Əvvəli: http://news.lent.az/news/170808
İçində Karo, sürücü, Dürdanə və vəhşicə fınxıran “nəsə” olan UAZ Xocalıdan da keçib, Xankəndi ilə Xocalının arasındakı “Şuşa vağzalı” deyilən dəmir yolu vağzalına çatdı...
- Vağzalın uzunluğu haradasa 2 kilometr olardı. Bütün o yolu bu başdan o başacan tanklar düzülmüşdü. Onda dedim, “Vay! Bunların nə qədər texnikası var imiş! Biz isə bu texnikanın qabağına az qala ov tüfəngi ilə çıxırıq...” Özü də onlarda çox qəribə avtomatlar var idi. O vaxtlar “izrailskiy” deyirdilər. İndi vəhabilərdə ona oxşayan silahlar göstərirlər. Qundağı dəmir, lüləsi torlu...
- Texnika ancaq “Şuşa vağzalı” adlanan yerdə idi?
- Yox, hələ Xankəndinə girəndə, şəhərin ayağında bir dairə var idi, ora çatanda gördüm küçələr hərbçi, tankla doludur. Orda qulağında sırğa olan zənci də gördüm. Karo dedi “Görürsən hərbçilərimizi? İçlərində ərəblər də var. Hamısını pulla tutmuşuq...” . Orda döyüşçü paltarında qızlar gördüm. Başları qara çalma ilə bağlı, dizə qədər uzunboğaz çəkmədə, əyinlərində güllə keçirməz jilet, çiyinlərində də silah. Karo onları mənə göstərib dedi “Bax, bizim qızlarımız sizin kişilərə güllə atır e! Çünki sizdə kişi yoxdu!” Ürəyim partlayırdı... Axı görmüşdüm bizim cəsur, igid oğullar necə əziyyət çəkir, döyüşür...
UAZ dikdə dayandı. Üzüaşağı dərə kimi görünən yer buz bağlamışdı. Karo aşağı enib maşının arxasına qoyduqlarını götürüb, maşından yük boşaldırmış kimi dikdən üzüaşağı buraxdı. Kisə kimi bükülü görünən “bağlama” buzun üstü ilə aşağı yuvarlananda əl qolunu açdı və indi məlum oldu ki, o da insan imiş... Yuvarlanıb gedib zərb ilə dərənin dibində üst-üstə yığılmış kubiklərə dəyib dayandı...
- Mən onda bildim ki, bayaqdan yanımda inildəyən, fınxıran insan imiş... O nə gündə idi, ilahi! Üzünü seçə bilmədim, təkcə iki balaca cızıq bilinirdi. Hiss olunurdu ki, gözüdü. Qalan bütün sifəti şişmişdi. Ağız, burun seçilmirdi...
- Əynində nə var idi?
- Ayaqyalın, başıaçıq... Nazik bir köynəyi var idi...
Dərədən aşağı atılma növbəsi Dürdanəyə çatmışdı... Karo yaxınlaşıb maşının qapısını açanda Vladik Dürdanəni görür:
- Karo, sənə deməmişəm bu qızı Əsgərandan çıxartma? Onu dəyişməyəcəyik.
Karo maşının qapısını açdığı kimi də örtür...
- Demək sizi dəyişməyə aparıbmışlar?
- Hə. O yazığı dərənin dibindəki ermənilər götürüb apardılar. Karo dedi Laçına aparırlar. Onda hələ Laçın işğal olunmamışdı... Demək, məni də Laçından dəyişəcəkmişlər. Vladik gəlib mane oldu...
- Və Karo sizi yenidən Əsgərana qaytardı?
- Hə, yenə Əsgəran polis şöbəsinə... Yenə o dəhlizlərlə kameraya apardılar.
- Necə idi o dəhlizlər? Bir az oranı təsvir edin...
- Elə bilirdin divarları qırmızı rəngdədir, amma hamısı insan qanı idi... Orda o qədər insan döymüşdülər ki, divarlar da, dəhliz də qan içində idi. Hər tərəf qan iyi verirdi... Bir dəfə məni kameradan çıxardıb əlimə süpürgə verdilər ki, şüşələr qırılıb kamerana tökülüb, get təmizlə.
- Kameranın pəncərəsində şüşə var idi ki?
