“Erməni ayağımdan tutub sürüdü, əllərim qopub qaldı...” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ - III yazı
23 sentyabr 2014 16:06 (UTC +04:00)

“Erməni ayağımdan tutub sürüdü, əllərim qopub qaldı...” – ƏSİR DÜŞƏRGƏSİ - III yazı

Əvvəli: http://news.lent.az/news/177588

 

Ritmlərin altında işıqlı, geniş qonaq otağının ortasındakı böyük yemək stolu silkələnir, üstünə düzülmüş qablar cingildəyirdi. Armudu stəkanda süzülmüş çay damcı-damcı nəlbəkisinə boşalırdı. Qadın səsi eşidilir:

 

- Ay bala, bəsdir! Min dəfə demişəm yemək stolunun üstündə nağara çalmazlar. Bu saat atanın çayını dağıdacaqsan...

 

Qızlar üçü də bu saat atalarının əsəbiləşəcəyindən qorxub qaçıb gizlənmişdilər. Üçüncü sinif şagirdi olan Valeh isə yenə ritmlərin qanadında coşmuşdu. Heç anasının ona acıqlanmasını da eşitmir, çalırdı. Atası nə vaxt gəlib masaya əyləşdi, əlini nə vaxt çaya uzatdı, çay nə vaxt aşıb süfrəyə dağıldı, balaca Valehin xəbəri olmadı. Bir də onda ayıldı ki, anası hirslə çaya bulaşmış ağ süfrəni masanın üstündən çəkib götürdü. Valeh əlini “nağarasından” çəkib, məsum-məsum anasının üzünə baxmağa başladı.

 

- Ay Valeh, anan qurban, başına dönüm, sənə min dəfə demişəm axı! Bax, atanın çayın səhər-səhər dağıtdın süfrəyə, kişi işə çaysız getdi. Özü də bilirsən ki, istəmir başını musiqi ilə qatasan. Qorxur ki, dərsindən yayınasan... Evdə bir dənə salamat kasa, nəlbəki qoymamısan. Bütün günü qabağına düzüb çalıb sındırırsan, dinmirəm! Bir də hünərin var atanın çayın süfrəyə dağıt...

 

Valeh məktəbə gedən gündən stolun üstündə nağara çalmağı öyrənirdi. Artıq evin bütün stolları, stulları, kasaları ona “dar gəlirdi”. Hesab edirdi ki, onun mütləq nağarası olmalıdır. Atası isə bu sözü heç eşitmək də istəmirdi.

 

Bir müddət bundan əvvəl Rusiyadan əsgərlikdən qayıdan əmisi oğlu Valehə bas gitara hədiyyə etmişdi. Bu Valehin ilk musiqi aləti idi. Həmin gecə səhərə kimi yatmayıb, gitaranı qurdalayır, çalmağı öyrənirdi. O gecə anası səhərə kimi bir neçə dəfə onun otağına gəlib yatması üçün yalvarmışdı:

 

- Ay bala, qurban olum, daha sənindir də, səhər oynadarsan. İndi dur yat, gecdi...

 

- Yox ey, ay ana. Çalmağı öyrənirəm!

 

- Ay bala, bir gecəyə çalmaq öyrənmirlər. Onun məktəbinə getmək lazımdı...

 

- Mən öyrənəcəm! Məktəbsiz-zadsız öyrənəcəm! Görəcəksiz!

 

Atası işə çaysız getdiyi günün axşamı evə qayıdanda bir bağlamanı Valehə uzatdı:

 

- Al, sənə almışam! Bundan sonra imkan ver səhər çayımı içim!

 

İlk nağarasını qucağına alan Valeh həmin gün dünyanın ən xoşbəxt uşağı idi. Onun sonralar çox musiqi aləti olacaqdı. Altıncı sinifdə oxuyanda artıq qoşa nağara ilə toylara gedəcək, hər toydan 50-60 rubl pul qazanacaqdı. Bu pulla piano, qarmon, nağara, qoşa nağara, zərb, gitara və bir neçə başqa alətlər alacaqdı. Heç vaxt musiqi məktəbinə getməsə də, Xocalının bütün musiqiçiləri ondan məsləhət alacaq, ondan öyrənəcəkdi. Valeh Maliyyə-İqtisad Kollecini bitirib bankda işləyəcək və Xocalının ən yaxşı musiqiçisi adını qazanacaqdı...

 

...və bir gün Əsgəran milis şöbəsinin qaranlıq, rütubətli kamerasında özünə gələndə həmin o atasının çayını dağıdan ritmlər qulağında səslənəcəkdi...

 

O barmaqlar – kiçik və toppuş, şirin və sözdinləməz barmaqlar böyüyüb, böyüyüb düşmən tapdağı altında qırıq-qırıq olacaqdı...

 

Valeh özünə gələndə barmaqlarında şiddətli ağrılar var idi, dırnağı isə göynəyib yanırdı... Dırnağı çıxarılan barmağına çirkli mələfə cırığı dolamışdılar.

 

Bədəninin başqa yerlərini isə hiss eləmirdi...

 

***

 

- Yenə o vəziyyətdə məni sürüyüb bir otağa gətirdilər, başladılar döyməyə...

 

- Tək idiz?

 

- Yox. Elxan, Natiq, Mirzə, Yaşar... Xocalıdan olan cavanlar. Özü də cavanları xüsusi amansızlıqla döyürdülər... Həmin günü, dırnağımı çıxartdıqları günün səhərisi əllərimi yandırdılar...

 

- Dürdanə əllərinizi sobada yandırdıqlarını demişdi...

 

- Mən Dürdanəni heç vaxt yadımdan çıxartmaram. O əsirlikdə mənim ayağıma corab geydirib. Bilmirəm indi özünün yadındadır, ya yox.

 

- Bu haqda danışmışdı...

 

- O qız özünü qardaşına qurban vermişdi. Onu buraxdılar, qardaşını qoyub gəlmədi. Qardaşını sağ-salamat gətirib çıxartdı. Yəni o oğlanı allahdan sonra Dürdanə xilas elədi, bunu heç kim eləməzdi. Əsirlikdən qayıdandan sonra bir dəfə görmüşəm Dürdanəni. Çox mətanətli qız idi. Təsəvvür edin, qardaşı cavan oğlan idi, erməni onu sağ buraxmazdı ki, gedib yenə bizə qarşı döyüşəcək. Onu Dürdanə zorla alıb gətirdi... Səhv eləmirəmsə, qardaşı yaralı idi... Məncə, həmin günü bizi otaqda döyəndə Dürdanə də orda idi... Mən şokdan tam ayılmamışdım. Ona görə dəqiq, detallı deyə bilmərəm. Amma bir dəfə o otaqda döyüləndə Dürdanəni də xatırlayıram az-maz... Səhv eləmirəmsə, stulda oturmuşdu... Əllərimi onun yanında yandırdıqlarını xatırlayıram...

 

- Əllərinizi yandırdıqları o sobanı təsvir edərdiz...

 

- O vaxtlar məktəblərdə kömür sobaları olur e, yumru, bax, o sobalardan idi. Altdan içinə qaz borusu salmışdılar, qaz yandırırdılar. Amma soba özü kömür sobası idi. Üstündə də yumru qapağı var idi... Qıpqırmızı qızarmışdı...

 

Əllərinin içini çevirib baxır, gözləri dolur...

 

***

 

Əsgəran milis şöbəsində saxlanılan bütün girovların ən qorxduqları yer – sobalı otaq. Yenə bir neçə yarıçılpaq gənci vəhşicəsinə döyürlər. Valeh növbəti zərbədən üzüstə yıxılanda üstünə yıxıldığı sobanı görüb özünü qorumaq üçün əllərini üzünə tutdu.

 

Qıpqırmızı qızarmış sobanın üstünə yıxılanda sobanın üstündəki yumru qapağı yerə düşdü. Valeh sobaya dəyib yana aşdı, sinəsi sobaya dəyib yanmışdı...

 

Ermənilərdən biri onun başının üstündə durub bağırdı:

 

- Ey, “gitarist”, qalx, sobanın qapağını götür qoy yerinə!

 

Valeh döşəmədən çətinliklə qalxdı. Dırnağı çıxarılmış və sınmış barmaqları ilə sobanın isti qapağını götürməli idi...

 

Başqa çarəsi yox idi. Dişini sıxıb, qapağı iki əli ilə birtəhər qaldırıb, sobanın ağzına qoydu. Ağrıdan dayana bilmirdi, özündən asılı olmayaraq əllərinin içini çevirib barmaqlarının yanığına baxdı. Bu baxış sanki onun ətrafında dayanan ermənilərin ağlına yeni işgəncə üsulu saldı. Bir-birlərinə nə isə dedilər. Amma ağrının, yanığın şiddətindən Valeh onları eşitmədi. Valeh yanmış əllərini aşağı sallayanda yanındakı ermənilər hərəsi bir tərəfdən ona yaxınlaşıb biləyindən yapışdılar. Musiqiçinin hər əlini bir tərəfdən qıpqırmızı qızaran sobanın kənarına yapışdırdılar...

 

- “Gitarist”! Biz, ermənilər siz türklərə elə toy tutmuşuq ki, bundan sonra çətin toy eləyəsiz. Nə üzlə toy-bayram edəcəksiz? Ona görə də daha bu barmaqlar heç kimə lazım deyil!

 

Cızıltı və gülüş səsləri hər tərəfi bürümüşdü. Valeh növbəti dəfə huşunu itirdi...

 

***

 

- Gözlərimi ağrıya açdım. Əllərimin ağrısı çox şiddətli idi. Əllərim həm ağrıyır, həm də yanırdı... Soyuq nəsə axtarırdım ki, ona toxunum, bir neçə saniyəlik özümə gəlim... Həyatımın ən ağır günlərindən biri də o olub. Kamerada bir neçə nəfər var idi, bu da yeni kamera idi. Hər döyəndən sonra gətirib başqa kameraya atırdılar...

 

***

 

Zülmət qaranlıq, rütubətli kamerada atılıb qalan Valehin bütün bədəni döyülüb əzilmiş, qabırğası sınmışdı. Ayaqlarına o qədər vurmuşdular ki, şişib az qalırdı əynindəki yeganə geyimi – idman şalvarını cırıb çıxsın. Ancaq bunların heç birinin ağrısı əlləri qədər deyildi... Əlinin içindəki yanıqlar Valehə əzab verirdi.

 

Valeh yanan əlini yerə sürtür, sərinlik axtarırdı. Hər axtarışında da yanığın suluqları əzilir, ağrısını daha da artırırdı.

 

Kamera isti deyildi, şaxta bıçaq kimi kəsir, külək qarı, soyuğu şüşəsi sınıq pəncərə çərçivəsindən içəri qovurdu. Amma belə dərin yanıq üçün bu şaxta çox az idi. Nəhayət, Valeh uzun sürən sərinlik axtarışından sonra başının üstündə nəsə sərin bir yer tapıb əllərini ora söykədi.

 

Bu, istifadə olunmayan qızdırıcının soyuq boruları idi. Valeh əllərinin içini dəmirlərə söykəyən kimi sakitləşib yuxuya getdi...

 

Yenə hər dəfə olduğu kimi, qulağına Səadətin səsi gəlirdi... Valeh gitarada “Segah” çalır, Səadət isə ona şeir oxuyurdu. Səadət o qədər yaxınındaydı ki, əllərini hər an uzadıb ona toxuna bilərdi. O isə əllərini həyatının mənasından, birinci böyük sevgisindən – gitarasından çəkib, ikinci sevgisinə uzada bilmirdi... Çalır, çalır, çalırdı... Səadət əlində tutduğu qalın dəftərdən şeir oxuyur, göz yaşları çırağın işığında yanağından süzülüb dodaqlarına toxunurdu...

 

***

 

Valeh gözlərini kameranın dəmir qapısının səsinə açdı. Elə həmin an da içəri girən erməni onun ayaqlarından yapışıb sürüyüb dəhlizə çıxartdı. Valeh axşamdan yanıq əllərini dəmir borunun üstünə qoymuşdu. Səhərə qədər yanığın suluqlayıb dəmirə yapışmışdı. Erməninin qəfil zərbə ilə onu sürüməsindən Valehin əlləri yapışdığı dəmir borudan qopdu...

 

Əllərinin içindəki ətlər dəmir boruya yapışıb qaldı...

 

Valeh var gücü ilə bağırırdı...

 

Erməni isə ruhu da incimədən gənci arxasınca sürüyüb aparırdı. Valeh bağırır, əllərindən qopub dəmirin üstündə qalan ətlərin yerindən axan qan girovun arxasınca döşəmədə iz qoyurdu...

 

***

 

- Dəhşətli ağrı idi... Qan götürüb gedirdi... Bir köhnə mələfə tapıb gətirdilər, ortadan ikiyə bölüb, biləyimi sıxıb hərəsini bir əlimə doladılar... Bu da onların “tibbi yardım”ı idi...

 

O vaxtdan əllərim yumulu qaldı. Artıq sağalanda da əllərim elə bitişmişdi. Sonra Mingəçevirdə həkim var idi, Şirin Şabanov. Təzəlikcə rəhmətə gedib, ruhu şad olsun, əllərimi o düzəltdi.

 

- Barmaqlarınızın sınıqlarını necə?

 

- Barmaqlarımı gipsə saldılar. Düzələndən sonra yenə, təzədən gipsə salmalı oldular...

 

- Niyə?

 

- Əsəbiləşdim... Divara çırpıb təzədən qırmışdım... Çətin idi, ağır günlər yaşayırdım... Mən bu barmaqlarla sonuncu dəfə Səadət üçün çalmışdım, indi düzəlsə də nəyimə gərəkdi deyirdim... Barmaqlarım özünə gəlirdi, mən yox... Qəbul eləyə bilmirdim ki, o artıq yoxdur... Təzədən gəlib barmaqlarımı gipsə saldılar...

 

- Axırıncı dəfə Səadət üçün çalandan sonra bir də nə vaxt əlinizə gitara aldınız?

 

- Düz üç il əlimə gitara ala bilmədim. Barmaqlarım işləmirdi, yarımçıq açılırdı. Təxminən üç il sonra məni toya apardılar...

 

- Gitara almışdınız?

 

- Yox, hardan alacaqdım? O vaxtlar Bərdədə bankda işləyirdim. İcarəyə gitara götürüb getdim toya. Elə bir az çalmışdım ki, əllərim şişdi, ağrılarım şiddətləndi... O vaxt da rəhmətlik Şirin həkim köməyimə çatdı. Barmaqlarımı tək-tək gipsə salaraq, əllərimi masaj edərək sağaltdı...

 

- Bəs müalicə nə qədər çəkdi?

 

- Hamısı üst-üstə hardasa dörd il çox əziyyət çəkdim. Dörd ildən sonra ilk dəfə çalmağa başladım...

 

- Artıq sərbəst çalırdınız?

 

- Çalırdım, amma... (Gözləri dolur) Əlimə ilk dəfə gitara alanda Səadəti xatırladım... Sonuncu dəfə onunçün ifa etməyimi, onun oxuduğu şeirləri... Həmin gecə gəldi dayandı gözümün qabağında... Nə həmin gecəki xoşbəxt musiqiçidən, nə də ilk dəfə əmim oğlunun hədiyyə gitarasına sevinən uşaqdan əsər-əlamət qalmamışdı. Əvvəl çalanda barmağımda olan ağrılar, əzablar indi içimə yığılmışdı. Əllərim çalırdı, içimsə ağrıyırdı... Düşünürdüm ki, nə zamansa musiqiyə həyatımı da verərdim, verdim də... İndi isə gitara məndən ötrü ancaq çörək ağacıdır. Amma nə vaxtsa bütün həyatım idi... Hər şeyim idi...

 

- İndi necə, əlinizə gitara alanda...

 

- İnanın, indi də gitaranı hər dəfə əlimə alanda qulağıma Səadətin səsi gəlir... Onun şeirlərini eşidirəm. Onsuz da onu əlimə ancaq çörək üçün alıram. Dövlət işində işləyirəm, 142 manat maaş alıram. Həqiqəti deyirəm, əgər bu gün bir az yüksək maaşlı işim olsa dünyada əlimə gitara almaram...

 

İkimiz də göz yaşımızı bir-birimizdən gizlətməyə çalışırıq. Mən insanın sevdiyi peşəsinə görə nələri qurban verdiyini, nəticədə bu sevginin yerinə necə bir ağrı dolduğunu çox yaxşı bilirəm. Mövzudan uzaqlaşmağa çalışıram:

 

- Həmin günü sizi sürüyüb apardılar. Əlinizin içi qopub dəmir boruya yapışıb qaldı... Onda hara aparırdılar sizi?

 

- Döyməyə... Hər gün sürüyüb döyməyə aparırdılar. O günləri belə xatırlayıram ki, döyülürdüm, huşumu itirirdim, özümə gələndə kamerada idim, sürüyüb aparıb döyürdülər, huşumu itirirdim... Günlər o qədər bir-birinin davamı idi ki... Bircə ölüm gəlmirdi...

 

- Həmişə döymək üçün kameradan çıxarıb aparırdılar?

 

- Kamerada da döyürdülər, sürüyüb aparıb başqa yerdə də. Çıxardıb kameranın qarşısında güllələyirdilər... Ürəkləri necə istəsə...

 

- Kimi güllələmişdilər kameranın qarşısında?

 

- Xocalıda traktorçu Hüseyn var idi. Bir dəfə eyni kamerada idik, onu çıxardıb düz kameranın qabağında tapança ilə öldürdülər. Biz görmədik, amma səsi gəldi... Sonra dedilər ki, Hüseyni öldürdük...

 

- Sizi döyənlərdən kimisə tanıyırdınız?

 

- Yox. Amma onu bilirdim ki, işgəncələri Karo sifariş edirdi...

 

- Hansı? Suriyadan gələn “Ağ ayı” ləqəbli Karo Qarkecyan?

 

- Yox, Karo Petrosyan. Əsgəranda Yanğınsöndürmə şöbəsinin rəisi idi. Çox amansız, qəddar adam idi. Bizim millətə nifrət edirdi.

 

- Bizim oxucularımız Dürdanənin hekayəsindən Suriyadan gələn Karonu yaxşı tanıyırlar.

 

- Mən onu xatırlamıram. Mən o günləri şokda idim, çox az adamın haqqında bilirdim. İlk günləri meşədəki şok  davam edirdi, sonraları isə o haldaydım ki... Amma Suriyadan gələn Qarik yadımdadı. Muzdlu döyüşçü idi. Heç ermənicə bilmirdi, rusca danışırdı. Döyüşə pulla gedən adam idi deyə, onun üçün hər şey pul idi. O girovları döymürdü, işgəncə vermirdi. Mən dəfələrlə şahidi olmuşdum ki, Qarikin növbəsi olanda girovları döyməyə qoymayıb. Ermənilərə rusca deyirdi ki, girov puldur, niyə döyürsən, birdən ölər...

 

Orda bir epizod oldu...

 

***

 

Valehi növbəti dəfə vəhşicəsinə döyəndən sonra bir erməni ayağını yerdə meyit kimi sərilib qalan girovun sinəsinə qoydu:

 

- Bu günlük bəsindir, yarısı da səhərə qalsın. Sabah sənin dırnaqlarının arasına biz soxacağıq! Bu şərəfli işlə şəxsən özüm məşğul olacam! Mənim qardaşım torpaq uğrunda döyüşlərdə həlak olub, onu sizinkilər, lənətə gəlmiş türklər vurub. Onun əvəzini səndən çıxacağam! Sabah işgəncə ilə öləcəksən! Əvvəlcə ətini tikə-tikə kəsəcəyik! Tikə-tikə! Birdən yox, tikə-tikə öləcəksən!

 

Valehi yenə sürüyüb kameraya atdılar. Qapılar gurultu ilə bağlandı. Qaranlıq kameraya musiqi səsi dolmuşdu. Yenə gitarada “Segah” çalınır, Səadət şeir oxuyurdu...

 

***

 

- Həmin gecə bütün bədənimin ağrısına, sızıltısına, yanıqlarımın göynərtisinə baxmayaraq, yata bilmədim. Səhərəcən qapının qabağında dik qaldım. Ölümə nə var ki, işgəncə adamı qorxudur...

 

- Və səhər açıldı...

 

- ...Səhər bir erməni gəlib qapını açanda mənə baxıb dedi, “Ara, sənin saçın ağarıb ki!” Deməli həmin gecə saçlarım ağarıb...

 

- Qardaşı ölən erməni necə, gəldi?

 

- Gəlmədi, sonradan bildim ki, ona Qarik mane olub. Deyib ki, mən burda olan müddətdə bura heç kim gələ bilməz, girovları heç kim incidə bilməz...

 

- Qarik təmiz erməni idi?

 

- Təmiz erməni olub-olmadığını bilmirəm, amma ermənicə bilmirdi. Torpaq-zad da vecinə deyildi. Ancaq pul haqqında düşünürdü...

 

- Rabitəçi Dürdanə Ağayeva kameralardan kişilərin bağırtısını eşitdiyini deyirdi. Qadın səsləri necə, kamerada olanda qadın səsləri eşidirdiz?

 

- ...Elə də yox, amma bir-iki dəfə gəlmişdi...

 

- Bir az o haqda danışa bilərik?

 

- (Yenidən gözləri dolur) Bu ən dəhşətlisi idi... Dürdanənin səsi... O səs heç vaxt mənim qulaqlarımdan getmir... O vahiməli səsi... Bizim millət belə şeyləri tez unudur... Amma o səsi 5 saniyəliyinə eşidən adam bilər ki, “Xocalı faciəsi” nə deməkdir. Bu təkcə soyqırım deyil, daha betərdir...

 

- Əsirliyin neçənci günü idi? Yadınızda qalmayıb?

 

- Bir neçə gün sonra... Bəlkə də 2-3 gün sonra idi, dəqiq xatırlamıram. Səs yan kameradan gəlirdi, o yaxşı yadımdadır... Heç vaxt unutmaram...

 

***

 

İşgəncədən sonra kamerada ağrıdan zarıyan gənc kişilərin səsini yan kameradan ucalan vahiməli bağırtı kəsdi. Hamı susdu. Heç kəs bir-birinin üzünə baxa bilmirdi, hamı ağrısının səsini udmağa çalışırdı ki, yanındakı yoldaşı onun var olduğunu, hələ də yaşadığını bilməsin. Bu xəcalətdən yerin dibinə girməyə bənzər bir duyğu idi. Səs iki dəfə gəlib kəsildi... Kamerada elə sakitlik idi ki, küləyin uğultusu içəri çaqqal ulamağı kimi dolurdu. Valeh güclə eşidiləcək səslə soruşdu:

 

- Kim bilir, qiblə hansı tərəfdədir?

 

Ermənilərin “Alazan atan Elxan” adlandırdıqları, Valehin uşaqlıq dostu Elxan dilləndi:

 

- Bu tərəfdə... Elə üzü qibləyə uzanmısan...

 

Valeh çirkli mələfə dolanmış əllərini güclə yerdən tərpətdi:

 

- Allah, çox şükür...

 

Elxan:

 

- Gör nə gündəsən... Heç əllərini allaha tərəf aça da bilmirsən. Hansı gününə şükr edirsən?

 

- Ona şükr edirəm ki, anam, bacılarım bu günümü görmür... Ona şükr edirəm ki, burda təkəm... Ona şükr edirəm ki, Səadət öldü...

 

Kamerada isə qapqara külək dolaşır, yaralı kişilərin heysiyyətini dondururdu...

 

(Davamı olacaq...)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8820
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar