Əvvəli: http://news.lent.az/news/171352
Əsirlər artıq səsdən bu “hüzur”un pozulmasına, ermənilərin iş başına keçmələrinə nə qədər qaldığını bilirdilər. Əgər səs çox bərkdən gəlirdisə, deməli hücum edən ermənilərdir, qrad mərmiləri təxminən on saniyə sonra “mənzil başına” çatacaqdılar. Yox, əgər uzaqdan guppultu kimi səs gəlirsə, deməli hardasa on saniyə sonra polis şöbəsinin divarları silkələnəcək. Ermənilər o uzaqdan gələn guppultunu eşidən kimi yerlərindən sıçrayır, sonra dəhlizdən qaçan ayaq səsləri gəlir, tükürpədici səslərdən bir neçə dəqiqə sonra isə təhlükə sovuşur, hərə öz işinin başına dönürdü. Eləcə də kimin əsirlərə işgəncə vermək növbəsidirsə, böyük həvəslə vəzifəsini icra edirdi.
Bu dəfə erməniləri bir saniyənin içində otaqları boşaltmağa vadar edən uzaqdan gələn guppultu idi. İndi isə o guppultular dəhşətli səsə çevrilmişdi... saniyələr öncə Ağdamdan atılan qradlar Əsgərana enirdi...
Dürdanə əmin idi ki, göydən bombaların yağdığı bir zamanda ermənilər otağa qayıtmayacaq. Bu ən yaxşı məqam idi. Bu fürsəti yaxşı dəyərləndirmək lazım idi.
Qızcığaz əlini masaya uzadıb ordakı qəndlə suxarının hərəsindən bir dənə götürür. Əllərini aşağı, çiyin çiyinə dayandığı Elşadla Valehin əlinin yanına salır. Suxarını Elşadın, qəndi isə Valehin ovcuna ötürüb yenə əlini masaya uzadanda sakitlik çökmüşdü... Bir neçə saniyə də çəkmədi ki, ayaq səsləri və söyüşlər eşidilməyə başladı.
Oğlanlar bir göz qırpımında Dürdanədən aldıqları bir tikəni ağızlarına qoyub əllərini aşağı saldılar. Səsin yaxınlaşmasından qorxan Dürdanə əlini ikinci dəfə masaya uzada bilməyib, pıçıldayır:
- Çeynəməyin, görərlər. Ağzınızda isladın, ərisin...
Valehi hələ bir aydan sonra buraxacaqdılar. Tək günahı Xocalı toylarında gitara çalmaq olan gənc, Dürdanə ilə Elşadın bu bir həftədə başına gələnləri hələ 4 həftə də artıq yaşayacaqdı... Bu bir tikə qənd onu hələ düz bir ay ayaqda saxlayacaqdı...
Vladik əsgərlərlə içəri girəndə elə əsəbi idi ki, masanın üstündəki “əksiyin” fərqinə varmadı:
- Bunlar niyə burdadır?! Aparın tullayın yerlərinə! Demədim bunlara həkim gətirin? İşin bu yerində bircə bunların ölməyi çatmırdı. Bilirsiz bunlar nə qədər çörək, siqaret, yanacaq deməkdi?
Bu, Valehlə əsirlikdə son görüşləri idi, hərəni öz kamerasına aparırlar. Ermənilərin dəmir qapıdan içəri itələdikləri bacı-qardaş üzüstə yıxıldıqları kamerada birtəhər qalxıb bir-birinə söykənirlər… Bu məzar kimi soyuq, kimsəsiz və qaranlıq kamerada onlar ancaq çiyinləri bir-birinə toxunanda özlərini insan sayırdılar…
- Dürü...
- Ay can...
- Suxarını udmamışam, indi yarısını sənə verəcəm...
- Mənim aclığım yoxdu, bacı qurban...
Açılan qapı Dürdanənin sözünü yarımçıq kəsir. Karo idi...
- Biz ermənilər mərhəmətli xalqıq. Ağlınız türklərə getməsin. Baxmayaraq ki, yaranız ağır deyil, yenə də humanistlik göstərib, sizə həkim gətirmişik. İndi o sizə il tibbi yardım göstərib, yaranızı bağlayacaq...
Düz bir həftədir bədənlərində gəzdirdikləri güllə yarasını sarımaq üçün başqa bir mərhəmətli xalqın nümayəndəsini gətirmişdilər...
- Həkim rus idi. Necə kobud adam idi, ilahi... Adamla elə davranırdı, elə bil mal həkimidi… Ayağımdakı yaranı aralayıb, spirti ora necə tökdü... Çığırdım...
Başına gəlməyən müsibət qalmayan qız ilk dəfə idi belə bağırırdı. Bu günə qədər bütün işgəncələrə səssiz qalmağa çalışmışdı... Rus həkim Dürdanənin üstünə ondan da bərk qışqırır:
- Xvatit!
Dürdanə susur... Karo isə dayanmadan danışır, minnət vururdu:
- Niyə həyasızlıq eləyirsən, ay qancıq?! Sənin xeyrinə eləyir də. İstəyirsən ayağın çirk eləsin, gedib özününkülərə deyəsən ermənilər elədi? Bunu istəyirsən? Bizə böhtan atmaq istəyirsən? Biz sizə rəhm eləyirik, sizsə… Nanəciblər!!!
Həkim ağ parça ilə Dürdanənin ayağını sarıyıb, Elşadı müayinə etməyə keçir.
- Qardaşımın böyrünə güllə qabaqdan girib, arxadan çıxmışdı. O vaxtdan bir böyrəyi işləmir. Elə güllə dəyəndə fəaliyyəti dayanıb. Rus bir məftilə pambıq doladı, spirtə batırdı, qabaqdan basdı Elşadın yarasına, məftil getdi o tərəfdən çıxdı. Bacısı ölmüş necə fəryad qopardı... O səs bu günə kimi qulağımdan getmir... Karo ilə həkim yenə düşdülər üstümüzə ki, sizə yaxşılıq yoxdur... Yaranın üstünü yapışdırıb getdi...
- Həkim ancaq rus dilində danışırdı?
- Hə, amma Karo bizimlə azərbaycanca, onunla rusca danışırdı.
Həkim işlərini bitirib fəxrlə Karoya dönür:
- Yaralılara ilk tibbi yardım göstərildi. Vəziyyətləri normaldır, hər dəqiqə düşmən tərəfə təhvil vermək olar!
Dəmir qapı yenə çırpıldı. Bacı ilə qardaş ağrıdan inildəyə-inildəyə pəncərədən düşən işığa çəkilib bir-birinə qısılırlar. Dürdanə həmişə çalışır ki, işıq birbaşa Elşadın üstünə düşsün. Mümkün qədər özünü Elşaddan gizlətməyə çalışır… Saatlar isə keçmək bilmir…
- Dürü…
- Nədi, bacı qurban?
- Həkim o məftili böyrəyimə tərəf uzadanda qorxudan udqundum, çörəyi də uddum…
- Canın sağ olsun, bacı qurban. Onsuz da buraxılırıq…
- Dürü… Bunlar nə qədər insafsızdılar…
- Ermənidə insaf nə gəzir?
- O gün gəlib məni, bir də başqa bir yaralı əsiri apardılar...
- Hara?
- Zibilliyə…
- Nə... Zibil... Zibillik hardadı ki?
Dürdanənin dili dolaşdı... Elşadın nə deyəcəyindən xəbərsiz olan qız həmən dəqiqə iki gün zibillikdə ölü kimi qaldığını düşündü... Öz-özünə “Bacısı ölmüş zibillikdə məni görüb, özümə demir... Allah məni öldürsün, görüb, görüb” deyir...
- Zibillik zirzəminin arxa qapısından çıxandadı, tualetin yanından keçib gedirlər ora...
- Həə...? Neylədiz orda bacı qurban?
- Zibil maşını gəlmişdi, əlimizə bel verdilər ki, zibili maşına yığın... Yığa bilmədik...
- Niyə... Nə gördüz ki, orda...?
- Yox, zibili qaldırmağa gücümüz çatmadı ki, ataq. Onlar da görəndə gücümüz çatmır, beş-altı nəfər birdən gəlib elə zibilliyin içində bizi saldılar dubinkanın altına. Sonra da sürüyüb gətirib atdılar kameraya...
Dürdanə rahat nəfəs aldı, sən demə Elşadın da zibilliklə bağlı öz acı xatirəsi var imiş… Dürdanədən fərqli olaraq onun xatirəsi açıb-ağartmalı idi…
Axşam qapı yenə açılır. İndi qapının hər dəfə açılması Dürdanə üçün əvvəlkindən də böyük təşviş idi. Hər qapı səsindən dik atılır, ürək səsləri qulağına gəlir, Elşad indi onun ürəyinin necə döyündüyünü eşidib hər şeyi başa düşəcək deyə ölüb-dirilirdi...
Qapını açan erməni içəri girməyib, elə ordan qışqırdı:
- Ey, türk qızı! Bura gəl!
Elşad Dürdanənin əlindən bərk-bərk yapışıb, çarəsiz halda deyir:
- Dürü, getmə... Getmə… Dürü…
- Çağırırlar axı, bacı qurban...
- Yox, çıxma kameradan, Dürü… Nə olar, getmə... getmə… Dürü…
Qapıdakı səs daha da bərkdən çağırdı... Baxışlarını Elşaddan gizlədib ayağını güclə sürüyərək qapıya doğru gedən Dürdanənin əli Elşadın əlindən sürüşüb çıxdıqca oğlan gücsüzlüyünün altında məhv olurdu. Elşadın o əldən yapışıb sıxmağa, onu saxlamağa taqəti yox idi... Bir kişi üçün, bir qardaş üçün, üstəlik düşmən əlində olan insan üçün bacısının əlindən süzülüb axması, getməsi bu günəcən fəryadlarını, bağırtılarını az qala bütün Əsgərana yayan işgəncələrdən də ağır idi...
Dürdanənin əlinə çirkli, əzik bir vedrə ilə dəmir parç verdilər:
- Apar bu suyu ver kişilərinizə. Gəl, kameranın qapısını açmışıq. Yaxşı sudu e, vedrəni səhərdən novun altına qoymuşuq, damdan əriyib tökülən qarın suyudu. Elə bil dağ suyudu... Şəlalədən axıb tökülüb...
Özünü aparmağa heyi olmayan Dürdanə su ilə dolu vedrəni yerdən güclə qaldırıb erməninin arxasınca düşür. Erməni qabaqda lağlağı edib gülə-gülə gedir, vedrəni əlində güclə saxlayan qız isə günlərdir bağırtılarını eşidib doğmalaşdığı əsirlərin hamısına su çatsın deyə elə ehmallıca davranırdı ki, o suyun bir damcısı da yerə dağılmasın...
- O kamera necə idi?
- Orda qapını açandan sonra bir də dəmir barmaqlıq var idi. Qapını açdılar, barmaqlıq qaldı. Mən parçı su ilə doldurub dəmir barmaqlıqdan əllərim əsib yerə dağıtmayım deyə ehtiyatla içəri uzadır, onlarsa alıb içirdilər... İçdikcə mənə dua edirdilər. Özləri də məndən beşbetər halda idilər, amma hamısı bir ağızdan deyirdi ki, allah yolunu açsın, bacı...
İçlərindəki yaşlı bir kişi suyu içib parçı Dürdanəyə qaytaranda gözlərini ondan yayındırmağa çalışaraq pıçıldayır:
- Sən də mənim qızım, elə elə ki...
- Neyləyim...?
- Bilmirəm bala, bilmirəm nə elə, amma elə elə ki, səni dəyişsinlər... Özü də tez dəyişsinlər...
Bədəninin açıq qalan yerlərini çamurla qan gizlədən qız bu halı ilə öz yerlilərinin qarşısına çıxmağın xəcalətini çəkə-çəkə kameraya qayıdır... Qapı açılır, Dürdanə içəri girir və Elşad dik atılır. Çırıq, çirkli paltarının, gödəkçəsinin ətəyindən su damcıları axan qızı təpədən-dırnağa süzüb bir addım geri çəkilib divara söykənir. Boğulurmuşcasına nəfəs alıb yerə çökür. Dürdanə də sakitcə onun yanına yaxınlaşıb, çiyinlərini qardaşını söykəyir:
- Su verdilər, kişilərin kamerasına apardım...
- Sonra...?
- Dəmir barmaqlıqdan su verdim içdilər, qayıtdım...
Dürdanə qaranlıqda cizgiləri güclə sezilən Elşadın nisbətən toxtadığını görür... Artıq əvvəlki kimi nəfəs almırdı, sakitləşmişdi...
- İki gün o vəziyyətdə qaldıq...
- Yenə ac-susuz?
- Hə, yeməyin adını tutan yoxdu, su da istəyəndə qar suyu gətirirlər. Bir səhər tezdən qapını açdılar ki, “Gəlin! Sizi buraxırıq!”
İnan, sevincdən uçuruq. Bilmirik nə edək, elə bir-birimizə baxırıq. Onlar da qışqırır ki, “Gəlin, maşın gözləyir!” Biz də bacı-qardaş qalxmışıq ayağa, ikimiz də ayaq üstdə dayana bilmirik, aşırıq... İndi bunlar qışqıranda ki, maşın gözləyir, birdən ürəklənib girdik qol-qola. Mən axsayıram, Elşad da böyrünü tutub, yarası incidir. Amma o lənətə gəlmiş zirzəmidən elə surətlə çıxmağa çalışırıq ki, elə bil ilan ağzından qurbağa qurtulur… Heç bilmirik bizi doğrudan dəyişməyə aparırlar, yoxsa indi də bu cür ələ salırlar, amma qol-qola girib alovdan, oddan qaçan kimi bacardığımız qədər tez oranı tərk eləməyə çalışırıq…
Palçığın, qanın içində olan bacı-qardaş qol-qola girib sevinclə ömürlərinin ən dəhşətli anlarını yaşadıqları zirzəmidən sanki qaranlıq dünyadan çıxırmış kimi çıxırlar. Ayaq üstdə dayanmağa halları olmasa da elə xoşbəxt idilər ki… Əsgəran milis şöbəsinin qarşısında dayanan UAZ maşınının yanında dayanan ermənilər qol-qola girib sevinən bacı-qardaşa baxıb gülür, ələ salmağa başlayırlar…
- UAZ-ın arxa qapısını açdılar, gördük içəridə də üç nəfər var...
- Onlar kim idi?
- Kəndçilərimiz. İki bacı və bir də Gülöyşə adlı qadın...
- Onlar nə halda idilər?
- Çox yaxşı halda idilər. Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur. Biz bir-birimizdən yapışıb güclə ayaq üstdə dayanmışıq, üst-başımız cırıq, qan, palçıq... Baxan bilir ki, başımıza gəlməyən müsibət qalmayıb...
- Bəs onların üst-başı necə idi?
- Elə Xocalıdan, evdən çıxdıqları kimi...
- Onları incitməmişdilər? Bəs harda qalmışdılar bütün bu müddəti?
- Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb. Hamısını evdə saxlayıblar. Qadın dedi məni incitməyiblər. Əyin başlarından da bilinirdi ki, yalan demir. Amma bizim əyin-başımıza baxan dərdimizə ağlayırdı...
- Axı kənd ermənisi ilə rayon ermənisinin fərqi nədə idi?
- Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əsgərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu. Fərq onda idi ki, rayon ermənilərini kənar qüvvələr qızışdırırdı, kənddəkilər isə heç kimi görmürdü. Onlara təsir edən yox idi…
- Maşındakıların içində rabitəçi var idi?
- Biz beş nəfər telefonçu idik. Mən, Səbinə var idi, əvvəlcədən helikopterlə çıxmışdı. Həmən gecə növbədə olan rəhmətlik Gülbahar... Meşədə şəhid oldu. Bir də Gülşən xala ilə Reyhan xala...
- Onlardan əsir düşən olmuşdu?
- Hə, amma əsirlikdə bir gün qalıblar. Bir gün qalanlara çox əzab verilməyib. Həm də onları da kənddə saxlayıblar. Elə qızıllarını, pullarını əllərindən alıb buraxıblar. Düzdü, əsir düşməyin qorxusu adama bəsdi, amma yenə bizimlə müqayisədə onlara şükür. Bizim başımıza gələnlərin çoxunu heç açıb deməli deyil… Bir şey deyim, bunu mütləq yaz. Mən həmişə bir şeylə fəxr eləmişəm ki, əsirliyə kişi kimi düşüb kişi kimi çıxmışam. Satqın olmamışam. Elə kişilərimiz var idi ki, vətənə xəyanətə görə həbs olundu. Axı ora cəhənnəmin özü idi, heç ordan kişilər belə mətin çıxa bilmirdi... O müsibətlərə duruş gətirmək asan deyildi. Birinci ona görə fəxr edirəm ki, son günəcən öz aparatımın arxasında əyləşmişəm, son günə qədər rabitəçi olmuşam. Müharibədə yararlı olmuşam, öz postumu tərk etməmişəm, son ana qədər “alo” demişəm, fəryad qopartmışam ki, “Bizə kömək edin!”
Bir də onunla fəxr eləyirəm ki, orda allah mənə güc verib, dözmüşəm, satqın olmamışam...
- Bəlkə bir neçə kəlmə də satqınlardan danışasız...
- Amma adını çəkməyəcəm. O kişini xocalıların hamısı yaxşı tanıyır. Atası müəllim idi. Gözümün qabağında ermənilərlə oturub çay içirdi.
- Harda gördüz?
- Məni döyməyə aparırdılar, dəhlizdən keçəndə gördüm. O da məni gördü. Mən nə gündə, suyum dama-dama keçirdim, o isə ermənilərlə danışıb-gülürdü. O orda bizim oğlanları necə satdı... Hələ özü bu vaxta qədər gəlib çıxmayıb.
- Buraxmayıblar, yoxsa...?
- Öz xalqına, vətəninə xəyanət edən adam düşmənin nəyinə lazımdı? Onsuz da hamımız bir cana borcluyuq, nə vaxtsa öləcəyik... Gərək dara düşəndə bunu unutmayasan. Beş-altı il bundan əvvəl televizorda belə bir xəbər verdilər ki, ermənilər onu dəyişmək istəyib. Sərhədəcən də gətiriblər. Sonra UAZ dönüb gedib, qaytarıblar.
- Niyə?
- Dedilər guya hansısa bir orqanı yox imiş, ona görə. Ya əlini kəsiblər, ya ayağını, bilmirəm. Hansısa orqanını çıxardıblar deyə, ermənilər qaytarıb aparıblar ki, guya bizimkilər onu qəbul eləməz.
- Cavan adam idi?
- O vaxtlar 30-a yaxın yaşı olardı. Amma gərək bir satqından danışanda beş də qəhrəman oğullarımızdan deyim. Xocalıda Faiq adlı var oğlan var idi. Gəncədə ali təhsilini yarımçıq qoyub döyüşməyə gəlmişdi. Əsir düşdü, erməni dedi torpağı öp, öpdü. Dedi denən torpaq ermənilərindi, dedi azərbaycanlılarındı. Elə o yerdə də ağzından güllələdilər.
Sinif yoldaşım var idi, Rüfət. Bakıda Pedaqoji Universitetdə oxuyurdu. Ara qarışanda qiyabiyə keçib Xocalıya qayıtdı ki, mənim bir anam var, onu qorumalıyam. Evin tək övladı idi, itkin düşdü. Atası da yox idi... Yazıq anası tək böyütmüşdü...
- Anası indi yaşayır?
- Anası çox yaşamadı, xərçəng oldu, döşünü kəsdilər, öldü. Övlad dərdi öldürdü onu. Bir bala saxlayasan, onu da erməni apara, ilim-ilim itə. Sağın boş, solun boş. Kimə övlad deyəsən? Heç olmasa meyiti gələ, dəfn edəsən, sonra gedib məzarında ağlayasan... Yoxsa bir ana tək övladının yolunu neçə il gözləyə bilər?
Şuxəddə xala... Üç oğul böyütmüşdü. Biri müharibədən əvvəl ölmüşdü, ikisi də əsir düşdü… Bu günə qədər də nə öldü xəbərləri gəlir, nə qaldı…
- O ana yaşayır?
- Son illər öldü... Pirşağıda dəfn elədilər.
- Kim?
- Kimi qalmışdı ki? Məzarını dövlət götürdü...
- Əsirlikdə onun oğlanlarına görmüşdüz?
- Hə, mənim yanımda döyüb yaralayıblar… Qonşumuzda Matan xala var idi. Üç oğlu ilə əsir düşmüşdü, qızıllarını, pullarını alıb onu buraxıblar.
- Bəs oğlanları?
- Matan xala ha yalvarıb ki, balalarımı da verin, verməyiblər. “Yaşlı qadınsan, get. Səni buraxırıq” deyiblər. Zakir, Elyar bir də Elşad. Üçünü də saxladılar…
- Oğlanların taleyindən xəbər çıxdı?
- Yox…
- Neçə yaşları olardı?
- Zakir olardı hardasa 25-26 yaşlarında. Elyarın 23-24 yaşı güclə olardı. Elşadın isə 16-17 yaşı olardı. Elə yaraşıqlı, mərifətli, qəhrəman uşaqlar idilər ki… Üçü də döyüşürdü…
- Ailə quranı var idi?
- Zakir evil idi, iki körpəsi qaldı…
- Matan xala necə, yaşayır?
- 6-7 il olar rəhmətə getdiyi… Allah heç bir anaya göstərməsin əli ilə balasını düşmənə verib qayıtmağı… Ürək qalar?
Dürdanə adları sadaladıqca mən “Əsir düşərgəsi” layihəsini nə qədər gecikdirdiyimi bir daha anlayıram...
O isə gördüyü işgəncələrdən danışır:
- Rabitəçi idim deyə dirənirdilər səndə məlumat çoxdur. Elə şeylər soruşurdular ki...
- Nələri soruşurdular?
- Rəhmətlik Əliflə (Əlif Hacıyev) bağlı çox soruşurdular. Bir də Elman (Elman Məmmədov) müəllimlə bağlı. Deyirdim bilmirəm kimdilər... Əlif qəhrəman oğul idi. O təmiz ermənicə bilən uşaqları yığıb hazırlayır, erməni kəndlərinə kəşfiyyata gedirdi...
Döyülməkdən yerdə düşüb qalan Dürdanənin başını ayaqlarının altına qoyub sıxırlar. Bir qulağı yerə dirənib. O biri qulağı isə ağır əsgər çəkməsinin altındadır. Erməni əlinə aldığı kəlbətinlə qızın dilini dartıb çıxardır, “Danış! Danış! Canavar, susma!” deyirdi...
Dürdanə nə qədər əzablı olsa da bunun son olacağını, daha bu əzaba tab gətirməyəcəyini, kəlbətinlə bir yerdə ağzından canının da çıxaracaqlarını sanıb, susur, ölümü dörd gözlə gözləyirdi...
- Dinmirdim ki, qoy öldürsünlər canım qurtarsın. Bir candır, kimdən artığam? Atamdan, anamdan, yoxsa meşədə ölənlərdən artığam?
Yenidən Əsgəran milis şöbəsinin qarşısında dayanmış UAZ-ın yanına qayıdırıq. Maşının arxasında beş nəfər üz-üzə oturub, dörd qadın və Elşad.
Ağdamın Qarağacı qəbiristanlığına çatanda maşından enirlər...
- Atamın uyuduğu qəbiristanlıq... Orda dəfn eləmişdik. Hər il anam bizi yığıb Xocalıdan Ağdama, atamın məzarı üstünə gətirirdi... O vaxtlar gündəlik tutmuşdum, ora ancaq atam haqda yazırdım...
- Məsələn, nə yazırdız?
- Yeniyetmə dövrüm idi. “Atalı xoşbəxt günlərim, atasız bədbəxt günlərim” yazırdım. İndi ayağımı UAZ-dan yerə, atam uyuyan torpağa qoyanda ilk ürəyimdən keçən bu oldu: “Allah, keç günahımdan. Atamı aldığın üçün çox ağlamışam, bağışla. Nə yaxşı ki, sən zamanında atamı aparmısan. Nə yaxşı ki, mən indi bu halımla erməni əlindən çıxıb qayıdanda məni orda, o başda atamın gözləmədiyini bilirəm. Allahım, sənə çox şükür ki, məni bu kökdə atama göstərmədin...” Ürəyimdə bunu deyə-deyə də ora-bura boylanıram ki, görüm atam görmür? Axı həmişə bura gələndə atamın yanına gedirəm demişəm. Elə bilmişəm mən gələndə ayağa qalxır, sevinir ki, “bacım gəlib”...
- Karo harda idi?
- Yanımızda! Son ana qədər yanımızda oldu. Vladiklə Karo həmin UAZ-la gəlmişdi. Amma postda bizə hardasa 15 nəfərəcən erməni hərbçi də qoşuldu. Xeyli adamıq...
Dəstənin başında Vladik gedirdi. Ondan sonra Karo, sonra isə bir neçə hərbçi… bir neçə hərbçi isə əsirləri nəzarətdə saxlayır, gözdən qoymurdular. Bir-bir əsirlərin əlindən tutub qarşıdakı xəndəyi də keçirdilər və “Qarağacı” qəbiristanlığında məzarların arası ilə beş nəfər – üçü sağlam addımlarla, ikisi isə sürünə-sürünə irəliləyirdilər...
Əsirlər uzaqdan Vladiklə söhbət edən adamları gördülər. Hər iki tərəfin nümayəndələri üz-üzə dayanıb nə isə danışırdılar...
Əsirlikdə sonuncu saniyələrini yaşayan gənclər sıra ilə düzülüb həyəcanla qabağa, Vladikin söhbətləşdiyi adamlara tərəf boylanır, sanki onların arasında öz doğmalarını axtarırdılar. Lap az qalmışdı, ermənilər elə indicə onları təhvil verib, alacaqlarını alıb, geri qayıdacaqdılar ki...
Vladik geriyə dönüb komanda verir:
- Əliboşdular! Deyirlər heç nəyimiz yoxdu, heç nə vermirik. Qaytarın bunları geri!
Cəmi bir neçə dəqiqə sonra onlar yenə UAZ-ın arxasında üz-üzə oturmuşdular… Köhnə maşın qradların darmadağın dağıtdığı yollarda silkələnir, ikinci dəfə əsir düşmüş beş nəfəri tale kimi atıb-tuturdu…
(Davamı olacaq…)