Əvvəli: http://news.lent.az/news/171672
Təxminən saat 12 radələrində köhnə UAZ Xramort kəndində sadə, kiçik bir evin qarşısında dayanır. Maşının arxa qapılarını açıb onlara “Enin!” əmrini verəndə birinci sağlam əsirlər, ən axırda isə cır-cındır paltarlarının ətəyindən su damcılayan Dürdanə ilə Elşad ürkək-ürkək UAZ-dan düşürlər. Bacı-qardaş bir-birinə yapışıb, ilk dəfə əsir düşüb Əsgərana gətirildikləri günü xatırlayırlar. Sadə xalq onlarla necə amansız davranmışdı... İndi növbəti işgəncə başlayacaq deyə qorxudan tir-tir əsəndə maşın səsinə qaçaraq küçəyə çıxan altmış yaşını haqlamış bir erməni qadınının naləsi bütün kəndə yayılır:
- Bu uşaqları bu halda görən ana yazıq deyil? Niyə onları bu hala salmısız? Allahdan qorxmursuz? Nə idi onların günahı? Nə idi mənim günahım ki, balam gülləyə tuş gəldi? Mən onu sizin lənətə gəlmiş müharibəniz üçünmü böyütmüşdüm? Hamınızı lənətə gələsiz! Sizin də, onların da başda oturanları lənətə gəlsin ki, bizi, kasıb xalqı bədbəxt elədiz! Hər şeyləri var deyə qudurdular! Biz kasıblarınsa bircə balası var idi, onları da əlimizdən alıb güllə qabağına göndərdilər. Allah cəzanızı verəcək! Verəcək...!!!
Məlum olur ki, beş nəfər əsiri yanacaq, çörək və siqaretlə birgə həm də bir döyüşçü meyitinə dəyişmək haqda razılaşıblar. Allahverdi Bağırov Vladikə “Hələ heç nə hazır edə bilməmişik, ancaq axşama çatdıracağıq” deyəndən sonra onlar bir də Əsgərana qayıtmamaq qərarına gəliblər. Onlarla öz meyitinin arxasınca gələn erməninin dəvəti ilə Xramort kəndinə gedib, orda gözləmək daha sərfəli idi. Axı mümkün qədər yanacağa qənaət eləməli idilər...
Ana neçə müddətdir ölən balasının cəsədini alıb dəfn eləyə bilmirdi. Onun öz xalqına olan qəzəbini sırf bu üzdən xoş görən ermənilər susur, qadına cavab verməməyə çalışırlar. O isə oğul meyitini gözlədiyi halda qapısına gələn bu beş naməlum insanı, xüsusi ilə meyitdən də dəhşətli halda olan iki gənc bacı-qardaşı öz balasının yerinə qoyub əllərini dizlərinə çırpa-çırpa ağı deyir, nalə çəkirdı...
Onları içəri dəvət edirlər. Kiçik həyətdə iyirmi nəfərlik süfrə açılıb. Bu, nəhayət ki, meyitin gələcəyini gözləyən valideynlərin öz adətləri üzrə oğlanlarına açdığı ehsan süfrəsi idi...
Əsirləri və hərbçiləri həmin masaya, ehsan süfrəsinə dəvət edirlər. Hərbçilər süfrəyə oturan kimi iştahla yeyib-içməyə başlayırlar. Əsirlər isə süfrəyə əl uzatmırlar. Bunu görən ev sahibi süfrədəki bütün təamlardan bir-bir öz ağzına qoyub halına ağladığı əsirləri inandırmağa çalışır:
- Balamın adına and olsun ki, heç birinə zəhər qatmamışam. Tərtəmizdi, yeyin, rənginiz özünüzə gəlsin. Baxın, mən də yeyirəm, heç nə qatmamışam. Allah bu müharibə edənlərə lənət eləsin! Nə mənim günahım var idi, nə də sizin. Mən neynirəm o torpağı ki, onda oğul basdıracam.
Qadın danışdıqca əllərini dizinə döyüb ağlayır, eyni sözü təkrar edirdi:
- Nə sizdə günah var, nə də bizdə! Allah səbəbkara lənət eləsin! Bax, nə kasıbçılıqla böyütdüyüm oğlum öldü. Hələ meyitini də görməmişəm. Gör siz nə haldasız... Nə günah sahibisiz ki, axı siz? Sən allah yeyin, baxın, mən də yeyirəm, siz də yeyin...
Qadın gözünün yaşı yanağından axa-axa süfrədəki toyuq soyutmasını götürüb dişinə çəkir, üstündən də erməni süfrəsinin vazkeçilməzi olan turşudan yeyir, dayanmadan hökuməti söyüb, lənət oxuyur, yemək yemələri üçün əsirlərə yalvarırdı...
Sərhədə meyit dalınca gedib əliboş qayıdan erməni Elşadın qarşısındakı stəkana araq süzür:
- Oğul, bunu içək bizim şəhidin ruhuna!
Elşad böyüdüyü ailədə heç vaxt süfrədə spirtli içki görməmişdi. İçkinin dadını belə bilmirdi. Əlini tərpətmədi. Ev sahiblərinin qonaqpərvərliyindən, humanistliyindən təngə gələn Karo onların dərdinə şərik olmaq üçün sussa da, bu yerdə bağıraraq bütün acığını Elşada tökür:
- İç deyirlər, iç də! Zəhər deyil, zəqqutun deyil! İç!
Karonun məsələyə qarışmasından qorxan Dürdanə masanın altından ayağı ilə Elşada toxunur. Bu o demək idi ki, “iç...”
Elşad araqla dolu köhnə stəkanı dodaqlarına yaxınlaşdırır...
Ağlamağını kəsməyən qadın Elşadın içməyindən ürəklənib o biri əsirlərə üz tutur:
- Bilirəm, sizdə qadınlar içmir. Amma yeyin, qurban olum, bir tikə yeyin... Meyitini görmədiyim balamın ehsanıdır, yeyin, savab olsun. Yeyin...
Elşad içəndən sonra Karo qadınlara üz tutub qışqıraraq “yeyin” əmri verir...
- Neçə günün acı, yemək iylərindən çox pis ürəkbulanmam başlamışdı...
- Ölən cavan idi?
- Bilmədim, amma dedilər ki, rütbəsi böyük imiş...
- Qadın ki, sizə qarşı elə canıyananlıq elədi, nə əcəb qalın, isti paltar vermədi?
- Paltar vermədi, amma corab verdi.
- Əsirlərin içində ayaqyalın olanı bircə siz idiz?
- Hə. Bir Elşad, bir də mən. O birilərin əyni qalın idi. Bizsə corabsız və ayaqqabısız... Arvad mənə bir cüt corab, bir də qırmızı rəngli, damalı şərf verdi. Dedi corabı geyin, şərfi də bağla ayağına, soyuq olar. Cavan qızsan, özünü qoru... Corabı geyinib, şərfi bağladım ayağıma...
Hava qaraldı. Axşam təxminən saat 5-6 arası olardı ki, onlara “Qalxın!” əmri verilir. Qadın, əsirləri bir-bir bağrına basıb öpür, ən yaxın adamını uzaq səfərə yola salırmışcasına vidalaşırdı. Üst-başı palçıq, su və zir-zibil içində olan Dürdanəyə bərk-bərk sarılan qadın dua eləməyə başlayır:
- Allah köməyin olsun, bala. Allah bundan sonra yolunu açıq eləsin. Gedin, siz gedin ki, mənim də meyitim gəlsin. Gəlsin, onu dəfn edim. Anası ölmüşə toy eləməmişəm, heç olmasa yas eləyim...
Qaranlıqda köhnə UAZ Ağdamın “Qarağacı” qəbiristanlığında dayanır. Yenə Vladiklə Karo qabaqda, sonra hərbçilər, sonra da hərbçilərin müşayiəti ilə əsirlər irəliləməyə başlayırlar. Hər şey səhərki kimidir, bircə hava qaralıb və məzarlıqda qurd-quş ulayır... Dürdanə səkkiz gün əvvələ qədər bu səslərdən dəli olardı, indi isə bu səs onun ruhunu da incitmir. 8 gün qonşu kameradan gələn bağırtılar qulağından getmirdi, o səslərin yanında məzarlıqdan gələn səslər nə idi ki? Bununla ancaq uşaq qorxutmaq olardı. Kameradan gələn bağırtılar isə dünyanın ən vahiməli səsi idi...
Qaranlıqdan istifadə edən Dürdanə guya ayağına bağladığı şərfi bərkitmək üçün aşağı əyilir. Qalxanda əlini cibinə salır... Heç kim qızcığazın atasının qarışdığı torpaqdan bir ovuc “oğurlayıb” cibinə tökdüyünün fərqinə varmır...
Vladikgil onlardan aralanmışdı, qarşıda kiminlə nə danışdıqları görünmürdü. Martın ilk günlərində Ağdam məzarlığında hava soyumaqla bir şaxta başlamışdı ki, Dürdanə ilə Elşad şaxtadanmı, yoxsa sövdələşmənin bu dəfə də alınmayacağı qorxusundanmı titrədiklərini anlaya bilmirdilər... Qaranlıqda nə baş verdiyini görməyən əsirlər artıq bütün ümidlərini itirməyə başlamışdılar ki, isti çörək iyi gəlir... İsti çörək, “ev iyi” get gedə yaxınlaşır... və bir neçə dəqiqədən sonra erməni hərbçiləri kisələrə doldurulmuş Ağdamın zavod çörəyini əsirlərin yanından keçirib, maşına tərəf aparırdılar... Onların arxasınca bloklarla siqaret və böyük çəlləklərlə yanacağı daşımağa başladılar. Bu vaxt Karo onlara yaxınlaşıb Elşadın yaxasından tutub özünə tərəf çəkir:
- Get, bu qızın qanına qurban ol! O öz qanını satıb səni aldı. Əgər o qancıq olmasaydı, biz səni, döyüşçünü verməyəcəkdik! Səkkiz gündü əlimizdəsiz! Belə tezliklə heç bir döyüşçü əlimizdən qurtara bilməyib! Get, nəfəsin gələnə qədər bu qancığa sağ ol de...
Elşad növbəti dəfə məhv olmuşdu... Başqa bir hərbçi isə kinayə ilə “sağollaşdı”: “Gedin orda deyin ki, torpaqlarımızı azad edək, bir gün də Bakıya, neftimizin dalınca gələcəyik!”
- Bəs meyiti aparmaqlarını görmədiz?
- Mən görmədim. Elə çörək dolu kisələri yanımızdan aparanda iyi vurdu. Gözümüzə işıq gəldi... Ac adam çörəyi yeyəndə gözünə işıq gəlir, bizsə bir də geri qaytarılmayacağımızın sevincindən bilmirdik nə edək... Bloklarla siqaret, bir də rayonda hamı küçəyə, darvazasının qabağına qoyub zibil tökdüyü çəlləklərdən 4-5 dənə dığırlaya-dığırlaya aparıdılar. Bir də bir neçə 20 litrlik kanistr gördüm. Bəlkə də meyiti verməmişdilər...
Nəhayət... Batalyon komandiri Allahverdi Bağırov qollarını açıb onları qucaqlayır...
- Bizi elə qucaqladı, elə bil öz balasıyıq... Başladı ağlamağa...
- Orda başqa kim var idi?
- Atamın ögey qardaşı Haqverdi əmi Ağdamın Xalq Cəbhəsində idi. Allahverdi ilə bərabər döyüşürdü. O da orda idi...
- Bütün ümidinizi itirəndən sonra dəyişdirilmişdiz. Nə hiss edirdiz?
- Heç azad olduğumun fərqində deyildim, canıma vicvicə düşmüşdü.
- Niyə?
- Axı Allahverdi də, Haqverdi əmim də saqqallı idi, qorxurdum... Saqqal mənim üçün indi də ən qorxulu şeydi. Beynimə elə həkk olunub ki, bu gün də küçədə saqqallı adam görəndə, içimə qorxu dolur, az qalıram qaçıb gizlənəm...
Maşına minməzdən əvvəl Dürdanə əmisinə pıçıldayır:
- Əmi, gedək atamı görək..
- Hara tələsirsiz? Gedək evə, rahatlanın, sonra özüm sizi atanızla görüşməyə gətirəcəm...
Sonralar Elşad həmişə Dürdanəyə deyəcəkdi, “Dürü, gərək sonuncu dəfə atamla görüşərdik...”
Onları təcili yardım maşınına oxşayan bir maşına mindirib qəbiristanlıqdan surətlə uzaqlaşdırırlar. Maşın xeyli gedəndən, məzarlar görünməz olandan sonra yolun kənarına çəkilib dayanır, qapı açılır... Hələ də əsirlikdə yaşadıqları dəhşəti unutmayan Dürdanə ilə Elşad hər qapı səsindən qorxmağa alışdıqlarından bir-birinə sığınıb nə baş verəcəyini gözləyirdilər ki... maşına iki yeniyetmə, kiçik qardaşları Elmanla Eldəniz minir...
Tərpənməyə halı olmayan Elşadla Dürdanənin gözlərindən işıq parlayırdı. Demək ki, bu dünyada hansısa qapı açılanda ordan içəri insanın doğması da girə bilərmiş... Axı onlar bir-birlərinə deməsələr də, qayıdanda özlərini hamını ölmüş görəcəklərinə hazırlamışdılar.
Kiçik qardaşlar sevinclə əsirlikdən qayıdan bacı-qardaşına sarılır. Onlarınsa qolları artıq doğmalarını qucaqlamaq üçün belə tərpənmək gücündə deyildi... Hər ikisi kiçik qardaşlarının qolları arasında meyit kimi cansız dayanmışdılar... Dürdanə güclə eşidiləcək səslə soruşur:
- Anam... Anam... sağdı...?
- Hə Dürü, hamı sağdı!
- Elşad... Bizi aldadırlar...
- Allaha and olsun sağdır, özü də hospitaldadır. Güllə böyründən girib qalıb içəridə... Amma yaxşıdı... Sizi görüb lap yaxşı olacaq...
İçi əsirlərlə dolu maşın Ağdamın 1 may küçəsində Müxəstə arvadın evinin qabağında dayanıb üst-başları zir-zibil içində, saçları dağınıq iki gənci, Elmanla Eldənizi və bir neçə hərbçini maşından düşürdüb, yoluna davam edir...
Maşın səsinə qaçaraq küçəyə çıxan Müxəstə arvad hərbçilərlə qapının qabağında dayanan nəvələrinin görkəmini görəndə onları qucaqlamaq üçün açılan qollarını birləşdirib başına-başına döyməyə başlayır:
- Ay allah, cavan yaşında balamı aldın, günahım nə idi ki, indi də mənə belə dağ çəkirsən? Mənim balalarım kimə neyləmişdilər ki, bu hala düşdülər? Necə götürürsən? Niyə göydən daş yağdırmırsan? Mənim qız balamın nə kökə düşdüyünü görmürsən?
Qadın qışqırıb özünü döyə-döyə nalə çəkirdi...
- Ata nənəm sağlam qadın idi, onu bizim dərdimiz öldürdü... Bizi nə halda gördüsə əlini atıb dilini də cırmışdı, ağzı dolu qan idi. Üz-gözündə salamat yer qoymamışdı, sifəti qan içindəydi. Evə girdik ki, hamı yığılıb. Məlum, artıq Ağdamda qız-qadın yox idi. Ancaq ağbirçək qadınlar və kişilər. Hamı yığıldı başımıza. Dedim birinci anamı görmək istəyirəm ki, doğrudan sağdı? Nənəm dedi “Atanın goru haqqı sağdır”. Onda biz az toxtadım ki, nənəm yalandan atamın goruna and içməz.
Nənələri hərəsi Dürdanəni bir tərəfindən qucaqlayıb, ortalarında oturdurlar. Dürdanə Firuzə nənəsindən soruşur:
- Necə gəldin nənə? Yaralanmamısan?
- Yox, başına dönüm. Yaxşı gəlmişəm, heç “çust”umun burnu da palçığa batmayıb. Nənəsi boyuna qurban olmuş Elşad çaydan keçirəndə məni qucağına aldı, heç islanmadım da, qupquru gəlmişəm, narahat olma... Elə şalım belimdə, çalmam başımda, “pensiyam” da qoynumda. Pul kisəmi boynumdan asanda gülürdüz, görürsən? Bircə anana güllə dəydi, dedim qorxma Nübar, sənə kömək göndərəcəm. Getdim gördüm qabaqda bir hərbçi var, dedim qızıma güllə dəyib, ölür, gedin gətirin. Sağ olsunlar, gedib gətirdilər.
Neçə gündür “nəvələrimdən xəbər yoxdu” deyib boğazından tikə keçməyən nənə əriştə bişirmişdi:
- Neçə gündü acsız, mədəniz boşdu, əvvəl su için, sonra sulu yemək yeyin. Yeyin canınız qızsın, nənə qurban. Əvvəlcə suyunu için, mədəniz boşdu... 8 gün ac qalan adama birdən-birə yemək vermək olmaz.
Qaşığı ağzına aparan Dürdanənin yenə ürəyi bulanmağa başlayır. Nənəsi tez dillənir:
- Qorxma nənə qurban, neçə gündü acsan ona görə... Ye, ye keçəcək...
Müxəstə arvad Dürdanəni də götürüb həyətdəki hamama gətirir. Nəhayət, nənə ilə nəvə təklikdə qala bilirlər. Dürdanə sinəsi cırıq paltarının üstündən geyindiyi ağ gödəkçəsinin qabağını bağlayıb, üstündən də yaxasını əlləri ilə tutmuşdu ki, paltarının sinəsinin haracan cırıq olduğunu kimsə görməsin... Heç əriştə içəndə də gödəkçəsini soyunmamışdı...
Müxəstə arvad üfunət iyi verən gödəkçənin yaxasını dartıb açır. Dürdanə sinəsinin cırığı göbəyindən də aşağıya uzanıb gedən qırmızı paltarı ilə nənəsinin qarşısında dayanmışdı. Qadın Dürdanədən heç nə soruşmaddan cəld hərəkətlə qırmızı paltarın yaxasından dartıb qalan yerlərini də cırır, bir neçə saniyənin içində yumurlayıb hamamın bir küncünə tullayır:
- Bunların hamısını yandıracam! Nənə sənə qurban, heç birini görməyəcəksən! Hamısı yadından çıxacaq!
Atasının məzarı olan Qarağacı qəbiristanlığından götürdüyü bir ovuc torpaq da gödəkçənin cibində hamamın küncünə atıldı... Dürdanə nənəsinə torpaq haqda deyib onun dərdini təzələməmək üçün öz-özünə “Nənəm yandırmamış cibindən torpağı boşaldaram” deyə düşünür...
Müxəstə arvad hamamdakı vannanı su ilə doldurub bədəni qapqara və gömgöy olan Dürdanəni suya salır:
- Nənəm şampunu tökdü suya, köpük qalxdı... Saçlarım vannanın içinə dağıldı. Bədənim cızıq-cızıq, hər yanım göynəyir... Canımın ağrısı suda keyiməyə başladı...
Nənə əllərini yaralı nəvəsinin bədənində ehmalca gəzdirir, onu incitməmək üçün sanki yeni doğulmuş körpəni çimizdirirmiş kimi ehtiyatla davranırdı... Ürəyi parça-parça olan qadın bu templə çox dayana bilmir, tez-tez əllərini Dürdanənin bədənindən çəkib zərblə öz sinəsinə, başına, üzünə çırpır, fəryad qoparırdı: “Mən nənən ölsün, ay bala!”
Müxəstə arvadın naləsi hamamda əks səda verir, ordan da bomboş boşalmış Ağdamın səmalarına yayılırdı... Böyük şəhər o qədər kimsəsiz idi ki, qadının naləsini eşidən yox idi...
- Yazıq arvad o hamamda özünü nə günə qoydu…
Dürdanənin uzun, qara saçlarının palçığını yuyan Müxəstə arvad bu dəfə iki əli ilə sinəsinə döyməyə başlayır...
- Mən nənən ölsün, ay bala. 8 günün içində saçın ağarıb. İndi bildim sənin nələr çəkdiyini... Deməli sən orda bu ağaran saçlarının sayı qədər zülm çəkmisən. Özü də sol tərəfin ağarıb... Saçlar ürəkdən su içir axı...
Nənə Dürdanəni çimizdirib yarasını bağlayır, sonra evdən özü ilə gətirdiyi paltarları, yun kolqotkanı ona geydirib, cızıqlı, gömgöy olmuş bədəni tamamən qapayır. Bütün sirləri gizlətməyə çalışan qadın Dürdanənin saçlarını darayıb qurudur, hörür...
Gecə nənəsinin açdığı yumşaq yataqda Dürdanənin gözünə yuxu getmir... Tezliklə səhərin açılmasını, hospitala gedib anasını görməyi istəyirdi...
***
Səhər Dürdanə ilə Elşad yuxudan oyanıb mətbəxə keçəndə, artıq nənə stolun üstünə iki stəkan şirin şərbət hazırlayıb qoymuşdu:
- Nənə qurban, birinci şərbəti için, ürəyinizdə dursun. Halınız yoxdu...
Cəmi 8 günün içində dərdin, ağrının böyütdüyü uşaqlar yenidən nəvə olmuşdular, nənələri nazları ilə oynayır, qayğılarına qalırdı... Elşad şərbəti içə-içə:
- Nənə, Dürü orda mənə bir tikə çörək qurusu oğurlayıb verdi e...
- Allah məni öldürsün, allah məni öldürsün!!!
Müxəstə arvadın yenidən başına-gözünə döyməsi Elşadı ağzını açmağa peşman eləyir və oğlan susur.
Səhər yeməklərini yeyib, maşına əyləşib hospitala yola düşürlər. Müxəstə arvad çox rahat idi, necə də olsa Dürdanənin başına gələnləri bitdə-bitdə danışan görkəmini dəyişmiş, bədəninin bütün yaralarını gizlətmişdi. Onu bu halda anasına göstərmək olardı...
- Güllə hələ də ayağınızdadı? Sizə həkim baxmayıb?
- Hələ yox, güllə ayağımdadır. Axsaya-axsaya, sürünə-sürünə gəzirəm. Getdik hospitala. Ağdamda dəmir yolu vağzalında vaqonların içində hospital düzəltmişdilər... Anama yaxınlaşdıq...
Yataqda uzanan Nübar arvad gözlərini vaqonun tavanına zilləmişdi. Heç onların üzünə də baxmırdı...
- Biz gəlmişik...
- Neyləyim? Kim gəlmədi ki? Bircə mənim balalarım gəlib çıxmadı... (Ağlayır)Mənə mənim balalarım lazımdı, siz yox. Bəs onlar nə vaxt gələcək? Siz də orda mənim balalarımı görmədiz?
- Ana, biz gəlmişik....
- Ana, bizik... Mənəm, Elşaddır... Dürüdü... Gəlmişik, yaxşıyıq...
Elşad anasını qaldırır. Yaralı qadın gah oğlunu, gah da qızını öpməyə başlayır. Öpür, öpür və huşunu itirir...
- Üç-dörd gündən sonra da anam xəstəxanadan çıxıb nənəmgilə gəldi. Qəfil bombardman düşdü, aləm qarışdı bir-birinə, Xalq Cəbhəsi bizi bir avtobusa yığıb göndərdi Bakıya. Burda məskunlaşdıq.
- Bəs gödəkçənizin cibindəki torpaq?
- Heyf... O gödəkçəmin cibində qaldı...
- Güllə nə qədər ayağınızda qaldı?
- Bizi Bakıda xəstəxanada əməliyyat elədilər. Elşadın yarası neçə ay işlədi, mənim ayağımdakı yara isə bəlkə bir il işlədi. O vaxtlar 2 saylı tibb texnikumunun yataqxanasında məskunlaşmışdıq. İkinci mərtəbədə qalırdıq, yuxarı hamısı tələbələr idi. Bu çoxluqda sıxılırdım. Orda adımı demirdilər... “Əsirlikdən çıxan qız” deyirdilər, havalanırdım. İndiyəcən yadımda, bir dəfə toppuş bir qız yaxınlaşdı ki, əsirlikdən gələn qız sənsən? Özümə yer tapa bilmirdim... Bir dəfə anamla bir qonşu nəyinsə üstündə sözləşdi, çıxdım ki, ayıbdı, səs salmayın. Qonşu qayıtdı ki, sən səsini kəs, sən erməni əlində əsir olmusan... Söz tapmadım, üzümü tutub girdim içəri...
Bütün bu əzablara yenidən rabitəyə işə düzələndən sonra son qoyulur:
- Komutatorun qarşısında oturanda elə bildim yenə kənddəyəm. Toxtadım, güc aldım. Elə bil heç nə olmayıb... Axı işə gedəndə həmişə tələsirdim ki, tez çatıb oturum komutatorun qarşısında... Bütün həyatım orda keçib, 16 yaşımdan rabitəçi işləmişəm.
Dürdanə yataqxananın dar otağına dərdləri, sirləri ilə birgə sığınmışdı. Köhnə, işlənmiş bir rəngli televizor almışdılar. Bütün günü anası və nənəsi ilə yanaşı oturub ona baxırdılar...
- Gedib onu çıkkaçık burur, kanalları dəyişir, yenə gəlib otururduq. Gözüm televizorda, fikrim isə başqa yerlərdə olurdu. Anam baxıb deyirdi bir söhbət elə, niyə danışmırsan. Deyirdim nədən danışım? Anam elə hey çalışırdı məndən nə isə söz alsın, görürdü daşdan səs çıxır, məndən yox. Özümü onun yanında elə aparırdım ki, guya dünyanın ən xoşbəxtiyəm.
Bu müddət ərzində neçə il müalicə olunur. Oturduğu yerdə ürəyi gedir, dişləri kilidlənir, qıcolması tuturdu. Bütün pirləri gəzdirirlər, həkimə aparırlar...
- Həkim dedi ürəyində problem yoxdu, ərə getməlisən. Bizim həkimlər axı hər şey üçün “ərə get” deyirlər... Amma bir adamın ağlına gəlmədi ki, bu qız 8 gün erməni əsirliyində qalıb... Dildə 8 gün demək asandı, onu yaşamaq... Üstəlik də cavan qız üçün... Kişiyə nə var, qardaşım da əsir düşüb, amma mənim qədər əsəbi deyil... O bu həyata daha tez alışdı. Çünki heç kim ondan “Əsirlikdə sənə neylədilər” deyib soruşmurdu. Hətta neçə dəfə özümə qəsd eləmək istəmişəm...
Dürdanə düz yeddi il gələcəkdən bütün ümidini üzmüş halda yaşayır. Sabahından heç nə gözləmədən...
- Heç vaxt ağlıma gəlməzdi ki, mən ailə quraram, qucağıma övlad alaram.
26 yaşı olanda tanış olduğu adam rastlaşdığı ilk insan idi ki, onun erməni əsirliyində olduğunu biləndə əlavə sual verməmişdi... Evlənirlər, beş il övlad gözləyirlər...
- Həmişə bir evin xanımı, bir kişinin qadını və bir övladın anası olmağı hər şeydən çox istəmişəm. Qızım doğulanda sevincimin həddi-hüdudu yox idi... Əsirlikdə olanda bir gün bu qədər xoşbəxt olacağım ağlıma gəlməzdi... Sanki allah bütün əzablarına dözdüyüm üçün məni mükafatlandırdı... Dedi qoy könlün açılsın... Bir evdə xanım olmaq, bir evdə ana olmaq elə gözəl şeydir ki...
- İndi vəziyyətiniz necədi?
- O müsibətləri yaşayan adam necə olar? Başımda divara çırpılmaqdan yaranan şişlər hələ də qalır, ağrıları tutanda tərpənə bilmirəm. Şəkərim var, infarktım var. Hələ bunlar azmış kimi üç il əvvəl belimdən ağrılar tutdu, həkimlər dedi sənin onurğanda ləkə var. Çoxdan qaralıb, indi çürüyüb...
- Bu nə idi?
- O döyülməklərin altını mən neçə il sonra da çəkirəm demək... Elə pis olmuşdum ki, bu dərd məndən heç vaxt əl çəkməyəcək? Əsirlikdə olanda ölümdən qorxmurdum, tək canım idi. İndi isə balam var, onun üçün yaşamaq istəyirəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən razıyam, Allah da razı olsun, kömək elədilər. İranda üç dəfəyə əməliyyat eləyib, belimə bir kiloyacan platin yerləşdiriblər... Heç bilmirəm nazirimiz olmasa mən necə yaşayardım? Daim qayğısını hiss edirəm, özümlə də, ailəmlə də maraqlanır. Nazir Əli Abbasov məni “Fədakar rabitəçi” fəxri adına layiq görüb.
Bircə bu ağrılarım, xəstəliklərim olmaya... Bu ağrılarla keçən həyat yaşamaq deyil... Məni vurmuşdular. Onda cavan olmuşam, hiss eləməmişəm. Get-gedə onurğam qaralıb... İnsan kimi döymürdülər ki... Elə onların vurduğu ağrılardı, canımdan çıxmır... Pulum olanda yenidən İrana gedirəm, müalicə alıram, ağrılarım azalır, olmayanda belə zəlil halda çarəsiz qalıram...
Bu vaxt qapı aralanır və mən onda fərqinə varıram ki, artıq gecə düşüb... 12 yaşlı Ləman yaxınlaşır:
- Vüsalə xala, olar mən sizdən bir şey xahiş edim?
- Buyur...
- Sizdən xahiş eləsəm o yazacağınız yazının sonunda bir cümlə əlavə edərdiz?
- Əlbəttə!
Bu vaxt sevinirəm ki, nə yaxşı ki, Dürdanə söhbətlərin bir hissəsini pıçıldayaraq danışıb... Ləman səhərdən bizə qulaq asırmış... O kiçik stulunu gətirib yanımda əyləşir:
- Sizi dinləyib mən də təsirləndim. Bilirsiz necədir, ən yırtıcı heyvanla ən zəhərli heyvanı götürək. İlan. Ən zəhərlisinə “Qafqaz gürzəsi” deyirlər. Ən yırtıcı heyvan isə aslandır. O gün televizorda bir filmə baxdım. “Qafqaz gürzəsi”, siçan, bir də balası. O siçanı uddu, balasınınsa yanından sürünüb keçdi. Aslansa meymunu yedi, balasını pəncəsi ilə qaldırıb ağaca qoydu ki, yerə düşməsin. Sığalladı, oynatdı və getdi... Ermənilərsə ən zəhərli və ən yırtıcı heyvandan da betərdilər. Balaca uşağın əlinə güllə atmaq... (Gözləri dolur, davam edə bilmir...)
Dürdanə qızını qucaqlayıb, onun gözünü silir:
- Bu gün bütün sandığımı sənə açdım, lap dərində bir mücrü gizlədib saxlamışam, onu isə 16-17 yaşına çatanda Ləmanıma açacam. Cavan olmuşam, arzularım olub. İstəmişəm evimizdən hamı kimi vağzalı sədası altında çıxım. Ağ gəlinlik geyinim... Mən nə qız kimi qız oldum, nə də gəlin kimi gəlin. Bu mənim ürəyimdə qaldı, sona qədər də mənimlə gedəcək. Bunu qızım hələ başa düşən deyil. Mənim başıma bu hadisələr gələndə anam mən yaşda idi, 42 yaşı vardı...
- Ananız indi necədi?
- Yaxşıdı, qardaşlarımla yaşayır... Nəvələrini oynadıb, sevinir... Mənim də arzum odur ki, Ləmanımı aparıb doğulduğum torpağı göstərim. Atamın evindən ağ gəlinliklə çıxmaq, o həyətdə vağzalı sədası eşitmək qismət olmadı... Arzulayıram ki, balamı atamın evindən gəlin köçürəm...
SON