- Kənarda bir-iki şüşə var idi, onları da Ağdamdan atılan qradlar silkələyib qırmışdı. Qoymurdular yerdə şüşə qırığı qalsın, deyirdilər birdən özümüzə qəsd edərik. Hər bombardmandan sonra kameranı süpürtdürürdülər. Onda süpürgə dalınca çıxanda dəhlizdə bir hadisə gördüm, hələ heç nə məni elə dəhşətə gətirməmişdi...
- Nə gördüz?
- Əvvəlcə Canan dayının oğlu Xəqanini gördüm, dəhlizdə işləyirdi.
- O kim idi?
- Canan dayı bizdə mal həkimi idi, əsir düşmüşdü. Şərəfsizlər onu qaytardılar, balasını saxladılar...
- Xəqanini vermədilər?
- Vermədilər...
- Neçə yaşı olardı Xəqaninin?
- Təxminən 12-14 yaş arasında idi...
Xəqani bir əlində süpürgə, o birində xəkəndaz, yerə dağılmış şüşələri süpürüb yığırdı. Bu vaxt dəhlizlə ayağını sürüyə-sürüyə gələn Dürdanəni görəndə özünü saxlaya bilməyib içini çəkir:
- Hiii! Dürdanə bacı, sən də burdasan?
- Şşş! Danışdığımızı eşitsələr gəlib döyərlər...
- (Pıçıltı ilə) Dürdanə bacı..., görən... bizi... buraxacaqlar...?
Dürdanə Xəqaniyə verməyə cavab tapmır... Bu vaxt arxadan gələn erməni onun əlinə süpürgə ilə xəkəndaz verib kameraya itələyir. Taqəti qalmayan Dürdanə kameradakı şüşə qırıqlarını süpürüb yığır, nəzarətçinin müşayiəti ilə bir neçə gün öncə özünün atıldığı zibilliyə tərəf yollanır... Zibilliyə gedən yola bir meyit atılmışdı....
- Qadın, yoxsa kişi meyiti idi?
- Kişi idi, amma nə hala salmışdılarsa, üzü hiss olunmurdu, qan içində idi. Əl-ayağından hiss olunurdu ki, orta yaşlı adamdı, qırışı yox idi... Və bu vaxt tualetə tələsən bir erməni gəlib meyitə çatdı... Daha tualetə getməyə özünə əziyyət vermədi... Elə oradaca... Meyitin üzərinə...
- Bəlkə sizi qorxutmaq üçün idi?
- Mən arxadan gəlirdim, o məni görmürdü... Hiss olunurdu ki, bu onların gündəlik həyatıdır...
- Bəs Xəqaninin axırı necə oldu?
- Xəqanidən bu günə qədər də xəbər yoxdu... Mən elə onu sonuncu dəfə dəhlizi süpürəndə gördüm. O qədər elə taleyi bilinməyən balalarımız oldu ki... Özləri deyirdilər ki, əsir uşaqları aparıb həlak olan yaxınlarının məzarı üstündə başını kəsir, deyirdilər qanını aldıq...
- Dəhşət...
- Orda elə dəhşətlər, ağla gəlməyəcək qəddarlıqlar var idi ki... Monte adlı bir nəfər var idi. O gün Facebookda yazmışdılar, ordan bildim ki, indi ermənilərin milli qəhrəmanıdı, 40-45 yaşlarında, saçının qabağı tökülmüş, saqqallı adam idi. O məni necə qəddarca döyürdü... O qırılmışın hamısı bir-birindən amansız idi... Bir dəfə bir Bakı ermənisi kamerada məni elə döydü, elə bil it döyür... Meyit kimi qaldım yerdə. Dərhal da qışqırdı ki, “Aç ağzını!”. Avtomatın lüləsini xirtdəyiməcən saldı ki, səni güllələyəcəm, sevindim. Gördü sevinirəm, dedi biz səni belə asanlıqla öldürməyəcəyik. Güllə yaxşıdı, sən əzabla, sürünə-sürünə, ulaya-ulaya ölməlisən. Onlar başımıza gətirdikləri vəhşiliklərdən ləzzət alırdılar. Əsir əzab çəkməli, zillətlə ölməlidir deyirdilər...Avtomatı ağzımdan çıxardıb yenə qışqırdı “Aç ağzını!”. Bu dəfə məni divara dirəyib ayağını ayaqqabılı-zadlı basdı ağzıma. Az qaldı xirtdəyimə çatıb məni boğsun.
- Əsgər çəkməsi idi?
- Əsgər çəkməsi deyildi, amma çox kobud bir şey idi. Ağzıma da girmirdi, az qalırdı ağzım cırıla. Boğulurdum, nəfəsim çatmırdı. Gözlərim bərələ qalmışdı, öyüdüm... Ayağını ağzımdan çıxardıb sinəmdən təpiklə vurdu. “Siz türklər, it kimi gəbərməlisiz!” deyib çıxıb getdi... Ağzım torpaqla dolu idi...
Bir gün yenə Dürdanəni həmin o “sobalı otağa” çağırırlar. Bu dəfə dizi üstdə yox, otağın yuxarı başındakı stulda oturdurlar. Əllərini isə dizinin üstünə qoymağı əmr edirlər. Bu vaxt qapı açılır və qurşaqdan yuxarı soyundurulmuş, ayaqyalın 12 əsiri içəri salırlar...
- Qardaşınız da onların içində idi?
- Yox, Elşad yox idi. Amma hamısı seçmə cavanlar idi. Baxdım ki, heç birinin bədənində güllə yeri yoxdu, dedim yəqin qardaşım yaralıdır deyə onu gətirməyiblər...
- Ölümünü düşünmədiz?
- Ölümü yadıma salmaq istəmirəm. Mən ondan ata qoxusu alırdım, orda ölsəydi, ürəyim partlayardı. Əmin idim ki, Elşad yaşayır...
- Bəs oradakı uşaqlardan tanıdığınız var idi?
- Çoxunu üzdən tanıyırdım. Noyabrdan Xocalının işığı yox idi, amma biz rabitəçilər bütün məlumatı toplayırdıq. Rəisimiz yanacaq tapır, vedrə-vedrə gətirib generatora tökürdü ki, “Mənim rabitəm dayanmamalıdır!”. Bütün Xocalı camaatı da təzə xəbərləri bilmək üçün toplaşırdı başımıza. Ona görə də onlar hamısı məni tanıyırdılar. Uşaqları otağa salandan sonra arxalarınca da 5-6 saqqallı hərbçi girdi. Gözüm çıxdı kəlləmə, dedim yəqin indi hamımızı öldürəcəklər. Sonra fikirləşdim, elədirsə, məni niyə belə oturdublar?
- Neylədilər?
- Sən demə bu mənə əzab verməyin yeni metodu imiş. Mənim gözümün qabağında o uşaqları orda necə döydülər...
- Nə ilə döyürdülər?
- Dubinka ilə. Necə zərblə çırpırdılar uşaqları... Başı, gözü demirdilər, hara gəldi, necə gəldi... Uşaqlar divara dəyir, ordan sürüşüb yerə düşürdülər, divar al qana bolanırdı... Məni qoruyan Məleykə xala yadında?
- Yadımda.
- Bax onun oğlu da orda idi...
- Adi nə idi?
- Deyəsən Saleh idi. Çoxunu “filankəsin oğlu” kimi tanıyırdım, adlarını bilmirdim...
Məleykə xalanın oğlunu dubinka ilə vura-vura itələyib dəmir çarpayının altına salırlar. Altı az qala yerə yapışan çarpayının dəmir torunun üstündən çarpayının altına pərçim olunmuş gənci döyməyə davam edirlər. Oğlan heyini tamamən itirəndə isə sürüyüb oradan çıxardır, yenidən başına güclü zərbə ilə vururlar.
- Gözlərinin qarası getdi, ağı qaldı... Sifətindən və başından qan üzüaşağı şoralanıb axırdı. Əllərimlə üzümü tutdum!..
Üzünü qapayan Dürdanənin əllərinə dubinka ilə döyür, bağırırdılar: “Bax!”
Gözünü yuman Dürdanənin başından vurur, bağırırdılar: “Bax!”
Başını aşağı salan Dürdanənin saçından yapışıb qaldırır, bağırırdılar: “Bax!”
Dürdanə ilə bərabər “tamaşaçı” kürsüsündə əyləşən ermənilər araq içə-içə döyülən, qanı otağa yayılan əsirlərə baxıb həzz alır, gülürdülər. Sonda ermənilərdən biri bir saata qədər döyülüb otağa səpələnən əsirləri tapança ilə qolundan, ayağında yaralayıb, huşunu itirmək dərəcəsində olan gənclərin güllə yarasına verdikləri reaksiyaya gülürdülər...
- Məleykə xalanın oğlu öldü?
- Yox, sən demə özündən gedibmiş. Hamısının qolundan tutub, sürüyüb apardılar... Mənə ən pis təsir eləyən o oldu ki, o oğlanları hardasa bir saatacan döydülər, amma onlardan biri mənim qabağımda səsini çıxartmadı... Onları kameralarına yığıb başladılar məni döyməyə... Biri dedi əllərini qoy stolun üstünə, qoydum və başladı dubinka ilə vurmağa ki, niyə əlini üzünə tuturdun?
- Oğlanların yanında sizi döymədilər?
- Yox, elə üzümü örtdükcə dubinka ilə əllərimə çırpırdılar. Orda biri məni necə döydü... Söyə-söyə döyür, o biri erməni isə deyirdi “Bilirsən bu qardaşımız səni döymək üçün hardan gəlib? Fransadan! “Fransuzski erməni”dir, sizin üçün gəlib. Lənətə gəlmiş türkləri məhv eləmək üçün! Millətinin qisasını almaq üçün!”
Döyülməkdən taqəti qalmayan qızı sürüyüb gətirib kameraya atırlar. Həmin günü gecə yarısı qapı yenə açılır. Qara, uzun şinelli bir ermənini içəri salırlar. O bir küncə çəkilib, şinelinə bürünüb yatır...
- O bir küncdə yatır, mənsə bu küncdə qorxudan ölürəm ki, görən bu kimdi, indi neyləyəcək? Gecəni belə keçirdik. O rahatca yatır, divarın o üzündə həmişəki kimi kişilərimiz bağırır, mənsə qorxudan canıma yer tapmıram... Səhər açıldı və bu oyandı. Məni hələ indi gördü. Yaxınlaşdı ki, “Axçi, əsirsən?”. Başımı tərpətdim. Ayağını qaldırıb çənəmdən bir təpik vurdu. Sonra başladı anamı, özümü söyməyə... O təpikləyə-təpikləyə söyür, mənsə üzümü qorumağa çalışır, “uf, uf” eləyirdim ki, qapı açıldı. Mühafizə onu çağırıb apardı... Gedə-gedə deyirdi ki, “Bilsəm gecədən burda türk qızı var, onunla başqa cür danışardım...”
- O kim idi?
- Adi vətəndaş imiş. Mühafizəçi dedi sərxoş olduğu üçün KPZ-yə salmışıq.
Bir gün kameranın qapısı açılır və Vladik içəri girir:
- Səni buraxıram!
- Qardaşım...
- Sus! Tək buraxıram! Allahverdi ilə danışmışam, sizinkilər səni yaxşı qiymətə alırlar.
- Qardaşımsız getməyəcəm... Öldürün, getməyəcəm...
- Qudurmusan, qancıq?! Sən hələ şükür elə ki, mən “svyazistka”nı buraxıram. O biri azad elədiyim qancıqlarınız gedib orda deyiblər ki, “svyazistka” sağdır. Allahverdi də bütün günü bizdən səni tələb edir. Buraxmazdım, amma Allahverdiyə kişi kimi söz vermişəm ki, o qızı buraxacam. Ona görə buraxıram!
- Mən qardaşımsız getsəm...
- Sus, qancıq! Bunun mənə şərt qoymağına bax! Buraxıram, getmir! Ey, igidlər, görürsüz, türk qızı burda qalmaq istəyir. Cəzasını verin!
Vladik qəzəblə qapını çırpıb gedir. Erməni “igidləri” də onun arxasınca... Amma kameradan çıxmazdan əvvəl Dürdanəni huşunu itirənə qədər döyürlər...
- Bir də gördüm anamla, qardaşlarımla qaranlıqda oturmuşam. Evimiz deyil, nə isə zirzəmiyə oxşayan yer idi. Bu vaxt atam gəlib dedi niyə qaranlıqda oturmusuz? Çıxdı, əlində kibrit və şamla qayıtdı, qoydu ortamıza. Yandırıb, özü çıxıb getdi. Qaldıq anamla biz, dörd uşaq. Onda özümə gəldim... Başladım ağlamağa ki, niyə ayıldım?
Bu dəfə qapı açılanda içəri girən Karo idi:
- Ay qancıq, axırda səni buraxacaqlar. Deyirəm bəlkə qolundan-qılçandan bir parça kəsib burda saxlayaq? (Gülür) Nədi, yenə gözün böyüdü? Dur gəl, Vladik səni çağırır!
Yenə divarlarla sürünə-sürünə Karonun arxasınca “sobalı otağa” gəlir. Onun üçün artıq hara aparıldığının heç bir əhəmiyyəti yox idi:
- O zülm qalmamışdı ki, mən onu görməmiş olum. Türk namusuna yaraşmayan təhqirləri gördüm. Tualetə bağladılar, zibilliyə atdılar, ağzıma çirkli ayaqqabı saldılar... Gənc idim, ərə getməmişdim. Kaş ki, ailəli olardım. Onda bəlkə məni belə yandırmazdı...
Yenə Vladikin qarşısında dizi üstdə çöküb:
- Qardaşını görmək istəyirsən?
Dürdanə bu anın belə olacağını təsəvvür eləmirdi:
- Elə bil başımdan qaynar qazanla su tökdülər. Məni bir həyəcan boğdu ki, ürək döyüntülərimi eşitməyə başladım. Elə bildim kimsə əlləri ilə boğazımı tutub, nəfəs ala bilmirəm. Ürəyimdə yalvarmağa başladım ki, bircə meyitin görməyim. Bircə sağ olsun...
Gənc erməni Vladikdən ermənicə tapşırıq alıb otaqdan çıxır. Bir neçə dəqiqə sonra qapı açılır və...
- Bacısı ölmüş qan içində girdi içəri... Üst dodağı döyülməkdən nar kimi partlayıb aralanıb. Üz-gözü şişib, qanı axır. Elə oturduğum yerdə ayaqlarını zorla çəkə-çəkə qabağıma gəldi. Ayaqlarını qucaqlayıb aşağı çökdüm, dilimi çıxarıb başladım yalın ayaqlarını yalamağa. “Bacı qurban” deyib başımı qaldırdım ki, üzünə baxım... Bu vaxt boynumun dalına dubinka ilə vurdular ki, “Sən sus! Danışma!”
Elə ordaca qardaşı Elşadın ayaqlarının altına çöküb qalır. Güclə də olsa Vladikin səsini eşidir:
- Aparın bu itləri salın bir yerə! Döyməyin, qaytarılana qədər bir az adam sifətinə düşsünlər! Yoxsa, heç nə ala bilmərik! Həkim gətirin, yaralarını bağlasın...
Dürdanənin bütün ağrılarına şahid olmuş rütubətli kamerada bacı qardaş illərin yorğunu kimi divarın dibinə çöküb bir-birinə söykənib güclə çıxan səsləri ilə söhbət edirlər. Divarın o üzündən döyülən kişilərin bağırtısı gəlir, bu üzündə isə Elşad az qala kəsiləcək nəfəsi ilə soruşur:
- Niyə qalmısan?
- Səni atıb gedə bilməzdim...
- Dəlisən sən? Mənə görə erməni əlində qalmaq...
- Anamı itirdik... Güllə dəyəndə görüblər... Səni də itirə bilməzdim...
- Dürü...
- Nədi, bacı qurban...
- Bəs görən Elmanla Eldəniz sağdı?
- Əvvəlcə burdan çıxaq... Onlardan da xəbər tutacağıq...
- Dürü... Tərpənə bilmirəm... Bizi çox döyürdülər...
- Bacı sənə qurban... Neçə aydı burdayıq? Saya bilmisən?
- Altıncı günümüzdü, Dürü...
- Mən elə bilirəm illər keçib...
- Dürü...
- Ay can...
- Sənə... neylədilər...?
- Heç nə, bacı qurban, elə bir az döydülər, vəssəlam... Başqa heç nə..
Dürdanə Elşaddan gizlətmək üçün var gücü ilə sinəsi aşağıya qədər cırılıb, yaxasını sancaqla bərkitdiyi paltarının üstündən geyindiyi suyu daman gödəkcəsinə büründü... Yaralı, cızılmış və nəhayət qanı quruyub dizlərinə yapışmış ayaqlarını bir-birinin altında gizlətməyə çalışdı...
Səhər açılan hər ikisini Vladikin yanına apardılar. Vladik Dürdanənin qarşısına kağız qələm qoyub yazacağı məktubu diqtə edirdi:
- Allahverdi Bağırovun adına məktub yaz! De ki, bizi buraxırlar, amma əvəzimizdə bir erməni verəcəksiz! Özü də biz kimi desək, onu! Yaz ki, qardaşınla sağsan, ikinizi də qaytaracağıq, amma benzin, çörək və siqaret biz deyən qədər olmalıdır!
Dürdanə indi bildi ki, ermənilər əsirləri yanacağa, çörəyə və siqaretə dəyişirlər...
Bu vaxt içəri 25-27 yaşlarında erməni qızı girir. Onu, Dürdanənin məktubda nə yazdığından bir daha əmin olmaq üçün tərcüməçi gətiriblər. Məktubu oxuyan qız hər şeyin qaydasında olduğunu deyıb çıxanda, gözü Dürdanənin yaralı və yalın ayağına sataşır...
- Topuğum qapqara qaralıb, şişib. Neçə gündür içində güllə, mikrobun, suyun içində qalıb. Qız geri qayıdıb oturdu, əyilib ayağından uzunboğaz çəkməsini çıxartdı. Sonra öz corablarını çıxardıb çəkmələrini yalın ayağına çəkdi. Corablarını mənə uzadıb dedi ki, “mənim Xocalıda rus dili müəllimim olub, Cavanşir müəllim. Mənə həmişə “5” yazıb. Onun xətrinə bu corabları sənə verirəm, geyin ayağına”. Donub qaldım, şoka düşdüm.
- Qız Xocalıdan idi?
- Bilmədim, ilk dəfə idi onu görürdüm. Azərbaycanca təmiz danışırdı. Karo ona ermənicə, özü də hirslə, kobud nə isə dedi. Qız da ona nə isə cavab verib tez çıxıb getdi. Elə bu vaxt Valehi gətirdilər...Əllərinə baxanda dəhşətə gəldim. Barmaqları nə gündə idi... Sonradan bildim, sən demə onun əllərini sobaya basıb yandırıblar ki, sən Xocalının toylarını çalmısan. Daha neynirsən bu əlləri? Sizə elə toy tutmamışıq ki, bir də toy eləyəsiz!
Vladik Valehə onu da dəyişmək istədiklərini bildirir:
- Bunları dəyişək, sonra da sən bir məktub yazarsan Allahverdiyə...
Valehin əvəzinə isə böyük məbləğdə pul istəyəcəkdilər...
Dürdanə nazik köynəyi döyülməkdən süzülən, şalvarının ətəyi cırılan ayaqyalın Valehin tir-tir əsdiyini görüb Vladikə yalvarmağa başlayır:
- Yalvarıram, icazə verin bir söz deyim...
- De, amma tez ol...
- Qardaşımın həm pencəyi, həm də gödəkcəsi var. İcazə verin qardaşımın pencəyini çıxarıb Valehə geyindirim.
Dürdanə Elşadın pencəyini çıxarıb Valehə geydirəndə ermənilər onlara baxıb gülür, ələ salırlar. Bu gülüşlərin fərqində olmayan Dürdanə əyilib yenicə geyindiyi, hələ öz ayaqlarını qızdırmayan corabları çıxardıb Valehə verir. “Necə də olsa bizi buraxırlar, sən hələ burdasan” deyir... Bu vaxt Ağdamdan Əsgərana “qrad” atmağa başlayırlar, ermənilərin başı qarışır, onları otaqda qoyub hamısı bayıra qaçır...
Üç əsir boş otaqda tək qalırlar. Üçü də gözlərini yanan sobaya zilləyir, ora yaxınlaşıb qızınmaq, sularını qurutmaq istəyirlər. Hərəkət etməyə isə qorxurlar... Bu vaxt bir həftədir ac olan Dürdanənin gözü masanın üstündəki suxarı ilə qənddə sataşır...
Qənd də, suxarı da lap kiçik-kiçik doğranmışdı. Amma Dürdanənin gözünə bir qazan isti yemək kimi görünürdü. Dürdanə qorxa-qorxa sağında dayanan Elşada baxanda onun da eyni iştaha ilə qəndlə suxarıya baxdığını gördü. Baxışları ilə sola çevrildi, Valeh də gözünü sobadan ayırıb masaya zilləmişdi...
Kameradan döyülən əsirlərin fəryadı göyə ucalır, bayırdan tükürpədici qrad səsləri əks-səda verir, dəhlizlərdən gizlənməyə çalışan ermənilərin qaçhaqaçı yayılır, sobalı otaqda isə bir həftədir döyülməkdən üzləri tanınmaz hala düşən üç gənc masanın üstündəki suxarı ilə qəndə baxırdılar...
(Davamı olacaq...)