“Ölüm qabağı son dəfə qucaqlaşıb, özümüzü atdıq...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ – VI HİSSƏ
11 oktyabr 2016 15:30 (UTC +04:00)

“Ölüm qabağı son dəfə qucaqlaşıb, özümüzü atdıq...” - ƏSİR DÜŞƏRGƏSİ – VI HİSSƏ

 

 Vüsalə Məmmədova 23 il əvvəlki dəhşətləri Lent.az-a yazır...

 

Məndən “səadətə toxunmaq, onu sığallamaq, oxşamaq necə olur?” deyə soruşsalar, “bu - bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır”, - deyə cavab verərəm. O beşguşəli, yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk tutmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm. Yəqin elə buna görədir ki, 30 ay ərzində dinlədiyim və yazdığım (dinlədiyim bütün hekayələri yazmamışam) talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu...

 

Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin bu hekayətini yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ithaf edirəm...

 

I hissə, II hissə, III hissə, IV hissə, V hissə

 

VI hissə

 

- Lənətə gələsən, minadır! – Marks dilləndi.

 

- Ayağımı çəkən kimi partlayacaq. Sən get, get uzaqlaş ki, heç olmasa birimiz ailəmizin yanına sağ gedib çıxa bilək...

 

- Yox, mən sənsiz hara gedirəm? Heç yolu da tanımıram. Hara getmək lazımdır bilmirəm. Çək, öləcəyiksə, ikimiz də bir yerdə ölək!

 

- Get, uzaqlaş! Partlayanda səsə tökülüb gələcəklər...

 

- Demirdin ki, xilas olmaq üçün yox, ölmək üçün qaçırıq! Ölək də, nə olacaq ki...

 

- Sənin başın xarab olub?! Cəmi bir neçə yüz metr aralıda səni ailən, uşaqların gözləyir! Qaç, canını qurtar!

 

- Sənin ailən, uşağın yoxdur?! Səni gözləmirlər?! Sən onların yanına sağ getmək istəmirsən? Ailənin sənin üçün heç bir dəyəri yoxdursa, o viran qalmış həyətinizdə niyə bütün gecəni tək keçirdin? Niyə səhər qayıdandan gözlərin şişib qıpqırmızı olmuşdu? Niyə biz Qarqarla qaçanda evdən gələn məktubları cibindən çıxardıb, əlinə saxladın?!

 

Bir yerdə olduqları üç gün ərzində Marks ilk dəfə idi ki, dil-dil ötürdü. Hər kəlməsi ilə də Xəqaniyə bir az doğmalaşırdı. Birlikdə yola çıxdıqlarını xatırladı. Ona güvənmirdi. Marksı ən doğma adamı kimi bağrına basdı. Bu qollar sonuncu dəfə doğma insana – Nicata toxunmuşdu. Onu dəfn edəndə... Sonra isə bu əllərlə Şövqiyə sığal çəkmişdi... Xəqani uzun zaman idi ki, heç kimi qucaqlamırdı. İndi isə Marksa sarılmışdı. Marks Xəqanini bərk-bərk tutub, pıçıldadı:

 

- Qarqardan çıxıb, gecənin zülmətində yol getməyimiz yadındadır?

 

- Yadımdadır...

 

- Ətraf zülmət idi. Sən diz çöküb allaha dua elədin ki, bizə yol ver, xilas olaq... Yadındadır?

 

- Yadımdadır...

 

- O zaman ay fırlandı və yolumuza işıq saldı, o da yadındadır?

 

- Yadımda, yadımdadır...

 

- Bax, o ayın işığını yolumuza salan allah bu dəfə də bizə kömək olacaq, möcüzə göstərəcək. Mən üç deyəndə, iki qardaş kənara atılacağıq. Ya partlayacaq, bir yerdə öləcəyik, ya da ömrümüzün sonuna qədər qardaş olacağıq... Bir... iki... üç...

 

Ölümqabağı son dəfə qucaqlaşıb, özlərini atdılar kənara. Partlayış səsi eşidildi. Bir az aralıdakı gölməçənin içinə yıxılmışdılar. Sir-sifətləri palçıq içində idi. İkisi də qorxudan titrəyirdi. Tez ayaqlarına baxdılar. Yenə möcüzə baş vermişdi. Marks deyinirdi:

 

- Deyirəm ayağımız yerindədirsə onda mina deyilmiş. Bəs görən nə idi bu? Partlamış mina olsaydı, təzədən belə səs çıxartmazdı... Amma bəlkə çıxardardı, nə bilim... Əşşi, əsas odur ki, sağ-salamatıq! İndi sən bir ağdamlı kimi mənə de görüm biz Ağdamın harasındayıq?

 

Xəqani hələ də özünə gəlməmişdi. Çətinliklə cavab verirdi:

 

- Əgər yolları minalayıblarsa, deməli buradan o tərəfi ala bilməyiblər. Qaradağlıdayıq, buradan o yana ehtiyatla getməliyik... Yenə mina ola bilər...

 

- Yəni deyirsən bu partlayan doğrudan mina idi?

 

- Bilmirəm. Əgər mina deyildisə, onda lap pis. Nəsə tələ ola bilər. Ola bilsin lap yaxınlıqda da postları var... Ayağımızla düz üstlərinə gedirik...

 

Xeyli getdikdən sonra səs eşidib gizləndilər. Kolluqlarla sürünərək, qarşıdakı otların arasına girib, uzandılar. İndi qalırdı səs gələn tərəfin hara, kimin postu olduğunu müəyyən etmək. Ya öz postlarımız idi, xilas olacaqdılar. Ya da yenidən əsir düşəcəkdilər...

 

Gün boyu cəmi 25 metr aralıdakı hərbçilərin söhbətinə diqqət kəsilib, harada olduqlarını müəyyən etməyə çalışdılar. Axşam hava qaralanda Marks kolların arasından qalxıb qışqırdı:

 

- Atmayın, biz əsirlikdən qaçmışıq!

 

***

 

Kənddə qarşılarına çıxan ilk işığı yanan evin qapısını döydülər. Qapı arxasından uşaq səsi gəldi:

 

- Kimdir?

 

Marks öz-özünə “Allaha şükür” dedi. Sonra Xəqaniyə baxıb:

 

- Hələ də elə bilirəm haradansa erməni çıxacaq, - əlavə etdi. Xəqani səsləndi:

 

- Atan evdədir?

 

Bir az keçmiş yaşlı kişi qapını açdı:

 

- Kimsiniz, nəçisiniz? Bu nə sir-sifətdir?

 

- Sarıcalıdan kimi tanıyırsan?

 

- Otuz yaşından yuxarı hamını, nədir ki?

 

- Vəli kişini tanıyırsan?

 

- Vəliyəddini? Oğlu girov düşəni?

 

- Hə...

 

- Tanıyıram. Yazıq bir il dörd aydır üzünü də qırxmır. Saqqalı sinəsinə düşüb...

 

- Bax, onun oğlu mənəm.

 

- Xəqani sənsən?

 

- Hə, mənəm! Atamgil haradadır?

 

- Səhv eləmirəmsə, Şəkinin kəndindədirlər. Bir məktəbdə...

 

- Bizi ora apara bilərsən?

 

- Apararam!

 

Həyətə girdilər. Görkəmləri elə vahiməli idi ki, uşaqlar qaçıb gizləndi. Yaşlı qadın ev sahibinə nə pıçıldadısa, kişi yenidən onlara yaxınlaşdı:

 

- Bala, gecə vaxtı yola çıxmayaq. Qalın, çimin. Səhər tezdən sizi aparım. Amma əgər siz doğrudan da Sarıcalıdansınızsa, Miri burada, qonşuluğumdadır. Çağırım görüm səni tanıyırmı...

 

- İldırım dayının oğlu Miri? – Xəqani özünü sübut eləmək üçün dilləndi.

 

- Hə, adaşımın oğludur. Çəpərin o üzündə dəri aşılayır.

 

Bir neçə dəqiqə keçməmiş Miri gəldi. Diqqətlə Xəqanini süzdü. Bu halı ilə Xəqanini heç evində də tanımazdılar. Bütün sifəti, bədəni döyülməkdən yara idi, şişib göyərmişdi, partlamış, qanamışdı. Dişləri tökülmüş, üz-gözü palçıq içində idi. Buna görə də Xəqani bir sinifdə oxuduğu Mirini qınamırdı. Əsl adı Arzu idi, sadəcə kənd camaatı onu Miri kimi tanıyırdı. Bircə sinif jurnalında adını Arzu yazırdılar. Elə indi də Xəqani onu “Arzu” çağıranda, Miri hönkürüb, uşaqlıq dostunu qucaqladı...

 

Arxada dayanan İldırım kişi arvadına hirsləndi:

 

- İmkan vermədin axşam-axşam muştuluq alam!

 

***

 

Miri Xəqani ilə Marksı Şəkinin Cəfərabad kəndinə gətirəndə gecə idi. Xəqani qapını döymək istəyəndə açıq olduğunu gördü. O hələ bilmirdi ki, girov yolu gözləyən ailələr gecələr də qapılarını açıq saxlayırlar. Vəliyəddin kişi böyük sinif otağının bir küncünə qoyulan dəmir çarpayıda oturuqlu yuxulamışdı. Doğrudan da, çal saqqalı sinəsinə düşürdü. İl yarımda sanki on yaş qocalmışdı. Mirinin yolda danışdıqlarını xatırladı:

 

- Vəli dayı o gündən saqqalını qırxmır. Deyir, Xəqani gələndə qırxacağam. Hərdən kimsə ümidini itirir, deyir “indiyə Xəqani sağ qalar?” Amma Vəli dayı bir gün də olsun inamını itirmir, Xəqani sağdır, gələcək deyir.

 

Xəqani məktublarında yazdığı kimi, elə qapının ağzında yerə çöküb, atasına doğru dizi üstdə sürünməyə başladı...

 

***

 

23 il sonra Şövqi Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır...

 

- Gecə atam həyətə girəndə anam oyanıb ki, Xəqaninin səsi gəlir. Nənəm deyib, “Xəqani nə gəzir, ay bala, qulağına gəlir, yat”. Anam deyib yox, onun səsidir. Qalxıblar... Deyirlər, babam yatan otağa çıxdıq ki, üst-başı cırıq, saç-saqqalı nə kökdə bir adam babama doğru sürünə-sürünə gəlir... Mən çox körpə olmuşam. Atam həmişə mənə deyir ki, dörd gün dörd gecə nə müsibətlə yol gəldim, amma sən heç məni tanıyıb, yanıma da gəlmədin... Deyir, çəkilib kənarda dayanmışam. Atam nə qədər çağırıb, gəlməmişəm. Atam əsirlikdən qayıdandan sonra bilib ki, qolum düzəlməyəcək. Gələndə elə bilirmiş artıq sağalmışam. Elə ona görə də atam gələn kimi Bakıya köçdük. Əsas mənim müalicəm üçün...

 

- Nə qədər müalicə olundunuz?

 

- Əvvəlcə hərbi hospitalda yatdım, sonra isə travmatologiyada. Orada sümüyü uzatmaq üçün qoluma İlizarov aparatı taxmışdılar. 10-cu sinifdə oxuyanda isə dövlət xətti ilə Türkiyəyə getdik. Oradakı professor dedi ki, oynağı çıxardanda damarı da, siniri də zədələyiblər. Əməliyyat çox risklidir...

 

- Nə kimi risklər var idi?

 

- Həkim dedi ki, əgər siniri bərpa edə bilsəm, 90 faiz düzəldəcəyəm. Yüz faiz bərpa etmək mümkün deyil. Amma siniri bərpa edə bilməsəm üz iflici, boynun düşməsi və s. kimi hallar baş verə bilər. Buna görə də atan da, özün də razılıq verməlisən. Atam da mənə dedi ki, özün qərar ver. Mən isə bu riski gözə ala bilməzdim. 16 yaşım var idi, öyrəşmişdim... Dedim istəmirəm... Bilirsiniz, düşünürəm ki, həyatda hər şeyə yaxşı tərəfindən baxmaq lazımdır. Girov uşaqlar haqqında çox oxumuşam. Onlara baxanda deyəsən elə ən yaxşı vəziyyətdə olanı mənəm. Atam həmişə danışır ki, o qədər var idi döyülə-döyülə ölənlər... Deyir, bizi döyüb qan içində atırdılar kameraya, günlərlə ac qalırdıq...

 

- İlizarov aparatı qolunuzda çox qaldı?

 

- Sümük müəyyən qədər uzandı, çıxartdılar. Atam gələndən sonra haradasa 2-3 il çəkdi müalicəm. Daimi deyildi, mütəmadi yoxlanmağa gedirdim ki, görək vəziyyət nə yerdədir. Ağlım kəsəndən qolumda aparat var idi. İlizarov aparatını vaxtaşırı müəyyən yerlərindən sıxmaq lazım idi. Aqşin həkim tibb bacılarına icazə vermirdi sıxmağa. Deyirdi açarını verin, qoyun özü eləsin. O bütün ömrünü belə yaşayacaq, qoy öyrənsin... Həkim istəyirdi ki, mən buna xəstəlik kimi yanaşmayım, özüm eləsəm, həyat tərzimə çevriləcək.

 

- Alınırdı?

 

- Sıxırdım... Ağrılı proses idi. Ümumiyyətlə, İlizarov çox ağır aparat idi. Çox körpə idim axı. Yeriyəndə sol tərəfim üstdə əyilirdim. Sonra aparatı çıxartdılar, yerişim düzəldi. Əvvəllər heç barmaqlarım da çox yaxşı işləmirdi, amma sonra yavaş-yavaş işləməyə başladı. İndi hər iki əlimi sərbəst işlədirəm. Ağır çəki qaldırmaqda və s. müəyyən məhdudiyyət var. Uşaqlığımın ən yaxşı vaxtlarında oyuncaqlarla yox, İlizarov aparatı ilə dolaşmışam, oynamışam. Parklarda yox, xəstəxanalarda olmuşam. Travmatologiyada rentgen həkimi var, hər dəfə məni görəndə deyir böyümüsən. Mən o həkimlərin gözünün qabağında böyümüşəm. Bütün bunlar çox ağırdır. Hər gün bir az yaddaşımdan silməyə çalışıram, amma alınmır. Axı mən hələ də o günlərin nişanəsini özümlə gəzdirirəm... Sol tərəfimdə... Düz ürəyimdən asılıb o günlərin nişanəsi...

 

- Buna görə də bu mövzudan qaçırsınız...

 

- Səbəblər müxtəlifdir. Atam üç aydır insultdan sağalıb. İkinci dəfədir insult keçirir. Birincini on il əvvəl keçirmişdi, onda daha tez sağaldı. İndi isə təzə-təzə ayağa qalxır. Bu mövzu ona pis təsir edir... Mən isə... Mən bu mövzudan qaçmayanda bir az üsyankar oluram. Məsələn, lap çoxdan namaz qılıram. Amma birdən elə məqamlar olur ki, insan dinlə dinsizliyin arasında gedib gəlir. Bilirəm ki, bu mövzuda çox danışsam, həmin mərhələyə qədəm qoyacağam. Baxın, kimsə bir günah edir, cəzasını alır. Deyirik səhvi var idi. Amma hələ üç yaşı tamam olmamış bir uşağın günahı yoxdur axı. Ona görə də üsyankar olmamaq üçün söhbətdən qaçır, olanları sadəcə qismətə bağlayıram. Bilirəm ki, qaçmasam, fəsadları olacaq. Mən də istəmirəm dindən ayrılmaq. Allaha inanıram. Atam danışır ki, onlar əsirlikdən qaçanda gecənin zülmətində hara gedəcəklərini bilmirmişlər. Deyir diz çöküb allaha yalvardım ki, bizə bir yol göstər. Elə et ki, bir də onların əlinə düşməyək. Onda ay fırlanıb yolumuza elə işıq saldı ki, inandım – Allah var...

 

- Evinizdə olduğum müddətdə nə mən Nicatdan danışdım, nə ailə üzvləriniz...

 

- Evimizdə Nicat adı çəkilən kimi valideynlərimin halı pisləşir. Məsələn, televiziyada bir veriliş gedir, orada Nicat adında adam varsa, atam o verilişə baxmır. Oğlum dünyaya gələndə atama dedim ki, ad seç. Dedi, özün seç. Nicat qoymaq istəyirəm, dedim. Amma bir şərtlə ki, öz adı ilə çağıracaqsan. Mən qardaşımın adını yaşatmaq istəyirəm. Razılaşdı, amma gördüm ki, “hə”ni ürəksiz dedi. Başa düşdüm ki, adı Nicat olsa da, “qaqaş” çağıracaqlar. Adını Ümid qoydum. Axı ümid həmişə var. O bitəndə, hər şey bitmiş olur. İstəmədim atamgil hər dəfə oğlumu çağıranda kövrəlsinlər. Onsuz da valideynlərimin ikisi də daim kədərli olur. İyulun 23-də bizdə ümumiyyətlə, heç kim gülmür. İyulun 20-də isə atamın ad günüdür, onu da elə təmtəraqlı qeyd etmirik. Əsasən əsirlikdən gəldiyi günü, 30 noyabrı doğum günü kimi qeyd edirik. Əsirlikdən noyabrın 26-da qaçıb, 30-da gəlib çıxıb. Atam bu günü həm bizimlə keçirir, həm də Marksla...

 

- Marks sizə gəlir?

 

- Yox, ikisi kənarda görüşüb otururlar. Harada olurlar olsunlar, əllərində nə iş olur olsun, artıq 21 ildir hamımız bilirik ki, noyabrın 30-da Marksla atam görüşüb, bu günü qeyd edəcəklər. Onların söhbəti tamam başqadır...

 

- Atanızla münasibətiniz necədir? Hər şey haqqında rahat danışa bilirsiniz?

 

- Çox səmimiyik, aramızda elə məsafələr yoxdur. Uşaqlıqdan məni çox sıxıb – ora getmə, bura getmə. Əslində başa düşürdüm, bilirdim ki, narahat olur. Axı bir şeyi itirəndən sonra əlində qalanların qədrini daha yaxşı bilirsən. Atam artıq bir övladını itirmişdi, bunun nə demək olduğunu bilirdi. Mən də onu başa düşürdüm. Amma uşaq idim, çox vaxt dönüb-dolaşıb, eyni mövzunun üstünə qayıdırdıq...

 

- Hansı mövzunun?

 

- Qoluma görə kompleksim var idi, həyətə düşüb oynamaq istəmirdim. Axı böyük olanda heç kim üzünə vurmur. Uşaqlar isə qanmır, görürdülər öz qolları belə deyil, çoxlu suallar verirdilər. “Sən niyə beləsən” soruşurdular. Mən də bu suallardan yayınmaq üçün həyətə düşmürdüm. Onda da atam hirslənib, məni danlayırdı ki, sən qoluna görə utanmamalısan. Haradansa yıxılıb belə olmamısan. Başını dik tutub gəz! Böyüdükcə isə mənə atadan çox böyük qardaşı əvəz edib...

 

- Məktəbdə necə, həyətdəki kompleksləri yaşamısınız?

 

- Məktəbdə heç bir problemim olmayıb. Heç kim bunu mənə hiss etdirməyib. Xətai rayon 249 saylı orta məktəbi bitirmişəm. Nə bir gün dərs buraxmışam, nə də 4 almışam. Ancaq 5! 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olunmuşam. Orada da heç bir problemlə rastlaşmamışam. Sənədlərimdə hərbi əməliyyatlar getdiyi zonada xəsarət aldığım qeyd edilib. Buna görə də dekan qrup nümayəndəsinə tapşırmışdı ki, Şövqinin nə problemi olsa, kömək edərik. Mən isə elə oxumuşam ki, heç kimin köməyinə ehtiyacım qalmayıb. Heç vaxt istəməmişəm ki, qoluma görə kimsə mənə xüsusi yanaşsın... Bu gün çalışdığım yerdə də işimi normal görürəm və ətrafdan özümə qarşı heç vaxt fərqli münasibət hiss etmirəm. Amma bütün bunlara rəğmən, hamı sülh istəsə də, mən istəmirəm. Qorxuram ki, sülh 20-30 il sonrakı azərbaycanlılarla ermənilərin dostlaşması üçün zəmin yaradacaq. Demək, tarix yenə təkrarlanacaq. Bu iki xalqın heç vaxt dostluq etməməsini arzulayıram.

 

- Və ən sonda atanızın əsirlikdən gətirdiyi məktubları görmək istəyirəm...

 

- Bir qadın jurnalist illər öncə haqqımızda yazmaq üçün gəldi, məktubları da özü ilə apardı. Gətirəcəyəm dedi, gətirmədi... Atam nə qədər zəng edib xahiş etdi, o isə yazını hazırlayıb qəzetə verəndən sonra lazımsız bir əşya kimi məktubları harasa atdı... 18 məktub idi. Bizim atama yazdığımız məktublar və atamın evə göndərdiyi... Bu hadisə atama çox pis təsir elədi. Hələ də əsirlikdə o məktubları necə qorumasından, hər səhər, hər gecə oxumasından danışır... Elə bir az da buna görə jurnalistlərdən incikdir, heç kəslə görüşmək istəmir...

 

Artıq sayını itirmişəm, neçənci dəfədir müsahibim qarşısında eyni səbəbdən həmkarlarım adına xəcalət çəkirəm... Buna görə də söhbəti dəyişməyə çalışıram... Fotoqrafımız gəlir, şəkillər çəkilərkən o sol çiynini çevirir... Eyni ilə atasının əsirlikdə söhbət etdiyi uşaqlıq şəklindəki kimi... Bu duruşunda illərin vərdişi hiss olunur... Onun fotoqrafımızdan gizlətdiyi körpə əlindən hələ də Nicatın yapışdığını görürəm... O əl hələ də ölümündən öncə Nicatın yapışdığı əl boydadır, böyüməyib... Bəlkə də Şövqinin sol qolu, özü dediyi kimi, ürəyindən asılan qolu onun vücudunda tək müharibə dəhşətini yox, həm də Nicatın ömrünü yaşadır...

 

Aramızda böyüməyən tək Şövqinin qolu deyil. Zatən biz – müharibə uşaqları heç birimiz böyümədik. Uşaq da ola bilmədik... Buna görə də Şövqinin sol qolu mənim üçün müharibə uşağının simvoludur... Bizim hamımızın – kiminin içində, kiminin də dışında böyüməyən bir hissəmiz var...

 

Yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ehtiramla...

 

SON

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7247
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar