Alça ağacının altındakı məzar - <span style="color:red;">Vüsalə Məmmədova yazır
23 iyul 2018 17:19 (UTC +04:00)

Alça ağacının altındakı məzar - Vüsalə Məmmədova yazır

 

 

Bu gün Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğalının 25-ci ildönümüdür. Lent.az bu münasibətlə Vüsalə Məmmədovanın "Alça Ağacının altındakı məzar" hekayəsini yenidən təqdim edir:

 

Məndən “səadətə toxunmaq, onu sığallayıb oxşamaq necə olur?” deyə soruşsalar,  “bu, bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır” deyə cavab verərəm. O beş guşəli yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk sıxmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm...

Yəqin, elə buna görədir ki, otuz ay ərzində dinlədiyim və onların arasından seçib qələmə aldığım talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu...

Bu hekayəti yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanlarının – körpələrin xatirəsinə ithaf edirəm...

 

***

Tankların eşib dağıtdığı yollar maşını silkələdikcə əl-ələ tutan iki qardaş bir-birinə baxıb sevinirdi. Oqtay kişi ilk dəfə idi ki, maşını belə surətlə sürürdü. Onun yanında əyləşən Xəqani isə o qədər narahat görünürdü ki, əlacı olsaydı, sükan arxasına keçib, maşını kəndə doğru uçurdardı...

Nicatla Şövqi kəndə tələsən babalarını da, atalarını da başa düşürdülər. Onların başa düşmədiyi tək şey qapqara qaralmış babaları ilə atalarının kəlmə də kəsmədən bütün yol boyu elə hey susması idi. Axı kəndə getmək indiyə kimi toy-bayram idi. Buna görə də onlar qəfil xəbəri alıb özlərini maşına atanda, Nicatla Şövqi də elə ev paltarındaca qaçıb arxa oturacaqda əyləşmişdilər:

 - Uraaa! Kəndə qayıdırıq!

Uşaqlar müvəqqəti məskunlaşdıqları bu kəndi, evi heç cür sevə bilmirdilər. Həyatlarında birdən-birə hər şey özgələşmişdi. Ağaca çıxmaq, meyvə dərmək, güllərə toxunmaq, yelləncəkdə yellənmək olmazdı. Hamısı özgənin idi. Çox səs salmaq, deyib-gülmək, qışqırmaq, nadinclik eləmək olmazdı. Hər dəfə də etiraz edəndə anaları qulaqlarına lap astadan pıçıldayırdı:

- Evimizə qayıdaq, orada nə istəyirsiniz, edin. Özgənin evində olmaz!

İndi, deyəsən, iki qardaşın gecə-gündüz səbirsizliklə gözlədiyi evlərinə qayıtmaq anı çatmışdı. Atası ilə babası bir göz qırpımında maşına qaçanda başa düşdülər ki, evlərinə qayıtmağı təkcə onlar yox, ailədə hamı istəyirmiş. Yəqin, indi kimsə xəbər gətirib ki, artıq kəndə qayıtmaq olar...

Xəqani maşına əyləşib, arxaya döndü:

- Düşün, siz getmirsiniz!

Nicat atasının narahat səsindən, sərt simasından tutuldu. Yerində donub qaldı. Kəndə getməyə hamıdan çox həvəslənən Şövqi ağlayanda Oqtay kişi maşını işə saldı:

- Bu saat onları düşürməyə vaxt yoxdur. Oturublar də arxada özləri üçün. Gərək ən qısa zamanda özümüzü kəndə çatdıraq!

Nicatın qırışığı açıldı. Sevinə-sevinə şüşədən özgənin evinə tamaşa elədi. Nicat “özgə evini” bəyənmirdi. Burada heç alça ağacı da yox idi... Burada hər şey uşağı özündən itələyir, “çıx get” deyirdi. Nicat bir an öncə bu “özgə evinin” onun həyatından yox olmasını istəyirdi. Oqtay kişi maşını yerindən tərpədəndə Nicat arxaya yıxıldı. Şövqi gülüb böyük qardaşını yamsıladı. Hər ikisi güldü, Nicat yenə şüşədən bayıra baxdı. Artıq “özgənin evi” görünmürdü...

...Onlar Ağdamın Sarıcalı kəndinə doğru yola çıxmışdılar...

...Kəndə yaxınlaşanda yol kənarında bir hərbçiyə rast gəldilər. Oqtay kişi maşını saxladı: 

- Vəziyyət necədi, ay oğul? Deyir, ermənilər kəndə girib...

- Yox ay dayı, hamısı şayiədir! Hücum elədilər, amma geri qaytardıq. Biz ölməmişik ki, kəndə erməni girsin! Narahat olmayın, arxayın gedin!

- Allah köməyiniz olsun, ay bala!

Oqtay kişi surəti bir az azaltsa da, bir gözü yanından ötüb-keçdiyi hərbçidə idi. Güzgüdən onu süzə-süzə öz-özünə deyirdi:

- Ağdamlı deyil, amma ləhcəsindən tuta bilmədim haralıdı...

- Ağdamda döyüşən təkcə ağdamlılar deyil ha, bütün rayonlardan gəliblər...

- Nə bilim, bala, elə-belə dedim. Allah hamısının köməyi olsun!

- Bircə evə çatıb atamgili sağ-salamat görəydim! Kişi nə deyir-desin, bu dəfə yığıb özümlə aparacağam. Gör neçə gündür Ağdamda döyüşlər səngimək bilmir, atam özü də, arvad da oturub bombanın altında. Hamı kimi sən də çıx, ara sakitləşəndə qayıdarsan də...

Kənddə doğrudan da sakitlik idi. Nə yollarda bir adam gözə dəyirdi, nə də həyətlərdə. Xəqaninin ürəyi xeyli sakitləşmişdi. Sakitləşdikcə də danışırdı:

- Deyən gərək ki, rəhmətliyin oğlu, guya sən evin içində oturub erməni ilə döyüşəcəksən?! Bir oğlun döyüşür də... Sən də çıx get, otur dinc bir yerdə, oğlun da arxayın olsun ki, anam-atam təhlükədə deyil...

Sonuncu tini də burulanda Nicatla Şövqi səs-səsə verib qışqırdılar:

- Çatdıq! Çatdıq!

Uşaqların sevinc nidaları Xəqanini, dörd bir tərəfdən maşına tuşlanan güllələr isə uşaqları susdurdu...

Avtomobil dayandı...

Oqtay kişi söz deməyə macal tapmamış, başı sükanın üstünə düşdü...

Xəqani özünü maşından aşağı atıb, əllərini qaldırdı:

- Atmayın, atmayın! Maşında uşaq var!!!

Ağacların, evlərin arxasında gizlənən erməni hərbçiləri gülə-gülə maşına yaxınlaşdılar:

- Nə? Uşaq var?

Xəqani təlaşla özünü geriyə, maşına atdı...

Nicat elə oturduğu yerdəcə hərəkətsiz qalmışdı... Bütün sifəti qan içində idi... Şövqi ağlayırdı...

Xəqani Nicatı silkələməyə başladı:

- Nicat! Nicat! Uşaq qorxudan huşunu itirib! Nicat! Nicat!

Nicatın başından üzüaşağı axan qan Xəqaninin az qala əllərini yandırırdı. Gənc ata isə qanlı əlləri ilə başına döyüb, oğlunu haraylayırdı:

- Nicat! Nicat!

Atasının var gücü ilə Nicatı silkələyib, özünə gətirməyə çalışmasını görən körpə Şövqi onun hərəkətlərini təkrarlamağa çalışır, ağlamağını kəsib, sağ əlini Nicatın qanlı üzünə sürtürdü:

- Qaqa... qaqa... qaqa...

Xəqani  fərqinə vardı ki, uşaq sol qolunu işlədə bilmir. Əlini oğluna doğru atanda sol qolundan yaralandığını gördü...

Bütün bunlar cəmi bir neçə saniyə çəkdi. Erməni hərbçiləri Xəqanini maşının içindən çəkib yerə saldılar. Təpikləyərək üzü üstə uzatdılar, üst-başını axtardılar. Maşından yaralı Şövqinin naləsi ucalırdı... Övladını itirən ata hönkürürdü... Hərbçilər isə nə indicə övlad itirən atanın halına, nə də yaralı körpəyə məhəl qoymadan maşını ələk-vələk edirdilər.

Axtarışlar bitəndən sonra Xəqaninin əl-qolunu bağladılar:

- Atın maşına, aparın əsirlərin yanına!

Xəqani əmr verən hərbçiyə döndü:

- Övladımı basdırmağa icazə verin, xahiş edirəm! Əlibağlı sizə təslim oluram. Heç nə istəmirəm. Maşında nə var götürün, sizin olsun! Amma övladımın meyitini ortada belə qoyub gedə bilmərəm... İcazə verin dəfn edim...

Hərbçilər bir-birinə baxıb gülürdülər:

- Nə deyir bu? Nə danışır?

- Yox bir, bəlkə, molla da çağıraq?!

Xəqani istehzalara məhəl qoymadan yalvarırdı:

- Siz də atasınız, yəqin ki, övladınız var...

Bayaqdan əmr verən adam əsgərlərə döndü:

- Türk düz deyir, biz də atayıq! Oğulun biz qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik. Qoy dəfn eləsin! Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq! Düşməndən belə intiqam almağı əldən vermək olmaz! Əllərini açın, nəzarət edin, oğlunu basdırsın. Get, türk, get oğlunu dəfn elə. İcazə veririk...

Əllərini açdılar. Xəqani yerdən qalxıb, axsaya-axsaya maşına doğru getdi. Maşından yerə atılarkən ayağına güllə dəyməsindən hələ də xəbəri yox idi...

Arxa oturacağa əyildi. Şövqi ağlamağını kəsib, qanı axan qardaşını ayıltmağa çalışırdı... Hələ üç yaşı tamam olmayan uşaq atasının gəldiyini görüb, onu sakitləşdirmək üçün sanki indi Nicatı oyadacaq deyə lap canfəşanlıq edirdi. Xəqani Şövqinin Nicatın saralmış sifətində gəzən balaca, qanlı barmaqlarına baxıb hönkürdü. Əgər Şövqiyə yaşamaq qismət olsaydı, o bütün ömrü boyu bu əllərlə böyük qardaşını axtaracaqdı...

Xəqani Nicatın yanına düşmüş əllərini cütləyib, qaldırdı, üzünə sürtdü, öpdü... Üzünün qanını silmək istədi. Dünya malı nə qədər fani imiş... Evinin bir addımlığında, əlinin altında oğlunun qanını silmək üçün heç nə yox idi... Qanlı əllərini öz üstünə silərək, uşağın üzünü təmizləməyə cəhd etsə də, xeyri olmadı. Nicatın qanı dayanmaq bilmirdi...

Şövqinin hələ də qardaşının üzündə gəzən əlini öpüb, kənara çəkdi. Şövqi maşının bir küncündə susub oturdu. Atası Nicatı qucağına alıb, ağlaya-ağlaya maşından endi...

Xəqani 8 yaşlı oğlunun nəşi qucağında ata yurduna doğru irəliləyirdi... O heç vaxt bu qapıdan belə çarəsiz, ümidsiz, bitkin girməmişdi... Nicat, nəhayət ki, çox sevdiyi, arzuladığı evlərində idi...

Qapı açıq idi... Nicat qucağında doqqazdan girən Xəqani həyətə göz gəzdirdi. Kimsə gözə dəymirdi. Xəqani oğlunun saralmış bənizinə baxdı:

- Səni evimizə gətirdim, oğlum... Evimizdəyik... Evimizdə...

Çağırdı:

- Ata! Ata...

Cavab verən olmadı... İndi övlad itkisinin üstünə bir də ata-ana itkisi gəlmişdi...

Elə Nicat qucağında aşağı çökdü. Oğlunu bağrına basıb ağlayırdı... İndi o, təkcə oğul itkisinə yox, məhv olmuş bir ömrə, puç olmuş bir həyata ağlayırdı...

Nicatı ən çox oynamağı sevdiyi alça ağacının altına gətirdi:

- Daha burada heç nə özgənin deyil, oğlum... Hər şey səninkidir... Bütün həyət, ağaclar... Hamısı... Nə varsa, sənindir...

Xəqani cəmi 8 il öncə bu həyətdə Nicat üçün ağacdan yüyürük asmışdı. Sonralar yüyürüyü açıb, onun yerinə yelləncək bağlamışdı. İndi isə həyətdə Nicat üçün məzar qazacaqdı...

Bel gətirib alça ağacının altında oğluna məzar qazdı. Xəqani hər dəfə ayağını belə basanda, yarasından oğlunun qəbrinə qan axır, torpağı yumşaldırdı...

Nicatın ən sevdiyi əyləncələrdən biri alça ağacının qol budağını yolub, cibini kal alçalarla doldurmaq idi... İndi Xəqani övladını alça ağacına tapşırırdı...

Xəqani məzarın kənarında diz çöküb, Nicatı başından ayağına qədər sığalladı. İçindəki üsyanı heç cür boğa bilmirdi. Oğlunun nəşini bərk-bərk qucaqladı. Bu günə qədər oğlunu bu qədər möhkəm, ürəkdən bağrına basmamışdı. Həmişə uşağı əzib incidəcəyindən çəkinir, ürək eləmirdi. İndi daha Nicatı heç nə, heç kim incitməyəcəkdi. O öz kəndində, doğma evində, sevimli alça ağacının hüzurlu kölgəsində idi...

...Nicatı elə qanlı paltarları ilə məzara qoydu... Üzündən, əllərindən öpdü... Ürəyi soyumadı, qanlı, torpaqlı əllərini üstünə silib, yenə uşağın saralmış bənizini təmizləməyə çalışdı... Nicatın üzü qandan təmizləndikcə torpağa bulaşırdı... Xəqani bütün cəhdlərinin əbəs olduğunu, oğlunun onsuz da torpağa qarışacağını anladı, üzünü ciyərparəsinin balaca məzarına qoyub hönkürdü...

O öz ata yurdunda qərib idi... Harayına gələn yox idi...

Nicatı elə ikisi - Xəqani ilə alça ağacı dəfn edirdi... Xəqani oğlunun məzarına ovuc-ovuc torpaq atdıqca, alça ağacı da meyvələrini göz yaşı kimi Nicatın məzarına səpirdi... Xəqani oğlu ilə vidalaşarkən ona təsəlli verir, sanki böyük övladını yeni həyatına hazırlayırdı:

- Ata qurban, içimizdə ən bəxtəvəri, bəlkə də, elə sənsən. Bizim başımıza nə gələcək, Allah bilir. Bəlkə, hər tikəmizi bir vəhşi heyvana yem edəcəklər. Bəlkə, elə yerdə öləcəyik ki, heç məzarımıza kölgə salacaq ağac da tapılmayacaq... Sən isə cənnətdəsən, oğlum... Öz evində, öz həyətində... Öz alça ağacının kölgəsində... Cənnətdə... Cənnətdə? – Xəqani başına, dizinə döyüb soruşurdu: - Axı mənim balam cəhənnəmə düşəcək nə iş görmüşdü ki? Axı o lap körpədir! Onu necə öldürmək olar?!

İnsan Yaradanla danışarkən, üzünü səmaya tutar. Xəqaninin göy üzünə ünvanladığı sualları eşidilməz və cavabsız qalırdı - axı allahlar uşaqların can verdiyi yerlərdən çox-çox uzaqlarda olurlar...

Onun sualları yalnız alça ağacının budaqlarını diksindirirdi. Ağac da kədərlə yarpaqlarını xışıldadıb susurdu: daha onun çiçəkləməsini heç kim gözləməyəcək, budaqlarını kimsə sındırmayacaq, meyvələri yetişməmiş kimsə yolub cibinə doldurmayacaqdı... Onun barı daha heç kimə lazım deyildi...

Xəqani məzarın üstünü torpaqladı, həyətdən tapdığı daşları gətirib düzdü... Sonra geri qayıdıb, qayınatasının da nəşini gətirdi. Oqtay kişini də alça ağacını altında, sevimli nəvəsinin yanında dəfn etdi...

Məzarların qarşısında dayanıb, dua oxudu:

- Oqtay əmi, Nicat sənə əmanət... Ondan muğayat ol... Sizi özümlə gətirdiyim üçün məni bağışlayın... Biz tələsirdik, amma sən demə, çox gecikmişik... Nə atamgili xilas edə bildik, nə də... Hamımız məhv olduq... Evimiz, həyətimiz sizə əmanət... Biz gedirik, görək Şövqi ilə mənim başıma nə gələcək...

...Xəqani maşına qayıdanda Şövqi orada yox idi. Təlaşla sağa-sola boylananda bayaqdan onu müşahidə edən hərbçilərdən biri dilləndi:

- Dəfn mərasimi bitdi! Aparın türkü!

Onu bir maşına itələyəndə gördüyü ilk mənzərə Şövqinin az qala hədəqəsindən çıxan gözləri idi...

***

Şövqi atasının qucağına atıldı. Xəqani onu sinəsinə sıxdı. Az əvvəl Nicatın cansız bədənindən ayrılan qanlı, palçıqlı əllər vahimədən titrəyən körpəyə sarıldı. Xəqani sevinirdi, heç olmasa bir övladı sağ idi...

Şövqi içini çəkirdi. Oğlunun əzablarına səssiz-səmirsiz ağlayan Xəqani girovları daşıyan maşının pəncərələrindən şəhərə boylandı. Evlərin qarşısında yük maşınları, arabalar, traktorlar dayanmışdı. Ermənilər evləri qarət edirdilər - çiynində xalça, kürəyində soyuducu, qucağında televizor daşıyan adamlar bir-birinə qarışmışdı. Artıq boşaltdıqları evlərə od vurmuşdular. Ağdam elə yanırdı ki, şəhərdə istidən nəfəs almaq mümkün deyildi...

Xəqani maşında özündən başqa daha kimlərin olduğunu kəsdirə bilmirdi. Əlindən yalnız o gəlirdi ki, Şövqini özünə sıxıb, oğluna yanında olduğunu hiss etdirsin.

Maşın Xankəndi uşaq xəstəxanasının həyətində dayandı. Girovları xəstəxanaya doldurdular. Elə ayağını xəstəxananın dəhlizinə qoymaq bəs etdi ki, Xəqani Nicatı daha hüzurlu yerdə qoyub gəldiyini dərk etsin. Nicat yaşasaydı, onu Allah bilir, nələr gözləyəcəkdi...

Körpələr dəhlizdə ayaq altından yeməyə çörək qırıntısı axtarırdı... Ətrafda havalı kimi gəzən qadınlar bir-birinə qarışmışdı...

Xəqani gördüyü mənzərənin təsirindən ayılmağa macal tapmamış Şövqini dartıb qucağından aldılar. Nə qədər “oğlumu məndən almayın, onu mənə verin” deyib çırpınsa da, xeyri olmadı. Onu sürüyüb bir palataya atdılar...

Özünə gələndə yanında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi var idi. Xəqaninin ilk sözü “oğlumu görmək istəyirəm” oldu...

...Şövqi qonşu palatadakı çarpayıda oturmuşdu. Qanlı paltarından əsər-əlamət yox idi. Qısaqol ağ maykada idi. Sarıqlı qolu güllü yaylıqla boğazından asılmışdı. Uşağın son saatlarda çəkdiyi ağrı-acı üzündəki dəhşətli ifadədən də hiss olunurdu. Ağlamaq istəyir, amma qorxusundan susurdu. Yad adamların arasında duruxub qalan uşaq bir-bir hamının üzünə baxır, doğma bir sima axtarırdı. Ətrafda BQXK nümayəndələri, erməni həkimləri və xarici jurnalistlər, fotoqraflar var idi. Həkimlərdən biri qürurla müsahibə verirdi:

- Uşaq qolundan güllə yarası alıb. Erməni həkimlərinin səyi nəticəsində əməliyyat uğurlu keçib. Azyaşlının həyatını xilas etmişik. İndi vəziyyəti yaxşıdır və elə bu gün də BQXK xətti ilə ailəsinə geri veriləcək...

Əməliyyat zamanı 2 yaş 9 aylıq körpənin qolundan sağlam bazu sümüyünün çıxarıldığını, Şövqinin ömürlük şikəst edildiyini isə kimsə söyləmədi...

Əməliyyatın uğurlu keçməsi və oğlunun elə bu gün geri qaytarılacağı xəbəri Xəqanini sevindirirdi... Jurnalistlər gedəndən sonra oğluna yaxınlaşmağa icazə verdilər. Nəhayət ki, doğma adam görən körpə gözlərini şikayətçi kimi atasının üzünə zillədi...

***

Tərəddüdləri Xəqaniyə dinclik vermirdi: Şövqini doğrudanmı dəyişdirdilər, yoxsa bu bəhanə ilə ondan ayırdılar? Bir palatada yatdığı girovlar onu arxayın etdilər:

- Narahat olma, yanındakılar “Qırmızı Xaç”dan idi. Bizimkilərdən kimi onlar aparıbsa, sağ-salamat gedib çıxıblar...

- Nə bilirsiniz sağ-salamat gedib çıxdıqlarını?

- Sonradan hamısının məktubları gəlib. “Qırmızı Xaç” ayda bir dəfə hamımıza məktub gətirir, biz də evə məktub yazırıq. Düzdür, hər şeyi yazmağa icazə vermirlər. Bir az oyan-buyan yazsan, şikəst eləyənə qədər döyürlər. Biz də bilirik ki, giley-güzar yazıb evdəkilərin dərdini təzələmək olmaz. Onsuz da bizim burada olmağımız onların ürəyinə dərddir. Təki elə xəbərimiz getsin, bilsinlər ki, salamatıq. Ona görə də yazırıq ki, yaxşıyıq. Qoy nigaran qalmasınlar...

Burada köhnə girovlar təcrübəli sayıldıqlarından, təzə gələnlərə məsləhət verirdilər. Qadınlardan biri dəhlizdə Xəqaniyə bərk-bərk tapşırmışdı:

- Dişlərin qızıldır, ağzını açıb danışma! Nə soruşsalar, səsini çıxartma! Yoxsa görən kimi tutub çəkəcəklər...

Üç həftədən sonra Xəqaninin ayağındakı güllə yarası baxımsızlıqdan şişib, irinlədi. Girovlar arasında öz qəddarlığı ilə tanınan Eduard Stepanyan tibb bacıları ilə palataya girdi:

- Özümüzün o qədər xəstəmiz var ki, bilmirik onlara baxaq, yoxsa bu it sürüsü türkləri əməliyyat edək!

Tibb bacısı Xəqaniyə bir taxta parça uzadıb, ağzına qoymasını tapşırdı. Xəqani başa düşməyəndə Edik çağırılan həkim qışqırdı:

- Biz dava-dərmanı öz yaralılarımıza işlədirik. Sizə verəcək dərmanımız yoxdur! Bu taxtanı ağzına qoy, əməliyyat vaxtı dişinlə sıx ki, səsin çıxmasın. O biri palatada da bir neçə türkü əməliyyat eləmişəm, bağırtıları məni yorub. Bax, səsin çıxsa, əməliyyatı dayandıracağam! Yaran qanqren eləyəcək, ayağını kəsəcəyik... Kötük kimi ortalıqda qalacaqsan!

Xəqani dişi ilə taxtanı sıxmağa macal tapmamış, Edik qayçını yaranın içinə salıb kəsməyə başladı. Güllə sol ayağına barmağın düz üstündən, dırnağın ortasından dəymişdi. Edik yaraya şlanq keçirib, üstünə bir az rivanol tökdü. “Əməliyyat” başa çatdı.

Edikgil çıxandan sonra palatadakı girovlar yaxınlaşıb, ağrıdan huşunu itirmək üzrə olan Xəqaniyə ürək-dirək verməyə başladılar:

- Yaxşı dözdün. Qorxma, ən təhlükəli mərhələ keçdi... Yaşayacaqsan...

Xəqani zorla cavab verirdi:

- Kaş öləydim... Əsirlikdə on il yaşamaqdansa... Azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır...

...Sentyabrın əvvəli idi. Erməni hərbçiləri palataya girib, ayaq üstdə gördükləri girovları dəyənəklə döyə-döyə xəstəxanadan çıxartdılar. Maşına basıb, Şuşanın Xəlifəli kəndinə gətirdilər. Azərbaycanlı əsir və girovları buradakı fermalarda, dirrik və bostanlarda işlədirdilər. Xəqaninin payına kartof yığmaq düşmüşdü. Tezdən yuxudan qaldırılıb döyülür, sonra dirrikdə işləyir, axşam da yatmazdan öncə yenə döyülürdü. Bəzənsə qəfildən bostana-dirriyə girib girovların sifətinə dəyənəklə elə zərbə endirirdilər ki, yazıqların sağlam dişləri də sınıb tökülürdü. Burada girovlar qəfil zərbələrə alışmışdılar, səksəkəli gəzirdilər. İşləyəndə belə üstlərində silahlı nəzarətçilər dayanırdı. Dayanmasaydılar da, döyülməkdən, işləməkdən və aclıqdan heç kimin qaçmağa taqəti yox idi.

Dirrikdə Xəqanidən başqa iki nəfər də vardı, bacanaq idilər: Kəlbəcərdən olan Novruzla Mikayıl. Mikayıl Bərdənin Qaradəmirçi kəndindən idi. Kəlbəcərdə vəziyyət gərginləşəndə bacanağının ailəsini öz evinə aparmaq üçün gedib, rayondan çıxanda Kəlbəcərin tunelində onlarla birlikdə girov düşmüşdü...

Xəqani on gün dirrikdə işləyəndən sonra onu Şuşa həbsxanasına gətirdilər. Burada gördüyü ilk mənzərədən dəhşətə gəldi. Xankəndində girovlar Şuşa həbsxanası haqqında çox qorxunc şeylər danışmışdılar. Buranın necə işgəncə mərkəzi olduğundan xəbərdar idi, amma bu qədərini təsəvvür etmirdi.

Bir dəri, bir sümük qalmış heysiz, yaralı kişiləri həyətdə vəhşicəsinə döyürdülər. Bu işgəncə bitəndən sonra “İş başına!” əmri verildi. Yerdə uzanıb ağrıdan qıvrılan kişilər qalxıb ayaqlarını sürüyərək hərəsi öz işinin dalınca getdi - kimi odun doğrayacaq, kimi mal-qaraya baxacaq, kimi də xüsusi sexlərdə işləyəcəkdi... İndi Xəqaninin gördüyü səhnə bu idi: bir neçə kişi vedrələrlə su daşıyıb həyətin qanını yuyub təmizləyirdi, girovlar döyülərkən yerdə qan gölməçəsi yaranmışdı...

***

...Artıq payız gəlmişdi. Hər tərəfi duman bürümüşdü. Xəqani üçün bu payızın kədəri özündən əvvəl təşrif buyurduğundan, təbiətdəki dəyişikliyi hiss etmirdi. Gənc adamın həyatını, arzularını xəzan vurmuşdu...

Bu günlər ərzində hər şeyə rəğmən Xəqani ağzını açmamağa çalışırdı. Döyüləndə belə qışqırmır, dişini-dişinə sıxıb dayanır, Xankəndi xəstəxanasındakı qadının sözlərini bir an da olsun unutmurdu: “Ağzını açma, qızıl dişlərini görən kimi tutub çəkəcəklər...”

Bir sentyabr səhəri həbsxananın həyətini süpürüb təmizlədilər. Sıraya düzülüb, növbəti komandanı gözləyirdilər. Onları növbəti iş üçün aparacaq yük maşını həyətdə gözləyirdi. Amma həbsxana nəzarətçiləri əmr verməyə, nədənsə, tələsmirdilər. Şuşanın soyuğu Xəqaninin döyülməkdən cırılan paltarlarından bədəninə işləyirdi. Bir anlıq titrədi. Qəribə idi, Nicatı əli ilə məzara qoyandan sonra yaşadığını hiss eləmirdi. İndi ilk dəfə bədəni soyuqdan titrədi. Sanki Şuşanın duman qarışmış sazağı sübh çağı ona tənhalığını bir daha xatırlatmaq üçün iliklərinə işləyirdi. Xəqani başını yuxarı qaldırdı. Günəş səadət kimi buludların arxasında gizlənmişdi. Əlçatmaz idi... Üzünə qonan ani təbəssümdən dodaqları aralandı. Xəqaninin günəşlə salamlaşması bir neçə saniyə çəkdi, erməni nəzarətçi qışqırırdı:

- Maşına!

Əsirlər cəld maşının yük yerinə qalxdılar. Bayaqdan Xəqaninin yanında dayanan İlham nəzarətçiyə yaxınlaşıb, nəsə pıçıldadı. Nəzarətçi üzünü maşına çevirdi:

- O ağdamlını geri qaytarın!

Xəqani aşağı enən kimi çənəsindən yumruq zərbəsi aldı:

- Ağzında qızıl dişin var, bunu bizdən gizlədirsən? Sən kimsən ki, bizdən nəsə gizlədəsən? Nəyiniz varsa, bizimdir! Torpağınız da! Eviniz də! Mal-mülkünüz də! Lap ağzınızdakı dişiniz də!

Əllərində kəlbətin olan bir neçə erməni onun başının üstünü aldı. Bir neçə dəqiqənin içində altı dişini çəkdilər. Sonra da döyüb, maşına atdılar...

***

Özünü kameranın bir küncünə zorla çatdırdı. Səhər çəkilən dişlərinin ağrısı, gün boyu ağır işlərdə işləməyin yorğunluğu, hələ tam sağalmayan ayağının sızıltısı və aclıq onu əldən salmışdı. Onsuz da doyunca yemək tapmayacağını və rahat yataqda dincəlməyəcəyini bilirdi. Amma gün boyu ayaq üstdə olmuşdu, heç olmasa bir az oturmaq istəyirdi. Şuşa həbsxanasında oturmağa da yer tapmaq asan deyildi. Dar kameralarda 10-15 əsir saxlayırdılar. Buna görə də indi yerə çöküb kürəyini söykədiyi çirkli, rütubətli, bit-birəli divar onun üçün ən rahat yer idi...

Ayağına doladığı məftili ehtiyatla açdı. Xəqani ayaqyalın qalanda yaralı ayağını qorumaq üçün digər əsirlərin üsulu ilə özünə ayaqqabı tədarükü etmişdi. Bu, işgəncələrə dözməyib ölən əsirlərdən birinin üstü cırılıb altı qalan ayaqqabısı idi. Ayağını onun üstünə qoyub, işləyərkən ətrafdan tapdığı məftillərlə sarımışdı. Ayağındakı yaranı növbəti zədələrdən bu yolla qorumağa çalışırdı. Amma döyülərkən heç nə kömək etmirdi. Əsirləri döyməyə yaralarından təpikləyərək başlayırdılar...

Nəzarətçilər yemək paylayanda Xəqani kameranın küncündə ayaqlarını uzadıb oturmuşdu. Hərəyə bir dilim çörəklə bir az su verəndən sonra nəzarətçi nümayişkaranə şəkildə İlhamı çağırdı:

- Bu gün sənə mükafat düşür. Yaxşı işləmisən! Al, sənə bir dilim artıq çörək veririk!

Əlində “mükafatı” tutan İlham gözucu Xəqaniyə baxdı. Yerdə əyləşən Xəqani əlləri titrəyə-titrəyə quru çörəyi dəmir qabdakı suda islatmağa çalışırdı...

Artıq doqquz ay idi ki, əsir olan İlham ermənilərlə çox tez dil tapa bilmiş, əməkdaşlığa başlamışdı. Elə buna görə də 23 yaşlı gənci azərbaycanlı əsirlərə başçı təyin etmişdilər. O hər gün daha çox gözə girmək, daha böyük etimad qazanmaq üçün azərbaycanlı əsirləri rezin dəyənəklə, dəmir parçaları ilə, əlinə keçən küt alətlərlə döyürdü. Bundan başqa, əsirlərin öz aralarında etdiyi söhbətləri də dinləyib, ermənilərə çatdırır, onların qaçmaq cəhdlərinin üstünü açırdı. Bütün bunlar da əsirlərə yeni və daha ağır işgəncələrin verilməsi ilə bitirdi. İlham əsirlərə hədə-qorxu gəlir, onlara ağlagəlməz işgəncələr verir, bəzi hallarda isə bir-birləri ilə cinsi əlaqəyə girməyə məcbur edirdi. Bu amansız işgəncələrin nəticəsində bir əsir hətta ölmüş, digəri isə görmə qabiliyyətini itirmişdi...

Bütün bu xidmətlərinin əvəzi olaraq, ermənilər İlhamı döymür, axşam yeməyində isə bir dilim artıq çörək verib, əlinə keçən biti də yeyib ayaqda dayanmağa çalışan girovlara yeməyi necə əldə etməyin yollarını nümayiş etdirirdilər...

***

Bir neçə gün sonra dəyişdirilməyə aparılan girovların siyahısı oxunanda hamı səksəkə içində, həyəcanla gözünü nəzarətçinin ağzına zilləyib, öz adının çəkiləcəyini gözləyirdi. Cəmi beş nəfərin adını çəkdilər. Xəqani ancaq öz adını eşitdi:

- Əliyev Xəqani!

Onları Xankəndi həbsxanasına gətirdilər. İki dəfə ard-arda gözlərini bağlayıb, dəyişdirilməyə apardılar. İkisində də “alınmadı” deyərək, geri qaytardılar. Hənirtidən hiss edirdi ki, maşında ondan başqaları da var. Amma onların kim olduğunu bilmirdi. Xəqani hərdən özünü inandırırdı ki, ata-anası ölməyib, onlar da əsir düşüblər və indi onlarla bir maşında gözü bağlı gedir. Bir az sonra azad ediləndə gözlərini açacaqlar və nə zamansa Nicatın ona sarıldığı kimi, o da atasına sarılacaq. Sonra bu fikirlərdən bədənini soyuq tər basır, bir anın içində düşüncələrinə görə özünü qınayır, ürəyində “əsir düşüncə ölmək yaxşıdır” deyərək, onlara rəhmət oxuyurdu...

Xankəndindəki əsir və girovları, əsasən, uşaq bağçasında və xəstəxanada saxlayırdılar. Həbsxanada isə 6-7 nəfər olurdu. Onlar da daimi sakinlər deyildi - haradansa gətirilir, bir müddətdən sonra ya dəyişdirilir, ya da kəndlərə işləməyə aparılırdı. Bura Şuşa həbsxanasından çox fərqlənirdi. Ən azı burada bir gün dəyişdiriləcəklərinə ümid var idi. Amma bu ümidin də ömrü uzun olmadı. Xəqani “Qırmızı Xaç” vasitəsilə tezliklə məktub aldı. Qardaşı Həsən yazırdı:

“Əziz qardaşım, Xəqani! Sənə bu məktubu ürək ağrısı ilə yazıram. Sənin girovluqda olmağın ailəmizdən ötrü ağır dərddir. Səni xilas etmək üçün əlimizdən gələni etməyə çalışırıq, amma təəssüf ki, bütün cəhdlərimiz boşa çıxır. Əziz qardaşım, bu sətirləri yazmaq mənim üçün çox ağırdır, amma bilməyini istəyirəm ki... Şərəfimə and olsun ki, bu dünyada Şövqidən heç nəyi əsirgəməyəcəm. Ancaq səni qurtara bilmirik... İnan ki, müraciət etmədiyim yer qalmayıb, amma heç cür mümkün olmur...”

Məktubu axıra qədər oxuya bilmədi, qatlayıb cibinə qoydu. Nəfəs almağı çətinləşmişdi, dar kamerada vurnuxur, özünə yer tapa bilmirdi. Sanki kiçik bir nəfəslik açacaq kimi əllərini, bədənini divarlara çırpandan sonra, məktubu çıxarıb yenidən oxudu. Həmin yerinə çatanda özü-özünə dedi: “Həsən biçarə neyləsin?! Deməli, alınmır. Görünür, mənimlə dəyişməyə erməni tapmaq lazımdır. Dəyişmək elə-belə başa gəlmir ki... Əgər nə isə etmək mümkün olsa, Həsən o son ümidi də yoxlayar”.

Məktubun davamını oxumağa başladı: “Bilirəm ki, bu məktubum səni çox incidəcək. Ona görə də ən azı ürəyini açacaq bir xəbər vermək istəyirəm. Ağdamın işğal olunduğunu eşidən kimi ata-anamızı kənddən çıxartmaq üçün getdin və başımıza belə bir iş gəldi. Kaş ki, tələsməyəydin. Kaş ki, bir az gözləyəydin... Atamgil vəziyyətin pis olduğunu görəndə özləri kəndi tərk ediblər. Elə o vaxt siz gedəndən bir az sonra gəldilər... Sənin, Nicatın iyini Şövqidən alırıq. Hamımız səndən nigaranıq...”

Ata-anasının Ağdamdan sağ-salamat çıxa bilməsi Xəqaninin əhvalını düzəltdi. Öz-özünə dedi: “Onsuz da Şuşada ölümümü gözləyirdim, indi də burada gözləyərəm. Əsas odur ki, atamgil çıxa bilib...”

Evə məktub da yazdı: “Məndən nigaran qalmayın, yaxşıyam. Əsas odur ki, atamgil sağ-salamat çıxa biliblər. Onların salamat olduqlarını bilmək mənə bəs edir. İşdir, əgər bir gün buradan xilas olmaq qismət olsa, atamın qarşısına dizi üstə, sürünə-sürünə gedəcəyəm. Şövqinin üzündən öp...”

Girovlara şəxsi əşya saxlamağa icazə vermirdilər. Xəqani kameradakı döşəyin başını söküb, məktubu orada gizlətdi. İndi hər səhər oyananda və hər gecə yatanda məktubu gizlətdiyi yerdən çıxarıb üzünə sürtür, açıb oxuyurdu. Onu ən çox “Kaş ki, tələsməyəydin. Kaş ki, bir az gözləyəydin...” kəlməsi incidirdi. Hər dəfə məktubun bu yerinə çatanda “Nicat, Nicat” deyib hönkürürdü. Xəqaninin günü göz yaşı ilə başlayıb, hıçqırıqlarla bitirdi...

Aylar keçdikcə döşəyin içində gizlətdiyi məktubların sayı artdı. Ayda, bəzən isə 20 gündən bir BQXK nümayəndələri ona baş çəkir, evdən məktub gətirir, ona da məktub yazdırırdı. Məktubların birində qardaşı Şövqinin şəklini də göndərmişdi. Şəkil sağ tərəfdən çəkilmişdi, yaralı əli elə də hiss olunmurdu. İndi Xəqani hər gün oğlu ilə söhbət edir, barmaqlarını onun üzünə, əlinə sürtüb öz-özünə deyirdi:

- Maşallah, böyümüsən! Yəqin, indiyə qolun da tamam sağalıb. Artıq üç yaşın var, uşağın böyüməyinə nə var ki?! Yarası da tez sağalır. Yəqin, böyüdükcə heç yeri də qalmayacaq qolunda, tamam unudacaqsan. Təki elə olsun, təki bu faciə sənin həyatında heç bir iz qoymasın... Həyatın onsuz da ağır olacaq. Qabaqda özündən böyük qardaşın yox, atan yox... Babanın, əminin sözündən çıxma, onlar sənə hamını əvəz edəcəklər... Hamını...

***

Xankəndi həbsxanasında da girovlar dan yeri sökülməmiş oyanıb, işləməyə başlayırdılar. Həbsxananın ərazisi təmizlənəndən sonra onları sıraya düzüb, şəhərin içi ilə milis şöbəsinə aparırdılar. Pal-paltarı, ayaqqabıları cırıq, özləri bit-birənin içində olan əsirlərin sir-sifəti döyülməkdən həmişə yara-xora, partlaq-partlaq olurdu. Həbsxanadan yola çıxanda əmr verilirdi:

- Kimsə qaçmağa cəhd etsə, ayağını kənara qoysa, ümumiyyətlə, göstərilən yerdən başqa tərəfə bircə addım atsa, yerindəcə güllələnəcək!

Sonra nəzarətçilər avtomobildə, barmaqları tətiyin üstündə, piyada gedən əsirlərin arxasınca gəlirdilər. Taqətsiz əsirlər həbsxanadan milis şöbəsinə qədər olan yolu sanki kəndir üstündə yeriyirmiş kimi, var güclərini toplayaraq, ehtiyatla addımlayırdılar. Hətta halsızlıqdan, aclıqdan büdrəmək, soyuqdan titrəmək belə atəş əmrinin gələcəyi demək idi.

Əsirlər qarın, yağışın altında nazik paltarda Cəmilli kəndinin meşəsində ağacları kəsir, daşıyıb polis şöbəsinə gətirir, orada odun yarırdılar. Odunlar hazır olandan sonra həyət təmizlənməli, qablar yuyulmalı idi. Burada o qədər iş var idi ki... Əsirlər fasiləsiz çalışırdı. Axşam hava qaralanda onları yenə piyada geri qaytarırdılar.

***

Günlər bir-birindən uzun, əzablı, ağrılı keçirdi. Nə ölüm gəlib çıxırdi, nə də dəyişdiriləcəyi ilə bağlı hər hansı xəbər. Xəqani hər gün vəhşicəsinə döyülürdü. Onu bəzən qanın içində sürüyüb kameraya atır, günlərlə ac saxlayırdılar. Bir neçə dəfə işgəncə vaxtı qulağını kəsmək istəmiş, sonradan fikirlərini dəyişmişdilər. O, bitib-tükənmək bilməyən təhqirlərdən, söyüşlərdən, alçaltmalardan, əzablardan cana doymuşdu. Demək olar ki, heç bir söz adi qaydada deyilmir, ən təhqiramiz ifadələrdən istifadə edilirdi. Bir tərəfdən də tənhalıq...

Şuşa həbsxanasında baş verənlərdən sonra artıq heç kimə güvənmirdi. İlhamın elə xəyanətlərinin şahidi olmuşdu ki, indi yanındakı bütün girovlardan ehtiyatlanırdı. Təkbaşına buradan necəsə xilas olmağın yollarını axtarırdı. Çox düşünəndən sonra belə qərara gəldi ki, ən yaxşı yol qaçmaqdır. Amma qaçarkən diqqətli olmaq lazım idi. Nə vaxt, necə, hətta kiminlə qaçacağını da elə müəyyən etməli idi ki, istəyinə nail ola bilsin. Ya qaçıb xilas olmalı, ya da qaçarkən arxadan vurulub öldürülməli idi. Qaçarkən ələ keçmək istəmirdi. Ehtiyatsızlıq edib yaxalananların başına gətirilən müsibətləri dəhşət içində izləmişdi.

Xəqani gecə də, səhər də Şövqinin şəkli ilə söhbət edəndə ona öz xəyallarından söz açırdı: “Ata qurban, əgər bu xarabadan canımı qurtarıb yanına gələ bilsəm, sənə ata yox, böyük qardaş olacağam. Mən ailənin böyük uşağıyam. Əmilərinə həmişə yaxşı qardaş olmuşam. Onlar da mənə yaxşı qardaşlıq ediblər, amma uşaq olublar. Mənim heç vaxt böyük qardaşım olmayıb, sənin qardaşını isə Allah sənə çox gördü... Söz verirəm, sağ qalsam, Nicatın yoxluğunu sənə hiss etdirməyəcəyəm...”

Xəqani gün boyu ətrafındakı əsirləri diqqətlə müşahidə edir, planını həyata keçirmək üçün özünə etibarlı yol yoldaşı axtarırdı. Burada kimsə qaçmağı planladığını dilinə gətirmirdi. Heç kim girov yoldaşına güvənmirdi. Uzun müşahidələrdən sonra Xəqani Elmixanı seçdi. Elmixan əsir idi, bir müddət Gorus həbsxanasında saxlanılandan sonra bura gətirilmişdi. Görkəmindən çox işgəncələrə məruz qaldığı hiss olunurdu. Qabaq dişləri yox idi. Avtomatın qundağı ilə ağzından vuranda hamısı sınmışdı. Onunla söhbətdə bircə bunu öyrənə bilmişdi. Məqsədi söhbət əsnasında onun xarakterinə bələd olmaq idi. Davranışı, danışığı, oturuşu-duruşu Xəqaninin xoşuna gəlirdi. Elmixana nəsə qanı qaynamışdı, fikirləşirdi ki, bu adama etibar eləmək, onunla yola çıxmaq olar.

Artıq yola çıxmaq üçün özünə yol yoldaşı da müəyyən etmişdi. İndi qalmışdı uyğun məqamı seçmək. Xəqani hər gün işləməyə gələndə döşəyin içində saxladığı məktubları və Şövqinin şəklini “birdən qaça bilərəm” deyə götürüb cibində gizlədirdi. Onun yeganə və məhrəm əşyası olan bu məktublarla şəklin başqasının əlinə keçməsini istəmirdi.

Meşədə də, milis şöbəsində də işləyərkən çalışırdı ki, Elmixana yaxın olsun. Nəzarətçilərin diqqəti yayınan kimi planını ona açıqlasın. Əmin idi ki, Elmixan qaçmağa razılaşacaq, onunla gələcək!

Yola çıxacağı məqamı gözləyə-gözləyə qışı yola saldı. Qar əridi, bədəni ilə birlikdə ruhunun da donu açıldı. Gün ərzində Nicat üçün nə qədər ağlayır, ölmək istəyirdisə, Şövqi üçün də o qədər yaşamaq istəyirdi. Şövqinin gələcək həyatında ondan ötrü Nicatı əvəz etmək duyğusu gündən-günə güclənirdi...

***

...Qarabağa yaz gəlmişdi. Təbiət özünün valehedici gözəlliyi, qoxusu ilə həyatın bir neçə kilometr aralıdan axıb getdiyini deyirdi. Evləri gün qızdırsa da, erməni hərbçiləri əsirlərə Cəmilli kəndinin meşəsində hələ də ağac kəsdirirdilər. Quşlar sanki sözləşibmiş kimi, əsirlər gələndə ağaclarda səs-səsə verib cükküldəşir, onlara sanki öz azadlıqlarını nümayiş etdirirdilər.

Günəşli yaz səhərlərinin birində ağacı kəsəndən sonra onu doğramağa başlayan Xəqani nəzarəçilərin maşından uzaqlaşıb, çəmənlikdə uzandığını gördü. Şübhə yaratmamaq üçün altdan-altdan onları müşahidə etməyə başladı. Xeyli aralıda olan nəzarətçilər artıq yuxuya getmişdilər. Xəqaninin aylarla gözlədiyi məqam gəlib çatmışdı. Bir bəhanə tapıb sağa-sola keçərək maşının içinə də baxdı, nəzarətçilər açarı götürməyi unutmuşdular. Hər şey Xəqaninin istədiyi kimi gedirdi. Qalırdı bircə Elmixana bu barədə məlumat vermək.

Elmixana yaxınlaşdı. Yerdən bir çöp götürüb, ağzına apardı. Danışığını bəlli etməmək üçün çöpü dişsiz ağzında fırladaraq, maşını göstərib, lap astadan pıçıldadı:

- Deyirəm, maşına bax e...

Elmixan gözünü yardığı odundan ayırmadan, çiynini çəkdi:

- Maşının nəyinə baxacağam? Sürə bilirəm ki?

Xəqani güclə eşidiləcək səslə pıçıldadı:

- Mən sürəcəyəm...

Elmixan ətrafa göz gəzdirib, üzünü Xəqaniyə çevirdi:

- Bizim posta nə qədərə çatarıq?

- Yolları ovcumun içi kimi tanıyıram. Lazım olsa, saatda lap 200-lə gedəcəyəm, beş dəqiqəyə buradan çox uzaqda olacağıq.

- Burada bildirməməyimə baxma, karate ilə məşğul olmuşam. Mənə iki dəqiqə ver, yatanların hərəsinə bir təpik ilişdirim, biz posta çatana qədər özlərinə gəlməsinlər.

- Lazım deyil, onsuz da yatıblar. Aranı qatarsan, ələ keçərik. Maşını elə uçurdacağam ki, onlar ayılanda biz uzaqda olacağıq...

Balta əllərində maşına tərəf addımlayanda yeniyetmə Bəşir qarşılarında dayanıb, qorxusundan titrəyirdi:

- Siz qaçırsınız...

- Ə, uşaq-uşaq danışma, kənara çəkil!

- Yox, qaçsanız, mən qışqıracağam!

Elmixan özündən çıxdı:

- Qələt eləyəcəksən! Səni də aparırıq də...

- Yox! Mən qaça bilmərəm. Siz aradan çıxacaqsınız, onlar da məni öldürəcək...

- Uşaqlıq eləmə, az danış! Sakitcə arxamızca gəl!

- Yox, yox!

Elmixan əlindəki baltanı hirslə yerə atdı:

- Daha bəsdir, sakit ol! Səninlə zarafat eləmək mümkün deyil! Hara qaçasıyıq? Bu cəhənnəmdən kim qaça bilib ki, indiyə qədər?

- Doğrudan qaçmırsınız?

Xəqani özündən çıxdı:

- Nədir, zarafat da edə bilmərik? Elə bütün günü işləməli, döyülməliyik?

Bəşirin titrəməsi keçdi, sakitləşib, odun doğramağa qayıtdı. Elmixan yerə atdığı baltanı götürüb, Xəqaniyə tərəf döndü:

- Gərək birini də bunun ağzının ütsündən ilişdirərdim, iki gün özünə gəlməzdi!

- Daha gecdir, indi neyləsək də, hay-küy salıb xəbər verəcək...

Nəzarətçilər yuxudan oyananda əsirlər hələ də odun doğrayırdılar...

***

Yaz ötmüş, yay keçmişdi. Payız mehi onsuz da əzabları bitib-tükənmək bilməyən əsirlərin bədəninə toxunub, tənhalıqlarını bir daha yadlarına salmaqda idi. Bu meh əsirlərin bədənini elektrik cərəyanı kimi hər dəfə saranda, onlar qarşıdan qurtarmaq bilməyən uzun, soyuq və məşəqqətli qışın gəldiyini xatırlayır, təbiətin bütün fəsillərinin ən azı iki adamlıq olduğunu düşünürdülər. Bu yer üzündə tənhalara yer yox idi...

Kameradakı əsir və girovların hamısı tənha idi. Eyni taleyi yaşasalar da, hər an bir tikə çörək üçün xəyanətə məruz qalacaqları qorxusundan gündən-günə daha da tənhalaşırdılar. Xankəndi həbsxanasına gətirilən əsirlər bir müddətdən sonra dəyişdirilir, ya da başqa yerə aparılırdı. Xəqanini isə artıq dəyişdirilməyə də aparmırdılar, o, buranın daimi sakininə çevrilmişdi. Onu girov kimi də unutmuşdular. Varlığı bir döyüləndə, bir də işlədiləndə yada düşürdü.

...Adi günlərdən biri idi. Dörd girov meşədə odun doğrayanda qəzəblə maşından enən nəzarətçilər rezin dəyənəklə onların üstünə düşdülər. Bir neçə zərbədən sonra dəyənəyi yerə atdılar:

- Baqajdan kabelləri gətir! Dəyənək bunlar üçün çox yumşaqdır! Hamısını ölənə qədər döymək lazımdır ki, ayaqları qırılsın, kənara addım ata bilməsinlər!

Girovların bədənini kəsik-kəsik edən kabellər havada oynadıqca nəzarətçilər qəzəblə bağırırdılar:

- Türklərin üzünə çox xoş baxmışıq, qudurublar! Gör bunlar nə qədər qudurublar ki, üçü birləşib iki nəzarəçini öldürüb qaçır! İndi o əsgərlərimizin heyfini hamınızdan alacağıq! Oturduğumuz yerdə qırılmış ayaqları ilə başımızı cəncələ salırlar! Vurun, vurun! Əlləri bir iş tutmayana qədər, addım ata bilməyənə qədər çırpın!

Kabellə döyülmək girovların ən çox qorxduğu işgəncə növlərindən idi. Qalın kabellər onlara toxunduqca paltarını bıçaq kimi kəsir, bədənlərindən qan axırdı...

Həmin gün axşam girovları daha da vahiməyə salan bir hadisə baş verdi. Həbsxanada da döyüləndən sonra təpiklənərək həyətə çıxarıldılar. Burada onları Şuşa həbsxanasına aparmaq üçün gələn maşın gözləyirdi. Beşini də itələyib maşına basdılar. Elə maşın yerindən tərpənmək istəyəndə həbsxana rəisi gəldi:

- Türkləri hara aparırsınız? Bizim işləri kim görəcək?

- Şuşaya! Bu murdarların üçünü Həsənabad kəndində saxlayırdıq. Gecə ilə iki nəzarətçini öldürüb qaçıblar. Yuxarıdan əmr almışıq, indi kəndlərə dağıtdığımız bütün əsirləri Şuşa həbsxanasına aparırıq. Oradan qaça bilməyəcəklər!

- Düz edirsiniz! Amma bunların ikisini düşürt aşağı, buraları təmizləsin.

Hərbçi duruxanda həbsxana rəisi güldü:

- Bircə onu demə ki, bunlar məni də öldürüb qaçacaqlar! Ayaq üstə ölür e bunlar. Hara qaçacaqlar?! Üçünü apar, get orada da de ki, ikisini Xaçik saxladı. Yoxsa istəyirlər ki, Xankəndini mən təmizləyim? Qabaqdan qış gəlir, odunu kim doğrayacaq? Bir-iki günlük ağır işlər var, onları görsünlər, özüm göndərəcəyəm ikisini də!

Həbsxana nəzarətçisi əlini maşının içinə uzatdı. Kimin yaxası əlinə gəldisə, çəkib maşından aşağı saldı. Maşın uzaqlaşanda nəzarətçi üz-gözü göyərib şişmiş, qana bulaşmış girovlara təpik vurdu:

- Şellənmək vaxtı deyil, qalxın! Rəis sizə iş tapşıracaq!

Xəqani qalxanda gözucu ayağa durmağa çalışan digər girova nəzər yetirdi. Burada kiminlə qalması bu bir-iki gün üçün quracağı planların çox vacib tərəfi idi.

Onun adı Marks idi. Şuşa həbsxanasından iki ay olardı gətirmişdilər. Girovların “sakit adam” kimi tanıdığı orta yaşlı kişinin haqqında bircə o məlum idi ki, Füzuli rayonundandır. Kənddə, qardaşı qızının toyunda ailəlikcə girov düşüblər. BQXK Xankəndi uşaq xəstəxanasında saxlanılan həyat yoldaşını və üç övladını bir müddət əvvəl dəyişib. Başqa heç kim heç nə bilmirdi. Xəqani ona nə qədər etibar edə biləcəyinə əmin deyildi. Ürəyindən keçirtdi ki, kaş Elmixanla qalaydım. Bu fikirlərlə nəzarətçinin arxasınca düşüb, təmizləyəcəkləri yerə gəldilər:

- Buraları təmizləyin, süpürün, qabları da yuyun, sonra kameranıza cəhənnəm olub, yatın! Əsas işimiz səhər olacaq!

Həbsxananın içində işləyəndə onların üzərində xüsusi nəzarətçi dayanmırdı. Necə də olsa, bağlı qapılar arxasında idilər. Hara qaçacaqdılar?!

Çirkli qablar bir-birinə qarışmış, çiliklənmiş butulka qırıqları ətrafa səpələnmişdi. Xəqani işləyərkən səssizcə Marksı müşahidə edir, ona nə qədər bel bağlamaq mümkün olduğunu bilmək istəyirdi. Marks da Şuşa həbsxanasından gəlmişdi, ora dönməyin hər gün bir az ölmək olduğunu yaxşı anlayırdı. Amma birdən Marks da Bəşir kimi, “Sən qaçsan, mən qışqıracağam!” desə, onda necə?! İstənilən halda ehtiyatlı olmaq lazım idi. Xəqani nə qədər götür-qoy eləsə də, işlərini yekunlaşdıranda hələ də bir qərara gələ bilməmişdi.

İkisi də yanaşı dayanıb, otağa nəzər saldılar. Yaddan çıxan, gözlərindən yayınan bir şey qalmayıbmı deyə hər yana diqqətlə baxdılar. Hər şey qaydasında idi, indi kameraya qayıdıb uzanmaq, bədənlərinin sızıltısına, ağrısına dözə-dözə səhərin açılmasını gözləmək olardı. Xəqani Marksa tərəf çevrilmədən, özünün də güclə eşidəcəyi səslə, çarəsiz halda pıçıldadı:

- Gəl qaçaq, bizi arxadan güllələsinlər...

Susdu... Artıq çox gec idi, söz ağızdan çıxmışdı. İndi onun həyatı naməlum girovun dodaqları arasında idi. Ya birlikdə yola çıxıb xilas olacaq, ya da ələ keçib yadına belə salmağa ürpəndiyi dəhşətli işgəncələrə məruz qalacaqdı. Xəqani bir-birinin arxasınca uyğun sözləri tapmaqda çətinlik çəkirdi, amma davam etdi:

- Şuşa türməsinə qayıtmaqdansa...

- Ölmək yaxşıdır! – Marks sevincək ona tərəf çevriləndə Xəqani qeyri-ixtiyarı “Ssss!” elədi. Marks susub, yenidən üzünü divara çevirdi:

- Xəqani, düz 71 gündür səndən bu sözü gözləyirdim...

- Onda gedirik?

- Gedirik!

Xəqani Marksdan ayrılıb, kamera qonşusu Valehin yanına gəldi. Valeh Bakı ermənisi idi. Xəqani ilə yaşıd olardı. Xankəndində hərbi prokurorluqda işləmişdi. Bir ay idi həbs edilmişdi. Xəqani ona tez-tez baş çəkir, Valehin siqaretinə qonaq olur, söhbət edirdilər. Valeh ona Azərbaycanla bağlı xatirələrini danışır, Bakını küçə-küçə xatırlayır, hər dəfə də nələrisə soruşurdu. Məsələn, filan küçədəki iydə ağacı yaz gələndə yenə də çiçəkləyirmi, filan köşkdə qəzetləri yenə filankəs satırmı, yaxşıdırmı, uşaqları oxuyub qurtardılarmı...

Xəqani hər dəfəsində çiyinlərini çəkirdi:

- Ay Valeh, mən haradan bilim? Ağdamı soruş, ev-ev danışım...

Valeh də köks ötürüb, zarafat edirdi:

- Eh, sən niyə mənim kimi bakılı deyilsən e?! Həsrətin çəkdiyim hər yerdən danışardın...

Sonra Xəqaninin sərt baxışlarından özünü yığışdırıb söhbəti dəyişər, zarafata keçərdi:

- Əşşi, nə fərqi var ey, kim şəhərlidir, kim rayonlu. İkimiz də eyni türmədə yatırıq!

Xəqani də zarafatından qalmırdı:

- Vallah, burada yatan sənsən. Mən girovam, bütün günü işləyirəm, döyülürəm...

- Yaxşı görək! Guya mən çox ağ gündəyəm? Yadında saxla ki, ürəyində Bakı eşqi, Azərbaycan sevgisi olan hər bir erməni burada əsir həyatı yaşayır!

İndi Xəqani heç özü də bilmədi Valehin yanına niyə gəlib. Bunu özündən soruşanda, dərinə getmədən, içində tez cavab tapdı: “Valehdən bir siqaret götürərəm”. Dəmir barmaqlıqların qarşısında dayanıb, astadan çağırdı:

- Valeh, bir siqaret ver.

- Ə, Xəqani, sən nə gündəsən? Bunların əli qurusun, səni yenə nə günə qoyublar.

- Hə... Nə bilim?! Bu dəfə möhkəm döydülər...

- Əclafdırlar də! Görmürsən məni heç nəyin üstündə tutub basıblar içəri? – deyə Valeh barmaqlıqların arasından Xəqaniyə bir siqaret uzatdı. Xəqani siqareti almaq istəyəndə Valeh diqqətlə onu süzüb, siqareti geri çəkdi:

- Qaçacaqsan?

- Dəhşətsən e! Qaçmaq nədir? Görmürsən ayaq üstdə zorla dayanmışam?!

- Mən “yuristliyi” oxumuşam, özü də Bakıda! Sən bu gün çıxıb gedəcəksən! Elə bu siqareti çəkən kimi qaçacaqsan. Gözlərindən görürəm!

- İşə düşdük də...

- Ssss! Sakit! Xəqani, orada getməyə onsuz da yerin-yurdun, evin-eşiyin yoxdur. Nə Ağdam var, nə də sənin kəndin. Ona görə də Bakıya gedərsən. Xahiş edirəm, yarımca saat mənim əvəzimə Xəzərin sahilində dayanıb, qağayılara yem atarsan...

- Valeh, sən döyülmürsən deyə kefin kökdür, xəyal-zad qurursan! İstədim bir siqaret çəkib, yatam, onda da peşman elədin...

- Məni aldada bilməzsən! Bizim ikimizi də torpaq həsrəti birləşdirir. Sənin necə Ağdam üçün burnunun ucu göynəyirsə, mən də Bakıdakı həyatım üçün elə darıxıram. Erməni olduğum üçün mənə inanmaya bilərsən, amma söz ver, söz ver ki, Bakıda...

- Di yaxşı, yaxşı! Söz verirəm! Amma səs salma!

- Özünü qoru, Xəqani! Sən çox yaxşı adamsan, yolun açıq olsun. Qaç, canını bu vicdansızların əlindən qurtar. Al, qutunu götür. Yolda lazım olacaq! – filtri kəsilmiş bir qutu “LM” siqaretini Xəqaniyə uzatdı: – Xəqani, Bakıya mənim sevgimi apar!

- Gecən xeyrə qalsın! Səhər görüşərik...

Ayrıldılar. Xəqani gözətçiyə baş çəkdi. Qapının qarşısında oturub mürgüləyirdi. Marks isə sözləşdikləri yerdə Xəqanini gözləyirdi. Pilləkənlərin arasındakı pəncərənin kənarından dibçəkləri səliqə ilə yerə düzüb, pəncərəni açdılar. Pəncərədən keçə bilsəydilər, artıq həyətdə olacaqdılar. Bu, bir qapını keçmək sayılırdı. Xəqani əvvəlcə Marksın keçməsinə nəzarət elədi. Yola birlikdə çıxsalar da, onu hələ də yaxşı tanımadığı üçün arxada qalmasını istəmirdi.

Pəncərədən aşmaq növbəsi Xəqaniyə çıxanda, elə pəncərədəcə üst-başını axtarıb, Marksa pıçıldadı:

- Mən geri qayıtmalıyam!

- Nə danışırsan?

- Burada gözlə, gəlirəm!

- Xəqani, hamısı yatmışkən gəl qaçaq. Hər dəqiqənin bir hökmü var, getmə... Ələ keçsək ikimizi də öld...

- Rəhmətliyin oğlu, onsuz da bizi arxadan vurub öldürsünlər deyə qaçmırıq?! Çəkil bir tərəfdə gizlən, gəlirəm indi.

Pəncərədən enib, kamerasına qayıtdı. Döşəyin içində gizlətdiyi məktubları və Şövqinin şəklini götürüb öpdü:

- Balamın şəklini itin-qurdun əlinin altında qoya bilmərəm! Ata qurban! Gəlirəm! Gözlə, gəlirəm!

Şəkli məktublarla birlikdə cibinə qoyub, yenə ətrafa nəzər yetirərək, ehtiyatla pəncərənin yanına getdi. Hələ də sakitlik idi. Pəncərədən həyətə endi. Marks pəncərənin altında titrəyirdi. Onu görəndə şükür eləməyə başladı:

- Nə yaxşı gəldin! Elə qorxdum... Dedim bəlkə...

- Sakit! Gəl! Hasardan aşacağıq, əvvəlcə yoxlayaq görək kimsə yoxdur ki...

Hasarın qarşısında da kimsə yox idi. Xəqani Marksa işarə elədi:

- Çıx!

- Yox, birinci sən!

Xəqani Marksın döyülməkdən və aclıqdan taqətsiz düşən bədəninə nəzər saldı:

- İncimə, məni ilk dəfə bunlara özümüzünkü satıb. Həm də bir tikə çörəyə. Artıq heç kəsə inanmıram! Arxamca qışqırmayacağını haradan bilim?

- Axı... Axı hasarın üstündəki məftillərə elektrik buraxırlar...

- A kişi, mən bu xarabadan xilas olmaq üçün düz bir ildir yollar axtarıram! Hər künc-bucağını ölçüb-biçmişəm. Hansı pəncərədən keçmək olar, hasarın hansı tərəfindən aşsan, hara düşəcəksən. Haradan hara neçə dəqiqəlik yoldur – hamısını hesablamışam! Çıx deyirəmsə, çıx! Şuşaya baxma, burada məftillərə elektrik buraxmayıblar, yoxlamışam. Sadəcə tikanları var. Cəhənnəmə olsun...

Marks hasarın üstünə çıxıb əyildi. Sonra Xəqani qalxdı. Əl-ələ verib, hasardan aşağı atıldılar. Onsuz da döyülməkdən yara olan bədənləri elə ağrıyırdı ki, nə məftillərin tikanını, nə də düşərkən əzildiklərini hiss etmədilər. Qalxıb, avtovağzala gedən yola çıxdılar. Qaranlıq küçələrdə diqqət çəkmədən, bacardıqca tez-tez getməyə çalışırdılar. Xəqani Marksa bərk-bərk tapşırırdı:

- Çalış yeriyəndə axsama, güclə getdiyin hiss olunmasın. Diqqət çəkməyək...

Xeyli getmişdilər ki, uzaqdan həbsxananın həyəcan siqnalı eşidildi. Marks dayandı:

- Ayaqlarım getmir, Xəqani. Bizi tutacaqlar!

- Az danış, buradan Şuşa yoluna dönürük, oradan da özümüzü vururuq Qarqara. Onlar bizi itlərlə axtaracaqlar. Çay isə izi itirir... Gəl, cəld ol...

İkisinə də elə bir güc gəlmişdi, elə addımlayırdılar ki, sanki nə ac idilər, nə də yaralı...

***

Nazik paltarları ilə özlərini Qarqar çayına atanda Xəqani cibindəki məktubları, Şövqinin şəklini və bir qutu “LM”i çıxarıb, əlində saxlamışdı. Qarqar çayı ilə iki yüz metrə qədər irəlilədilər. Artıq axtarışın dayandığını hiss edirdilər, amma Qarqarın ətrafında elə kol-kos var idi ki, çaydan çıxmağa yer tapmırdılar. Nəhayət, çaydan çıxa bildilər. Noyabr gecəsi yaş paltarlarda dişləri bir-birinə dəyə-dəyə dağların ətəyi ilə gedirdilər. Sanki bu gecə ay da onlar üçün doğmuşdu, zülmət gecədə yollarına işıq salırdı...

Səhər açılanda Xankəndindən xeyli uzaqlaşmışdılar. Xəqani işıqda getməyi məsləhət bilmədi. Paltarlarını çıxarıb, qurumaq üçün kolların arxasına sərdilər. Özləri isə buradakı arxda uzanıb, üstlərini torpaqladılar. Bircə sifətləri açıqda qalmışdı. Hava qaralana qədər belə uzandılar. Axşam qalxanda bütün bədənləri donmuşdu. Bir siqaret çəkib, quru paltarlarını geyindilər, yola düzəldilər...

***

Ağdama gəldilər... Hər yan xarabalıq, yanıb dağılmış evlər, ot basmış küçələr... Şəhəri elə talan eləmişdilər ki, hətta bir neçə yerdə torpaqdan hiss olunurdu ki, ağacı kökündən çıxarıb aparıblar. Şəhərin içinə doğru getdilər. Dəmir darvazalar, su çənləri yox idi, amma dəmir çardaqlar hələ də qalırdı. Bütün evlər sökülməmişdi. Qarət edildikdən sonra yandırılanlar da var idi... Şəhərə baxanda adamı vahimə basırdı. Marks hər yanın viran qaldığını görüb, çıxmağa yol tapmayacaqlarından qorxdu:

- Buralar nə haldadır, ilahi! Hara getsək, ələ keçəcəyik...

- Qorxma, bu şəhərin hər qarışını tanıyıram... Nə qədər yandırıb dağıtsalar da, hər kəndinə, yoluna, küçəsinə bələdəm... Dörd divarı qalan tikilinin də hara olduğunu deyərəm sənə...

- Hə... Buraları ancaq ağdamlı tanıya bilər...Yoxsa şəhər tanınmaz haldadır...

Ağdamı belə miskin, tənha görmək Xəqaninin bütün ümidlərini alt-üst eləmişdi. Bir yandan da, Marksın dayanmadan şəhərin viran qoyulduğunu heyrətlə təkrarlaması ona ağır gəlirdi. Bir il dörd aydan sonra əsirlikdən qaçanda Ağdama ona görə pənah gətirmişdi ki, içində hansısa gizli bir səs ona “doğma şəhərində sənə heç nə olmaz” deyirdi. Axı bu şəhər illərlə erməni hərbçiləri qarşısında dəyanətlə dayanmışdı. Gecə-gündüz döyüşüb, 6 min şəhid vermişdi. İndi isə küçələrdə bir ins-cins gözə dəymirdi. Xəqani həmişə cah-cəlal içində gördüyü, güvəndiyi şəhərin indi xaraba qalmış küçələrində səfil günündə ac-susuz dolaşırdı.

Doğmalıq o qədər əsrarəngiz bir duyğudur ki, Xəqani bir tərəfdən, doğma torpağında, vətənində olmağın sevincini yaşayır, o biri yandan da, Marksa tanınmaz hala düşən tikililərin keçmişi haqda danışırdı:

- Bura dəlixananın binasıdır... Bax, bu qabaqdakı da şampan zavodudur... Ora getməyəcəyik, buradan dönüb, konserv zavodunun həyətinə girək...

Burada bir neçə yük maşını var idi. Əsirlər maşınlara nəsə yükləyirdilər. Tez gözdən itib, buradan uzaqlaşdılar. İndi daha ehtiyatlı olmağa çalışırdılar. Şəhəri tərk edərkən Xəqani Marksa yolu da başa salırdı:

- İndi üzü şəhər Qaradağlısına tərəf gedirik. Artıq Ağdam qalır solumuzda, sizə tərəf, yəni Füzuliyə sarı gedirik... Bu yol isə Muradbəyli yoludur... Şəhər Qaradağlısına keçən yol... Bura isə dəmir yoludur...

Gecəni dəmir yolu vağzalında keçirdilər. Səhər obaşdan oyanıb yenə yola düzəldilər. Artıq Xəqani susur, Marksa Ağdam haqda heç nə danışmırdı. Xəqaninin bu durumu Marksı qorxudurdu:

- Xəqani, nəsə elə bil uzaq getdik e...

- Evə gedirəm...

- Xəqani, başına dönüm, bir ətrafa bax, burada ev görürsən ki, gedəsən də?! Gəl çıxaq gedək, buracan Allah kömək olub, sağ-salamat gəlmişik, vaxt itirmədən çıxaq gedək...

- Ağdamda bizə heç nə olmaz! Bizi kəndimizdə axtarmaq heç kimin ağlına gəlməz...

Onlar Sarıcalı kəndinə girəndə hələ hava qaralmamışdı. Burada hasarlar, evlər viran olsa da, ağaclar qalırdı. Xəqani Marksı bir həyətə gətirdi:

- Atamın əmisi oğlugilin həyətidir. Burada, bu palıd ağacının altında gözlə. Mən öz həyətimizə gedim, tez də gəlirəm...

- Guya yad yer olsa, üzümə baxmayacaqlar?! Ay Xəqani, bir yerdə gedək...

- Burada gözlə!

- Getmə! Birdən gələrlər... Axtarıb səni taparlar... Tutarlar...

- Yox, mən həyətə getməliyəm... Getməsəm, olmaz!

Evlərini söküb yandırmışdılar. Buralara çoxdan insan ayağı dəymədiyi hiss olunurdu. Payız bu həyətin baxımsızlıqdan adam boyu qalxan otlarını saraldıb, sevilməyən qadının pırtlaşıq saçları kimi bir-birinə dolaşdırmışdı. Otlar o qədər sıx idi ki, torpaq görünmürdü. Xəqaninin isə gözünə nə viran qalmış ata yurdu, nə də düz onun yanında yenicə tikib köçdüyü, sonra da darmadağın olmuş evi görünürdü. Düz alça ağacının altına gəldi...

Alça ağacının xəzəli Nicatla Oqtay kişinin məzarını gizlətmişdi. Xəqani diz çöküb Nicatın məzarının üstünü səliqəyə salmaq istəyəndə, yarpaqların arasında çürüyüb xarab olmuş alçaları gördü. Alça ağacı yarpaqlarını tökməzdən öncə bütün barını Nicatın üstünə səpmişdi...

Xəqani oğluna nə deyəcəyini bilməyib hönkürürdü. Onun dünyaya gəlməsi, bu həyətdə böyüməsi, dil açması, 1-ci sinfə getməsi və atasının qollarında qanı dama-dama son mənzilə köçməsi... Hamısı Xəqaninin gözü önündən keçib gedirdi... Nə qədər qısa və kədərli həyat idi... Bundan sonra Nicat alça ağacının yarpaqlarında, çiçəklərində yaşayacaqdı... O da əgər ağac baxımsızlıqdan qurumasa... Çarəsiz Xəqani indi alça ağacının heç vaxt qurumaması üçün dua edirdi. Axı o, Nicatın ən sevimli ağacı idi... Amma, deyəsən, bu, gecikmiş dua idi... Artıq burada üç məzar var idi – Oqtay kişinin, Nicatın və alça ağacının...

Hava qaralanda Nicatın məzarı üstünə uzanıb, yatdı... Səhər oyanıb Nicatla vidalaşdı. Torpağı öpüb sığalladı:

- Gözümün nuru balam! Mən bir hissəmi burada səninlə dəfn etmişəm. Əgər qardaşına lazım olmasaydım, elə indicə yanında məzar qazar, özümü diri-diri səninlə dəfn edərdim... Amma getməliyəm, məni bağışla... Sən böyük oğlumsan. Yurdumuzu da sənə əmanət etdik... Artıq doğma həyətində qərib məzar kimi böyüyəcəksən... Yəqin ki, bizim görüşümüz o dünyaya qaldı... Bu gec olacaq, ya tez, bilmirəm... Lakin sənə söz verirəm ki, gedib çıxa bilsəm, Şövqiyə səni də əvəz edəcəyəm!

Marksın yanına qayıdanda o, hələ də palıd ağacının altında yatmışdı. Çiyninə toxunanda, Marks yuxudan hövlnak ayıldı. Səs salmasın deyə Xəqani tez onun ağzını tutdu. Marks özündən çıxmışdı:

- Allah sənə kömək olsun, ta bəsdir də, gəl gedək! Nə görmüsən bu xarabalıqda?! Bilirəm e, doğma torpağındır, ata yurdundur, evindir, həyətindir! Amma axı elə haldadır ki, adamın bağrı şan-şan olur! Gəl çıxaq gedək...

Xəqani Marksa cavab vermədən, qalxıb yola düzəldi. Ətrafda kimsə olmadığı üçün asta-asta gedirdilər. Bir hənirti eşidəcəkləri təqdirdə o dəqiqə uzanmağa, sürünməyə hazır idilər. Ətrafa diqqət kəsilmişdilər. Xeyli getmişdilər ki, Xəqaninin ayağının altında yüngül çıqqıltı eşidildi. İkisi də donub qaldı.

- Lənətə gələsən, minadır! – Marks dilləndi.

- Ayağımı çəkən kimi partlayacaq. Sən get, get uzaqlaş ki, heç olmasa birimiz ailəmizin yanına sağ gedib çıxa bilək...

- Yox, Xəqani, mən sənsiz hara gedirəm? Heç yolu da tanımıram. Hara getmək lazımdır, onu da bilmirəm. Çək, öləcəyiksə, ikimiz də bir yerdə ölək!

- Qaç uzaqlaş! Partlayanda səsə tökülüb gələcəklər...

- Demirdin ki, xilas olmaq üçün yox, ölmək üçün qaçırıq?! Ölək də, nə olacaq ki?!

- Sənin başın xarab olub?! Cəmi bir neçə yüz metr aralıda səni ailən, uşaqların gözləyir! Qaç, canını qurtar!

- Sənin ailən, uşağın yoxdur, Xəqani?! Səni gözləmirlər?! Sən onların yanına sağ getmək istəmirsən? Ailənin sənin üçün heç bir dəyəri yoxdursa, o viran qalmış həyətinizdə niyə bütün gecəni tək keçirtdin? Niyə səhər qayıdanda gözlərin şişib qıpqırmızı olmuşdu? Niyə biz Qarqarla qaçanda evdən gələn məktubları cibindən çıxarıb əlində saxladın?!

Bir yerdə olduqları üç gün ərzində Marks ilk dəfə idi ki, dil-dil ötürdü. Hər kəlməsi ilə də Xəqaniyə bir az doğmalaşırdı. Birlikdə yola çıxdıqlarını xatırladı. Ona etibar eləmirdi... Marksı ən doğma adamı kimi bağrına basdı. Bu əllər sonuncu dəfə doğma insana – Nicata belə istəklə, sevgi ilə toxunmuşdu. Onu dəfn edəndə... Sonra isə bu əllərlə Şövqini sığallamışdı... Xəqani çoxdan idi ki, heç kimi qucaqlamamışdı. İndi isə Marksa sarılmışdı. Marks Xəqanini bərk-bərk tutub pıçıldadı:

- Qarqardan çıxıb gecənin zülmətində yol getməyimiz yadındadır?

- Yadımdadır...

- Ətraf zülmət idi. Sən diz çöküb Allaha dua elədin ki, bizə yol ver, xilas olaq... Yadındadır?

- Yadımdadır...

- O zaman ay sanki dönüb yolumuza işıq saldı. O da yadındadır?

- Yadımdadır, yadımdadır...

- Bax o ayın işığını yolumuza salan Allah bu dəfə də bizə kömək olacaq, möcüzə göstərəcək. Mən “üç” deyəndə iki qardaş kənara atılacağıq. Ya partlayacaq, bir yerdə öləcəyik, ya da ömrümüzün sonuna qədər qardaş olacağıq... Bir... İki... Üç...

Ölümqabağı son dəfə qucaqlaşıb, özlərini kənara atdılar. Partlayış səsi eşidildi. Bir az aralıdakı gölməçənin içinə yıxılmışdılar. Sir-sifətləri palçıq içində idi. İkisi də qorxudan titrəyirdi. Tez ayaqlarına baxdılar. Yenə möcüzə baş vermişdi. Marks deyinirdi:

- Deyirəm ayağımız yerindədirsə, onda mina deyilmiş. Bəs, görəsən, nə idi bu? Partlamış mina olsaydı, təzədən belə səs çıxarmazdı... Amma, bəlkə, çıxardardı, nə bilim... Əşşi, əsas odur ki, sağ-salamatıq! İndi sən bir ağdamlı kimi mənə de görüm, biz Ağdamın harasındayıq?

Xəqani hələ də özünə gəlməmişdi. Çətinliklə cavab verirdi:

- Əgər yolları minalayıblarsa, deməli, buradan o tərəfi ala bilməyiblər. Qaradağlıdayıq, buradan o yana ehtiyatla getməliyik... Yenə mina ola bilər...

- Yəni deyirsən bu partlayan doğrudan mina idi?

- Bilmirəm. Əgər mina deyildisə, onda lap pis. Nəsə tələ ola bilər. Ola bilsin, lap yaxınlıqda da postları var... Ayağımızla düz üstlərinə gedirik...

Xeyli getdikdən sonra səs eşidib gizləndilər. Kolluqlarla sürünərək, qarşıdakı otların arasına girib uzandılar. İndi qalırdı səs gələn tərəfin hara, kimin postu olduğunu müəyyən etmək. Ya Azərbaycan ordusunun postu idi, xilas olacaqdılar. Ya da yenidən girov düşəcəkdilər...

Gün boyu cəmi 25 metr aralıdakı hərbçilərin söhbətinə qulaq kəsilib, harada olduqlarını müəyyən etməyə çalışdılar. Axşam hava qaralanda Marks kolların arasından qalxıb qışqırdı:

- Atmayın, biz əsirlikdən qaçmışıq!

***

Kənddə qarşılarına çıxan ilk işığı yanan evin qapısını döydülər. Qapı arxasından uşaq səsi gəldi:

- Kimdir?

Marks öz-özünə “Allaha şükür” dedi. Sonra Xəqaniyə baxıb:

- Hələ də elə bilirəm haradansa erməni çıxacaq, - əlavə etdi.

Xəqani səsləndi:

- Atan evdədir?

Bir az keçmiş yaşlı kişi qapını açdı:

- Kimsiniz, nəçisiniz? Bu nə sir-sifətdir?

- Sarıcalıdan kimi tanıyırsan?

- 30 yaşından yuxarı hamını. Nədir ki?!

- Vəli kişini tanıyırsan?

- Vəliyəddini? Oğlu girov düşəni?

- Hə...

- Tanıyıram. Yazıq bir il dörd aydır üzünü də qırxmır. Saqqalı sinəsinə düşüb...

- Bax, onun oğlu mənəm...

- Xəqani sənsən?

- Hə, mənəm! Atamgil haradadır?

- Səhv eləmirəmsə, Şəkinin kəndindədirlər. Bir məktəbdə...

- Bizi ora apara bilərsən?

- Apararam!

Həyətə girdilər. Görkəmləri elə vahiməli idi ki, uşaqlar qaçıb gizləndi. Yaşlı qadın ev sahibinə nə pıçıldadısa, kişi yenidən onlara yaxınlaşdı:

- Bala, gecə vaxtı yola çıxmayaq. Qalın, çimin. Səhər tezdən sizi aparım. Amma əgər siz doğrudan da Sarıcalıdansınızsa, Miri burada, qonşuluğumdadır. Çağırım görüm səni tanıyırmı...

- İldırım dayının oğlu Miri? – Xəqani özünü tanıtdırmaq üçün daha bir fürsət yarandığını görüb tez dilləndi.

- Hə, adaşımın oğludur. Çəpərin o üzündə dəri aşılayır.

Bir neçə dəqiqə keçməmiş Miri gəldi. Diqqətlə Xəqanini süzdü. Bu halı ilə Xəqanini heç evində də tanımazdılar. Bütün sifəti, bədəni döyülməkdən yara idi, şişib göyərmişdi, partlamış, qanamışdı. Dişləri tökülmüşdü, üz-gözü palçıq içində idi. Buna görə də Xəqani bir sinifdə oxuduğu Mirini qınamırdı.

Onun əsl adı Arzu idi, sadəcə kənd camaatı onu Miri kimi tanıyırdı. Bircə sinif jurnalında adını Arzu yazırdılar. Elə indi də Xəqani onu “Arzu” çağıranda Miri hönkürüb, uşaqlıq dostunu qucaqladı...

Arxada dayanan İldırım kişi arvadına hirsləndi:

- İmkan vermədin axşam-axşam muştuluq alam...

***

Miri Xəqani ilə Marksı Şəkinin Cəfərabad kəndinə aparanda gecə idi. Xəqani qapını döymək istəyəndə açıq olduğunu gördü. O, hələ bilmirdi ki, girov yolu gözləyən ailələr qapılarını gecələr də açıq saxlayırlar. Vəliyəddin kişi böyük sinif otağının bir küncünə qoyulan dəmir çarpayıda elə oturduğu yerdə yuxulamışdı. Doğrudan da, çal saqqalı sinəsinə düşürdü. İl yarımda sanki 10 il qocalmışdı. Mirinin yolda danışdıqlarını xatırladı:

- Vəli dayı o gündən saqqalını qırxmır. Deyir, Xəqani gələndə qırxacağam. Hərdən kimsə ümidini itirir, deyir indiyə Xəqani sağ qalarmı. Amma Vəli dayı bir gün də olsun inamını itirmir, deyir Xəqani sağdır, gələcək...

Xəqani məktublarında yazdığı kimi, elə qapının ağzında yerə çökdü...

Qapı cırıltısına yuxudan oyanan anası ilə həyat yoldaşı otağa girəndə vahiməli görkəmi olan, üst-başı cırıq-cırıq, saç-saqqallı bir adam Vəliyəddin kişinin çarpayısına doğru dizin-dizin sürünürdü...

***

23 il sonra...

Mən Şövqi ilə tanış olanda 26 yaşı, bir oğlu var idi. Artıq 55 yaşı olan atası ikinci insultdan yenicə ayağa qalxırdı...

Keçmişdən söz salanda Şövqi “yadımda yalnız xəstəxanalar qalıb” dedi:

- Sümüyümü uzatmaq üçün qoluma İlizarov aparatı bağladılar. 10-cu sinifdə oxuyanda isə dövlət xətti ilə Türkiyəyə getdik. Oradakı professor oynağı çıxardanda damarı da, siniri də zədələdiklərini bildirdi. Əməliyyat çox riskli idi, üz və sinir iflici kimi hallar baş verə bilərdi. Bu riskə gedə bilməzdim. 16 yaşım var idi, belə yaşamağa artıq öyrəşmişdim. Həyatda hər şeyə yaxşı tərəfindən baxmaq lazımdır. Girov uşaqlar haqda çox oxumuşam. Onların içində elə ən yaxşı vəziyyətdə olanı, deyəsən, mənəm... Atam döyülüb öldürülən, min bir işgəncəyə məruz qalan adamlardan o qədər danışıb ki...

Şövqi danışdıqca mən bir körpənin özündən də ağır İlizarov aparatı ilə gəzməsini, həyata belə ağır yüklə başlamasını təsəvvür edirdim. Şövqi gözüm önündə canlanan körpəni təsvir etməyə kömək edirdi:

- Ağlım kəsəndən o aparat qolumda idi. Uşaq idim, əvvəl elə bilirdim qolumun bir hissəsidir... Çox ağır idi deyə yeriyəndə sol tərəfim üstə əyilirdim... Aparatı vaxtaşırı müəyyən yerlərindən sıxmaq lazım idi. Həkim tibb bacılarına icazə vermirdi sıxmağa. Deyirdi açarını verin, özü eləsin, bütün ömrünü belə yaşayacaq, qoy öyrənsin... İstəyirdi ki, mən buna xəstəlik kimi yanaşmayım, özüm eləsəm, həyat tərzimə çevriləcək. Çətinliklə də olsa, sıxırdım... Ağrılı idi. Ümumiyyətlə, İlizarov aparatı çox ağır idi. Mən isə körpə idim... Uşaqlığımın ən yaxşı vaxtlarında oyuncaqlarla yox, İlizarov aparatı ilə oynamışam. Parklarda yox, xəstəxanalarda olmuşam. Travmatologiya İnstitutunda rentgenoloq-həkim var, hər dəfə məni görəndə deyir böyümüsən. Mən o həkimlərin gözü önündə böyümüşəm. Sümük müəyyən qədər uzanandan sonra İlizarov aparatını çıxartdılar. Aparatsız gəzəndən sonra yerişim düzəldi. Elə həmin ili məktəbə getdim... Barmaqlarım çox da yaxşı işləmirdi, amma tədricən o da düzəldi... İndi hər iki əlimi sərbəst işlədirəm, ağır yük qaldırmağa isə çətinlik çəkirəm... Bütün bunlar çox ağırdır. Hər gün bir azını yaddaşımdan silməyə çalışıram, amma alınmır. Axı mən hələ də o günlərin nişanəsini özümlə gəzdirirəm... Sol tərəfimdə... Düz ürəyimdən asılıb o günlərin nişanəsi...

Fikir verdim ki, Şövqi danışanda, şəkil çəkdirəndə həmsöhbətinə daim sağ çiynini çevirir. Eyni ilə atasının əsirlikdə söhbət etdiyi uşaqlıq şəklindəki kimi. Bu duruşunda illərin vərdişi hiss olunur. Onun məndən gizlətdiyi körpə əlindən hələ də Nicatın yapışdığını görürəm. O əl hələ də ölümündən öncə Nicatın yapışdığı əl boydadır, böyüməyib... Bəlkə də, Şövqinin sol qolu, özü dediyi kimi, ürəyindən asılan qolu onun vücudunda tək müharibə dəhşətini yox, həm də Nicatın ömrünü yaşadır...

Aramızda böyüməyən təkcə Şövqinin qolu deyil. Zatən biz – müharibə uşaqları heç birimiz böyümədik. Uşaq da ola bilmədik... Buna görə də Şövqinin sol qolu mənim üçün müharibə uşağının simvoludur... Bizim hamımızın – kiminin içində, kiminin də dışında böyüməyən bir hissəmiz var...

Yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanlarının – körpələrin xatirəsinə ehtiramla...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15591
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar