I hissə
Bu səfər başqa səfər idi...
Səfərdən öncə duyğular, fikirlər haçalanmışdı. Getmək üçün “ürəyim atlanırdı” desəm düzgün olmazdı... Bir tərəfdən də məni heç kim oraya zorla göndərmirdi. Amma getmək lazımdır. Getməliydim, - üzərində işlədiyim “Əsir düşərgəsi”nin ikinci bölümünü tamamlamaq üçün getməliydim...
Ayaqlarım yerimirdi... Məni hətta özümdən alıb çox-çox uzaqlara aparan illərdən sonra Ağdama dönmək istəmirdim... Baxmayaraq ki, Ağdama yox, Ağdamın Quzanlı kəndinə gedirəm, yenə də çəkinirdim. Özümə, taleyimə, zəifliklərimə qalib gəldiyim mübarizəyə xərclədiyim illər hədər gedəcək, bu səfər məni yenidən enəcək, zəiflədəcək deyə qorxurdum...
Sürücü artıq Bərdəyə girdiyimizi deyəndə səhər saat 9 idi. Dərhal maşını saxladıb, aşağı endim... 23 il sonra Ağdamın bir neçə kilometrliyində idim... Geriyə, Bakıya qayıtmaq üçün bəhanə axtarırdım. Nədir bu qədər cəsarətsizlik? Müharibənin fəsadları ilə apardığım “müharibədə” topladığım gücüm, taqətim birdən-birə tükənmişdi...
Bərdənin girişində məcburi köçkünlər üçün salınan şəhərciyə getdim. Bura Ağdamdan qayıdanda gələcəkdim deyə, məni heç kim gözləmirdi... Taleyindən girovluq keçən insanlarla görüşdüm. Qərarımı vermişdim, onları dinləyib, gecə ilə Bakıya qayıdacaqdım... Habil Aslanoğlunun məni qarşılamaq üçün Bərdəyə gəlməsi planlarımı dəyişdi. İkimiz də APA-nın əməkdaşı olsaq da, indi tanış olurduq. Ona qorxularımdan söz etməyi özümə sığışdırmayıb, maşına əyləşdim... Ağdama doğru yola çıxdıq...
Bərdədən Ağdama gedən yolda oradan necə çıxdığımı xatırlayırdım...
...Avtomobilin içinə güclə yerləşən 10 nəfər qadın və uşağın biri mən idim... Səhər açılmamış başımıza yağan bombaların altından bir maşına doluşub çıxmışdıq... Yuxudan yarımçıq qalxmışdım. Saçlarını daramağa macal tapmadığımdan pırpız başlı gəlinciyim də qucağımda dörd olmuş gözlərimlə ətrafa baxırdım... Yollarda maşın tapmayan qadınlar uşaqlarını bağrına basıb qaçaraq şəhərdən çıxırdılar...
İlk dəfə onda düşündüm ki, müharibələrin mövcud olduğu dünyada ana olmaq nəyə gərək ki...?
Sanki şəhəri sonuncu dəfə gördüyümü hiss edirmişcəsinə ətrafa boylanır, hər küçəni, ağacı, cığırı yaddaşıma həkk etmək istəyirdim... Maşının güzgüsündən mənə gözləri yaşarmış, qara, uzun saçları dağılmış, gəlinciyini qucağına basan çarəsiz, qorxu içində titrəyən bir uşaq baxırdı... O vaxtdan 23 il keçib... İndi həmən vaxt yaddaşıma həkk etmək istədiyim mənzərələri hey xatırlamaq istəsəm də, yadıma övladını harada gizlədəcəyini bilməyən analar və gəlinciyini qucağına basan o dağınıq saçlı uşaq gəlir... Bir də içimi yeyib dağıdan o fikir: “Kaş ki, getdiyimizdən atamın məzarı xəbər tutmasın...”
Həyatımda hər şey dəyişib... O günlərdən məndə gəlinciyimdən başqa heç nə qalmayıb...
İndi, yuxudan bomba səsinə oyanıb gəlinciyini qucağına basıb qaçan körpə 23 il sonra eyni yolu qayıdır... Bir vaxtlar bu yollarda gələcəyin heç vaxt gəlməyəcəyini zənn etsə də, indi keçmişin heç vaxt ötüb keçməyəcəyini duyur... Quzanlıya yaxınlaşdıqca həmən uşağın səsi qulaqlarımda cingildəyir: “Görən gəldiyimi atamın məzarı bilirmi?”
...Habil Aslanoğlu “Əsir düşərgəsi”ni oxuduğunu deyir... Suallarına necə cavab verdiyimin fərqində deyiləm... Bomboş yollarda gözümə övladını qucağına basıb vahimə ilə qaçan analar görünür... Mənə elə gəlir ki, bu yollara övladını qucağına basan çarəsiz anaların heykəlləri düzülüb...
Maşının güzgüsünə baxıram... Yol da həminkidir, mən də. Amma indi qucağımda gəlinciyim yox, diktofonla fotokameram var. O uşağın gözlərində “indi necə olacaq” sualı var idisə, bu gözlərdə izah edə bilmədiyim bir bədbinlik var...
Habil işlə bağlı suallarına qırıq-qırıq cavab verdiyimi görüb, Ağdamdan söz salır:
- Ağdamın harasındansınız?
- Qarağacıdan... – qeyri-ixtiyari cavab verirəm. Eynən 23 il əvvəl, Ağdamdan çıxarkən maşından ətrafa baxdığım kimi boylanıb, yaddaşıma həkk olunan mənzərəni yenisi ilə əvəzləmək istəyirəm. Habil sualına cavab almayınca əl çəkən deyil. Yenidən soruşur:
- Harasından?
- Qarağacı... Atam oradadı...
- Hmm... Allah rəhmət eləsin...
Söhbətimiz bununla da başa çatır. Habil kəndin girəcəyinə qədər susur. Kəndə yaxınlaşanda maşını saxlayır:
- Aşağı enək, Ağdamla şəklinizi çəkim!
Ağır hərbi texnikanın gurultusu altından tərk etdiyim torpaq məni dalğalanan Azərbaycan bayrağı ilə qarşılayır... Küçələrdə arxayın, heç yerə tələsməyən insanlar, bir-birinə bənzəyən evlər var... Daha çox maketə bənzəyən “Çay evi” gözümə çox süni, yad görünür... Mən hələ də ətrafa həmən yuxulu və hövlnak uşağın gözü ilə boylanıram... Anlayıram... ikimiz də o qədər dəyişmişik ki... Tanınmayacaq qədər...
Ağdamlıların “balaca Vətən”ə çevirdiyi Quzanlı kəndi əl-ayağı kəsilsə də, yaşamaq üçün çabalayan insanı xatırladır...
Artıq kəndin içində, Ağdamın hələ də işğal altında olan Qarağacı qəbiristanlığının daha da yaxınlığındayıq... Atamla məni cəmi bir neçə kilometr məsafə ayırır... Ağlım kəsəndən heç vaxt bir-birimizə bu qədər yaxın olmamışdıq. Buralarda dəli küləklər əsmir. Yüngül meh səni ən doğma adamı kimi tumarlayıb, başına dolanır. Bu təmasdan özünü ən sevimli insanın ağuşunda hiss edirsən. Meh üzünə, gözünə, boğazına toxunub, qoxunu alır... Bu mehin səni qarşılamaq üçün Qarağacıdan dolanıb gəldiyini düşünürsən...
***
Quzanlıya Fəxrəddin Abışovu görmək üçün gəlmişəm. Ötən ilin mayından müsahibəyə razılıq versə də, görüşümüz heç cür baş tutmurdu. Onun haqqında danışan döyüş yoldaşı Rey Kərimoğlunun “Çox utancaq adamdı, çətin ki, müsahibə verə...” deməsindən sonra özüm tədbir görməli olduğumu başa düşdüm. Adətən müsahiblər danışmaqdan imtina edib, o günləri xatırlamaq istəməyəndə israr etmirəm. Bu dəfə isə yəqin ki, ağdamlı olduğumuz üçün bir axşam ərklə qapısını döydüm.
Mən və APA-nın Quzanlıdakı nümayəndələri – Habil Abbasoğlu ilə Ziya İsmayıloğlu onu evində gözləyirdik. Üzündəki mülayim təbəssümü ilə ruhundakı yaşanmamış gəncliyin əzabını gizlətməyə çalışan görkəmi var idi. Həmən anladım – danışmayacaqdı!
Ümumi tanışlar tapmağa çalışdım və deyəsən alındı. Söhbətimizin 3-cü dəqiqəsində qohumluq bağlarımızı kəşf edib, diktofonumu çıxartdım:
- Jurnalist olduğumu unudun. Biz qohumuq axı... Bir qohum kimi yaşadıqlarınızı mənə danışmalısınız.
Habillə Ziya həmkar dəstəyi göstərib, “Biz də qohumları baş-başa qoyaq” deyərək, həyətə çıxdılar. Fəxrəddin gülərək qızının açdığı süfrədə yer göstərdi:
- Nə deyirəm, danışım...
Onu məcbur eləmişdim... Buna görə özüm də narahat idim. Müsahibə boyu gözünü aşağı dikib, başına gələnləri sanki pıçıldayaraq qısa epizodlarla danışması vicdanımı sızladırdı...
Beləliklə, Lent.az-ın “Əsir düşərgəsi”ndə daha bir gerçək əsir hekayəsini təqdim edirik:
- Milli qəhrəmanımız Şirin Mirzəyevin dəstəsindəki ilk könüllülərdən olmuşam.
- Nə qədər döyüşdünüz?
- 1991-ci ildə döyüşə könüllü yollandım. 1992-ci ildə “Qazançı əməliyyatı”nda yaralandım. Bakıda hospitalda müalicə olunduqdan sonra yenidən öz hərbi hissəmə qayıtdım... Hadisə 1993-cü il, fevralın 9-da baş verdi... Ergidə... Xocavəndin Kuropatkin kəndi ilə üz-üzə postumuz var idi... Ermənilər hücum etdi... Onda oldu nə oldusa...
- Nə oldu? Hadisə necə baş verdi?
- Əslində əməliyyatı biz hazırlamışdıq, onların üzərinə hücuma keçəcəkdik. Bütün qüvvələrimiz hazırlıq vəziyyətinə gətirilmişdi. Gecə ilə həm silah-sursat, həm də canlı qüvvə ilə postlarımızı gücləndirdik. Çox inamlı idik, amma necə oldusa... (Güclə eşidiləcək səslə pıçıldayır) arxadan “otboy” komandası gəldi, hücumu dayandırdıq...
- Axı niyə?
- Bilmirəm. Qərarı yuxarılar verirdi... Bir elə hazırlığın qarşısında hücum edə bilmədik. Əvəzində elə həmin gecənin səhəri ermənilər hücuma keçdilər... Mən minomyot batalyonunun komandiri idim. Səhər tezdən öz postuma yollanırdım... Axşamdan əməliyyat üçün apardığım əlavə silah-sursatı geri qaytarmalıydım... Ergidəki postumuzun arxasında qərargah məntəqəsi var idi, yəni post ilə əlaqə yaratdığımız yer... Ora ilə postun məsafəsi də xeyli var idi... Təxminən 5-6 kilometr...
Onsuz da baxışlarını yerə dikib gizlədirdi... İndi isə tamamən üzünü çevirdi... Sanki divara danışırdı. Səsinin tonunda hədsiz iztirab duyulurdu...
- Həmən günü qar yağmışdı, yer palçıq idi... O yolu hər maşın gedə bilmirdi... Mən öz postuma yollandığım vaxt onların hücumu başladı... Qarşılaşdıq... Bizim KamAZ-ı vurdular...
- Neçə nəfər idiniz?
- Üç nəfər. Mən, sürücü Vaqif və gənc əsgər Ziyəddin. Hərəmizin başına bir iş gəldi... Vaqif öldü, mən əsir düşdüm, Ziyəddin isə...
***
“BMP-1”dən açılan atəşdən KamAZ silkələnib alışdı. Sürücü Vaqif göz qırpmağa macal tapmamış həyatla vidalaşdı. Zərbə Fəxrəddini maşından 7-8 metr kənara atmışdı. Ziyəddin isə hələ də yanan maşının içində idi. Erməni hərbçilərinin yaxınlaşdığını görüb, alovu özünə sığınacaq seçmişdi. KamAZ elə alovlanırdı ki, erməni hərbçiləri yanan maşının içində kimsə olduğunu güman etmədilər.
Taleyin alovun içindən alıb kənara atdığı Fəxrəddin huşunu itirmişdi. Bu, bir neçə dəqiqə çəkdi. Erməni hərbçiləri ona doğru yaxınlaşanda, Fəxrəddin qalxıb qaçmağa başladı. Yaralanmamışdı, qaça bilirdi. Amma tək idi. Onlar isə çox... Fəxrəddini yaxalamaq onlara çətin olmadı. Elə bir yerdə onu dövrəyə aldılar ki, nə qaçmağa yer qalmışdı, nə də müdafiə üçün silahı... Hadisələr artıq yanan KamAZ-dan çox uzaqda baş verirdi.
Hərbçilərdən biri əlini silaha atdı:
- Bir türk itini də burada gəbərdək!
- Dayan! – ikincisi müdaxilə etdi, - Avtomatı yığışdır! Türk əsgərinə belə asan ölüm yaraşmaz. Qoy əzab çəksin. Əl-qolunu bağlayıb yola ataq. Sonra da BMP ilə üstündən keçək! Sonra qayıdıb bir də keçək! Əzilib torpağa qarışana qədər BMP ilə tapdayaq!
Digərləri də ikinci hərbçinin təklifini dəstəkləyirdi ki, başqa biri dilləndi:
- Türkü öldürməyin, mənə verin!
- Neynirsən türkü Hayk? Qadın da deyil ki, deyim bir faydası olacaq! Nə deyib babalarımız? Türk əsgəri gördünsə, başını ilan başı kimi əz!
- Onu mənə verin! – Hayk israrla dilləndi – Qardaşım keçən döyüşdə əsir düşüb. Saxlayıb, qardaşımla dəyişdirəcəyəm...
Mübahisələr başladı. Kimi Fəxrəddinin başını ilə buradaca kəsməyi təklif edir, kimi də yox olub torpağa qarışana qədər BMP ilə əzilməsini tələb edirdi. Hayk israrla döyüşçü yoldaşlarını Fəxrəddini ona verməyə razı salmağa çalışırdı...
(Davamı olacaq...)
II hissədə:
- Ağdama hücum edəndə Yusifcanlı kəndindən üç yaşlı adam tutub gətirmişdilər. Bir ağsaqqal, bir də yaşlı ər-arvad... Eyni kamerada qalırdıq... Qadınlı, kişili hamımıza eyni işgəncələri verirdilər...
- Əsirin anası ilə arvadı kameraya gəlib, mənimlə görüşdülər. Gizlicə yemək də gətirmişdilər...