“Ermənilər maşından düşürdüb, 6 dişimi kəlbətinlə sökdülər...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ – III HİSSƏ
30 sentyabr 2016 16:18 (UTC +04:00)

“Ermənilər maşından düşürdüb, 6 dişimi kəlbətinlə sökdülər...” - ƏSİR DÜŞƏRGƏSİ – III HİSSƏ

Məndən “səadətə toxunmaq, onu sığallamaq, oxşamaq necə olur?” deyə soruşsalar, “bu - bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır”, - deyə cavab verərəm. O beş guşəli, yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk tutmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm. Yəqin elə buna görədir ki, 30 ay ərzində dinlədiyim və yazdığım (dinlədiyim bütün hekayələri yazmamışam) talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu...

 

Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin bu hekayətini yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ithaf edirəm...

 

I hissə, II hissə

 

III hissə

 

Əsirlər cəld maşının yük yerinə qalxdılar. Bayaqdan Xəqaninin yanında dayanan İlham erməni hərbçiyə yaxınlaşıb, nə isə pıçıldadı. Hərbçi üzünü maşına çevirdi:

 

- O ağdamlını geri qaytarın!

 

Xəqani aşağı enən kimi çənəsindən yumruqla vurdular:

 

- Ağzında qızıl dişin var, bunu bizdən gizlədirsən? Sən kimsən ki, bizdən nə isə gizlədəsən? Nəyiniz varsa, bizimdir! Torpağınız da! Eviniz də! Mal-mülkünüz də! Lap ağzınızdakı dişiniz də!

 

Əllərində kəlbətin olan bir neçə hərbçi onun başının üstünü aldı... Bir neçə dəqiqənin içində altı dişini çəkdilər. Üstündən də döyüb, maşına atdılar...

 

***

 

Özünü kameranın bir küncünə zorla çatdırdı. Səhər çəkilən dişlərinin ağrısı, gün boyu ağır işlərdə işləməyin yorğunluğu, hələ tam sağalmayan ayağının sızıltısı və aclıq onu əldən salmışdı. Onsuz da doyunca yemək tapmayacağını və rahat yataqda dincəlməyəcəyini bilirdi. Amma gün boyu ayaq üstdə olmuşdu, heç olmasa bir az oturmaq istəyirdi. Şuşa həbsxanasında oturmağa da yer tapmaq asan deyildi. Dar kameralarda 10-15 əsir saxlayırdılar. Buna görə də indi yerə çöküb söykəndiyi bitli, çirkli divar onun üçün ən rahat yer idi...

 

Nəzarətçilər yemək paylayanda Xəqani hələ də kameranın küncündə düşüb qalmışdı. Hərəyə bir dilim çörəklə bir az su verəndən sonra nəzarətçi nümayişkaranə şəkildə İlhamı çağırdı:

 

- Bu gün sənə mükafat düşür. Yaxşı işləmisən! Al, sənə bir dilim artıq çörək veririk!

 

Əlində “mükafatını” tutan İlham gözucu Xəqaniyə baxdı. Yerdə əyləşən Xəqani əlləri titrəyə-titrəyə quru çörəyi dəmir qabdakı suda islatmağa çalışırdı...

 

İlham artıq doqquz ay idi ki, əsirlikdə idi. Erməni hərbçilərlə çox tez dil tapa bilmiş, əməkdaşlığa başlamışdı. Elə buna görə də 23 yaşlı gənci azərbaycanlı əsirlər üzərində başçı təyin etmişdilər. O, hər gün daha da etimad qazanmaq üçün azərbaycanlı əsirləri rezin dəyənək, dəmir parçaları, digər küt alətlərlə döyürdü. Bundan başqa, əsirlərin öz aralarında etdiyi söhbətləri də dinləyib, ermənilərə çatdırır, onların qaçmaq cəhdlərinin üstünü açıb, işgəncələrə məruz qalmasına səbəb olurdu. İlham əsirlərə hədə-qorxu gəlir, onlara ağlagəlməz işgəncələr verirdi. Hətta bu işgəncələrin nəticəsində bir əsir ölmüş, digəri isə görmə qabiliyyətini itirmişdi...

 

Bütün bu xidmətlərinin əvəzi olaraq, erməni hərbçilər ona axşam yeməyində bir dilim artıq çörək verir, əlinə keçən biti də yeyib ayaqda dayanmağa çalışan girovlara yeməyi necə əldə etməyin yollarını nümayiş etdirirdilər...

 

***

 

23 il sonra Xəqani Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır...

 

- Girovların arasında İlham kimi davrananlar çox idi?

 

- İlham girov deyildi, döyüşlərdə əsir düşmüşdü. Cavan uşaq idi... Bilirsiniz, mən heç kimi qınamaq istəmirəm. İndi ittiham etmək olar, amma o dubinka kimə dəysə... Təsəvvür edin, adi kəlbətinlə dişlərini bir-bir çəkir, üstəlik də tapşırır ki, səsin çıxmasın... Normalda insanın dişini çəkəndə keyidirlər, buna rəğmən adam qışqırır... Yoxsa dubinkanın arxası ilə qəfildən yanağına elə zərbə vururdular ki, sağlam dişin qopub düşürdü ağzına. Dubinka elə bir şeydir ki, zərbədən adamın qanı yerə tökülür... Hələ dubinka şükürlü idi, qalın kabellərlə döyürdülər, o adama dəyəndə əynindəki paltarı bıçaq kimi kəsirdi... İndi görün bədəni nə günə qoyurdu... Üstəlik təhqirlər, alçaltmalar, söyüşlər... Heç bir söz adi qaydada deyilmir, ən təhqiramiz söyüşlərlə danışırdılar... Adi məqamları danışıram. Orada elə şeylər baş verirdi ki, bütün bu əzablara dözmək asan deyildi... Üstəlik, acsansa... Aclıq çox pis sınaqdır... İstər-istəməz qorxu güc gəlir...

 

- Amma bu sınaqdan mətanətlə keçən yüzlərlə əsir və girov var...

 

- Haqlısınız. Amma... Nə bilim... Nə deyim...

 

- Siz də ac idiniz, döyülürdünüz...

 

- Mənim bir fərqim var idi ki, qorxmurdum. Çünki ölmək istəyirdim... O faciə ki, mənim başıma gəlmişdi, ondan sonra heç bir ata yaşamaq istəməzdi... Həm də, bilirsiniz, mən uşaq deyildim, girov düşəndə 32 yaşım təzə olmuşdu... O isə çox gənc idi...

 

- Şuşa həbsxanasında sizinlə birlikdə 15 yaşlı Müşfiq olub... Öz həyatını təhlükəyə atıb, girovlara çörək oğurlayıb gətirirdi...

 

- Müşfiqi yaxşı xatırlayıram... Sizə bir şey deyim, insanın xarakteri çox önəmlidir... Biz Şuşa həbsxanasında çox idik, dəqiq say deyə bilmirəm, amma yüzlərlə idik... Onların hamısı bütün işgəncələrə mətanətlə sinə gərib, ölümü gözə aldılar, amma bir dəfə də olsun Vətənə arxa çevirmədilər. Sözlərim indiki gəncliyə qəribə gələ bilər, ancaq həqiqətdir. Mən Şuşa türməsində bizim kişilərin bu ölkə, bu dövlət, bu millət, bu Vətən üçün hansı əzabların qarşısında duruş gətirdiyinin canlı şahidiyəm. Vətən uğrunda çox bəzəkli sözlər demək olar. Bəlkə də heç o əsirlərin heç biri bəzəkli cümlələr qura biləcək adamlar deyildilər. Amma şahidiyəm ki, “bir canımız var, o da Vətənə qurban olsun”, deyib, xəyanət etmədilər. Hamımız deyirdik ki, “Onsuz da bir cana borcluyuq, kişi kimi ölək”. Düşmən əlində əsir idilər, nə əzablara, təhqirlərə məruz qaldılar, amma şərəflərini itirmədilər. Aramızdan bir İlham kimisi çıxıbsa, demək ki, insan kimi... Nə deyim axı? Sizə onu deyə bilərəm ki, əsirlikdə tanış olduqlarımın sonradan haradasa 50 faizi ilə görüşmüşəm. Hamısı alnının təri ilə çörək pulunu qazanıb dolanır. Azadlıqdadırlar. O da hamımızı azad olmaq üçün satırdı... Amma ömürlük həbsə məhkum edildi...

 

- Şuşa həbsxanasında çox qaldınız?

 

- Ayın, günün dəqiq hesabını itirmişdim. Amma təxminən 10-15 gün qaldım. Sonra Xankəndi həbsxanasına gətirdilər ki, səni dəyişəcəyik... “Bu gün, sabah” deyə-deyə qaldım orada...

 

- Dəyişməyə cəhd etdilər, yoxsa?

 

- İki dəfə apardılar, alınmadı... Bu haqda ətraflı danışa bilmərəm, çünki girovun özünə heç bir məlumat vermirlər. Sadəcə gözünü bağlayıb, maşına basırlar. Hiss edirsən ki, maşında səndən başqaları da var. Sonra qaytaranda da hiss edirdin ki, yenə də maşında adamlar var. Yəni neçə nəfər gətirirdilər, onlardan neçəsi dəyişdirilirdi, neçəsi qaytarılırdı, bilmirdik. Tək bildiyim odur ki, məni iki dəfə təmas xəttinə dəyişmək üçün aparıb, geriyə, Xankəndi həbsxanasına qaytardılar.

 

- Orada da əsir çox idi?

 

- Yox, Xankəndindəki əsir və girovları əsasən uşaq bağçasında və xəstəxanasında saxlayırdılar. Həbsxanada 6-7 nəfər olurdu, onlar da daimi olmurdu, gətirib, aparırdılar. Kimini dəyişə bilirdilər, kimini də kəndlərə işləməyə aparırdılar. Əsas adam Şuşa həbsxanasında idi. Bir də Şuşanın kəndlərində...

 

- Onları harada saxlayırdılar?

 

- Evlərdə. Bəzi evləri yandırmışdılar, bəzilərini isə istifadə üçün saxlayırdılar. Şuşanın kəndində mən də olmuşam... Məni Xankəndi uşaq xəstəxanasından Şuşanın Xəlifəli kəndinə gətirdilər. Orada fermaları, bostanları var idi. Biz kartof yığırdıq. Üstümüzdə silahlı nəzarətçilər dayanırdı, amma deyim ki, qaçmağa heyimiz də yox idi. Döyülməkdən, işləməkdən və aclıqdan heç bir metr yeriyə bilmirdik.

 

- Neçə nəfər idiniz?

 

- Dörd nəfər. Kəlbəcərdən Novruz idi, bacanağı Mikayıl ilə... Mikayıl Bərdənin Qaradəmirçi kəndindən idi, Kəlbəcərə, bacanağıgilə gəlibmiş. Novruzgillə çıxanda Kəlbəcərin tunelində tutmuşdular. Yaxşı uşaqlar idi. Orada da təxminən 10 günə qədər qaldım, sonra Şuşa, ondan sonra da Xankəndi həbsxanası...

 

***

 

Xankəndi həbsxanası Şuşadan çox fərqlənirdi. Ən azından burada bir gün dəyişdiriləcəyinə ümid var idi. Amma bu ümidin də ömrü uzun olmadı. Xəqani qısa zamanda “Qırmızı Xaç” məktubu aldı. Qardaşı Həsən yazırdı:

 

“Əziz qardaşım, Xəqani! Sənə bu məktubu ürək ağrısı ilə yazıram. Ailəmiz üçün sənin girovluqda olmağın ağır dərddir. Səni xilas etmək üçün əlimizdən gələni etməyə çalışırıq, amma təəssüf edirəm ki, bütün cəhdlərimiz boşa çıxır. Əziz qardaşım, sənə şərəfim üzərinə and içirəm, bu dünyada Şövqidən heç nəyi əsirgəməyəcəm. Amma səni qurtara bilmirik... İnan ki, müraciət etmədiyim yer qalmayıb, mümkün olmur...”

 

Məktubu yarımçıq qatlayıb, cibinə qoydu. Nəfəs almağı çətinləşmişdi, dar kamerada vurnuxur, özünə yer tapa bilmirdi. Sanki kiçik bir nəfəslik açacaq kimi əllərini, bədənini divarlara çırpandan sonra, məktubu çıxardıb, yenidən oxudu. Həmin yerinə çatanda özü-özünə deyirdi:

 

“Həsən biçarə neyləsin? Demək alınmır. Görünür erməni tapmaq lazımdır. Dəyişmək elə-belə başa gəlmir ki! Əgər nə isə etmək mümkün olsa, Həsən o son ümidi də yoxlayar”.

 

Məktubun davamını oxumağa başladı:

 

“Bilirəm ki, bu məktubum səni çox incidəcək. Ona görə də ən azından ürəyini açacaq bir xəbər vermək istəyirəm. Ağdamın işğal olunduğunu eşidən kimi ata-anamızı kənddən çıxartmaq üçün getdin və başımıza belə bir iş gəldi. Kaş ki, tələsməyəydin. Kaş ki, bir az gözləyəydin... Atamgil vəziyyətin pis olduğunu görəndə özləri kəndi tərk ediblər. Elə o vaxt siz gedəndən bir az sonra gəldilər... Sənin, Nicatın iyini Şövqidən alırıq. Hamımız səndən nigaranıq...”

 

Valideynlərinin Ağdamdan sağ-salamat çıxa bilməsi Xəqaninin əhvalını düzəltdi. Öz-özünə “Onsuz da Şuşada ölümümü gözləyirdim, indi də burada gözləyərəm” - dedi: “Əsas odur ki, atamgil çıxa bilib!” Evə məktub da yazdı:

 

“Məndən nigaran qalmayın, yaxşıyam. Əsas odur ki, atamgil sağ-salamat çıxa biliblər. Onların salamat olduqlarını bilmək mənə bəs edir. İşdir, əgər bir gün buradan xilas olmaq qismət olsa, atamın qarşısına dizi üstdə, sürünə-sürünə gedəcəyəm. Şövqinin üzündən öp!”

 

Girovlara şəxsi əşya saxlamağa icazə vermirdilər. Xəqani kameradakı döşəyin başından söküb, məktubu orada gizlətdi. İndi hər səhər oyananda və hər gecə yatanda məktubu gizlətdiyi yerdən çıxardıb üzünə sürtür, açıb oxuyurdu. Məktubda onu ən çox “Kaş ki, tələsməyəydin. Kaş ki, bir az gözləyəydin” kəlməsi incidirdi. Hər dəfə məktubun bu yerinə çatanda “Nicat, Nicat” deyib hönkürürdü... Xəqaninin günü göz yaşı ilə başlayıb, hıçqırıqlarla bitirdi...

 

Aylar keçdikcə döşəyin içində gizlətdiyi məktubların sayı artdı. Ayda, bəzən isə iyirmi gündən bir BQXC nümayəndələri ona baş çəkir, evdən məktub gətirir, ona da məktub yazdırırdı. Məktubların birində qardaşı Şövqinin şəklini də göndərmişdi. Şəkil sağ tərəfdən çəkilmişdi, yaralı əli elə də hiss olunmurdu. İndi Xəqani hər gün oğlu ilə söhbət edir, barmaqlarını onun üzünə, əlinə sürtüb öz-özünə deyirdi:

 

- Maşallah, böyümüsən! Yəqin indiyə qolun da tamam sağalıb. Artıq üç yaşın var, uşağın böyüməyinə nə var ki? Yarası da tez sağalır. Yəqin böyüdükcə heç yeri də qalmayacaq qolunda, tamam unudacaqsan. Təki elə olsun, təki bu faciə sənin həyatında heç bir iz qoymasın... Onsuz da həyatın ağır olacaq. Qabaqda özündən böyük qardaşın yox, atan yox... Babanın, əminin sözündən çıxma, onlar sənə hamın əvəz edəcəklər... Hamını...

 

***

 

Xankəndi həbsxanasında da girovlar dan yeri sökülməmiş oyanıb, işləməyə başlayırdılar. Həbsxana ərazisi təmizlənəndən sonra onları sıraya düzüb, şəhərin içi ilə polis şöbəsinə aparırdılar. Pal-paltarı, ayaqqabıları cırıq, bitin içində olan əsirlərin üz-gözləri həmişə döyülməkdən yara-xora, partlaq-partlaq  olurdu. Həbsxanadan yola çıxanda əmr verilirdi:

 

- Kimsə qaçmağa cəhd etsə, ayağını kənara qoysa, ümumiyyətlə, göstərilən istiqamətə addımlamaqdan başqa hərəkət etsə, yerindəcə güllələnəcək!

 

Sonra nəzarətçilər avtomobildə, barmaqları tətiyin üstündə, piyada gedən əsirlərin arxasınca gedirdilər. Taqətsiz əsirlər həbsxanadan polis şöbəsinə qədər olan yolu sanki ip üzərindəymişlər kimi, var güclərini toplayaraq, ehtiyatla addımlayırdılar. Hətta aclıqdan büdrəmək, soyuqdan titrəmək belə atəş əmri demək idi...

 

Davamı olacaq...

 

IV hissədə:

 

- Bizim posta nə qədərə çatarıq?

 

- Qaçsan, qışqıracağam! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6417
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar