Nicat Əliyev
15 sentyabr 2016 12:09 (UTC +04:00)

Nicat Əliyev

“Oğlunun qanlı üzünü silib, elə paltarlı da məzara qoydu...” - ƏSİR DÜŞƏRGƏSİ

Vüsalə Məmmədova 23 il əvvəlki dəhşətləri Lent.az-a yazır...

Məndən “səadətə toxunmaq, onu sığallamaq, oxşamaq necə olur?” deyə soruşsalar,  “bu - bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır”, - deyə cavab verərəm. O beş guşəli, yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk tutmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm. Yəqin elə buna görədir ki, 30 ay ərzində dinlədiyim və yazdığım (dinlədiyim bütün hekayələri yazmamışam) talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu...

Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin bu hekayətini yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ithaf edirəm...

***

Tankların eşib dağıtdığı yollar maşını silkələdikcə əl-ələ tutan iki qardaş bir-birinə baxıb, sevinirdilər. Oqtay kişi ilk dəfə idi ki, maşını belə surətlə sürürdü. Onun yanında əyləşən Xəqani isə o qədər narahat görünürdü ki, əlacı olsaydı, sükan arxasına keçib, maşını kəndə doğru uçurdardı...

Nicatla Şövqi kəndə tələsən babalarını da, atalarına da başa düşürdülər. Onların təkcə başa düşmədikləri hər ikisinin qaralıb, susmaları idi. Axı indiyə kimi kəndə getmək toy-bayram idi. Buna görə də onlar qəfil xəbər alıb özlərini maşına atanda Nicatla Şövqi elə ev paltarındaca qaçıb arxa oturacaqda əyləşmişdilər:

- Uraaa! Kəndə qayıdırıq!

 

Uşaqlar müvəqqəti məskunlaşdıqları bu kəndi, evi heç cür sevə bilmirdilər. Həyatlarında birdən-birə hər şey “özgə”ləşmişdi. Ağaca çıxmaq, meyvələri dərmək, güllərə toxunmaq, yelləncəkdə yellənmək olmazdı. Hamısı özgənin idi. Çox səs etmək, deyib-gülmək, qışqırmaq, nadinclik eləmək olmazdı... Hər dəfə də etiraz edəndə anaları qulaqlarına lap astadan pıçıldayırdı:

 

- Evimizə qayıdaq, orada nə istəyirsiniz edin. Özgənin evində olmaz!

 

İndi deyəsən iki qardaşın gecə-gündüz səbirsizliklə gözlədiyi evlərinə qayıtmaq anı çatmışdı. Atası ilə babası bir göz qırpımında maşına qaçanda başa düşdülər ki, evlərinə qayıtmağı təkcə onlar yox, ailədə hamı istəyirmiş. Yəqin indi kimsə xəbər gətirib ki, artıq kəndə qayıtmaq olar...

 

Xəqani maşına əyləşib, arxaya döndü:

 

- Düşün, siz getmirsiniz!

 

Nicat atasının narahat səsindən, sərt simasından tutuldu. Yerində donub qaldı. Kəndə getməyə hamıdan çox həvəslənən Şövqi ağlayanda, Oqtay kişi maşını işə saldı:

 

- Bu saat onları düşürməyə vaxt yoxdur. Oturublar də arxada özləri üçün. Gərək ən qısa zamanda özümüzü kəndə çatdıraq!

 

Nicatın qırışığı açıldı. Sevinə-sevinə şüşədən özgənin evinə tamaşa elədi. Nicat “özgə evini” bəyənmirdi. Burada heç alça ağacı da yox idi... Burada hər şey uşağı özündən itələyir, “çıx get” deyirdi. Nicat bir an öncə bu “özgə evinin” onun həyatından yox olmasını istəyirdi. Oqtay kişi maşını yerindən tərpədəndə Nicat arxaya yıxıldı. Şövqi gülərək, böyük qardaşını yamsıladı. Hər ikisi güldü, Nicat yenə şüşədən bayıra baxdı. Artıq “özgənin evi” görünmürdü...

 

...Onlar Ağdamın Sarıcalı kəndinə doğru yola çıxmışdılar...

 

...Kəndə yaxınlaşanda yol kənarında bir hərbçiyə rast gəldilər. Oqtay kişi maşını saxladı:

 

- Vəziyyət necədi, ay oğul? Deyir, ermənilər kəndə girib...

 

- Yox ay dayı, hamısı şayiədir! Hücum elədilər, amma geri qaytardıq. Biz ölməmişik ki, kəndə erməni girsin! Narahat olmayın, arxayın gedin!

 

- Allah köməyiniz olsun, ay bala!

 

Oqtay kişi surəti bir az azaltdısa da, bir gözü yanından ötüb keçdiyi hərbçidə idi. Güzgüdən onu süzə-süzə öz-özünə deyirdi:

 

- Ağdamlı deyil, amma ləhcəsindən tuta bilmədim haralıdı...

 

- Ağdamda döyüşən təkcə ağdamlılar deyil ha, bütün rayonlardan gəliblər...

 

- Nə bilim, elə-belə dedim. Allah köməkləri olsun!

 

- Bircə evə çatıb atamgili sağ-salamat görüm! Bu dəfə kişi nə deyir-desin, yığıb özüm ilə aparacağam! Gör neçə gündür Ağdamda döyüşlər səngimək bilmir, özü də, arvad da oturublar bombanın altında. Hamı kimi sən də çıx, ara sakitləşəndə qayıdarsan də!

 

Kənddə doğrudan da sakitlik idi. Nə yollarda bir adam gözə dəyirdi, nə də həyətlərdə. Xəqaninin ürəyi xeyli sakitləşmişdi. Sakitləşdikcə də danışırdı:

 

- Deyən gərək ki, rəhmətliyin oğlu, guya sən evin içində oturub erməni ilə döyüşəcəksən?! Bir oğlun döyüşür də... Sən də çıx get otur dinc bir yerdə, oğlun da arxayın olsun ki, anam-atam təhlükədə deyil...

 

Sonuncu tini də burulanda Nicatla Şövqi səs-səsə verib, qışqırdılar:

 

- Çatdıq! Çatdıq!

 

Uşaqların sevinc nidaları Xəqanini, dörd bir tərəfdən maşına tuşlanan güllələr isə uşaqları susdurdu...

 

Avtomobil dayandı...

 

Oqtay kişi söz deməyə macal tapmamış, başı sükanın üstünə düşdü...

 

Xəqani özünü maşından aşağı atıb, əllərini qaldırdı:

 

- Atmayın, atmayın! Maşında uşaq var!!!

 

Ağacların, evlərin arxasında gizlənən erməni hərbçiləri gülə-gülə maşına yaxınlaşdılar:

 

- Nə? Uşaq var?

 

Xəqani təlaşla özünü geriyə, maşına atdı...

 

Nicat elə oturduğu yerdəcə hərəkətsiz qalmışdı... Bütün sifəti qan içində idi... Şövqi ağlayırdı...

 

Xəqani Nicatı silkələməyə başladı:

 

- Nicat! Nicat! Uşaq qorxudan huşunu itirib! Nicat! Nicat!

 

Nicatın başından üzüaşağı axan qan sanki Xəqaninin əllərini yandırırdı. Gənc ata qanlı əlləri ilə başına döyüb, oğlunu haraylayırdı:

 

- Nicat! Nicat!

 

Atasının var gücü ilə Nicatı silkələyib, özünə gətirməyə çalışmasını görən körpə Şövqi onun hərəkətlərini təkrarlamağa çalışır, ağlamağını kəsib, sağ əlini Nicatın qanlı üzünə sürtürdü:

 

- Qaqa... qaqa... qaqa...

 

Xəqani  fərqinə vardı ki, uşaq sol qolunu işlədə bilmir. Əlini oğluna doğru atanda sol qolundan yaralandığını gördü...

 

Bütün bunlar cəmi bir neçə saniyə çəkdi. Erməni hərbçiləri Xəqanini maşının içindən çəkib yerə saldılar. Təpikləyərək üzüstə uzadıb, üst-başını axtardılar. Maşından yaralı Şövqinin naləsi ucalırdı... Övladını itirən ata hönkürürdü... Hərbçilər isə nə indicə övlad itirən atanın halına, nə də yaralı körpəyə məhəl qoymadan maşını ələk-vələk edirdilər.

 

Axtarışlar bitəndən sonra Xəqaninin əl-qolunu bağladılar:

 

- Atın maşına, aparın əsirlərin yanına!

 

Xəqani əmr verən hərbçiyə döndü:

 

- Övladımı basdırmağa icazə verin, xahiş edirəm! Əlibağlı sizə təslim oluram. Heç nə istəmirəm. Maşında nə var götürün, sizin olsun! Amma övladımın meyitini belə ortada qoyub gedə bilmərəm... İcazə verin dəfn edim...

 

Hərbçilər bir-birinə baxıb gülürdülər:

 

- Nə deyir bu? Nə danışır?

 

- Yox bir, bəlkə molla da çağıraq!?

 

Xəqani istehzalara məhəl qoymadan yalvarırdı:

 

- Siz də atasınız, yəqin ki, övladınız var...

 

Bayaqdan əmr verən hərbçi əsgərlərə döndü:

 

- Türk düz deyir, biz də atayıq! Oğulun biz qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik. Qoy dəfn eləsin! Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq! Düşməndən belə intiqam almağı əldən vermək olmaz! Əllərini açın, nəzarət edin, oğlunu basdırsın! Get, türk, get oğlunu dəfn elə! İcazə veririk!

 

Əllərini açdılar. Xəqani yerdən qalxıb, axsaya-axsaya maşına doğru getdi. Hələ də maşından yerə atılarkən ayağına güllə dəydiyindən xəbəri yox idi...

 

Arxa oturacağa əyildi. Şövqi ağlamağını kəsib, hələ də qanı axan qardaşını ayıltmağa çalışırdı... Hələ üç yaşı tamam olmayan uşaq atasının gəldiyini görüb, onu sakit etmək üçün sanki indi Nicatı oyadacaq deyə daha da canfəşanlıq edirdi. Xəqani Şövqinin Nicatın saralmış sifətində gəzişən balaca, qanlı barmaqlarına baxıb hönkürdü. Əgər Şövqiyə yaşamaq qismət olsa o bütün ömrü boyu bu əllərlə böyük qardaşını axtaracaqdı...

 

Xəqani Nicatın yanına düşmüş əllərini cütləyib, qaldırdı, üzünə sürtdü, öpdü... Üzünün qanını sildi... Dünya malı nə qədər fani imiş. Evinin bir addımlığında əlinin altında oğlunun qanını silmək üçün heç nə yox idi... Qanlı əllərini öz üstünə silərək, uşağın üzünü təmizləməyə cəhd etdisə də, xeyri olmadı. Nicatın qanı dayanmaq bilmirdi...

 

Şövqinin hələ də qardaşının üzündə gəzən əlini öpüb, kənara çəkdi. Şövqi maşının bir küncündə susub oturdu. Atası Nicatı qucağına alıb, ağlaya-ağlaya maşından endi...

 

Xəqani səkkiz yaşlı oğlunun nəşi qucağında ata yurduna doğru irəlilədi... O heç vaxt bu qapıdan belə çarəsiz, ümidsiz, bitkin girməmişdi... Nicat nəhayət çox sevdiyi, arzuladığı evlərində idi...

 

Qapı açıq idi... Nicat qucağında həyətə girən Xəqani həyətə göz gəzdirdi. Kimsə gözə dəymirdi. Xəqani oğlunun saralmış bənizinə baxdı:

 

- Səni evimizə gətirdim, oğlum... Evimizdəyik... Evimizdə...

 

Çağırdı:

 

- Ata! Ata...

 

Cavab verən olmadı... İndi övlad itkisinin üstünə bir də ata-ana itkisi gəlmişdi...

 

Elə Nicat qucağında aşağı çökdü. Oğlunu bağrına basıb ağlayırdı... İndi o tək oğul itkisinə yox, məhv olan bir ömrə, puç olan bir həyata ağlayırdı...

 

Nicatı ən çox oynamağı sevdiyi alça ağacının altına gətirdi:

 

- Daha burada heç nə özgənin deyil, oğlum... Hər şey səninkidir... Bütün həyət, ağaclar... Hamısı... Nə varsa, sənindir...

 

Bel gətirib alça ağacının altında oğlu üçün məzar qazdı... Xəqani hər dəfə ayağını belə basanda, yarasından oğlunun qəbrinə qan axır, torpağı yumşaldırdı...

 

Cəmi səkkiz il öncə bu əllərlə elə alça ağacından Nicat üçün yüyürük asmışdı... Sonralar onun yelləncəyini də alça ağacından asmışdı... Nicatın ən sevdiyi əyləncələrdən biri bu ağaca çıxıb, kal alçalarla cibini doldurmaq idi...

 

İndi Xəqani övladını alça ağacına tapşırırdı...

 

Xəqani məzarın kənarında diz çöküb, Nicatı saçlarından ayağına qədər sığalladı... İçindəki üsyanı heç nə ilə yatırda bilmirdi. Oğlunun nəşini bərk-bərk qucaqladı. Bu günə qədər oğlunu bu qədər möhkəm, ürəkdən bağrına basmamışdı. Həmişə uşağı əzib incidəcəyindən çəkinir, ürək eləmirdi. İndi daha Nicatı heç nə, heç kim incitməyəcəkdi. O öz kəndində, doğma evində, sevimli alça ağacının hüzurlu kölgəsində idi...

 

...Nicatı elə qanlı paltarlarında məzara endirdi... Üzündən, əllərindən öpdü... Ürəyi soyumadı, qanlı, torpaqlı əllərini üstünə silib, yenə uşağın saralmış bənizini təmizləməyə çalışdı... Nicatın üzü qandan təmizləndikcə torpağa bulaşırdı... Xəqani bütün cəhdlərinin boşuna olduğunu, onsuzda oğlunun torpağa qarışacağını anlayıb, üzüstə oğlunun balaca məzarına uzanıb hönkürdü...

 

O, öz ata yurdunda qərib idi... Harayına gələn yox idi...

 

Nicatı ikisi – Xəqani ilə alça ağacı dəfn edirdi... Xəqani oğlunun məzarına ovuc-ovuc torpaq atdıqca, alça ağacı meyvələrini göz yaşı kimi Nicatın məzarına səpirdi... Xəqani oğlu ilə vidalaşarkən ona təsəlli verir, sanki böyük övladını yeni həyatına hazırlayırdı:

 

- Ata qurban, bəlkə də elə içimizdə ən bəxtəvərimiz sənsən... Bizim başımıza nə gələcək, allah bilir... Bəlkə hər tikəmizi bir heyvana yem edəcəklər... Bəlkə elə yerdə öldük ki, heç məzarımıza kölgə salacaq ağac belə tapılmadı... Sən cənnətdəsən, oğlum... Öz evində, öz həyətində... Öz alça ağacının kölgəsində... Cənnətdə... Cənnətdə? – Xəqani başına, dizinə döyüb soruşurdu - Axı mənim balam cəhənnəmə düşəcək nə iş görmüşdü ki? Axı o lap körpədir! Onu necə öldürmək olar?!

 

İnsan yaradanla danışarkən, üzünü səmaya tutar. Xəqaninin göy üzünə ünvanladığı sualları eşidilməz və cavabsız qalırdı; axı allahlar uşaqların can verdikləri yerlərdən çox-çox uzaqda olurlar...

 

Onun sualları yalnız alça ağacının budaqlarını diksindirirdi. Ağac da kədərlə yarpaqlarını xışıldadıb susurdu: daha onun çiçəkləməsini heç kim gözləməyəcək, budaqlarını kimsə sındırmayacaq, meyvələri yetişməmiş kimsə qopardıb cibinə doldurmayacaqdı... Artıq onun barı heç kimə lazım deyildi.

 

Xəqani məzarın üstünü torpaqladı, həyətdən tapdığı daşları gətirib düzdü... Sonra geri qayıdıb, qayınatasını da gətirdi. Oqtay kişini də alça ağacını altında, sevimli nəvəsinin yanında dəfn etdi...

 

Məzarların qarşısında dayanıb, dua oxudu:

 

- Oqtay əmi, Nicat sənə əmanət... Ondan muğayat ol... Sizi özümlə gətirdiyim üçün məni bağışlayın... Biz tələsirdik, amma sən demə çox gecikmişik... Nə atamgili xilas edə bildik, nə də... Hamımız məhv olduq... Evimiz, həyətimiz sizə əmanət... Biz gedirik, görək Şövqi ilə mənim başıma nə gələcək...

 

...Xəqani maşına qayıdanda Şövqi orada yox idi. Təlaşla sağa-sola boylananda bayaqdan onu müşahidə edən hərbçilərdən biri dilləndi:

 

- Dəfn mərasimi bitdi! Aparın türkü!

 

Onu bir maşına itələyəndə ilk gördüyü Şövqinin az qala hədəqəsindən çıxan gözləri idi...

 

Davamı olacaq... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7196
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar