“Bir güllə də vursunlar, canım qurtarsın...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
21 sentyabr 2016 14:16 (UTC +04:00)

“Bir güllə də vursunlar, canım qurtarsın...” - ƏSİR DÜŞƏRGƏSİ

Məndən “səadətə toxunmaq, onu sığallamaq, oxşamaq necə olur?” deyə soruşsalar,  “bu - bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır”, - deyə cavab verərəm. O beş guşəli, yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk tutmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm. Yəqin elə buna görədir ki, 30 ay ərzində dinlədiyim və yazdığım (dinlədiyim bütün hekayələri yazmamışam) talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu...

 

Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin bu hekayətini yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ithaf edirəm...

 

(I hissəni buradan oxuya bilərsiniz)

 

II hissə

 

...Xəqani maşına qayıdanda Şövqi orada yox idi. Təlaşla sağa-sola boylananda bayaqdan onu müşahidə edən hərbçilərdən biri dilləndi:

 

- Dəfn mərasimi bitdi! Aparın türkü!

 

Onu bir maşına itələyəndə ilk gördüyü Şövqinin az qala hədəqəsindən çıxan gözləri idi...

 

***

 

Şövqi atasının qucağına atıldı. Xəqani onu sinəsinə sıxdı. Az əvvəl Nicatın cansız bədənindən ayrılan qanlı, torpaqlı əllər vahimədən titrəyən körpəyə sarıldı. Xəqani sevinirdi, heç olmasa bir övladı sağ idi...

 

Şövqi içini çəkirdi. Oğlunun çəkdiyi əzaba səssiz-səmirsiz ağlayan Xəqani girovları daşıyan maşının pəncərələrindən şəhərə boylandı. Evlərin qarşısında yük maşınları, arabalar, traktorlar dayanmışdı. Erməni hərbçiləri bütün evləri qarət edirdilər. Artıq boşaltdıqları evlərə od vurmuşdular. Ağdam yanırdı...

 

Xəqani maşında özündən başqa kimlərin olduğunu hiss eləmirdi. Tək bacardığı əllərini aramsız Şövqinin bədənində gəzdirib, oğluna yanında olduğunu hiss elətdirmək idi.

 

Maşın Xankəndi uşaq xəstəxanasının həyətində dayandı. Girovları xəstəxanaya doldurdular. Elə ayağını xəstəxananın dəhlizinə qoymaq bəs etdi ki, Xəqani Nicatı daha hüzurlu yerdə qoyub gəldiyini dərk etsin. Nicat yaşasaydı, onu nələr gözləyəcəkdi...

 

Körpələr dəhlizlərdə ayaq altından yeməyə çörək qırıntısı axtarır... Ətrafda havalı kimi gəzən qadınlar bir-birinə qarışmışdı...

 

Xəqani gördüyü mənzərənin təsirindən ayılmağa macal tapmamış Şövqini dartıb qucağından aldılar. Nə qədər “Oğlumu məndən almayın, onu mənə verin” deyib çırpındısa da, xeyri olmadı. Onu sürüyüb bir palataya atdılar...

 

Özünə gələndə yanında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi var idi. Xəqaninin ilk sözü “Oğlumu görmək istəyirəm” oldu...

 

...Şövqi qonşu palatadakı çarpayıda oturmuşdu. Qanlı paltarından əsər-əlamət yox idi. Qısa qollu, ağ maykada idi. Sarıqlı qolu güllü yaylıqla boğazından asılmışdı. Üzündəki ifadədən uşağın son saatlarda çəkdiyi ağrılar hiss olunurdu. Ağlamaq istəyir, amma qorxusundan susurdu. Yad adamların içərisində duruxub qalan uşaq bir-bir hamının üzünə baxır, doğma bir sima axtarırdı. Ətrafda BQXK nümayəndələri, erməni həkimləri və xarici jurnalistlər, fotoqraflar var idi. Həkimlərdən biri qürurla müsahibə verirdi:

 

- Uşaq qolundan güllə yarası alıb. Erməni həkimlərinin səyi nəticəsində əməliyyat uğurlu keçib. Azyaşlının həyatını xilas etmişik. İndi vəziyyəti yaxşıdır və elə bu gün də BQXK xətti ilə ailəsinə geri veriləcək...

 

Əməliyyatın uğurlu keçməsi və oğlunun elə bu gün geri qaytarılacağı xəbəri Xəqanini sevindirirdi... Jurnalistlər gedəndən sonra oğluna yaxınlaşmağa icazə verdilər. Nəhayət ki, doğma adam görən körpə gözlərini şikayətçi kimi atasının üzünə zillədi... 

 

***

 

23 il sonra Şövqi Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır...

 

- Sizi tapmaq asan olmadı...

 

- Hə, jurnalistlər məni çox axtarır... 6-cı sinfə qədər atam müsahibə verəndə mən də yanında olurdum. Sonra artıq qərar verdim – heç bir müsahibə olmayacaq!

 

- Niyə?

 

- Onsuz da mən yox, atam danışırdı. Amma o material efirə gedəndən sonra insanların baxışları qarşısında dayanmaq asan olmurdu... Buna görə də heç bir jurnalistlə görüşmürəm. Hər il iyulun 23-də axtarırlar... 6-cı sinifdən sonra ilk dəfədir müsahibə verirəm. Sizinlə görüşməyə ona görə razılıq verdim ki, “Əsir düşərgəsi” davamlı layihədir, tarix yazırsınız. İstədim adım tarixdə qalsın, yoxsa bir cümlə ilə keçir...

 

Bəli, onun adına hamınız rast gəlmisiniz. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı materiallarda bir cümlə ilə onun da adı keçir. Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi amansız işgəncələrdən söz düşəndə bu cümlə işlənir:

 

“Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur”.

 

- Hadisə vaxtı 2 yaş 9 aylıq olmusunuz. Yəqin ki, heç nəyi xatırlamırsınız...

 

- Ancaq xəstəxanaları... Xəstəxanaları xatırlayıram... Bilmirəm travmadandır, ya nə... Heç 4-5 yaşım olanda da həmən dövrə aid heç nəyi xatırlamırdım... Bəzən deyirlər nə isə uşağın yadında xəyal kimi qalır... Mənim isə yadımda “Travmotologiya”ya gedib gəlməklərimiz qalıb...

 

- Girovluqda nə qədər qalmısınız?

 

- İki gün. Əməliyyat edib, özlərinə lazım olan materialları götürüb, məni geri qaytarıblar... 10-cu sinifdə oxuyanda dövlət xətti ilə Türkiyəyə müalicəyə getmişdim. Müayinə edən həkim dedi ki, əgər o vaxt erməni həkimləri müdaxilə etməsələr, sadəcə yaranı təmizləyib tiksələr, heç bir şey olmayacaqdı...

 

- Ekspertlər deyir ki, müdaxilə sümüyü əldə etmək üçün olub. Bunun çox bahalı transplant materialı olduğu deyilir...

 

- Ümumiyyətlə, ermənilərin əsirlərin orqanlarına transplant materialı kimi baxmaları faktdır. Yoxsa necə izah etmək olar ki... Sən əgər yaralıya kömək edirsənsə, normal et. Körpə uşağın qolundan bazu sümüyünü çəkib çıxardırsansa.... deməli səbəbin var...

 

*** 

 

Tərəddüdləri Xəqaniyə dinclik vermirdi: Şövqini doğrudanmı dəyişdirdilər, yoxsa bu bəhanə ilə ondan ayırdılar? Bir palatada yatdığı girovlar onu arxayın elədilər:

 

- Narahat olma, yanındakılar “Qırmızı Xaç”dan idi. Bizimkilərdən kimi onlar aparıbsa, sağ-salamat gedib çıxıblar...

 

- Nə bilirsiniz sağ-salamat gedib çıxdıqlarını?

 

- Sonradan hamısının məktubları gəlib. “Qırmızı Xaç” ayda bir hamımıza məktub gətirir, biz də evə məktub yazırıq. Düzdür, hər şeyi yazmağa icazə vermirlər. Bir az o yan-bu yan yazsan, şikəst eləyənə qədər döyüb incidirlər, biz də bilirik ki, giley yazıb evdəkilərin ürəyini sıxmaq lazım deyil. Onsuz da biz burdayıq deyə allah bilir nə haldadırlar. Təki elə xəbərimiz getsin, bilsinlər ki, salamatıq deyə yazırıq ki, yaxşıyıq. Qoy nigaran qalmasınlar...

 

Burada köhnə girovlar təcrübəli sayıldıqlarından, təzə gələnlərə məsləhət verirdilər. Qadınlardan biri dəhlizdə Xəqaniyə bərk-bərk tapşırmışdı:

 

- Dişlərin qızıldır, ağzını açıb danışma! Nə soruşsalar, səsini çıxartma! Yoxsa elə görən kimi tutub çəkəcəklər...

 

***

 

23 il sonra Xəqani Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır...

 

- Ayağınızdan yaralanmışdınız. Gülləni çıxartmadılar?

 

- Əvvəl-əvvəl heç baxan da yox idi... Açığı, elə mən özüm də istəyirdim ki, qoy baxmasınlar, ölüm, canım qurtarsın... Həyatda bir narahatlığım Şövqidən idi, onu da geri qaytarmışdılar. O əzablarla yaşamağın nə mənası var idi? Hardasa 20-25 gündən sonra ayağım çirk eləyib, şişdi, yeriyə bilmədim. Ondan sonra həkim gəlib gülləni çıxartdı...

 

- Kim? Edik Stepanyan?

 

- Bəli. Adı Eduard idi, Edik deyirdilər. Edik Stepanyan...

 

- Müsahiblərim ondan çox danışıb... Girovları narkozsuz, ağrıkəsici belə vermədən xüsusi qəddarlıqla əməliyyat edirmiş...

 

- Çox kobud davranırdı. “Burada özümüzün o qədər xəstəmiz var ki, dava-dərman onlara lazımdır” deyirdi. Mənə bir taxta parçası verdilər... Ağzıma qoydum... Əməliyyat vaxtı dişimlə onu sıxırdım... Dedi ki, səsin çıxsa, əməliyyat eləməyəcəyəm... Yaran qanqren eləyəcək, ayağını kəsəcəyik... Qalacaqsan ortada kötük kimi... Məni sol ayağımdan güllələmişdilər. Barmağımın düz üstündən, dırnağın ortasından dəymişdi... Bir də onda xəbər tutmuşdum ki, ayaqqabımdan yerə qan axır... Ağrı hiss edəcək halda deyildim. Elə arzulayırdım ki, bir güllə də vursunlar, canım qurtarsın... Edik bıçaqla yaranı kəsib, içinə şlanq keçirtdi, üstünə də bir az revanol tökdü... Bu da oldu “əməliyyat”...

 

Nə deyim, tək bildiyim odur ki, insanın üzü asfaltdan da bərkdir. Dünyanın bütün çətinliklərini yaşamış, əlləri ilə övladına məzar qazan, onu paltarlı-paltarlı dəfn edən bir kişi kimi deyirəm; əsirlikdə 10 il yaşamaqdansa, azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır... Ölümdən başqa heç nə arzulamırdım... Bilirsiniz, indi danışmaq bəlkə də asandır, amma bir kişi üçün bunu həzm etmək çətindir. Oğlan uşaqları hamısı davada böyüyür, döyür də, döyülür də. Amma o başqa idi, bu başqa... Biri var insanı kişi döyür... Biri də var sən əsirsən və səni döyür, söyür, təhqir edir, alçaldırlar... Və ən əsası da odur ki, sən şüurlu surətdə başa düşürsən ki, düşdüyün vəziyyətdən xilas yolun yoxdur...

 

- Xankəndi uşaq xəstəxanasında nə qədər qaldınız?

 

- Bir aydan çox qaldım. Bir az özümə gələn kimi götürüb apardılar Şuşa türməsinə. Ora da cəhənnəmin özü idi... Palatada uşaqlar danışmışdı, amma gözünlə görəndə başa düşürsən ki, nə qədər danışsalar da, heç kim Şuşa türməsində baş verənləri sözlə tam təsvir edə bilməz. Sizə heç nəyi gizlətmədən danışıram, amma mən də olduğu kimi təsvir edə bilmirəm. Oradakı həyat təsviri mümkün olmayan, insan ağlının aciz qalacağı həyat idi... Bir dəri, bir sümük, heysiz, yaralı əsirlər bir tərəfdən vəhşi kimi döyülür, o biri tərəfdən də yenə vəhşi kimi işlədilirdilər; odun doğra, həyəti süpür, heyvana bax... Bir dəqiqə nəfəs dərməyə vaxtın yox idi...

 

- Ayağınız sağalmışdı? İşləyə bilirdiniz?

 

- Hələ də sağalmamışdı... Ayaqqabının üstünə qoyub məftillə-zadla bağlayırdım... Ayaqqabı deyəndə ki, orada ölən əsirlərdən kimin cır-cındırı ələ gəlirdi, ondan götürürdük... Ayaqqabı dediyim də elə bir şey idi... Rəhmətə gedənlərdən birininki idi, elə bir az altı qalmışdı... Üstü tamam dağılmışdı. Yəni ayağımın yara olan yerini qorumağa çalışırdım... Nə qorumaq e, yaranın üstündən elə təpiklə vururdular ki...

 

***

 

...Şuşaya payız gəlmişdi. Hər tərəfi duman bürümüşdü. Xəqani üçün bu payızın kədəri özündən əvvəl təşrif buyurduğundan təbiətdəki dəyişiklikləri hiss etmirdi. Gənc adamın həyatını, arzularını xəzan vurmuşdu...

 

Bu günlər ərzində hər şeyə rəğmən Xəqani ağzını açmamağa çalışırdı. Döyüləndə belə qışqırmır, dişini sıxıb dayanır, Xankəndi xəstəxanasındakı qadının sözlərini bir an da olsun unutmurdu: “Ağzını açma, qızıl dişlərini görən kimi tutub çəkəcəklər...”

 

Bir sentyabr səhəri həbsxananın həyətini süpürüb, təmizlədilər. Sıraya düzülüb, növbəti komandanı gözləyirdilər. Onları növbəti iş üçün aparacaq yük maşını həyətdə gözləyirdi. Amma nədənsə erməni hərbçiləri komanda verməkdə yubanırdılar. Şuşanın soyuğu Xəqaninin döyülməkdən cırılan paltarlarından açıq bədəninə işləyirdi. Bir anlıq titrədi. Qəribə idi, Nicatı əli ilə məzara qoyandan sonra yaşadığını hiss eləmirdi. İndi ilk dəfə bədəni soyuqdan titrədi. Sanki Şuşanın duman qarışmış sazağı sübh çağı ona tənhalığını bir daha xatırlatmaq üçün iliklərinə işləyirdi. Xəqani başını yuxarı qaldırdı. Günəş səadət kimi buludların arxasında gizlənmişdi. Əlçatmaz idi... Üzünə qonan ani təbəssümdən dodaqları aralandı. Xəqaninin günəşlə salamlaşması bir neçə saniyə çəkdi, erməni hərbçisi qışqırırdı:

 

- Maşına!

 

Əsirlər cəld maşının yük yerinə qalxdılar. Bayaqdan Xəqaninin yanında dayanan İlham erməni hərbçiyə yaxınlaşıb, nə isə pıçıldadı. Hərbçi üzünü maşına çevirdi:

 

- O ağdamlını geri qaytarın!

 

Xəqani aşağı enən kimi çənəsindən yumruqla vurdular:

 

- Ağzında qızıl dişin var, bunu bizdən gizlədirsən? Sən kimsən ki, bizdən nə isə gizlədəsən? Nəyiniz varsa, bizimdir! Torpağınız da! Eviniz də! Mal-mülkünüz də! Lap ağzınızdakı dişiniz də!

 

Əllərində kəlbətin olan bir neçə hərbçi onun başının üstünü aldı...

 

Davamı olacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9171
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar