Dörd dəfə “basdırılan” əsgər, Yerevanda ələ keçən əsir, əsgər yoldaşı ilə toy... – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
28 aprel 2014 15:13 (UTC +04:00)

Dörd dəfə “basdırılan” əsgər, Yerevanda ələ keçən əsir, əsgər yoldaşı ilə toy... – ƏSİR DÜŞƏRGƏSİ

...İş gününün sonu idi. Yığışıb otaqdan çıxanda mobil telefonuma zəng gəldi. Həvəssiz və yorğun “Alo” deməklə o başdan gələn təlaşlı səs otağa doldu:

 

- Xahiş edirəm... bir neçə dəqiqəlik mənə qulaq asın... Mən...

 

- Kimdi?

 

Səsi titrəyən adam sualımı eşitmədi. Sanki qırılmış, dağılmış fikirləri bir yerə toplamaqla məşğul idi:

 

- Mən... Mən... Lent.az-da... “Əsir düşərgəsi”ni oxudum... Qulaq asın...Mən...

 

Və nəhayət, özünü ələ alıb bütöv bir cümləni deyə bildi:

 

- Mən o “KamAZ”ın necə yandığını gördüm!

 

Həyəcan keçicidir. Çantamı buraxıb, bir əlimi dəftərə, o birini qələmə necə atdığımı xatırlamıram. Masamın üzərindəki bütün qovluqlar, kitablar yerə dağıldı, döşəməyə düşən qələm qabından dağılan karandaşlar qapıya doğru dığırlanırdı... Bütün bu səsləri kəsib, onu dinləmək istəyirdim. Onun zəngi yazı masamı darmadağın eləmişdi:

 

- 1992-ci il, martın 31-i idi... 14 yaşım var idi...

 

- Adınız nədir...?

 

- Bizim maşın o tuneldən çıxanda artıq ermənilər Müşfiqgilin maşınını tutmuşdular. Həmişə deyirdim görən ordan sağ çıxan olub?...

 

- Siz harda idiz?

 

- Müşfiqgildən hardasa on beş metr aralıda idim... Onların başına açılan oyuna tamaşa edirdik... Növbədə biz idik... Sonra... Sonra...

 

- Sonra?

 

- ...Ermənilər bizi odun parçası kimi götürüb maşına tullayanda mən var gücümlə qaçıb özümü qayanın başından aşağı atdım... Arxamca güllə atdılar...

 

- Görüşək!

 

- O vaxtdan hər gün o “KamAZ” gözümün qabağında yanır. Hər gün o ocağa insan atırlar... Hər gün o “KamAZ”ın alovu məni qarsır...

 

Bir neçə saatdan sonra üz-üzə oturmuşduq... O hadisənin üstündən 22 il keçib, onunsa gözlərində hələ də o alovun şöləsini görmək olur...

 

Söhbətimizin davamını növbəti yazıda oxuyacaqsız. İndi Sizə həmin o yanan “KamAZ”da 17 yaşında düşmən əlinə düşən Yeganə Əliyevanın hekayəsinin davamını danışacam.

 

Kompüterin ekranını bir az böyüdün... 

 

Yazının əvvəlini oxumaq istəsəz, buyurun: http://news.lent.az/news/163320

 

***

 

Gözəlliyi ilə hamını heyran edən Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini Nərgiz on yeddi yaşında qucağına dünyanın ən böyük möcüzəsini – övladını almışdı. İlkinin adını Arzu qoydu. Sonra bir qız, iki oğul doğdu. Həyat yoldaşı vəfat edəndə böyük oğlu Arzu üçüncü sinifdə oxuyurdu, kiçik oğlu isə qucağında altı aylıq körpə idi. Dörd körpəni kasıbçılıqla tək böyütdü, kimsəyə əyilmədi, “Mən əsgər böyüdürəm” dedi, “Əsgər anası əyilməz” dedi. 1992-ci ildə evinin böyüyü Arzu müharibəyə getdi...

 

Çox keçmədi ki, qapısını döydülər:

 

- Oğlunu... gətirmişik...

 

“Şəhid gəlib” xəbərini eşidən bütün kənd bu həyətə toplaşmışdı. Kimi saçını yolur, kimi üzünü cırırdı. Qonşuların kəndi bürüyən naləsini yəqin ki, göydə Allah da eşidirdi:

 

- Yazıq Nərgiz, nə yetimçiliklə böyütmüşdü...

 

- Yazıq bala, heç iyirmi yaşı yox idi...

 

- Anan ölsün, ay bala, gözü yolda qalanın var idi axı...

 

- Can, ay bala, indi Nərgiz parça-parça olan oğluna necə baxsın...

 

Nərgiz ana bayrağa bükülmüş tabuta yaxınlaşanda onu dövrəyə alan qadınlar geri çəkildi. Tabutun başında anaya yer ayırdılar... O isə tabuta baxdı, baxdı, baxdı... və dilləndi:

 

- Arzu deyil!

 

- Arzudu, Arzu... döyüşdə... dedilər tanınmaz hala düşüb...

 

- Mənim oğlum ölsə, birinci mən bilərəm! Arzu deyil...

 

Bütün kənd bu naməlum əsgəri öz övladı kimi son mənzilə yola saldı. Adı nə idi, bilən olmadı, amma bu həyatda kiminsə ARZUsu idi, ona görə də baş daşında Arzu yazdılar... Bəlkə o hələdə gözü itkin yolu çəkən bir ananın, bir bacının ARZUsudur...

 

35 yaşlı Nərgiz ana Ağdamla Şəmkir arasındakı yollarda şəkər xəstəliyi tutmuşdu. Hərbi hissələrdə ona “Oğlun ölüb” deməkdən yorulurdularsa, o “Ölsə, birinci mən bilərəm” deməkdən yorulmurdu...

 

Beləcə, bu qapıdan çox tabut çıxdı... “Oğlundu, apar dəfn elə, yığış bu hərbi hissələrdən, buralar təhlükəlidir”, dedilər, eşitmədi...

 

Döyüşdə tanınmaz hala düşən dörd şəhid dünyadan Arzu adı ilə köçdü... Şəmkirin uzaq Zəyəm Cırdaxan kəndində düz dörd ARZU dəfn elədilər... O ARZUları hələ iyirmi iki il gözləyəcəkdilər... Dörd ana dünyadan ARZUsu gözündə köçəcəkdi...

 

...Sonuncu Arzunun qırxına üç gün qalırdı o məktub gələndə. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri “Qızınızdan sizə məktub var” deyəndə hamı çaş-baş qaldı:

 

- Mənim bir qızım var, balacadı... Özü də yanımdadır...

 

- Buyurun, oxuyun...

 

Yenə bütün kənd Nərgiz ananın həyətinə toplaşmışdı. Bir cümləlik məktub əl-əl gəzdi, hamı oxuyub eyni sözü dedi:

 

- Sağ olsa, indiyəcən yazardı...

 

- O gün dəfn eləmişik Arzunu... Bu dəfə özü idi...

 

- Nə bilək odur? Burda İbrahimova yazılıb!

 

Məktubu bircə nəfər oxumadı. Çünki o xəbəri eşidəndə qaça-qaça həyətdən çıxdı...

 

O Arzuya rus dili dərsi keçən sinif rəhbəri Bəşir müəllim idi... Bütün kəndin tərəddüd içində olduğunu görüb məktəbə qaçdı. Axtarıb Arzunun sinif dəftərini tapdı, Arzugilə qayıtdı. O gələndə hələ də kənd camaatı məktuba baxırdı:

 

- Məktubu mənə verin!

 

Qaçmaqdan təngnəfəs olan ağsaqqal Bəşir müəllim həyətdəki kötüyün üstünə çökdü. Nəfəsi kəsilirdi. Məktəbin anbarından tapdığı tozlu dəftəri də, məktubu da yanaşı tutub çoxdandı sevinci unudan kənd sakinlərinə şad xəbəri verdi:

 

- Eyni xətdir! Özüdür! Qız adından yazılsa da Arzunun xəttidir! Sağdır!

 

Qonşular yavaş-yavaş qırx mərasimi üçün qurduqları çadırı sökməyə başladılar...

 

***

 

Füzuli istiqamətində gedən döyüşlərdə ermənilər 80 nəfər itiriblər. Əsgərlərin yarısı ölüb, 12 nəfəri isə əsir düşüb. O dəstədən sağ qalıb geri qayıda bilən təkcə Dima adlı komandir, bir də ayağından yaralanan Qarik olub. Qarikin yaralı ayağını kəsirlər. Ermənilər “Siz bizi türklərə satmısız” deyərək onları tribunala verir. Ömrün qalanını həbsdə keçirməmək üçün Dima ilə Qarikin bircə çıxış yolu var idi – satqın olmadıqlarını sübut etmək. Bunu isə ancaq o döyüşdə sağ qalmış on iki əsgər sübut edə bilərdi. Onlar da hamısı əsir düşmüşdü. Bunun üçün əvvəlcə türk əsir tapmaq, sonra onları dəyişmək lazım idi.

 

Dima ailəsi ilə Tərtər rayonunun “Üçüncü sovxoz” deyilən ərazisində, azərbaycanlılarla bir yerdə yaşayıb. Müharibə başlayanda valideynləri, ailəsi Rusiyaya, Stavropola köçüb, özü isə orduya gedib eyni dili danışdığı türklərlə döyüşməyə başlayıb.

 

İndi isə bezmişdi, beyin travması almışdı, ilk fürsətdə tapdığı əsirləri öz əsgərlərindən biri ilə dəyişib, vətən xaini olmadığını sübut edib, başını götürüb Ermənistandan getmək istəyirdi. Ordudan tərxis olunub, valideynlərinin, həyat yoldaşının, dörd körpə oğlunun yanına getmək istəyirdi...

 

- Bizi Xocalının Ballıca kəndinə gətirdilər. Vaxtında bura məktəblilərin qaldığı düşərgə olmuşdu. Təsəvvür edin, necə gözəl mənzərəsi var idi. Meşənin düz ortasında...

 

- Orda erməni çox idi?

 

- Ağdərədən qaçqın düşən ermənilər hamısı o düşərgədə məskunlaşmışdı. Dimanın qayınatası Vova, qayınanası Lyuda da orda yaşayırdı.

 

- Hər ikisi erməni idi?

 

- Yox, Lyuda rus idi. Bir də hərbçilər var idi...

 

- Qaçqınların şəraiti necə idi?

 

- Elə qaçqınların da, hərbçilərin də vəziyyəti acınacaqlı idi. Səfalət içində yaşayırdılar.

 

Dima qayınanasıgildə yerləşdirdiyi əsirlərə ilk tapşırığını verdi:

 

- Sizi burda saxlayıb ailənizlə əlaqəyə çıxacam. Əgər sizi istəsələr, mənə mənim əsgərlərimdən tapıb verməlidirlər. Siz də ağıllı olun, oturun bir tərəfdə. Qaçmağa cəhd eləsəz, pis olacaq! Hansı biriniz qaçsaz, o birinizi güllələyəcəm! Qorxmayın, səbr edin, sizi dəyişəcəm! Amma gərək sizin adamlar da bizə Qariklə mənim satqın olmadığımızı sübut edəcək hərbçi tapalar...

 

- Qayınatasıgil sizinlə necə davranırdılar?

 

- Dima kişiyə tapşırdı ki, onlarla pis davranma, onlar mənim yeganə xilasımdı.

 

- Əməl elədilər onun tapşırığına?

 

- İnanın ki, onların dərdləri özlərinə bəs idi. Elə miskin gündə yaşayırdılar ki... Yaşlı olsalar da təqaüd də almırdılar. Qaçqınlıq, səfalət... Hərbçi olduğu üçün Dimaya gün ərzində bir dəfə “tuşonka”, konserv verirdilər. O da öz payından bir az bizə verirdi. Qreçka tapanda suda qaynadırdılar, amma süzmürdülər... Odun yox, ocaq yox, “salyarka” tapıb gətirirdilər... Məşəqqət idi...

 

- Dimanın payı hamıya necə çatırdı?

 

- Hamısını yemirdik axı. Dima verən yeməyi 2-3 gündən bir yeyirdik ki, qurtarmasın. Lyuda gedib ağacların dibindən pencər tapıb yığanda bayram eləyirdi, gətirib onu sevinə-sevinə bişirirdi...

 

- Sizə də verirdi?

 

- İnsafən, verirdi. Onlar bizi incitmədilər.

 

- Yemək ancaq hərbçiyə verilirdi? Kənd camaatı, qaçqınlar...?

 

- Ancaq hərbçilərə! Onlara da qarın dolusu yemək vermirdilər. Hərbçilər gedib Kəlbəcərdən camaatın inəyini, qoyununu, toyuq-cücəsini tapıb gətirir, yeyirdilər.

 

- Qaçqınlar nə əcəb Kəlbəcərə “talan”a getmirdi?

 

- Hərbçilər heç kimə imkan vermirdi. Amma “talan”a gedəndə onlara kömək məqsədi ilə gedən kənd adamlarına bir qarınlıq pay verirdilər. Evlərin əşyalarını talan eləyib gətirib satıb pul eləyirdilər.

 

- Harda satırdılar?

 

- Xankəndində.

 

- Əsasən nə gətirirdilər?

 

- Televizor, soyuducu, xalça... Kəlbəcər camaatı varlı camaat idi, yazıqlar elə bil bu soyğunçular üçün alıb doldurmuşdular evlərini...

 

- Bəs alan olurdu?

 

- Olurdu... Amma xalq ac idi deyə əsas ərzaq gətirirdilər. Qarabağda heç kim evinə kilo ilə ərzaq almazdı. Hamının anbarında tayla un, şəkər, qənd, düyü olardı. Ermənilər o ərzaqları tapıb gətirir, gözlərinə təpirdilər. Birdən səhər yuxudan oyanırdın ki, düşərgənin həyətində 30-40 inək var. Ac qaçqınlar baxırdı, onlar qoyunu, inəyi kəsib yeyirdilər... Əgər kimsə daşımağa kömək eləmişdisə bir pay ona verərdilər. Səxavətləri bu qədər idi...

 

- Onda öz erməniləri də əsir günündə idi?

 

- Mən onların süfrədən tox qalxdığını, qarın dolusu yemək yediklərini görmədim. Yalandan deyə bilmərəm ki, onlar yedi, biz qaldıq. Qaçqınları çox ağır vəziyyətdə idi. Özləri isə Ağdamdan, Laçından, Kəlbəcərdən yığdıqları qəniməti yeyirdilər.

 

- Bəs geyim necə? Güllədən deşik-deşik olub cırılan paltarlarınızda gəzirdiz? Ayağınıza nə geyinirdiz?

 

- Əsirə ayaqqabı olmaz! Qaçmaq istəsən ayağın yaralansın, uzaq gedə bilməyəsən deyə... “Qırmızı xaç” bizə geyilmiş ayaqqabılar, paltarlar gətirirdi, onu da tutub əlimizdən alırdılar.

 

- Məsələn, əyninizə nə geyinirdiz?

 

- Mənə bir idman şalvarı vermişdilər, bir də kofta. Çirkləndi, yuyum, dəyişim söhbəti yox idi. Bir başmaq, bir də corab...

 

- Bəs corab cırılanda?

 

- Qalırdın ayaqyalın... Biz demək olar ki, orda corab geyinməmişik. Hava soyuq olanda toyuq ayağını altına yığıb yumurlandığı kimi, ayağımızı altımıza büküb bir tərəfdə otururduq...

 

- Yuyunmaq imkanı necə, var idi?

 

- Axırıncı dəfə evimizdə çimdiyim idi...

 

- Nə qədər elə qaldız?

 

- Hardasa altı ay o vəziyyətdə qaldıq... Elə su tapanda ayaqlarımızı yuyurduq... Vəhşiləşmişdik... İnsan hər şeyə öyrəşir... Təxminən altı aydan sonra “Qırmızı xaç” gəlib bizi tapdı, paltar, sabun, diş fırçası, peçenye gətirdi... Arvad tez peçenyeləri götürdü ki, bunların hamısını oğluma verəcəm, balaları acdı...

 

- Oğlu da var idi?

 

- Xankəndində yaşayırdı, bir qolu yox idi, üç övladı var idi. Qızı da Dima ilə evli idi, Rusiyada yaşayırdı...

 

- Orda da sizi döyürdülər?

 

- Xəyanət ittihamına görə Dimanın özünü elə incidirdilər ki, canı boğazına yığılmışdı. Bizi qoruyurdu, həftədə 2-3 dəfə döyüşə gedib gəlirdi. Bir dəfə Arzu Vova ilə uzaq kəndə su gətirməyə gedib.

 

- Siz qalan yerdə su yox idi?

 

- Nə gəzirdi? Eşşəyi götürüb kəndə gedir, ordan su gətirirdilər. O suyu həm içirdik, həm də əlimizi, ayağımızı yuyurduq... Arzu bir az sağalmışdı deyə onu aparıb qapılarında da işlədirdilər... O vaxt Dima Kəlbəcərdən bir kisə kartof tapıb gətirmişdi, arvad dedi aparaq bunu əkək.

 

- Siz o qolla əkin sahəsində necə işləyirdiz?

 

- Bəs neyləyim...?

 

Davam edəcəkdi... Amma sağ əlini uzadıb sol çiyninə çəkdi, çəkdi... 22 il əvvəl onu dəlib keçən güllənin yerini sığalladı, sığalladı və birdən hıçqıraraq ağlama başladı...

 

Əlləri əsirdi...

 

Beləcə, o kartofları əkəndə nə baş verdiyini bilmədik...

 

Mövzunu dəyişmək üçün Müşfiqi necə tapmağını soruşuram... Gözünü silə-silə Dima ilə söhbətini xatırlayır:

 

- Ailəmdən Müşfiq adlı qardaşımın sağ olduğunu bilirəm. Gördüm, o ölmədi... Əsirlərin içində onu axtarın...

 

- Məktub yaz, tapsam verəcəm!

 

Xankəndində əsirlərin saxlanıldığı uşaq xəstəxanasına gələn Dima “Laçından Müşfiq Əliyev kimdi?” deyərək axtarmağa başlayır... Dimanın məqsədi Yeganəyə yaxşılıq eləmək deyildi, hesab edirdi ki, əlində iki yox, üç əsir olarsa, daha yaxşı olar...

 

- Dedi gördüm qara, balaca, qalın saçlı bir uşaq deyir “mənəm”. Dedim “bacın sağdı”, inanmadı. Məktubu verdim, xəttindən tanıdı, sevindi, ağladı...

 

- Görüşünüz necə baş verdi?

 

- “Qırmızı xaç”a yalvardım ki, qardaşımı tapmışam, bizi görüşdürün, tərcümə elədilər... Havalar isti idi, hardasa may ayı kimi bir hava idi... Nə bilim, bəlkə elə may idi... Orda günü, ayı, ili bilmirsən... Axşam pilləkəndə oturmuşduq, bir də gördüm “Qırmızı xaç”ın maşını dayandı, içindən axsaya-axsaya Müşfiq düşdü... Bərk qucaqlaşdıq... Elə sevindim ki, heç olmasa o sağdı...

 

- Arzu ilə tanış elədiz?

 

- O da mənim kimi, Arzunu birinci dəfə görəndə qorxdu, elə bildi ermənidi... Axı üzünü saqqal basmışdı...

 

- Arzunun neçə yaşı var idi?

 

- On doqquz yaşı var idi, amma başında ağ tük qara tükdən çox idi. Özü də bir ayın içində elə oldu...

 

- Nə baş verdi ki?

 

- Onun qorxusu çox idi. Müharibənin pis vaxtları idi, döyüşdə kimin adamı ölsə, gəlib onu götürüb aparırdılar öldürməyə... Hər dəfə bir erməni qəzəblə qapıdan girəndə yazıq sakitcə ayağa qalxır, lal-dinməz düşürdü qabaqlarına...

 

- Sizə toxunmurdular?

 

- Arzu hərbçi idi deyə ona lap acıqlı idilər, həm də o özünü elə tez qabağa verirdi ki, mənə toxunmasınlar... Onu götürüb aparırdılar öldürməyə... Xəbər Dimaya çatırdı ki, “türkü apardılar”. O da qaça-qaça gedib əllərindən alırdı. Birində yolda qabaqlarına çıxırdı, birində isə ən son anda... “Öldürməyin, o mənim xilasımdı” deyirdi. Çox vaxt içəri girən olan kimi Vova bizi zirzəmidə gizlədirdi ki, gəlin girin bura, sizi döyüb öldürməsinlər.

 

Günlər keçdikcə Dima bezirdi. Bir gün Arzu ilə Yeganəni qarşısında oturtdu:

 

- Rusiyaya gedirəm, sizinkilərlə əlaqəyə çıxacam. Telefon nömrəsi verin!

 

Yeganənin kimi var idisə gözünün qabağında öldürdülər... Qardaşları döyüşürdü... Arzu çətinliklə Əmircanda yaşayan Çiçək xalasının nömrəsini xatırlaya bilir:

 

- 20 46 70...

 

Rusiyadan gələn zəngə Çiçək xalanın əri Vahid kişi cavab verir. Dima kifayət qədər konkret danışırdı:

 

- Adım Dimadı, oğlunuz Arzu əlimdədir. İndi sizə 12 əsgərimin adını deyəcəm, yazın. Onlardan birini mənə tapın. Əli, ayağı olmasın. Bircə kəlmə həqiqəti deməyə dili olsun bəsimdi. Lap ölümcül olsun, bir kəlmə deyib ölsün! Tapın! Mənim satqın olmadığımı sübut edəcək bir əsgərimi tapın, əvəzində Arzunu, Yeganəni, Müşfiqi və üstündə də başqa beş nəfər azərbaycanlı hərbçi tapıb verirəm. Amma bir nəfər tapın, bircə nəfər! Mən sözümü dedim...

 

Duuud... Duuud... Duuud...

 

- Mən evə məktub yazmışdım ki, yanımda Şəmkirdən olan Arzu adlı bir hərbçi var, Arzu isə yazmışdı ki, Laçından Yeganə adlı bir qız var...

 

- Arzu artıq evə rahat məktub yaza bilirdi?

 

- Hə, Dima bizi “Qırmızı xaç”dan gizlətmirdi. Dimanın zəngindən sonra ailələrimiz... Mənim Bakıda xalam qızı var idi, Sədaqət, ATS-də işləyirdi... Bizə çox kömək elədi... ailələrimiz bir-birini axtarıb tapdı. Sədaqətin qardaşı Laçında hərbçi idi. Vaqif dayım bizi dəyişmək üçün erməni əsir götürmək istəyəndə Qubadlı istiqamətində əsir düşübmüş... Onlar çox döyüşkən insanlar idilər. Bütün Laçın bilir bunu. İndi “Şəhidlər xiyabanı”nda uyuyur. Meyitini sonradan qaytarmışdılar... Meyitdən bilinirmiş ki, nə işgəncələr veriblər... Ağzında dişi də qalmayıbmış...

 

- Bəs Mübariz?

 

- Mübariz də itkin düşdü... Əsgərov Mübariz... Meyiti də tapılmadı... Nə öldüyü bilindi, nə qaldığı... Aprelin 14-də, biz əsir götürüləndən iki həftə sonra mühasirəyə düşüblər...

 

Üzünü yenə əlləri ilə qapayır...

 

- Arzudan danışaq...

 

- Elə bilirdim ən yaxın adamımdı. O qədər doğma idi ki... Su tökürdü, başımı yuyurdum, mən də su tökürdüm, o başını yuyurdu.

 

- Münasibətiniz necə idi?

 

- Bilmirəm bacı-qardaş deyim, ya dost, ya da yaxın, qohum... Çox doğmalaşmışdıq. Orda bir-birimizdən başqa heç kimimiz yox idi. Bir dəfə “Arçık” qəzetindən erməni jurnalist gəlmişdi. Dedi gəlin sizi evləndirək, amma vətəndaşlığı qəbul edib, “Vesti”də çıxış edin ki... Heç Arzu qoymadı o sözünü bitirsin. Dedi ondansa ölərəm! Ona çox təzyiq göstərdilər, incitdilər...

 

- Sizə də təzyiq elədilər?

 

Barmaqlar yenə bir-birinə kilidləndi, ayaqlar yenə bir-birinin altından gizlənməyə başladı:

 

- Artıq hər cür işgəncəni görmüşdük...

 

Günlər keçdi...

 

- Kartofu çıxartdıq... Arzunun becərdiyi zoğal yetişdi... Bir gecə Dima dedi ki, səni Xankəndinə aparıb öz qızımın adına pasport çıxartdıracam. Necəsə bir yol tapıb səni burdan çıxardıb aparım ki, sizinkilər mənə inansınlar... Dima Kəlbəcərdən bir tay un tapıb gətirmişdi, arvad ondan sac çörəyi bişirirdi, biləndə ki Xankəndinə gedəcəm, iki-üç gün əvvəldən yeməyimi azaldıb, çörək payımı Müşfiq üçün saxladım.

 

- Nə qədər çörək idi?

 

- Balaca qoğal boyda. Koftamın içindən salıb qoltuğumda gizlətdim. Xəstəxanada görüşəndə gizlicə verdim Müşfiqə...

 

- Görüşməyə rahat icazə verirdilər?

 

- Dima hərbçi geyimində idi, çiynində avtomatı. Amma qapıdan girəndə ayağı kəsilmiş bir erməni hərbçi dedi ki, “Axçi, tı haya turka?”

 

- Yəni?

 

- “Sən türksən, ya erməni?” Onlar bizi o saat tanıyırdılar. Dima dedi “hay”... Çörəyi gizlicə Müşfiqə verdim, dedi “Yegiş, mən bunu tək yeyə bilmərəm. Aparım uşaqlarla bölüm”... “Şərikli çörək”dəki kimi xırda-xırda doğradı... (Ağlayır) Verdi ordakı uşaqlara... Toyuğa dən səpəndə necə dəstə ilə başına yığılırlar, bax balaca uşaqlar çörəyin iyini alıb elə toplaşdılar Müşfiqin ətrafına...

 

- Müşfiq çörəyi neçə yerə böldü?

 

- Hərəyə bir dişdək düşdü...

 

- Mənə bir az o xəstəxanadan danışın... Müşfiq danışmaq istəmədi, necə idi ora?

 

- Dağılmış, uçulmuş köhnə xəstəxana idi. Təsəvvür eləyin ki, Kəlbəcərdən, Xocalıdan gətirilən uşaq, qadın, qoca hamısı bir birinə qarışmışdı... Hələ o Füzulidəki toydan gətirdikləri gəlin... Offf...

 

- Kimi o toydan bəyin də gətirildiyini deyir, kimi deyir bəy yox idi...

 

- Bəy o xəstəxanada yox idi. Amma Dima dedi ki, bəyi də gətirmişik... Harda olduğunu bilmədim...

 

- İnsanlar palatalarda idi?

 

- Nə insan? Orda insanlıqdan əsər əlamət yox idi ki... Offf... Ora kimi dəhşətli yer görməmişəm...

 

Yəqin xatırlayırsız, Şuşa türməsini görən Müşfiq bu dəhşətli yerə qayıtmaq üçün hansı yollara əl atırdı... Yeganə xanımdan bu dəhşətli yerin rəsmini çəkməsini istədim...

 

- Elə bil ki, uşaq baxçasına girmisən, ac körpələr üstünə qaçışır...

Böyük bir qazanı odun üstünə qoyub qaynadırlar, içindəki buğdadı, qreçkadı, nədir bilinmir...

Alüminium fincanlara töküb verirlər əsirlərə...

İsti fincan ac əsirin dodağına yapışıb yandırır... Amma soyutmaq imkanın yoxdu, yedin yedin, yemədin də...

Analar öz payını balalarına verir...

Erməni sağa-sola keçir, ayaqlarının altından ac körpələr döşəməyə tökülmüş çörək qırıntılarını yalayır ki, bəlkə qarınları doya...

Qarnını doyurmaq istəyən günahsız körpələrin yerə yapışan balaca, çirkli əlləri erməninin ayağı altda qalır...

Havalanmış qadınlar ortada dolaşır, bala anadan sallaşır, ana balasını tanımır, bala ağlayır...

Yaşlı qadınlar var idi ki...

Ehh... Ora xəstəxana deyildi, əsl cəhənnəm idi! (Üzünü örtüb hönkürür) Bəlkə də heç elə zülmü faşistlər də eləməyib... Onların halını görəndən sonra istəyirdin ki, ayağın getdikcə gedəsən, ordan uzaqlaşasan...

 

Sənəd üçün şəkil çəkdirib, “forma 9” hazırlayırlar. İndi onun adı Lena Petrosyan idi.

 

- Qayıtdıq...

 

- Nə ilə?

 

- Elə ayaqla gedib gəlirdik. Maşın yox, taksiyə verməyə pul yox.

 

- Nə qədər yol idi?

 

- Bilmirəm. Çox idi, saatlarla gedirdik...

 

Dima Kəlbəcərdən bir televizor tapıb Xankəndində ucuz qiymətə satıb, yol pulu düzəldir... Bakıya doğru yola çıxırlar:

 

- Əsirlikdən qurtulduğuma inanmırdım... Arzuyla vidalaşdıq...

 

- Sizə nə isə dedi?

 

- Dedi, bircə anama yazığım gəlir ki, hər yerdə məni axtarıb... Sağollaşıb ayrıldıq. Məktub verdi ki, apar anama. Bir də saqqallı şəklini verdi...

 

- Orda şəkli hardan alırdız?

 

- “Qırmızı xaç” çəkirdi, onlarda hamımızın şəkli var idi.

 

Xankəndinə gəlib Müşfiqlə sağollaşır, bir gecə orda Dimanın qaynıgildə qalır, ordan da avtobusla Şuşaya gəlirlər:

 

- Sonra avtobusla Laçından keçdik... Vətənimdə, öz torpağımda idim, amma əsir idim... Viranəyə oxşayırdı, öz torpağında girov qalmağı heç kəsə arzulamaram.

Laçından da keçib Yerevana çatdıq. Yerevanda təyyarəyə mindik. Dima tapşırmışdı ki, sən danışma. Susmuşdum. Amma ürəyim yanırdı, pıçıldadım ki, su istəyirəm. Sərnişinlərdən eşidən olub demək... Təyyarəyə ayağımı basanda bir erməni qolumdan tutdu ki, “sən türksən”. Artıq elə dedi ki, Dima heç nə deyə bilmədi. Onu dindirməyə, məni isə nəzarətə apardılar... Dima dedi nənəsi erməni olub, Bakıda Azərbaycan məktəbinə gedib, ona görə də erməni dilini bilmir... Üç gün orda qaldıq. Dimanın bir deputat qohumu var idi, onun əliylə çıxartdı bizi... Dimanın çamadanını da geri qaytardılar.

 

- Sizin əşyanız var idi?

 

- Əşyam yox idi, amma ayaq corabımın içində çoxlu məktublar gətirmişdim.

 

- Kimin məktubları idi?

 

- Arzunun, bir də Müşfiqin yanında qalan iki əsir oğlan ailəsinə gətirməyim üçün məktub yazıb vermişdi...

 

- Adları yadınızda?

 

- Bakılıydılar, Babək və Vüsal. Hərbçi idilər. Onları öldü bilirmişlər.

 

- Ümumi neçə məktub idi?

 

- İki-üç balaca nazik kağıza yazıb ayaq corabımın altında gizlətmişdim. Ünvanlar və məktublar.

 

- Heç kim bilmədi?

 

- Heç Dima da.

 

Dimanın deputat qohumunun köməyi ilə nəhayət təyyarəyə minə bilirlər. Vətəndən vətənə gedən yol Rusiyadan keçir.

 

- Gəldik çatdıq Rostova. Orda Azərbaycandan getmiş Jora adlı bir erməni var idi, stadionun rəhbəri idi. Orda çox nüfuzlu adam idi, demək olar ermənilərin çoxunu maliyyələşdirirdi. Dedi Razində yaşamışam. Dima məni Stavropola, öz ailəsinin yanına gətirdi.

 

- Sizi necə qarşıladılar?

 

- Atası məni görəndə başladı ağlamağa... Lənət oxuyurdu müharibəni başlayanlara. “Torpağımızdan çıxıb gəlib rusun donuz fermasında yaşayırıq” deyirdi...

 

- Torpağımız deyəndə Tərtərin “üçüncü savxoz” ərazisini nəzərdə tuturdu?

 

- Hə, Azərbaycan haqqında öz vətəni kimi danışırdı. “Öz ölkəmizdə gül kimi yaşayırdıq, bu nə oyundu düşmüşük” deyirdi... “Mən neçə-neçə azərbaycanlının kirvəsi olmuşam” deyirdi...

 

- Azərbaycanlının?

 

- Hə, onlar bizə türk demirdi. Demək olar ki, onlar mənə pis münasibət bəsləmirdilər. Dima təyyarədən enəndə dedi bax, görürsən burda nə qədər azərbaycanlı var? Kimə desən əsirsən, səni mənim əlimdən ala bilər. Qaça bilərsən...

 

- Qaçmaq istəyirdiz?

 

- Axı Arzu var idi, Müşfiq var idi... Onlara arxa çevirə bilməzdim.

Qonşuda azərbaycanlılar var idi, çox mehriban idilər. Amma mənim azərbaycanlı olduğumu bilmirdilər. Donuz fermasında hamı azərbaycanca danışırdı.

 

- Bəs evdə necə?

 

- Mən Dimanın atasgilin dilindən ermənicə söz eşitmədim. Bir-biri ilə də azərbaycanca danışırdılar. Özü də elə azərbaycanca ki, bəlkə mənim dilim yanıla bilərdı, amma onlarınkı yox. İki aya yaxın orda qaldım.

 

- Dima da?

 

- Ermənistana qayıtdı, sonra yenə gəldi. Bakıdan səs-soraq yox idi. Onun hərbçilərindən heç kimi tapa bilmirdilər... Bir gün Dima gəldi... Yanında bir kişi – Vahid dayı, dedilər Arzunun xalasının əridir... Bir də Arzunun anası Nərgiz xala...

 

- Sizinlə necə görüşdü?

 

- Məni görən kimi ağlayıb “Arzu hanı” soruşdu. Şəklini verdim. Baxdı, qucaqladı, sığalladı, ağladı... Şəkli üzünə sürtürdü... Dima dedi “Ana, ağlama. Qorxma, Arzu məndədir, verəcəm!” O isə elə hey şəklə baxıb ağlayır, soruşurdu...

 

- Nə soruşurdu?

 

- O qədər sual verirdi ki... “Arzu neyləyir”, “Yeməyə çörəyiniz var idi”, “Onu çox incidirdilər”...

Dima məni onlara verib dedi ki, “Bax Arzunu da, Müşfiqi də belə azad eləyə bilərəm. Amma mənə bircə nəfər dili söz tutan hərbçimi tapıb gətirin... Mən bir addım atdım, indi növbə sizindir!”

Onlar məni Bakıya gətirdi...

 

- Sənədləriniz erməni sənədi idi axı... Bakıya necə girdiz?

 

- O sənədlər Dimada qaldı. Məni qatarla gətirdilər. Qatar nəzarətçisinə “hörmət” elədilər, sənədsiz gəldim çıxdım Bakıya...

 

- Gəlişinizi necə xatırlayırsız?

 

- Azad olduğuma inanmırdım. Elə bil keyimişdim. Qulaqlarımda bir qatarın taqqıltısı var idi, bir də Müşfiqin “Yegiş, ay Yegiş” deyib ağlayan səsi... Arxamca ağlayırdı...

Arxamca gəlməyə, ya qarşılamağa heç kimim qalmamışdı... Atam, anam... Qardaşlarım hələ də döyüşürdülər... Qohumlar hamısı şəhid vermişdi, hamının itkini var idi, uşaqları döyüşürdü, özləri çadır şəhərciyində yaşayırdı. Heç kim bir-birinin yerini bilmirdi... Hamının bir gözü ağlayırdı...

On günəcən Arzunun xalasıgildə qaldım. Sonra xalamqızı Sədaqət gəlib çıxdı...

 

Sədaqətgildə yaşamağa başlayır. Bir gün xalası Arzunun Yeganəyə yazdığı məktubu gətirir: “Yaxşı ki, sən getdin, Yeganə! Sən orda olduğun üçün mən burda rahatam. Amma çalışın mənim də burdan xilas olmağım üçün kömək eləyin. Qurtarım gəlim...”

 

- Başqa heç nə?

 

- Yox, sadəcə bu...

 

- O məktubu saxlayırsız?

 

- Əlbəttə! (Gülümsəyir...) Arzunun sevdiyi qız var idi, bilirdim...

 

Uzun axtarışlardan sonra Arzunun qohumları Dimanın xeyrinə ifadə verə biləcək erməni hərbçini tapa bildilər. Bu dəfə məsələ “qara yol ilə” yox, dövlət səviyyəsində həll olundu. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə birgə təyyarədən enən Arzunun vəziyyəti o qədər ağır idi, birbaşa xəstəxanaya yerləşdirdilər. Ayağı axsayır, ciyərində problemlər var idi, vərəmə yoluxmaq üzrə idi...

 

- Gənclikdə hospitalda yatırdı. Yanına getdim... Saçları bir az da ağarmışdı... Onu axırıncı dəfə gördüyümdən hardasa altı ay keçmişdi... Artıq iyirmi yaşı var idi. Yaxınlaşanda gördüm fikrə gedib, siqaret çəkir... Məni görəndə ilk sözü o oldu ki, “Yeganə, təyyarədən düşəndə gözüm bircə səni axtardı, elə bildim məni görməyə də gəlməyəcəksən...” Qucaqlaşdıq, öpüşdük... Həkimlər gəldi ki, “bu qız kimdi?” Arzu dedi “Mənim döyüşçü yoldaşımdır”...

 

Hospitalda iyirmi iki gün yatır. Qapılarından Arzu adlı dörd nakam, naməlum tabut qaldıran kənd camaatı indi orda toplaşıb qurbanlar kəsir, Arzunun yolunu gözləyirdi...

 

- “Dədə Qorqud”da necə Beyrəyin yolunu gözləyirlər... Bax elə... Eynilə elə... Arzu əsirlikdən qayıdanda sevdiyi qızın toyuna bir neçə gün qalmışdı... Arzunun dostuna ərə gedirdi...

 

Arzu kəndlərinə, onun yolunu gözləyən qohum-əqrəbanın görüşünə gedəndə Yeganənin yanına gəlir:

 

- Kəndimizə gedirəm, gəl səni də aparım...

 

- Utanıram, gedə bilmərəm... Bütün kənd deyəcək əsirlikdə özüylə olan qızı da gətirib... Hamı mənə baxacaq...

 

- Gəl gedək! Yeganə, mən hələ əsirlikdə olanda anama məktubda yazmışdım ki, əgər qayıtsam, Yeganə ilə evlənmək istəyirəm...

 

- ....

 

Heç bir cavab almayan Arzu kəndə Yeganədən incik qayıdır. Doğma kəndi Arzunun, Yeganə isə Müşfiqin yolunu gözləyirdi...

 

Əsirlikdən qayıtsa da yad şəhərdə idi, nə yaşamağa evi, nə qapısını döyməyə qohumu var idi. Amma səkkiz güllədən, döyülməkdən, işgəncədən, aclıqdan ölməmişdisə, artıq heç nə olmazdı. Hardansa başlamaq lazım idi. Birinci sənədlərini düzəltməli, sonra təhsil almalı idi. Atasının arzusunu həyata keçirməliydi, o övladlarının hamısını təhsilli görmək istəyirdi. Azərbaycan Texnologiya İnstitutuna daxil olur, tələbələrlə birgə kirayədə yaşamağa başlayır...

 

- Kirayə üçün pulu hardan alırdız?

 

- İnstitutun rektoru kömək edirdi. Amma sonra kirayəni çatdıra bilmədim... Təhsilimi yarımçıq qoyub, yenə xalamqızıgilə gəldim. Sonra Tibb texnikumuna qəbul olundum... Başladım orda oxumağa, axşamlar da işləməyə...

 

- Harda?

 

- Çörək zavodunda...

 

- Bu qolla?

 

- Bəs neyləyim? Elə ailədə tərbiyə almışdım ki, əlimi qaldırsam, ancaq işləmək üçün qaldırardım. Kimsəyə əl açmaq üçün yox... Gecələr çörək bişirir, səhərlər dərsə gəlirdim.

 

- Ordan qazandığınız pul sizə çatırdı?

 

- Qənaət eləyirdim. Mənə Bakı Kooperativ Texnikumunun yataqxanasından bir otaq almağa kömək eləmişdilər, kirayə pulu vermirdim... Yolu ayaqla gəlib gedirdim. Qızlar soruşurdu ki, niyə avtobusa minmirsən, deyirdim ayaqla gəzmək xoşuma gəlir... Özümü sındırmırdım.

 

Bir gün yenə Dima Rusiyadan zəng edir:

 

- “Qırmızı xaç”a Pyer adlı təzə nümayəndə gəlib, bütün azyaşlıları dəyişdirir... Amma Müşfiqin yerini bilmir... O elə bir yerdədir ki, “Qırmızı xaç”ın onlardan xəbəri yoxdu... Amma mən Müşfiqin yerini Pyerə isnad verə bilərəm... Sizi əmin edirəm, Pyer ondan xəbər tutsa mütləq dəyişdirilməsinə nail olacaq...

 

Dima bu xidməti qarşısında yeddi min dollara qədər pul istəyirdi. Onların isə heç yeddi manatı yox idi...

 

- Nə yaxşı ki, millət vəkili Aqil Abbas var idi. O olmasa bacarmazdıq. Dedi, qorxmayın, düzəldəcəyik. Qəzetində yazırdı, imkanı olan adamlar kömək edirdi. Əsas kömək edən bir məmur idi, bir də bir iş adamı, indi nazir müavinidir. Allah köməkləri olsun, biz onlara çox borcluyuq. Böyük qardaşımla onların köməyi ilə toplanan pulu götürüb Rusiyaya getdik. Dima bizi orda gözləyirdi. Pulu ona verib qayıtdıq... Sonrasını özünüz bilirsiz...

 

Mənə çox qəribə gəlmişdi ermənilərin Müşfiqi bir gecə sakitlikdə Pyerin yanına gətirib, özlərinin qapıda gözləmələri... Sən demə bu “jest”in yeddi min dollar qiyməti var imiş...

 

Və Müşfiq Bakıya gəlir...

 

- O gələndə hərəmiz bir qapıda qalırdıq. Kimsəsiz, yorğun, tək, həyatdan küskün insanlar idik...

 

- Arzu ilə bütün münasibətiniz kəsilmişdi?

 

- Onunla kəndə getmədim deyə məndən incik getdi. Sonra artıq xəstəxanada tibb bacısı işləyirdim, anası gəldi yanıma... Qızım olmağını istəyirəm dedi... Dedim siz necə məsləhət bilirsiz... Axı artıq Müşfiq qayıtmışdı, indi rahat nəfəs ala bilərdim... 1998-ci il idi, nişan gətirdilər... Bəlkə başqa adamla ailə qursam həyatım daha çətin olardı... Arzu isə başqadır... O elə vaxtlarımda mənə dayaq olub ki... Düzdü, o mənə evlilik təklif eləyəndə çox pis olmuşdum...

 

- Niyə?

 

- Axı onu özümə ən yaxın, ən doğma adam bilirdim... Belə bir şey gözləmirdim...

 

- Əsirlikdə olduğunuz müddətcə onun münasibətindən heç vaxt heç nə sezməmişdiz?

 

- Ora başqa yerdi axı... Adamın ağlına hər şey gəlir, bircə cavan qız olduğundan başqa... Onunla çox xoşbəxtəm. O mənim həm həyat yoldaşımdı, həm də əsgər yoldaşım...

 

- Səhhətiniz necədi?

 

- Ağ ciyərimin cəmi bir hissəsi var. Mənə ana olmaq olmazdı, həkim icazə vermirdi... Allah yenə möcüzə göstərdi. Hamı deyirdi riskdi, amma... Arzu ilə mən ikimiz bilirik əsirlikdə nələr çəkdiyimizi. Hamısı arxada qalsın, evimiz, ailəmiz olsun istəyirdik... Övladlarımıza baxıb dərdlərimizi unudaq istəyirdik... Əvvəlcə əkizlərim doğuldu, Fəridlə Fəridə... Fəridi tez itirdik, yaşamadı... Sonra isə Cavanşir dünyaya gəldi...

 

- İndi Arzu nə iş görür?

 

- 77 saylı avtobusun sürücüsüdür. Yenə əvvəlki kimi zəhmətkeş, mülayim, xeyirxahdı... Mən isə əvvəlki kimi deyiləm... Əsəblərim qaydasında deyil, aqressiyam çoxdu, özümdən asılı deyil, hər şeyə əsəbiləşirəm... Erməni əlində min bir əzab gördük, amma onunla bitmədi... Gör neçə il keçib, hələ də o əzab davam edir. Biz zillətlə hər il həyatımıza vurulan düyünün birini açmaqla yaşayırıq... Ailəmizdən üç şəhid vermişik, amma onların şəhid statusunu ala bilmirik, buna çox əsəbiləşirəm.

 

- Niyə ala bilmirsiz?

 

- O vaxt Laçın icra hakimiyyətində rəhmətlik Şahmar müəllim var idi, vəkil idi, başımıza gələnləri yazdı, mən qol çəkdim. Heç sənədləri oxumaq ağlıma da gəlmədi...

 

- Yanlış nə isə yazmışdı ki?

 

- Sonradan bildik... Başımıza gələnlərin tarixini səhv yazıb. Sənədlərdə 1992-ci ilin martı yox, 1993-cü ilin martı yazılıb... Baxıb dedilər bu vaxt artıq Laçın işğal olunmuşdu...

 

- Niyə belə yazıb axı?

 

- Mən əsirlikdən təzə gəlmişdim, donum açılmamışdı, o niyə belə səhv eləyib, bilmirəm... Hara müraciət elədik, dedilər qətnamədə belə yazılıb. Özünüz səhv yazmısız... İnandıra bilmirəm ki, o vaxt mənim nə isə yazmağa qolum var idi?

Axı mən yalan danışmıram, ata-anamı, qardaşımı gözümün qabağında öldürüb erməni... Onların haqqını bərpa etmək istəyirəm... Dünyada o adda insan olduğunu sübut edən heç nə yoxdu... Bir məzar belə yoxdu gedib başında dayanıb mənim də atam, anam olub deyim... Şəhidin şəhid statusunu bərpa eləmək istəyirik, çox şey istəmirik... Məhkəmənin qərarını xətm eləmək isə çətin məsələdi... Deyirlər bu işə gərək Ali məhkəmənin sədri baxsın.

 

O doğrudan da illəri dəqiq xatırlaya bilmir. Sənədlərində erməni əsirliyində olduğu vaxt səkkiz ay göstərilir. O isə bu müddəti bir neçə il kimi xatırlayır. Müşfiqdən fərqli olaraq Yeganə başına gələnləri ayı, günü, ili ilə dəqiq deyə bilmir. Axı o qadındır. Əsir həyatı kişi ilə qadına eyni cür təsir eləmir...

 

- Siz qayıdanda neçənci il idi?

 

- Bakıya 1994-cü ildə gəlmişəm.

 

- Ay, il?

 

- Payız aylarıydı...

 

Yenə dəqiq tarix deməyə çətinlik çəkir... Bizim yaddaşla bağlı problemimiz olduğu halda, bütün yaşadıqlarından sonra onu kim qınaya bilər?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11958
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar