“Ermənilər bizi yandırmaq istəyəndə rus kapitan silahını çəkdi...” <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ - I YAZI
12 avqust 2014 18:46 (UTC +04:00)

“Ermənilər bizi yandırmaq istəyəndə rus kapitan silahını çəkdi...” ƏSİR DÜŞƏRGƏSİ - I YAZI

 

Qara rəngli köhnə əl çantasını bərk-bərk qucaqlamışdı. Mən yaxınlaşanda çantasını açır. İçindən köhnə, lap köhnə iki kitab çıxardır. Onların da arasından ağ-qara şəkillər...

Yer üzündə ağ-qara şəkil qədər kədərli ikinci kağız parçası tapılmaz, hər halda... Cadar-cadar olmuş əlləri ilə şəklə sığal çəkib, mənə göstərir:

 

 

- Bax, Söhbətdi, 17 yaşı var idi, amma burda balacadı. Anası ölmüşün o vaxtkı şəkli yoxumdu. Nə bilim? Bilsəm, hamısının şəklini çəkdirib qonşu rayondakı qohumlara göndərərdim... Hardan bilim başıma xeyir olacaq? Bu da Möhlətimdi... 16 yaşı var idi...

 

Şəkildən 12-13 yaşlı xoşbəxt, qayğısız pionerlər boylanır. Bu pionerlər nə vaxtsa şərəf lövhəsi üçün çəkdirdikləri şəklin yer üzündə onlardan qalan yeganə görüntü olacağını bilmirdilər... Bu şəkil necəsə Xocalıdan kənarda yaşayan qohumların evinə gəlib çıxacaqdı... Sonra hər şeyini itirmiş ana o şəkilləri tapıb üzünü çıxaracaqdı... “Balalarım” deyib çantasında gəzdirəcək... Qəribsəyəndə çantasını bağrına basacaqdı... Xoşbəxt pionerlər bunu bilə bilməzdilər...

 

Şəkillərin arasından şəxsiyyət vəsiqəsini çıxardıb, mənə uzadır.

 

Məmmədova Nərxanım Heydərəli qızı. 1 iyul 1943-cü il...

 

***

 

...1941-ci ildə doğulan Məmməd kişi Qərbi Azərbaycanın Göyçə mahalında yaşayır, iyirmi ilə yaxın idi qızıl mədənində çalışırdı. Məmmədlə Nərxanımın beş oğlu var idi. O qədər bəxtəvər idilər ki... məlum 1988-ci il hadisələri başlayana qədər...

 

Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların ata-babalarının yurd-yuvasını tərk etmək məcburiyyətində qalması Məmmədovlar ailəsi üçün böyük və heç vaxt bitməyəcək dərdin başlanğıcı idi...

 

Köç vaxtı ailənin ən böyük oğlu, 18 yaşlı Sərvər çaya düşür. Ailə nə qədər onu xilas etməyə çalışsa da, bu mümkün olmur... Yeniyetmə oğlan çayda boğulur...

 

Köçünü yarımçıq saxlayan Məmməd kişi oğlunu doğma yurdunda torpağa tapşırır. İndi köçmək daha çətin olacaqdı. İnsanlar ayaqüstü Məmmədovlar ailəsinə başsağlığı verib, gücləri çatan əşyalarını götürüb boyunları arxaya, dədədən qalma yurdlarına baxa-baxa Göyçə mahalını tərk edirdilər... Məmmədovlar isə gedənlərin arxasınca əl edirdilər. Çünki Nərxanım xalanı oğlu Sərvərin məzarından qopara bilmirdilər. Nə vaxt köçməyə qalxsalar, qadını oğlunun məzarı başında tapırdılar – “Hamı gedir, balamı kimə tapşırım” - deyib ağlayırdı...

 

Bir müddət belə keçir... Azərbaycanlılar dədə-baba torpaqları olan Göyçə mahalını boşaltmağa məcbur olmuşdular. Bu torpaqda bir Sərvərin məzarını qucaqlayıb “Balamsız getmərəm” deyən Nərxanım xala qalmışdı... Bir də qəhərini boğub, yığılı yükün üstündə dilsiz əyləşən dörd oğluna verməyə cavab tapmayan Məmməd kişi...

 

Nəhayət, Nərxanım xala dörd oğlu üçün yaşamalı olduğunu qəbul edib, köçə qoşulur... Burda qalmaqları o biri övladlarının da həyatını təhlükəyə atmaq idi...

 

Məmmədovlar ailəsi Göyçə mahalını tərk edirdi... Arxada övlad qədər əziz bir yurd, yurd qədər doğma bir oğul məzarı qoyub gəldiklərini zənn edirdilər. Amma əslində həyatlarının bütün xoş günlərini də orda qoyub getdiklərindən xəbərsiz idilər... Onlar pərən-pərən olmaq üçün yola çıxmışdılar...

 

- Xocalıya pənah gətirdık. Uşaqları məktəbə yazdırdıq. Xocalını böyüdüb, şəhər salırdılar, tikinti işləri çox idi, Məmməd tikinti sahəsində işə başladı.

 

Məmməd kişi yenidən yurd saldı, Nərxanım xala yenidən oğul doğdu. 1989-cu ildə dünyaya gələn övladlarının adını Ruslan qoydular...

 

- Xocalıda artıq vəziyyət pis idi. Blokada şəraitində yaşayırdıq. Əli silah tutan hər kəs gecə posta çıxırdı. Məmməd də böyük oğlanlarımızla vətənin müdafiəsində dayanmışdı. Evimiz Əsgərandan 3-4 kilometr aralı idi. Postlar da evə yaxın yerdə idi.

 

- O vaxt neçə yaşlarında idilər?

 

- Yoldaşımın 47 yaşı var idi, Söhbətin 17, Möhlətin isə 16. Belə baxanda deyirsən uşaq idilər, amma o vaxt onlar yaşda olan bütün oğlanlar əlində silah postda dayanırdı.

 

- Silahları var idi?

 

- Müəyyən sakinlərə ov tüfəngləri paylamışdılar. Qoşalülə ilə postda dayanırdılar. Evdə də xeyli patronları var idi. Dinc sakinlər əllərindən gələn cür Xocalını düşməndən müdafiə edirdilər. Öz güclərinə özlərini qoruyan uşaqlar kimi... Mürvətin 13, Əhmədin isə 11 yaşı var idi. Onlar evdə olurdu. Ruslan isə 3 yaşında idi. Elə atışma düşən kimi gəlib ətəyimdən yapışırdı...

 

Həmin günü hamı evdə idi. Fevralın 25-də Əhmədin 11 yaşı tamam olurdu. Xocalıda artıq neçə ay idi ki, işıq yox idi, axşam erkən düşürdü. Amma həmin gecə gün uzanmışdı...

 

Evə zəng edib Xocalıya Xankəndi tərəfdən hücum olunduğunu bildirəndə Məmməd kişi, iki böyük oğlu və Əhmədin ad gününə toplaşmış hərbçilər süfrədən qalxıb, posta yollanır.

 

- Bizim evin üstü paneldən idi deyə atışma səsi gələndə qonşular bizə yığışırdı. Bu axşam da səs gələndə qonşum Sara qızı Natəvanı qucağına alıb, gəldi bizə...

 

- Sara neçə yaşlarında olardı?

 

- Təxminən 40 yaşı olardı, qızı isə Ruslanla yaşıd idi, 3 yaşında...

 

Fevralın 25-dən 26-na keçən gecə. Hələ Əhmədin ad günü şərəfinə açılan süfrə tam yığışılmayıb, qablar yuyulmayıb...

 

Çox az keçdi ki, Söhbət çiynində ayağından yaralanan qonşuları Vidadi ilə içəri girir. Evdəkilər tez onun ayağına ilk tibbi yardım göstərib, qanının kəsməsinə çalışır, Söhbətsə susurdu...

 

Məmməd kişi bir döyüşçü çevikliyi ilə qapını açıb içəri girəndə yerdə xalçanın üstündə əyləşən Mürvətlə Əhməd də, 3 yaşlı övladlarını qucaqlarına sıxmış Sara ilə Nərxanım da ayağa qalxdılar. Məmmədin üz ifadəsi həmişəkindən fərqli idi. Bu fərqi bircə balaca Ruslan anlamadı. Anasının qucağından sürüşüb yerə düşərək atasının üstünə qaçdı. Bu vaxt Məmmədin arxasınca içəri Möhlət girdi. Sözlü adama oxşayırdı, amma susurdu...

 

Məmməd, oğlanları və Vidadi çox gərgin idilər. Evdəkı qadınları və uşaqları qorxutmamağa çalışırdılar. Hər halda indi deyəcəkləri xəbərdən sonra nə baş verəcəyindən qorxurdular...

 

Məmməd ilk dəfə bu qərarı verəndə gözünün ilki çayda boğulmuşdu. Yenə qarışıqlığa düşəcəklərindən narahat idi. Sakit, təmkinini pozmadan danışırdı:

 

- Ermənilər hər tərəfdən Xocalıya dolub... Evləri yandırırlar. Hazırsız? Elə indicə çıxmalıyıq... Meşə ilə gedəcəyik...

 

“Hazırlaş” sözünü eşidən qadına neçə saat lazım olduğu haqda çox eşitmisiz. Amma müharibə qadınları elə olmur. Onlar bu əmri eşidən kimi ancaq əllərini uzadıb sevdiklərinin əlindən yapışırlar. Qadının sərvəti doğmaları, ailəsidir.

 

Həmin anda Sara övladını daha da bərk bağrına basdı. Bu o demək idi ki, “Hazıram!”

 

Nərxanım tez atasının, qardaşlarının ayaqlarının altında dolaşan Ruslanı qucağına alıb, Əhmədin əlindən tutdu. Bu o demək idi ki, “Hazıram!”

 

Söhbətlə Möhlət çiyinlərini ayaq üstdə güclə dayanan Vidadinin qollarının altına verdilər. Bu o demək idi ki, “Hazırıq!”

 

Mürvət Əhmədə baxanda daha böyük idi, belə çətin zamanda böyük qardaşları kimi davranmalı olduğunu bilirdi, atasının yanına gəldi. Bu o demək idi ki, “Hazıram!”

 

Məmmədovlar ailəsi ikinci dəfə evlərini tərk eləməyə, yurd dəyişməyə hazır idilər ki... Azərbaycan, rus və erməni dilində səslər həyəti başına götürdü:

 

- Təslim olun! Qorxmayın! Öldürməyəcəyik! Təslim olmasaz, evi yandıracağıq!

 

Artıq ermənilər evi mühasirəyə almışdılar...

 

Məmməd kişi əsl müharibə adamı kimi anında qərar verib evdəkilərə əmr edir:

 

- Qadınlar, uşaqlar divarın küncünə çəkilib gizlənin! Özünüzü güllədən qoruyun! Uşaqlar, silahlarınızı hazırlayın! Ölsək də evimizdə öləcəyik! Ölmək, düşmən əlinə keçməkdən yaxşıdır!

 

Təbii, dinc sakinin evində müdafiə olunmaq üçün elə də çox imkanı yox idi. Amma heç kim mühasirədə olduğu halda qapısını açıb ailəsi ilə birgə düşmənə təslim olmazdı...

 

Mürvət xatırlayır: Atam qapını bağladı. Biz künclərə çəkildik. Onlar isə o biri otaqlara keçib döyüşməyə başladılar. Gücümüz bərabər olmasa da, son gülləyə qədər vuruşduq...

 

- Elə ov tüfəngi ilə?

 

- Bəli, qoşalülə ilə. Onlarsa dayanmadan təslim olmağımızı istəyirdilər. Deyirdilər guya bizə toxunmayacaqlar. Bizsə onlara inanmır, var gücümüzlə müdafiə olunurduq. Birdən onlar pəncərədən evin içinə əl qumbarası atdılar...

 

Əl qumbarası üç yaşlı qızını sinəsinə sıxıb gizlənən Saranın elə yerindəcə, körpə balası ilə birgə həyatına son qoyur. Üç yaşlı Natəvan bu dünyada mövcud olan ən gözəl yerdə dünyasını dəyişir – anasının qucağında...

 

Əl qumbarası Nərxanımı kürəyindən, Mürvəti ayağından yaralayıb, döşəmənin bir hissəsini deşir.

 

- Patronlar qurtarandan sonra atamgil əllərində olan silahları o deşikdə gizlətdilər ki, ələ keçsək, dinc sakin kimi keçək. Ermənilər bizi tam tərksilah eləyəndən sonra girdilər evə. Qorxurdular ki, silahımız olar, içəri girəndə vurarıq.

 

- Necə girdilər?

 

- Əl qumbarasını içəri atandan sonra qapını lomla sındırıb, içəri girdilər. Evdə yaralı, meyit... Hamı bir birinə qarışmışdı. Yaralanmayanın da üstünə yaralının, ölənin qanı sıçramışdı, hamı vahiməli görünürdü... Əvvəlcə yayda həyətdə istifadə elədiyimiz qazın şlanqını borudan ayırıb pəncərədən içəri saldılar, qazı açdılar. Biz olan otağın pəncərələri cilik-cilik olmuşdu. O biri otaqlarda isə pəncərələr sağlam idi, qaz içəri dolduqca hamı boğulmağa başladı və biz olan otağa toplaşdı... Onda gördük ki, atam qolundan yaralanıb...

 

Ermənilər evə girəndə hərə divarın bir küncünə çəkilib güllədən qorunurdu. Avtomatlarını yaralılara, uşaqlara tuşlayıb əllərini boyunlarının arxasına qoyub, üzüstə uzanmağı əmr edirlər:

 

- Lənətə gəlmiş türklər! Yoxsa evinizdən çıxmaq istəmirsiz? Çıxmayın! Onsuz da, ev də, torpaq da bizimdir! Siz çıxmayın! Elə indicə qazı içəri doldurub, kibriti çəkəcəyik! Yandırın!

 

Bu vaxt hələ tam danışa bilməyən 3 yaşlı Ruslan qorxa-qorxa əllərini yuxarı qaldırır:

 

- Dayı, məni də öldürəcəksiz...? Nə olar, qurban olum, məni öldürməyin... Mən ölmək istəmirəm axı...

 

Bütün ailə çarəsizcə ölümün gözünə baxdığı halda Nərxanım başındakı yaylığı açıb, “Yandırın” əmrini verən erməninin qarşısına atır: “Balalarıma dəyməyin...”

 

Qadın girov düşməyə də hazır idi, amma daha övlad itirməyə gücü qalmamışdı...

 

- Təbii ki, nə kiçik qardaşım Ruslanın sözləri, nə də anamın hərəkəti erməninin vecinə olmadı. Amma onlar tərəfdən döyüşən Rusiyanın 366-cı motoatıcı alayının kapitanı qabağa çıxıb silahını çəkdi, ermənilərə silahlarını endirməyi əmr etdi. Rusca dedi: “Hətta faşistlər də insanlarla belə amansız davranmayıb. Bu körpənin günahı nədir? Onları öldürməyin!” Sonra üzünü bizə tutdu: “Ay ana, ay ata, mənim də ailəm var! Hərbçiyəm. Hərbçi əmrə tabe olan adamdır! İstəmərəm qan tökəm, amma məcburam, mənə belə əmr veriblər. Əgər əmrə tabe olmasam, onda da mənim anamın gözü yaşlı qalacaq. Mən sovetin vaxtında Mərdəkanda çox olmuşam. Azərbaycanlıları yaxşı tanıyıram. Doğrudan da istəmirəm burda günahsız körpələr ölsün!”

Bu vaxt ruslarla ermənilərin arasında narazılıq oldu. Ermənilər başladı rusa etiraz eləməyə. Hətta bir-birinə silah da çəkdilər. Rus kapitanı ermənilərlə mübahisə etmək bahasına evi yandırmağa, bizi öldürməyə icazə vermədi. Ermənilər nə qədər qızılımız, pulumuz var, əlimizdən aldılar. Sonra isə bizi təpikləyə-təpikləyə evimizdən bir az aralıda saxladıqları təcili yardım maşınına mindirib, Əsgəran rayon milis şöbəsinə gətirdilər.

 

- Yaralılar maşına qədər gedə bildi?

 

- Qardaşlarım kömək edirdi. Söhbət Vidadini, Möhlət isə məni aparırdı. İkimiz də ayağımızdan yaralanmışdıq. Anamın yarası kürəyindən idi, ağır deyildi, yeriyə bilirdi. Atam da qolundan yaralı idi. Əhmədlə Ruslan isə hələ yaralanmamışdı...

 

- Sara ilə qızının meyiti evdə qaldı?

 

- Yox. Bizi evdən çıxardanda Sara xalanın da, uşağın da meyitini ayağında tutub sürüyüb pilləkəndən aşağı atdılar. Sara xalanın ağzı açıq qalmışdı, görünürdü ki, qızıl dişləri var, dedilər bunun dişlərini sökərik...

 

- Hamı Xocalını tərk eləməyindən danışanda əsasən meşədə baş verənləri danışır. Evinizdən girov götürülüb Xocalını tərk edəndə oranı necə gördüz? Şəhərin içi necə idi?

 

- Hə, biz o birilər kimi meşədə girov düşmədik. Bizi evdə tutdular. Maşınla gedəndə isə gördük ki, yolda meyitlər var... Evlər yanırdı... Biz Xocalını yana-yana, meyitlərlə dolu qoyub getdik, deyə bilərəm...

 

- Meyit çox idi?

 

- Əlbəttə, çox idi. Yaxından üzlərini görə bilmirdik. Kimlikləri məlum olmurdu. Amma xeyli meyit var idi...

 

Təxminən səhər saat 5-6 radələrində Məmmədovlar ailəsi əsir düşərgəsinə – Əsgəran Rayon Milis şöbəsinə gətirilir.

 

- Nərxanım xala, orda adam çox idi?

 

- 4-5 nəfər olardı. Səhərə yaxın, saat hardasa 8-9 radələrində isə kameralar adamla doldu. Hamısını meşədən tutub gətirmişdilər. İlahi, nə qədər adam var idi. Yaralı, don atmış adamları yığıb gətirmişdilər. Dar, nəmişlik, qaranlıq kamera. Bir tərəfdən də adamı adam üstündən doldururdular içəri... Hamı da nalə çəkir, fəryad edir, ağlayırdı... Bizim kamerada əsas yaralılar idi. Qan itirirdik, ölümcül vəziyyətdə idik. Amma ümumilikdə yaralı, sağlam, hamı qarışmışdı bir-birinə. Kameralardan nə səslər gəlirdi, adam az qalırdı havalansın. Kimi canına ağlayırdı, kimi halına...

 

- Girovların içində tanıdığınız adamlar var idi?

 

- Az idi. Biz Xocalıya gəlmə olduğumuzdan elə çox adam tanımırdıq. Uzaqbaşı üzdən tanıya bilərdik, amma adı nədi, kimdi bilmirdik.

 

- Sizin ailənizi bir kameraya salmışdılar?

 

- Əvvəlcə hə, bir yerdə idik. Hardasa iki-üç saat bir yerdə olduq. Amma sonra hava işıqlaşdı, oralar meşədən tutub gətirdikləri girovlarla doldu, onda başladılar adamları ayırmağa.

 

- Necə ayırırdılar?

 

- Gənc qadınları bir tərəfə, yaşlı, ölümcülləri bir tərəfə, əli silah tutan oğlanları isə bir tərəfə...

 

Nərxanım xala davam edə bilmir. Əlləri əsir, dodaqları titrəyir, gözlərindən gilələnib axan yaş üzündəki qırışların arasından illər əvvəl özünə yol açdığı cığırla üzü aşağı qıvrılmağa başlayır... Böyük oğlu Mürvət davam edir:

 

- Onda atamı və iki böyük qardaşımı bizdən ayırdılar...

 

- İki oğul atanızla, siz üçünüzsə ananızla qaldız?

 

- Hə. Mən, qardaşlarım Əhməd və Ruslan anamla qadınlar olan kamerada qaldıq...

 

- Və qapını bağlayıb getdilər?

 

- Yox, qapılar açıq idi. Bəzi qapıların dəmir barmaqlıqlarını bağlamışdılar. Amma bizim kamerada hamısı yaralı qadınlarla uşaqlar olduğundan qapı açıq idi. Onsuzda ordan qaçmaq mümkün deyildi... Dəhliz erməni ilə dolu idi...

 

Və işgəncələr başlayır:

 

Mürvət xatırlayır: Divarlar cod suvaq idi. Avtomatla divarlara atəş açırdılar, ordan qopan qığılcımlar, odlu tozlar üstümüzə tökülür, ətimizi yandırırdı. Biz yanan bədənimizi, üzümüzü tutub qışqırır, onlarsa zövq alıb gülürdülər.

 

Əhməd xatırlayır: Müvəqqəti saxlanma kameralarında idik. Ermənilər dəstə ilə içəri girib siqaret çəkir, tüstüsünü içəri üfürürdülər, o tüstüdən halımız pisləşirdi. Qadınlı-uşaqlı gic kimi olurduq, onlar bundan həzz alıb qəhqəhə çəkirdilər.

 

Mürvət xatırlayır: Onda uşaq idik, başa düşmürdük. Sonralar kinolara baxıb gördük ki, insanlar narkotik qəbul edəndə belə olur. İndi fikirləşirik ki, yəqin onlar da o vaxt narkotik qəbul edirmişlər...

 

Əhməd xatırlayır: Avtomatın darağını çıxardıb üstünə tutur, bir dəfə yalandan “çık-çık” eləyirdilər, ölüb dirilirdin. Nə biləsən boşdu? İnsanlığa xas olmayan hərəkətlər edirdilər...

 

Nərxanım xala Ruslanı, Əhmədi və yaralı Mürvəti qucaqlayıb bir küncə çəkilmişdi. Gözləri isə bir neçə saat qabaq ayrıldıqları əri ilə oğlanlarından birini görə bilmək ümidi ilə qapıya dikilmişdi...

 

Kameralardan söyüşlərlə bərabər qışqırıq, atəş səsləri ilə bərabər bağırtı səsləri yayılırdı.

 

Ruslan çox körpə, Mürvətinsə yarası ağır idi, qalxa bilmirdi. Əhmədsə ətrafı bürüyən dəhşətli səslərin içində atasını, qardaşlarını axtarmaq, ağlamağını kəsməyən anasına bir xoş xəbər gətirmək arzusunda idi. Artıq böyümüşdü, bir neçə saat əvvəl 12 yaşına qədəm qoymuşdu. Demək, ailə dara düşəndə, o da böyük oğul kimi anasına dayaq ola bilər. İndi bunu sübut eləməyin tam zamanı idi. O bu düşüncələrlə kameradan sivişib dəhlizə çıxır...

 

- Dəhlizdə dolaşırdım. Qapılardakı dəmir barmaqlıqlardan bir-bir içəri boylanıb atamı, qardaşlarımı axtarırdım. Anama xəbər gətirmək istəyirdim ki, sağdılar, qorxma, ağlama. Öz-özümə isə deyirdim görən atamgili hara aparıblar? Görən sağdılar...? Uşaq idim, marağımı gizlədə bilmirdim, hər yerə başımı salır, hər şeyi görmək istəyirdim. Amma əslində tək istədiyim atamgili tapmaq idi. Bunu necə etmək lazım olduğunu isə dəqiq bilmirdim...

 

- Əhməd, ermənilər dəhlizdə dolaşmağınıza bir söz demirdilər?

 

- Yox, mənə dəymirdilər. Mən də risk eləyirdim ki, görüm atamgili hara apardılar.

 

- Tapa bildiz?

 

- Tapdım... Gördüm... (Masanın üstünə qoyduğu sağ əlini sol əli ilə gizlətməyə çalışır) Atama sonuncu dəfə əllərimlə siqaret də verdim...

 

- Atanızla həmin görüşünüzü danışardız...

 

- Mən ora-bura boylanıb onları axtaranda gördüm səsi gəlir...

 

12 yaşlı oğlan bir elə ah-nalənin, vay-şivənin içindən atasının səsini tanıyır:

 

- Əhməd, Əhməd!

 

- Ata... Sizi axtarıram...

 

Barmaqlıqların arasından əlini uzadıb Əhmədin toppuş əllərindən yapışır:

 

- Neynirsiz? Salamatsız?

 

- Hə, yaxşıyıq. Anamın yarası ağır deyil, qorxma. Sənin qolun necədi? Sən necəsən?

 

- Mən də yaxşıyam, oğlum. Anana da de, narahat olmayın, hər şey yaxşı olacaq. Bizi dəyişəcəklər.

 

- Hə, ata! Bayaq mən də bir ermənidən soruşdum ki, bizə neyləyəcəksiz? Dedi dəyişəcəyik.

 

- Evdən çıxanda sənin üstünə atdığım buşlatım hanı?

 

- Orda, anamgilin yanında. Mürvətin üstünə örtmüşük...

 

- Hə, ay sağ ol! Get onun cibində siqaretim var, onu gətir ver mənə. Ehtiyatlı ol, elə et ki, səni görməsinlər...

 

Əhməd mühüm tapşırıq alıbmışcasına kameraya götürülür. Anasına müjdəni verib, qan içində uzanan Mürvətin üstünə atılan buşlatın cibindən siqareti çıxardıb, atasıgilin kamerasının qarşısına qayıdır.

 

- Gətirib verdim...

 

- Qardaşlarınızı görmədiz?

 

- Gördüm...

 

- Onlar necə idi?

 

- Atam, qardaşlarım barmaqlıqların o tərəfində, mənsə bu tərəfində üz-üzə dayanmışdıq. Diqqətlə baxdım, qardaşlarım yaralı deyildi, amma döyülmüşdülər, üz-gözlərindən görünürdü... Hamısı, hamısı döyülmüşdü... Üzləri qana bulaşmışdı...

 

- Atanızı gördüyünüzü ananıza necə dediz?

 

- Atam özü hündürdən anama səsləndi ki, anam onun səsini eşidib toxtasın.

 

- Nə dedi?

 

- O səsi qulaqlarımdan getmir. “Ay qız, bəsdi, az ağla orda...” Mən də gəlib anama dedim ki, atamı gördüm, yaxşıdı... Daha demədim hamısını döyüblər... Atamı görəndə hələ əlim sağ-salamat idi. Siqareti verib qayıdanda ermənilər məni çağırdı.

 

- Atanızla danışdığınızı gördülər?

 

- Hə, gördülər. Çağırdılar ki, gəl. Gəldim. Qorxurdum. Erməni nə isə dedi, başa düşmədim. Bir də qışqırıb soruşdu. Lap qorxdum.

 

- Nə dilində danışırdı?

 

- Ermənicə. Rusca, ya azərbaycanca soruşsa başa düşərdim. Nə isə sual verdi, qorxumdan dedim elə “hə” deyim, mənimlə işi olmasın. Sən demə soruşurmuş ki, sənə silah versək, bizə güllə atarsan? Mənim də “hə” deməyimə lap hirslənib... Onda mənə əmr elədi ki, ovcunu aç... Açdım... Və... Ovcumdan güllə ilə atdı ki, artıq sən bu əllə ömründə nəinki bizə güllə atmaq, heç silah da tuta bilməzsən... Yaşımın az olmağına baxmayın, mən on yaşımdan silahı lazım olduğu vaxtdan tez söküb-yığırdım...

 

- Ovcunuzdan güllələnməyinizi mən bir az fərqli eşitmişdim...

 

- Hə, bilirəm. Amma əslində məsələ mən danışan kimi olub. Mən dəcəl uşaq idim, bir yerdə dayanmırdım. Başımıza gələnlərlə yanaşı hələ də ad günümün təsirindən çıxmamışdım. Bütün kameraları dolaşıb “Bu gün mənim ad günümdür” deyirdim. Və orda elə səs-küy, elə dəhşətlər yaşanırdı ki, erməninin mənə nə deməsini dəqiq eşidən olmayıb. Kişiləri dayanmadan döyürdülər, onların bağırtısından dəli olan qadınlar, uşaqlar ağlayır, yaralılar zarıyırdılar... Bir tərəfdən də ermənilərin qışqırıqları, söyüşləri, daşa-divara atdıqları güllə səsləri... Orda bir saniyə olsun sakitlik olmurdu... Amma bütün girovlar belə eşitdi ki, “Ad günü olan uşağı güllə ilə ovcundan atıblar”.

 

Balaca Əhməd ağlaya-ağlaya kameranın qapısında görünəndə bir az əvvəl atası üçün siqaret aparan kiçik, toppuş əlləri qan içində idi. Sağ əli yaralanmışdı, sol əli ilə də sağı tutub ağlayırdı. Qan isə dayanmadan axırdı...

 

Bu o demək idi ki, məsum körpənin ovcundan göz qırpmadan atəş açan varlıqlar hələ insanlığa məlum olmayan çox əməllər törədə bilərlər...

 

- Əlim yaralanandan sonra kameradan çıxmadım... Əlimin ağrısına, qanaxmaya dayana bilmir, ağlayırdım. Onda bir erməni içəri girib məni çağırdı. Dedi, əlinə həkim baxacaq. Məni apardılar...

 

- Tək?

 

- Hə, tək...

 

Əhmədin təsvir etdiyi otağı “Əsir düşərgəsi”nin əvvəlki sayından, Dürdanənin hekayəsindən tanıyırsız. Masa, stullar, dəmir çarpayı və sobanın çırtaçırt yandığı həmin otaq... Əhməd əlinin qanı, gözünün yaşı ilə bu otağa daxil olanda ermənilər üz-üzə oturub çay içir, deyib-gülürdülər. Qorxudan gözləri böyümüş 12 yaşlı oğlan sağa-sola baxır, bu insanların arasında kimin həkimə bənzədiyini anlamağa çalışırdı... Otaqda həkimin olmadığını isə bir neçə dəqiqədən sonra başa düşəcəkdi...

 

(Davamı olacaq...)

 

Qeyd: Əhmədin başına gələnləri əks etdirən kadrlar “Xocalı soyqırımı” filmindən götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16521
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar