idi ki, çabalayır, çaydan çıxa bilmirdi. Səadət var gücü ilə Valehdən yapışıb onu saxlayırdı. Valeh bir az nəfəsini dərib, Səadətin köməkliyi ilə çaydan çıxdı...
- Gəldik çatdıq camaata. Orda da adamlara kömək elədi... Qadınlar var idi ki, bir əlindən mən tutanda, o biri əlindən Səadət tuturdu... Yaşlı qadınlar var idi ki, qollarına girib kömək edirdi. Bilirsiz, elə məqamlarda insanı daha yaxşı tanıyırsan. Bir dəqiqə sonra nə baş verəcəyini, səni nə gözlədiyini, hara qaçdığını bilmirsən, amma bu anda sən özün də hamilə ola-ola kiməsə kömək eləməyə çalışırsan... Həmin günü onu daha yaxşı tanımağa başlayırdım...
Əsgərana tərəf gedən asfalt yolda rusların “BMP”ləri düzülmüşdü... Güllələr yağış kimi meşəyə yağmağa başladı. Bura çox böyük olmayan bir dağın döşü idi. Adamlar pərən-pərən düşdü... Adamları əsas burda öldürmüşdülər...
- Rəhmətlik Əlif Hacıyev öz uşaqları ilə orda idi. Dedi ki, gəlin bu biri tərəfdən çıxıb ermənilərin qabağını alaq, adamlar birtəhər üzü Ağdama qaçsın... Bu sözü onun dilindən eşitdim... Sonra da bir söz eşitdim... Kimsə qışqırdı ki, Əlifi vurdular...
- Təxminən saat neçə olardı?
- Səhər açılırdı... Gün çıxmaq istəyirdi...
- Əlif Hacıyevin meşədə ölmədiyi deyilir...
- Ola bilər, bəlkə yaralanmışdı. O yaralansa da, geri çəkilən oğlan deyildi. Son nəfəsinə qədər vuruşacaqdı. Bu faktdır ki, onun dəstəsi, “aeroport uşaqları” Xocalıdan ən sonda çıxan uşaqlar olub...
- Atışma düşəndə, adamlar pərən-pərən olanda Səadəti itirmədiz?
- Yox, bir-birimizin əlini buraxmırdıq. Yerlər var idi ki, adamlara kömək edirdik, sonra yenə bərk-bərk bir-birimizdən yapışırdıq. Çünki görürdük ki, elə vəziyyətdir ki, əlini buraxdığın adamı tapa bilmirsən...
Amma Əlif deyəndə ki, biz bu tərəfdən gedib erməninin qabağını alaq, mən Səadəti camaatla yola saldım... (Yenidən gözləri dolur... Yumulu barmaqlarını bir-bir açmağa çalışır...) Dedim siz bura ilə gedin, biz, silahı olanlar erməninin qabağını kəsək. Ayrıldıq... Mən Səlim adlı bir oğlanla idim...
- Onların sağ-salamat getməsi üçün erməniyə mane ola bildiz?
- Orda elə çox atışma olmadı... Bu böyük risk idi, çox qorxuluydu. Təsəvvür edin, sənin tüfənglə, lap avtomatla atdığın yeri həmin dəqiqə erməni, rus bəlli edib BMP ilə o yerin torpağını göyə sovururdu...
Ordan keçib gəldik... Adamlar artıq “Qaraqaya”ya çatmışdılar. Baxdım ki, Səadəti qoşub göndərdiyim adamlar burdadı. Amma hey axtarıram, o içlərində yoxdu... Dəli oldum... Soruşdum, dedilər onlar bir neçə nəfərlə qaldı arxada...
Ağlım başımdan çıxdı... Necə yəni arxada qaldılar? Arxada düşmən gülləni yağış kimi yağdırır...
Geri qayıtdım...
Səadəti itirdiyi üçün az qala havalanan Valeh üzü Ağdama tərəf qaçan insanların arası ilə geriyə qaçırdı... Sağa-sola boylanır, səsi çatan qədər bağırırdı:
- Səadəəətttt!!! Səadəətttt!
Gecə yuxusundan qəfil oyanıb meşəyə qaçan insanların bu qarmaqarışıqda doğmalarını itirmək təlaşı, qaçdıqca qarda ayaqları dizə qədər batan insanların ələ keçmək qorxusu, dörd tərəfə səpələnən meyitlərin yaratdığı dəhşət, hara, necə gedəcəklərini bilməyən insanların hər fürsətdə qışqırıb “Allah, kömək elə..!” deməsi, bir-birindən ayrı düşən insanların “hardasan” naləsi, dayanmadan meşəyə yağan düşmən gülləsinin səsi bir-birinə qarışıb elə vahiməli olmuşdu ki, bu vəhşətin içində Valehin səsi çox da uzaqlara gedib çıxa bilmirdi.
Qarşılaşdığı adamlardan Səadəti soruşur, onlarsa “Dəli olma, geri qayıtmaq təhlükəlidir!” deyib onu özləri ilə çəkib gətirməyə çalışırdılar. Valeh beş addım geriyə qayıdanda, rastlaşdığı ayağını saxlamağa qorxan insanlardan “Səadəti görməmisən?” sualına cavab almaq üçün altı addım da irəli gəlirdi. Adamlar geriyə qayıdan Valehin qolundan güclə yapışıb özləri ilə irəli aparırdılar. O isə ona kömək etmək, ağlını başına yığmaq istəyən adamların əlindən güclə çıxıb, geriyə qaçırdı...
Nə qarşılaşdığı adamların içində Səadət görünürdü, nə də Kətik meşəsini bürüyən “Sə-a-dət!” naləsinə cavab olurdu...
Gənc oğlan Qaraqayaya tərəf qaçan insanları aralayıb var gücü ilə, qara bata-bata, yıxıla-yıxıla geri qayıdırdı...
(Davamı olacaq...)