“O kişini soyuducuda saxladılar, şişdi, şişdi... öldü” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
06 iyun 2016 14:04 (UTC +04:00)

“O kişini soyuducuda saxladılar, şişdi, şişdi... öldü” - ƏSİR DÜŞƏRGƏSİ

(Əvvəli burada: I hissəII hissəIII hissə, IV hissəV hissəVI hissə, VII hissə)

VIII hissə

“Əsir düşərgəsi”nin bu bölümündə kəlbəcərli Quliyevlər ailəsinin girovluq hekayətini təqdim edirik. Ötən bölümdə tanış olduğunuz Atillanın kədərli taleyini isə Qoşqarla Şuşa həbsxanasında əzab çəkən əsirlərdən danışarkən xatırlamışdım... Görüşümüzdə Qoşqarın “Görəsən indi Atilla necədir” sualına cavab olaraq danışmışdım onun hekayəsini. Atilla ilə ötən ilin yayında görüşmüşdük, o gündən imkan tapıb bu ağrılı həyat hekayəsini oxuculara təqdim edə bilməmişdim. Qoşqara danışdıqlarımı oxucularımız da bilsin deyə, ötən bölümdəki hekayəti diqqətinizə təqdim etmişdim.

 

Atilla “Əsir düşərgəsi”nin yeganə əsir qəhrəmanıdır. Bu, həm də Şuşa həbsxanasında əsirlərin girovlardan da amansız işgəncələrə məruz qaldığına bir nümunə idi... Atilla Yumaka həsr edilən VII hissə yayımlandıqdan yarım saat sonra Lent.az oxucularından biri zəng etdi... Yeri gəlmişkən, əgər “Əsir düşərgəsi”ndə hansısa başqa bir əsirin, ya girovun haqqında danışılırsa, mütləq oxucular zəng edib bu haqda bildiklərini deyirlər. Buna görə də bütün diqqətli oxucularımıza təşəkkür edirəm! Bu çətin yolu bizimlə addımladığınız üçün minnətdaram!

 

Bu dəfə oxucu dostum Atilla ilə eyni palatada yatan Lahıcdan olan əsir İslam Səfərov haqqında danışdı. İslamın əsirlik hekayəsini bütün kənd bilir, dörd il əsirlikdə qaldı, dəyişdiriləndə bütün kənd yığılmışdı evlərinə o qurban üçün....

 

“Nə qurbanı?” soruşuram...

 

“İslamın əsir düşməsi xəbəri kəndə gələndə atası bir heyvan alıb, qapıya bağladı. Oğlu əsirlikdən qayıdacağı günü qurban kəsəcəyini dedi. Həftələr, aylar keçdi... İllər dolandı... Artıq kənd camaatı yavaş-yavaş İslamın gələcəyinə ümidini itirdi... Gözlər yoldan çəkildi... Amma yollardan çəkilən gözlər İslamın atasına dikilirdi... Əsir atası hər səhər yuxudan oyanıb oğlu üçün saxladığı qurbanlıq heyvanı otlağa aparır, qulluq edir, bəsləyirdi... Heyvana bir şey olarsa, oğlu gəlməyəcək kimi bir inancı var idi kişinin... Dörd il... Düz dörd il o heyvanı oğluna qurban kəsəcək deyə bəslədi... Artıq onun bu hərəkəti kənd camaatın qəlbində bir nisgilə çevrilmişdi... Bəziləri göz yaşını gizlədərək, xısın-xısın bu heyvanın heç vaxt kəsilməyəcəyini danışırdı... Amma bir gün möcüzə baş verdi! Dörd il sonra İslam əsirlikdən gəldi... Atası öz əlləri ilə qulluq edib, gözündən kənara ayırmadığı heyvanı onun ayağı altında kəsib, bütün kəndə payladı...”

 

...Bütün hekayələri dinləmək üçün bu ölkəni kənd-kənd gəzmək lazımdır... Bu ölkədə bir nəfər tapmaq mümkün deyil ki, lənətə gəlmiş müharibə onun həyatından nəyisə əksik etməsin... Hamının bir-bir ilə bağlı, fərqli, həm də eyni dərdi var bu məmləkətdə...

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

- Şuşa həbsxanasındakı bəzi girovları işləmək üçün kənara aparır, gecələmək üçün həbsxanaya qaytarırdılar...

 

- Bəli, hərbi hissələrin qış odunlarını girovlara hazırladırdılar. Aramızdan Topxana meşəsinə odun üçün ağac kəsməyə aparılanlar var idi. Bir-iki dəfə məni də meşəyə oduna aparmışdılar. Düzdür, yaralı ayaqla odun doğrayıb daşımaq asan deyildi, amma qapalı şəraitdə işləməkdən yaxşı idi. Həbsxananın öz ferması var idi, orada girovlara ot biçdirir, donuz saxladırdılar. İşğal edəndən sonra Ağdamı sökmək üçün də girovları aparırdılar. İş çox idi. Onsuz da əsirə gördürülən işlərin hamısı ağırdır. Amma işləməyə kənara aparılan əsirlər heç olmasa havaya çıxa bilirdilər. Məsələn, Ağdamı sökməyə gedənlər həyətdən almadan, armuddan tapıb yeyə bilirdilər... İstər təmiz hava, istərsə də arada ordan-burdan tapıb ağzına atdığın meyvələr insana ayaqda qalmağa kömək edir. Yoxsa Şuşa həbsxanası elə bir yer idi ki, yayın günü içəridə soyuqdan titrədirdin... Kim Şuşa türməsində olubsa, rahatca cəhənnəmdə olmuşam deyə bilər. Təsəvvür edin, nəmişlik o səviyyədə idi ki, axşamdan quru parçanı asırdın, səhərə sıxmalı olurdu... İçəri günəş şüası düşmürdü, heç bir qızdırıcısı yox... Bu şəraitdə adamın yuxusu da yuxu olmur...

 

- Şuşa həbsxanasının sexində çarpayı hazırlayırdınız. Günə 50 min məftil kəsdiyinizi dediniz. Gecələr ermənilər gəlib kəsdiyiniz məftili çəkir, çəkisindən sayını müəyyən edirdilər. Çəki düz gəlməyəndə, məlum olanda ki, normanı ödəməmisiniz, ağır cəzalar verirdilər. Normanı ödəyəndə necə, yenə cəzalandırırdılar?

 

- Həbsxananın qaydası belə idi ki, normanı ödədin-ödəmədin, işlədin-işləmədin gündə üç dəfə döyülməli idin. Necə ki, gündə üç dəfə çörək norması var idi, bu da onun kimi bir qayda idi. Səbəbsiz-filansız gündə üç dəfə döyülürdük. Yəni normal halda. Cəzalısansa, onun cəzası ayrıca olurdu.

 

- Axı bütün günü sexdə işləyirdiniz...

 

- Döyülmək anı gələndə baxmırdılar iş vaxtıdır, ya yox. Bircə BQXC nümayəndələri gəlməzdən əvvəl döymürdülər, həmin günü də onsuzda üz-gözümüzdən görünürdü döyüldüyümüz. Tez-tez qonaqları gəlirdi, oturub yeyib-içir, keflənirdilər. Ondan sonra da “əsir döymək” mərasimi başlayırdı... Özü də xüsusi formalar düşünüb tapmışdılar ki, kim əsiri daha çox incidəcək, alçaldacaq... Bunlar başqa, amma gündə üç dəfə, işin ən qızğın vaxtı qəfil qapını açır, “çıxın həyətə” deyirdilər. Yemək paylamaq vaxtı olduğu kimi, hamı bilirdi ki, döyülmək vaxtıdır. Hamı əlində işini yarımçıq qoyub, sakitcə sexdən çıxır, gəlib həyətdə cərgədə dayanırdı... Başlayırdılar dubinka ilə döyməyə... Başa-ayağa... Hara gəldi vururdular...

 

- Neçə nəfər olurdular?

 

- İki nəfər olduğu vaxtlar da olurdu, üç, dörd, ya beş nəfər... Amma iki nəfərik, az döyək deyə bir şey yox idi. Nə qədər olsalar da, möhkəm döyürdülər...

 

- Döyülənlərin içində ölən olurdu?

 

- Olurdu... Ağdamdan bir girov var idi, adı yadımdan çıxıb, elə Tatarin deyirdilər... Bilirsiniz, hamının vəziyyəti istər fiziki, istərsə də psixoloji baxımdan o qədər pis idi ki, bir-biri ilə maraqlanan olmurdu... Adı nədir, kimdir...

 

- Təsəvvür edirəm... Hamının adı əsir idi...

 

- Bəli... Hamı da bir-birinə oxşayırdı – arıq, çəlimsiz, döyülməkdən üzü, bədəni gömgöy...

 

- Tatarin necə öldü?

 

- Bir gün o qədər döydülər ki, səhər oyanıb gördüm tərpənmir... Çağırdım, cavab vermədi... İş rejimimiz elə idi ki, 6-da sexdə olmalı idik, yatıb qalmaq, gecikmək nə idi? Silkələdik, gördük ölüb...

 

- Şuşa həbsxanasında intihar edən girovlar da olduğu deyilir...

 

- Mən şahidi olmamışdım. Amma ola bilsin. Çünki girovlar çox idi, tez-tez onu aparır, bunu gətirirdilər. Dediyim kimi, heç kimin də oturub çox söhbət eləməyə halı yox idi. Hərə öz dövründə olanları görüb. Amma məni yeni gətirəndə dedilər ki, aprelin 24-də qondarma soyqırım günü qeyd ediblər. Bu münasibətlə Kəlbəcərin Milli kəndindən bir ağsaqqalı çıxardıb həyətdə güllələyiblər... Hə, indi yadıma düşdü, sizin yerlilərdən biri də ölmüşdü...

 

- Kim idi?

 

- Aslan adlı ağsaqqal kişi... Ağdamın Tərnöyüt kəndindən idi... Bir ara bizi aparıb Xankəndində bir hərbi hissədə işlədirdilər. Hərbi hissələrdə kameralar boyda soyuducular olur. Aslanı həmən soyuducu-kameraya saldılar, təxminən 2-3 saat qaldı... Çıxardandan sonra qızdırma tutdu, ayağa qalxa bilmədi. Onlar da gəlib üstdən döydülər ki, biclik edirsən, ayağa qalxmamaq üçün belə edirsən... Səhəri günü bədəni başladı şişməyə... Çöp kimi arıq adam iki günə şişdi, şişdi... və... öldü...

 

- Yanında ailəsindən kimsə var idi?

 

- Yox, tək düşmüşdü... Çox acınacaqlı ölüm idi... Yaşlı adam, ailəsindən, uşaqlarından kənarda, girovluqda soyuducuda saxlanılsın... Sonra şişib ölsün... Ölüm hamımız üçün var, amma sizə deyim ki, əsirlikdə ölmək qədər dəhşətlisi yoxdu... Bir tərəfdən sevinirsən ki, canın qurtarır, bir tərəfdən də... deyiləsi deyil... insan kimi ölmürsən...

 

- Şuşa həbsxanasında ölənləri harada dəfn edirdilər?

 

- Türmənin 500 metrliyində azərbaycanlıların qəbiristanlığı var idi. Tatarini də, Aslanı da orada dəfn etdilər. Bilmədim sonradan meyitini biz tərəfə təhvil verdilər, ya yox...

 

- Dəfndə girovlardan iştirak edən olurdu?

 

- Ora qədər bizə apartdırır, məzar qazdırıb basdırdırdılar. Aslanı Kəlbəcərin Geşlək kəndindən olan Budaq kişiyə apartdırdılar... Bir də Mehdi kişi var idi... o ikisinə qazdırıb, dəfn etdirdilər... İndi ikisi də rəhmətə gedib...

 

- BQXC nümayəndələrinin həbsxanaya səfəri necə qalıb yadınızda?

 

- Ayda bir dəfə yarım saatlıq gəlirdilər. Şəxsən mənim yaralarıma baxıb deyirdilər ki, vəziyyətin ağırdır, səni xəstəxanaya qaytaraq. “Razısan” soruşurdular, “yox, bura yaxşıdır” deyirdim... Deməyə məcbur idim, çünki əvvəldən tapşırırdılar ki, buradan getməyə razılıq versən, ikinci dəfə həbsxanaya qaytaranda səni öldürəcəyik. Hər gələndə bizə ayaqqabıdan tutmuş, alt paltarına qədər təzə geyim verirdilər. Onlar gedən kimi “nadzorlar” hərəsi öz ölçüsünə uyğun olanını seçib götürürdü. Biz yenə o döyülməkdən cırılıb, qanımıza bulaşan cır-cındırımızın içində qalırdıq. BQXC da hər gələndə bunu görürdü, amma heç soruşmurdu hanı sənin təzə paltarın? Bu soyuqda bu nədir geyinmisən? Paltar necə oldu? Ayaqqabımız olmurdu, ayağımıza əski sarıyıb gətirdik... Əski parçalarını isə işlədiyimiz yerdən tapırdıq. Əvvəl nə sexi olmuşdusa ətrafda çoxlu cır-cındır qırıqları var idi...

 

BQXC nümayəndələri gələndə görürdülər ki, məsələn, alnımızdan qan axır. Təbii ki, bu öz-özünə qanamayıb... Bizi döyüblər ki, qan axır...

 

- Heç nə soruşmurdular?

 

- Heç nə! Sanki belə də olmalıdır, əsirə işgəncə verilməlidir. Onlar təkcə poçtalyon vəzifəsini yerinə yetirirdilər. Məktub aparıb-gətirməkdən başqa bir faydalarını görməmişdik.

 

- O da məhdudiyyətlə...

 

- Tapşırırdılar ki, üç cümlə yazın – “yaxşıyam, necəsiniz, Allah qoysa görüşərik”. Vəssəlam! Deyirdilər, bizim ancaq buna səlahiyyətimiz çatır. Ayrı bir söz yazmağa qoymurdular. Nə isə yazası olsan da üstündən qaralayırdılar. Tam səmimi deyirəm, mən o BQXC-dan ədalət görmədim. Dilimi bilməyən adam, halımdan da anlamaq istəmir... Slavik adlı erməni tərcüməçi var idi, biz nə deməyimizdən asılı olmayaraq, hər sözümüzü tərifnamə kimi təqdim edirdi... BQXC o zaman ədalətli olardı ki, bizimlə ermənilərin vasitəsi olmadan danışardılar...

 

- Ananızın taleyindən xəbəriniz yox idi, kimə məktub yazırdınız?

 

- Mingəçevirdə yaşayan əmimoğlu Şakirin ünvanını təxmini yadımda saxlamışdım, elə ona yazırdım. Bacımgil də Mingəçevirdə yaşayırdı o vaxt, onların da ünvanını bilirdim. Amma elə oldu ki, elə birinci Şakirə yazası oldum... Axı birinci məktubu BQXC ilə göndərməmişdim... Girov düşməyimiz haqqında bura teleqram vurmuşduq...

 

- Haradan? Kim vurmuşdu?

 

- Sveta Nazaryan adlı bir qadın var idi, əlaqələri çox geniş idi, Ermənistan müdafiə nazirliyində qohumları var idi. Bunun anası Əsgəranın Xoramurt kəndində itkin düşmüşdü. Biz xəstəxanada yatanda hər gün gəlirdi yanımıza. Təxminən bir həftə idi əsir düşdüyümüz. Deyirdi kim ünvan bilirsə, desin, mən ora teleqram göndərim, təki teleqramı alan adam da orada mənim anamı axtarıb, bir xəbər versin. Əvvəl dedim bəlkə yalan deyir, sonra bacımın ünvanını verdim. Sonradan bildim, qısa müddətdə Moskvadan bacımgilə teleqram gəlib ki, sizin qardaşlarınız, bacınız, əminiz uşaqları ilə girov düşüb və Xankəndində uşaq xəstəxanasındadır. Bizim haqqımızda ilk xəbəri bura o qadın çatdırmışdı.

 

- Svetanın anasını tapan oldu?

 

- Yox, heç ciddi axtaran da olmadı... Sveta hər gün gəlirdi xəstəxanaya, hər gün! İndi məndə o günlərdən qalan yeganə kağız o teleqramdır. Bacım saxlayırdı, bir dəfə gedəndə götürdüm... Dedim qoy məndə qalsın... İndi sizə danışdıqca heyfsilənirəm ki, nahaq BQXC məktublarını saxlamamışam... Çox ağrılıdır, elə bilirsən onu cırıb atsan, o xatirələr də unudulacaq, rahat yaşayacaqsan... Amma mümkün deyilmiş... Cırıb atandan sonra görürsən ki, elə hər şey olduğu kimidir... Bədənindəki hər iz, hər sızıltı o günləri xatırladır... Yaddaşından heç nə silinmir... Bəzən qəfil bir iy belə səni elə hala sala bilir ki, elə bilirsən hələ də əsirlikdəsən... İndi gələcəklər...

 

Yenidən susur... Yenə əlləri süfrənin üzərində gəzir... Bütöv barmaqlarını yarımçıq barmaqlarına sürtür... Heyf ki, bu anda onun fikrindən keçənləri oxumaq imkanım olmur... Ona rahat olsun deyə, mövzunu dəyişməyə çalışıram:

 

- Səhhətinə görə Məhəmməd əminizlə çox söhbət edə bilmədik. Şuşa həbsxanasında birlikdə olmusunuz, bir az da ondan danışmağınızı istəyirəm...

 

- Əmim yazıq... Gözünün qabağında güllə balalarının üstünə yağış kimi yağdı. İslam kimi oğlu gözünün qabağında öldü, Şahnazı gördüm deyən yox idi, Cəmilənin yaşayacağına heç ümid qalmamışdı... Validə ilə İlhamə yaralı, Bəxtiyarın yarası elə ağır idi ki, Edik əlini salıb damarını qırdı, qan tavana qədər fışqırdı... Fərmanı bizdən əvvəl Şuşa türməsinə gətirmişdilər, biz gələndə artıq dedilər onu bir hərbçi aparıb evində işləməyə... Əmim hər gün balalarının dərdinə ağlayırdı... Bir tərəfdən də yaşlı, yaralı kişinin o vəziyyətdə, o işgəncələrdə işlədilməsi... O əzablara dözməsi, amansızca döyülməsi... Zülm çəkirdi yazıq...

 

- Hərbçilər nə vaxt istəsələr gəlib həbsxanadan əsir götürə bilirdilər?

 

- Dedilər bu adam həbsxana rəisinin dostu imiş, gəlib deyib həyətdə görüləsi işlər var, iki əsir ver... Əsiri heç kim insan yerinə qoymurdu, aparıb fəhlə kimi işlədirdilər. Zəmanə dəyişmişdi, müharibədən əvvəl ermənilər gəlib biz tərəflərdə bənnalıq, xarratlıq edir, ev tikirdilər. İndi isə əsirləri aparıb həyətdə saxlayır, bütün işlərini ona gördürürdülər... Fərq onda idi ki, onlar bizim həyətdə könüllü işləyib, pul qazanırdılar. Biz isə onların həyətində qul yerinə saxlanılırdıq... Həmən hərbçiyə Fərmanla Bəşiri vermişdilər. Bəşir girov deyildi, döyüşçü olmuşdu... İkisi də cavan uşaq idi...

 

- Müşfiqin bacısını necə, xatırlayırsınız?

 

- Yox, xatırlamıram. Haqqında danışırdı... Müşfiq ilə xəstəxanada bir yerdə yatmışıq, onu həbsxanaya məndən sonra gətiriblər. Bacısı da yanına bizi aparandan sonra gətirilib. Yadımdadır, adı deyəsən Yeganə idi. Müşfiq həmişə danışırdı, “bacım Yeganə yaralı idi” deyirdi... Bizi aparanda Müşfiqi saxladılar, onun yaraları çox ağır idi, sümükləri açıqca görünürdü deyə onu tez sağalda bilməmişdilər.

 

- Şuşa həbsxanasında nə qədər qaldınız?

 

- İyunun 1-də gəldim, haradasa noyabra qədər orada qaldım. Sonra isə dövlət xətti ilə bizi bir erməni hərbçi ilə dəyişdirdilər. Ermənilər 40 girov verib, əvəzində bir hərbçi aldılar.

 

- Kim idi o 40 girov?

 

- Qarışıq idi, hər yerdən adam var idi... Şuşa həbsxanasında bizi cərgəyə düzüb, içimizdən 20 nəfər seçdilər. Demədilər nə üçün seçirlər... Maşına yığandan sonra dedilər sizi dəyişməyə aparırıq... İnanmadıq. Bizi gətirib Xankəndində bir hərbi hissəyə yığdılar. Sonra girovlar saxlanılan başqa yerlərdən beş bir, üç bir girov gətirdilər. Hər yaşda adam var idi... Axırda da bir neçə qoca qadınla kişi gətirdilər... 40 nəfər düzəldib, Ağdama gətirdilər. Artıq Ağdam işğal olunmuşdu, bizi oranın polis şöbəsində saxladılar. Düz 10 gün danışıqlar getdi, razılaşdılar...

 

- On gün necə keçdi?

 

- İndiyəcən başımıza gələnlərə şükür edirdik. Əsil zülmü orada çəkdik. Bilirdilər ki, azad edirlər, yıxılana qədər döyür, ac saxlayırdılar. Dubinka, armatur, tros... Əllərinə keçənlə döyürdülər...

 

- Qadınları da elə döyürdülər?

 

- Qadınlı-kişili bir kamerada saxlanılırdıq. Hamıya eyni əzabı verirdilər...

 

(Davamı olacaq...)

 

IX hissədə:

 

- Ağdamdan bir qoca qadın var idi, səhv etmirəmsə adı Pəri idi... O vaxtlar təxminən 90 yaşı olardı... O qədər arıq idi ki... Sonuncu günü öldü... O qadın rəsmən acından öldü. Mən, halsız hərəkətsiz adam onun meyitini götürüb, özümlə gətirdim. İlahi, aclıqdan, döyülməkdən addım atmağa taqətim yox idi, amma elə hesab edirdim ki, qucağımda heç üç kilo yük yoxdur... Yəni qadın lap qupquru qurumuşdu... Mən onun sümüklərini gətirirdim...

 

- Kiminin iradəsi zəif olur, kiminin psixikası... Eləsi var idi yaşadıqlarına görə başı pozulmuşdu... Onların vəziyyətindən istifadə edib, girovlarımızı özümüzünkülərin əli ilə incidirdilər... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10512
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar