“Erməni qarşımda diz üstə çöküb, yalvardı...” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
31 may 2019 12:04 (UTC +04:00)

“Erməni qarşımda diz üstə çöküb, yalvardı...” – ƏSİR DÜŞƏRGƏSİ

Qarabağ müharibəsinin dəhşətlərini şahidlər Vüsalə Məmmədovaya danışır

 

 

Əvvəli: I hissəII hissəIII hissə, IV hissə

 

 

V hissə

 

Fazilə soyuq kameranın küncünə qısılaraq, gözlərini bir nöqtəyə zilləyib, susmuşdu. Oleq ani sıçrayışla onun qarşısında dizi üstə çömbəlib, pıçıldadı:

 

- Mən sənin yanına düşmən kimi yox, dost kimi gəlmişəm. Susma, danışaq! Sözümü yerə salma, istəyirsən ayaqlarından öpüm… İstəyirsən…?

- Axı sizə nə lazımdır?

- İki ay əvvəl döyüşdə bacımın əri itib… Bilmirik, sağdır, ya ölüb… Onun öldüsü-qaldısı haqqında bir məlumat öyrən, bizə de…

- Mən bunu hardan öyrənə bilərəm ki?

- Sən istəsən, qayıdandan sonra öyrənə bilərsən…

- Qayıdandan…

- Qaytaracağıq! Söz verirəm! Artıq danışıqlar bitmək üzrədir!

- …

- Sən ağıllı qadınsan, özün düşün! Əgər səni qaytarmayacağıqsa, o zaman mən bir düşmən qadını qarşısında niyə diz çöküb yalvarıram?

- …Tutaq ki, öyrəndim. Mən onu sizə necə deyə bilərəm axı?

- Narahat olma, mən hər şeyi fikirləşmişəm. Sən Şuşaya gələcəksən. Orada bizim sizinkilərlə danışdığımız yerlər var… Girovlarımızı, meyitlərimizi bir-birimizlə dəyişirik… Buna görə də belə işlərdə bir-birimizə kömək edirik… Lazım olanda pul, lazım olanda hörmət ilə… Sən orda özünüzünkülərə deyəcəksən ki, mənə - Oleqə söz demək istəyirsən… Onlar məni yaxşı tanıyırlar, çağıracaqlar… Mən sənin yol pulunu da ödəyəcəyəm. Taksi ilə gəlib qayıdacaqsan… Edəcəksən?

- …

- İstəyirəm ki, mənə söz verəsən…

- …

- Axı sən əsirsən… Həm də qadınsan… Gözü yolda qalmağın nə demək olduğunu yəqin ki, hamıdan yaxşı bilirsən… Yəqin ki, sənin də qardaşın var və indi səni azad etmək üçün əlindən gələni əsirgəmir… Məni başa düş… Bu lənətə gəlmiş müharibə hamımızı məhv edir… İnsan olmağı yadırğayırıq… Müharibəni dayandırmaq bizim əlimizdə deyil, amma ən azından insanlığımızı qoruyub saxlaya bilərik… Buna gücümüz çatar axı… Yalvarıram, məni anlamağa çalış… Mən artıq bacımı gözü yaşlı görə bilmirəm… Onun balalarının üzünə baxa bilmirəm… Həmişə belə davam edə bilməz, bir gün bu müharibə qurtaracaq, mütləq qurtaracaq! Amma o vaxt biz hamımız əlindən ancaq pislik gələn adamlara çevriləcəyik… Belə olmamaq üçün gərək heç birimiz bacardığımız yaxşılığı etməkdən çəkinməyək…

 

***

 

- Düşündüm ki, nə olar, insanıq də, qayıdandan sonra öyrənib, deyərəm… Söz verdim…

 

- Oleqə verdiyiniz söz barədə o biri ermənilər bildi?

 

- Mən Oleqə təklikdə söz verdim. Bilmirəm, bəlkə onlar da bilirdi bu barədə… Amma biz təklikdə danışdıq və Oleq o biri ermənilərin yanında mənə heç nə demədi. Mən də susdum, Oleqə söz verdiyimi heç kimə büruzə vermədim…

 

- Oleqlə razılaşmanız az da olsa sizə olan münasibətə təsir etdi?

 

- Hər şey elə əvvəlki kimi idi… Sonuncu gecə rəhbərləri mənə dedi ki, sizi evimə aparsam, qonum-qonşu hücum çəkib öldürər… Burada da gözümü üstünüzdən çəksəm, nəzarətçilər öldürər…

 

- Rəhbərləri kim idi?

 

- Edik adlı bir adam idi. Dedi ki, üç gündür yuxusuzam, əgər yuxulasam, ikinizi də öldürəcəklər… Sağ qalmaq istəyirsənsə, məni yatmağa qoyma… Danışdır, başımı qat, fərqi yoxdur, nə istəyirsən danış! Amma elə et ki, yatmayım. Qəfil qayıtdı ki, lətifə danış… Duruxub qaldım, axı lətifələrin hamısı biədəbdir, necə danışım? Dedi ki, nə olsun? Hamı bilir ki, lətifələr ədəbsiz olur! Sən danış! Divardan saat asılmışdı, bir də onda xəbər tutdum ki, mən düz üç saatdır fasiləsiz lətifə danışıram…

 

- İndi o lətifələri xatırlayırsınız?

 

- Çox qəribədir, keçən dəfə Şamaxıya gedirdik, yolda dedilər ki, lətifə danış, mən nə qədər düşünsəm də bir lətifə tapa bilmədim… Halbuki, həmin gecə üç saat birnəfəsə lətifə danışmışdım…

 

- Edikin reaksiyası necə idi? Yuxuladı, yoxsa…?

 

- Yox, yatmadı… Mən üç saat lətifə danışandan sonra dedi ki, səhər tezdən buraya çəkiliş qrupu gələcək, sən müsahibə verəcəksən… Bax, onda da belə yaxşı danışarsan… Soruşdum ki, yəqin mətni də siz özünüz tərtib edəcəksiniz, cavab verdi ki, “əlbəttə!” Sonra bizi kameraya salıb, qapını bağladı… Dedi ki, qorxmayın, açar özümdə olacaq… Kamerada Müşkünaza dedim ki, sən özünü xəstəliyə vur, danışma… Yəqin ki, bizi çəkib rus kanallarında göstərəcəklər… Deyəcəklər, bunlar erməni qadınlarıdır və görün azərbaycanlılar onları nə kökə salıblar… Səhərə qədər ancaq onu düşündüm ki, nə deyim, nə danışım ki, tərcümə edə bilməsinlər… Səhər Edik qapını açıb dedi ki, çəkiliş qrupu gələsi olmadı. Biz buranı tərk etməliyik, amma bir şərtlə! Milislər sizin burada olduğunuzu bilmirlər, görsələr, öldürəcəklər…! Siz bu dar, uzun dəhlizlə qaçıb, özünüzü qapıda dayanan maşına çatdırmalısınız… “UAZ” maşınının arxa qapıları açıqdır, amma bir neçə saniyəyə yola düşəcək… Müşkünaz dedi ki, əlimdən tut, bir yerdə qaçaq… O da ağır hərəkət edirdi, bir yerdə qaçmaq yaxşı ideya deyildi… Dedim ki, mən gedirəm… Əlini atıb qolumdan tutanda mən Müşkünazı qabağa itələdim. Arxadan da itələdim ki, qaçsın… O qaçır… Mən qaçıram… Maşına çatanda onu maşının içinə itələyib, özüm də içəri atıldım. Biz içəri atılan kimi qapıları bağlayıb, sürdülər…

 

- Bu dəfə hara gətirdilər?

 

- Rus komendantlığına… Rusların arasında qazax millətindən olan bir nəfər də var idi, ayrıca kabineti, katibəsi… Bizi əvvəlcə komendantın, sonra isə onun otağına apardılar. Bir də gördüm otağa bir azərbaycanlı kişi daxil oldu. Qərbi Azərbaycandan idi, nə isə vəzifədə işləyən şəxs idi…

 

- Qəribədir…

 

- Bizə də maraqlı gəldi. Dedi burada, rus komendantlığında yaşayıram. Mən getsəm, bayrağımızı pəncərədən çıxardacaqlar. Açığı, təkcə onu bildim ki, yaşadığı otaqda pəncərəyə bizim üçrəngli bayrağımızı qoyub, ruslar da onu ermənilərdən qoruyurlar…

 

- Qazax sizinlə necə davrandı?

 

- Rus katibəsi var idi. Mənə baxıb, “İlahi, bu nə gündür!” dedi… Sonra spirt gətirdi ki, əllərimi silsin… Yaxınlaşmağa qoymadım, isti süd gətirdi, istəmirəm, dedim… Qazax isə Ağdama zəng edib, Azərbaycanın Baş prokuroru İsmət Qayıbovla danışdı… Rusca danışırdılar, səs də otağa yayılırdı, eşidirdik…

 

***

 

- Axtardığınız iki qadın burada, otağımdadır!

- Təcili helikopterlə göndərin!

- Uçmaq üçün hava əlverişli deyil, helikopter qalxa bilməz!

- Tanklara deyin!

- Tankların yanacağı yoxdur!

- Elə etməyin ki, mən özüm ora gəlim! Nə qədər ki, mən o binanı bombalamamışam, həmin iki qadını sağ-salamat bura göndərin! Yarım saatdan sonra qadınlar Ağdamda olmasa, özünüzdən küsün! Komendantına da de!

 

***

 

- Dəstəyin o başında rəhmətlik İsmət Qayıbov qışqırdı və söydü… Bu başındakı adam isə əl-ayağa düşdü… Rus katibə tez gətirib hərəmizə bir cüt təzə başmaq verdi ki, geyinin, sizi ayaqyalın göndərə bilmərik. Bizi tələm-tələsik bir “UAZ” a mindirdilər…

 

- Ətrafda erməni var idi?

 

- Yox, sürücü də rus idi, yanımızda əyləşən adam da. Bizi Ağdam “Raykom”una gətirdilər. Kimsə gəlib dedi ki, İsmət Qayıbovun təcili görüşü çıxıb, deyib ki, qadınlarla görüşə bilmirəm, onları xəstəxanaya çatdırın. Adamlar bizə elə heyrətlə baxırdılar ki, fikirləşirdim görən nə olub? Xəstəxanaya gələndə isə bir qışqırtı, bir hay-haray düşdü ki… Sən demə, bizim halımıza ağlayırmışlar… Mən isə heç nə hiss etmirdim. Ancaq palatada çarpayının yanına çatanda mənə elə gəldi ki, otaq çevrildi… Mən sonu görünməyən, qaranlıq bir tunellə sanki süzə-süzə gedirəm… Ayağım yerə dəymir, amma çox surətlə gedirəm… Sanki uçuram… Nə yol bitmək bilir, nə işıq gəlir… Sadəcə uğultu eşidirəm… Arada bir də “gözünü aç” deyirlər… Və bu səs o qaranlıq və sonsuz tuneldə əks-səda verir…

 

- Qadın səsi idi, ya kişi?

 

- Kişi…

 

***

 

- Məni eşidirsənsə gözünü aç, nəsə bir söz de…

- Qorxma, sən artıq öz yanımızdasan, gözünü aç…

 

Girovluqda özünü itirməyib, bütün işgəncələrə sinə gərən Fazilənin huşunu indi həkimlər özünə gətirə bilmirdilər.

 

- Gözünü aç, gör bu adamları tanıyırsan?

 

Qadın nə qədər çalışsa da, göz qapaqlarına gücü çatmırdı…

 

- Danış, görək, danışa bilirsən?

 

Öz-özünə danışır, amma səsini çıxarda bilmirdi…

 

- Bizi eşidirsənsə heç olmasa əlini tərpət, bir reaksiya ver…

 

- Əli tərpəndi!

 

***

 

- Üzümə toxunduqlarını, iynə vurduqlarını hiss elədim… Yavaş-yavaş özümə gəlirdim… “Gözünü aç, gör kimi tanıyırsan” dedilər… Gözümü açanda başımın üstündə dörd saqqallı kişi dayanmışdı… İlahi, yenə onlar idi! Nəfəsim daraldı, sanki içimdə nəsə silkələndi… və… aşağıdan… içimdən elə bil nəsə zərblə qırıldı… Bir qadının çığırtısını eşitdim: “Ay aman, onu qan aparır!” Həkim sonradan dedi ki, nə yaxşı ki, qan beyninə sızmayıb…

 

- Ətrafınızdakı kişilər kim idi?

 

- Özümüzünkülər… Saqqallı olduqları üçün qorxmuşdum… Gözlərimi açmağa heyim yox idi, amma səslərini eşidirdim. Bir kişi ağlayaraq, “ayaqlarının altında ölüm, Kazımdan bir söz de” deyirdi…

 

- Kazım Məmmədov… Sonuncu döyüşdə həyat yoldaşınızla yuxarı mərtəbədə döyüşən…

 

- Bəli… Birtəhər özümdə güc tapıb dedim ki, Kazım öldü… Gözümü açmadan danışırdım deyə, elə bilirdilər sayaqlayıram… Müstəntiq gəlmişdi, ona da dedim ki, İsmət Qayıbov, Məhəmməd Əsədov və Rəşid Məmmədovu təhlükə gözləyir… Deyib bayılırdım, ayıldırlar… Bilmirdilər inansınlar, ya yox…

 

- Ailə üzvlərinizlə nə vaxt görüşə bildiniz?

 

- Noyabrın 19-u idi… Bacımın ərinin səsini eşitdim ki, deyir “bu qadınlar deyil, başqa kim var?” “Girovluqdan gələnlər elə bunlardır”, dedilər… Səsə dilləndim… “Vidadi”, deyə çağırdım… Dəhşətə gəlmişdi, özünü döyürdü ki, səni nə hala salıblar… Səhərisi günü qardaşımgil məni Bakıya, xəstəxanaya gətirdilər… Elə həmin axşam gördüm bacım ağlayır… “Azərbaycanın əsl kişiləri öldü…” dedi…

 

- 20 noyabr 1991-ci il… Ermənilər Xocavənd rayonunun Qarakənd kəndi üzərindən uçan Azərbaycana məxsus “Mi-8” hərbi helikopterini vurdular… İçərisində də dövlət katibi… Baş prokuror… Dövlət müşaviri və…

 

- Demişdilər, demişdilər ki, onları sağ qoymayacağıq… Yeni danışmağa başlamışdım ki, bu xəbərdən sonra dilim tamamən tutuldu… Məni titrətmə tutdu… Həkim bacımgili danladı ki, niyə ona belə bir xəbəri vermisiniz…

 

Ağlayır… və saatlardır mənə öz hekayəsini danışan qadının gözündə ilk dəfə yaş görürəm…

 

- Həyat yoldaşınız haqqında heç nə demədilər?

 

- Bildim ki, həmin günü Cəbrayıl milisi gəlib kəndi azad edib… Yoldaşımı gətirib dəfn ediblər, amma Kazım Məmmədov kül olmuşdu… Bizimkilər sonradan yoldaşımın nəşini çıxardıb, aparıb Şəmkirdə dəfn ediblər… Doğulduğu torpaqda…

 

- Xəstəxanada nə qədər qaldınız?

 

- Ayağa qalxanda gördüm addım ata bilmirəm. Girovluqda olduğum müddətdə qaça-qaça hərəkət edən mən, indi yeriyə bilmirdim. Sən demə ayaqlarımı böyrü üstdə qoyub gedirmişəm… Ayaqlarımın altına şüşə qırıqları dolubmuş… Stressdən bunu hiss etməmişəm… Əməliyyat edib, şüşələri çıxardılar… Vüsalə, qızım, son illərə qədər saxlayırdım, üç kiloluq balonla bir şüşə qırığı… Çiyin sümüyündə sınıq var idi… Problem çox idi, hələ də var… Əllərimdə psoriaz yarandı… Ayağımda düyünlər… O vaxtlar da psixoloq yox idi. Reabilitasiya üçün gərək özün-özünə kömək edəydin… O mərhələ həqiqətən çox çətin oldu…

 

- Oleqə sözünüz var idi…

 

- Hə, söz vermişdim və özümə gələn kimi bu məsələni araşdıracaqdım… Amma mən tam sağalmamış Xocalı faciəsi baş verdi. Ermənilərin Xocalıda törətdikləri cinayətləri gördükcə cəhənnəm olsunlar, kaş ki, heç meyitini də tapmasınlar dedim. Bizim insanların günahı nə idi ki?

 

- İşləməyə nə vaxt başladınız?

 

- 1992-ci ilin sentyabrından…

 

- Ruhən ayağa qalxa bilmişdiniz?

 

- Yox… Girovluqda 27 ilə bərabər 3 gün yaşadım… 27 ildir davam edən 3 gün… İnanın ki, o 3 gün hələ də davam edir… Yuxular imkan vermir… Və girovluqda qazandığım xəstəliklər… Psoriaz mənimlədir, burnumun sınığı həmişə göynəyir, hava soyuyan kimi üz sümüyümdəki çatlar gizildəyir… Əvvəllər özüm üçün zümzümə edərdim, indi səsim xırıldayır… Yaddaşım xarab oldu… İstənilən mövzuda əzbərdən qəzəllər, şeirlər deyə bilirdim, indi heç birini xatırlamıram… Səhərlər iş qabiliyyətim çox aşağı olur, yuxudan oyananda heç kimlə ünsiyyətə girmək istəmirəm… Artıq dəqiq bilirəm ki, o 3 gün sonsuza qədər davam edəcək… Sonuncu döyüşdə və əsirlikdə yaşadıqlarımın dəhşətini girovluqdan qayıdandan sonra hiss etdim… hələ də hiss edirəm…

 

SON

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16488
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar