Qarabağ müharibəsinin dəhşətlərini şahidlər Vüsalə Məmmədovaya danışır
Yəqin ki, bu, bütün uşaqların arzusudur, - uşaqlıqda böyüməyi hər şeydən çox istəyirdim. Ona görə yox ki, böyüyüb xəyallarımın arxasınca gedə bilim…
Doğrusu, elə bir xüsusi istəyim-arzum yox idi. Sadəcə böyümək, yaşadığım yerdən, gündən qaçıb uzaqlaşmaq, qulağımda indinin özündə belə əks-səda verən silah səslərini unutmaq istəyirdim…
Yaxşı yadımdadır, “böyüyüb kim olmaq istəyirsən” sualına belə cavabım yox idi… Bəlkə elə ona görədir ki, bir neçə dəfə ixtisas dəyişmişəm…
Mənə elə gəlirdi ki… yaşa dolub mənhus keçmişimdən qaça biləcəyəm…
Uşaqlıqda heç kim öz qocalığını təsəvvür etmir, hamı həmişə gənc və gözəl qalacağını düşünür…
Mən isə ancaq yaşlılığın xiffətini çəkirdim… Çünki məni yaşadığım iztirablardan yalnız bir-birini sürətlə əvəz edən illər xilas edə bilərdi…
Bilmirdim ki, insan böyüdükcə taleyinə daha çox yaxınlaşır, sakitcə onun ağuşuna qısılır…
26 il öncə haqqında düşünməkdən belə qorxduğum nə vardısa, zaman keçdikcə məni rahat buraxmır…
“Əsir düşərgəsi” layihəsi də onun kimi… Axı bu da bir taledir…
Lent.az-da “Əsir düşərgəsi” layihəsinə 2014-cü ildə tərəddüdlə başlamışdıq… Bütün saytların manşetini şou-biznes ulduzlarının bəzədiyi bir dövrdə iyirmi ildən çoxdur ki, kimsənin xatırlamadığı insanları yada salmaq risk idi, oxunmayacaqdı!
Oxucusunu hamıdan yaxşı tanıyan Qabil Abbasoğlunun bir kəlməsi ilə başladım bu layihəyə: “Oxunmasın, amma biz yazaq! Nə zamansa mütləq oxuyacaqlar!”
Həqiqətən də oxucu Qabil müəllimi yanıltmadı. Qısa zamanda digər saytlar da “İP xofu” yaşamadan Qarabağdan yazmağa başladılar…
Lent.az TEAS Press Nəşriyyat Evi ilə birlikdə “Əsir düşərgəsi” layihəsini kitaba çevirdi. Yaxın tarixin heç yerdə yazılmayan səhifələrinin bir hissəsini iki kitaba yerləşdirib, qürurla rəfə qoyduq. Missiyamız bitdimi?
Qulağımdakı bomba səsləri susmadığı kimi, bu qutsal missiya da bitmədi…
Layihəni anamın xahişi ilə dayandırmışdım, səhhətimdən narahat idi, “ağır yükün altına girmisən”, deyirdi… Elə onun xeyir-duası ilə də yenidən başlayıram. O hesab edir ki, doğulduğum torpağın tarixini (insanı ilə birlikdə) yazmaq mənim alın yazımdır.
Haqlıdır!
İki ildir ki, mənə müraciət edən girovluq həyatı yaşamış insanlar, telefonumda ard-arda yazılan nömrələr, filmlərə mövzu ola biləcək hadisələr artıq beynimdə öz-özünə hekayəyə çevrilir və mənə dinclik vermir, hüzurumu pozur… Hüzuru əldə etməyin yeganə yolu qalırdı – onları yazıya köçürmək.
Çünki müharibə xatirələrini qorumaq üçün kitabdan savayı heç bir sığınacaq mövcud deyil… “Əsir düşərgəsi” mənim və mənimlə eyni taleyi bölüşənlərin müharibə xatirələrinə qucaq açan ən güvənli sığınacağıdır…
Qısası, Lent.az oxucusuna güvənərək çətin bir yola çıxırıq - iki ildən sonra yenidən “Əsir düşərgəsi”nə başlayırıq...
Elə bu yerdə F-11 düyməsinə klikləyin.
“Əsir düşərgəsi”nin budəfəki qəhrəmanı 242 saylı orta məktəbin rus dili müəlliməsi Fazilə Hacıyevadır…
***
I hissə
Gözdən-könüldən uzaq, xudmani bir kafedə görüşdük. Görünür, ixtisasca rejissor olmağımdan irəli gəlir ki, müsahibimi dinləməzdən öncə onun üz cizgilərini oxumağa çalışır, əyin-başını gözdən keçirirəm – hekayənin əsas hadisəsinə çevriləcək detalları axtarıram… O özü haqqında məlumat verir:
- 1989-cu ilin noyabrında Qərbi Azərbaycandan, Krasnoselski rayonunun Toxluca kəndindən gəldik… Anamgil bizdən əvvəl gəlmişdilər, biz – həyat yoldaşım və iki övladımla onların evində məskunlaşdıq… 1991-ci ilin may ayının sonlarında eşitdik ki, Hadrutun əvvəllər ermənilər yaşayan kəndlərinə azərbaycanlı ailələrin köçürülməsinə başlanılıb…
- Bu o vaxt idi ki, Cəbrayıl könüllüləri və polisləri Hadrutun 12 kəndini düşməndən azad etmişdilər…
- Bəli, biz də könüllü olaraq Hadrutun Zamzur kəndinə köçdük…
Danışdıqca gözlərim çox səliqəli maniküründə ilişib qalıb… Qəribədir, əvvəllər görüşdüyüm girovların heç birinin belə manikürü olmayıb… Məni baxışlarımdan duyur:
- Dırnaqlarımı bilirsiniz niyə belə saxlayıram? Onların acığına… Bu dırnaqlara görə başıma elə müsibətlər gətiriblər ki…
- Niyə…?
- Dırnaqlarım qısa olanda ətim ürpəşir. Bir iş görmək istəyəndə də dırnaqlarımı paltar sabununa çəkirdim, içi dolurdu, işimi görürdüm, sınmırdı… Cibimdə də daima dırnaq boyası olurdu… Çəkirdim… Əsirlikdə dırnaqlarıma görə “axı bu dırnaqla orda neyləyəcəkdin ki? Ora kişilərə xidmət etmək üçün getmisən” deyirdilər… Girovluqdan qayıdanda barmaqlarım nə kökdə idi… Sonradan birləşdi əllərim…
Susur… Mən də susuram. O məni baxışlarımdan duymuşdu. Müsahib məni baxışlarımdan anlayanda o qədər rahat oluram ki, onun istədiyi qədər, istədiyi mövzuda susa bilərəm… Və bu sükutu ömrümün sonuna qədər qoruya bilərəm…
- Siz Qarabağa köçəndə uşaqlar nə boyda idi?
- Mən 1954-cü ildənəm, həyat yoldaşım Babayev Akif Mobil oğlu – 1955-ci ildən… Cəmi bir yaş fərqimiz var idi… Qızım 1979, oğlum isə 1984-cü ildəndir… O vaxtı qızımın 12, oğlumun isə 6 yaşı var idi… Hələ məktəbə getmirdi…
- Kənddə nə iş görürdünüz? Məktəb var idi?
- Biz ora gedəndə yay idi. Məktəbi qaydaya salıb, sentyabra qədər hazırlamalıydım…
- Kənddə adam çox idi?
- 60-70 ailə idik… Hamısı da Qərbi Azərbaycandan gəlmişdi…
- Necə münasibət qurdunuz?
- Çox yaxşı. Baxmayaraq ki, bir-birimizi elə orda tanımışdıq, çox qısa zamanda isinişdik, doğmalaşdıq… Hər gecə səhəri qorxu içində gözləyirdik…
- İnsanları qorxu qədər heç nə birləşdirmir…
- Düzdür. Qəribə kənd idi, təpələrdən hiss edirdik ki, dağın içinə doğru lağım atılıb. Evlər barrikada şəklində tikilmişdi, hamısı da iki mərtəbəli. Birinci mərtəbələr isə yaşayış yeri deyildi…
- Bəs nə idi?
- Qəribə zirzəmilər idi…
- Qəribəliyi nədə idi?
- Bir dəfə birinə düşdüm ki, görüm burada nə var? İçəridə adam boyu hündürlüyündə qapını açıb, keçdim… Əlimdə də kibrit var idi, yandırdım, söndü… Boylananda gördüm ətrafda şamlar var. Birini yandırıb baxdım ki, elektrik xətləri görünür. Toxunub yandırdım, lampa işıqlandı… Haradasa əlli metrə qədər irəlilədim… Yol dərinliyə uzanıb gedir, lampalar artırdı…
- Ermənilərin müharibədən çox-çox əvvəl xüsusi zirzəmilər hazırladıqları barədə məlumatlara çox yerdə rast gəlmişəm. Müsahiblərim arasında həmin fərqli zirzəmiləri görənlər, orada saxlanılanlar olub…
- Hə, bu təsadüf deyildi. Zirzəmilər mənə sırf lağımlara görə maraqlı idi. Öz yaşadığım evin zirzəmisi deyildi. İşıqları yandıra-yandıra əlli metrə qədər getdim və tək olduğum üçün qorxub, geri qayıtdım… Çıxdım. Ordakı polislərdən birinə dedim ki, mən xeyli getdim, o yol harasa aparır. Biriniz mənimlə gəlin, gedək, baxaq. Dedilər ki, sənə o yerlərə getməyi qadağan edirik… Bəlkə orda mina basdırıblar? Artıq hamımızın mina qorxusu var idi…
Kəndə qalxan yol dağ yolu idi, hər iki tərəf yüksəklik idi… Dağlıq, meşəlik… Bir dəfə kənd camaatı yük maşını ilə kolxozun arpa sahəsinə biçinə gedəndə kəndin girəcəyində minaya düşdü. İki gənc ailə başçısı həlak oldu… Təxminən bir ay sonra isə polis maşını minaya düşdü… Bu dəfə isə üç polis nəfəri dünyasını dəyişdi…
- Hüzur qaçdı…
- Baxmayaraq ki, polislər bir neçə tərəfdə postlar qurub, yüksəkliyi qorumağa çalışırdılar, ailələr kəndi tərk etməyə başladı…
- Söhbət strateji əhəmiyyət kəsb edən Şayaq yüksəkliyindən gedir?
- Bəli. Ermənilər Şayaq yüksəkliyini ala bilsələr, Cəbrayıl rayonunu çox rahat işğal edəcəkdilər. Bu arada eşitdik ki, Cəbrayıl rayonunda özünümüdafiə dəstələri yaranır. Yaxın idik, aramız 12-14 kilometr olardı. Yoldaşım həmişə hərbçi olmaq istəmişdi, indi bu barədə eşidəndə Cəbrayıla gedib, batalyona yazıldı…
- Sizin buna münasibətiniz necə oldu? İki körpəniz var idi və ailələr kəndi tərk edirdi…
- Dəstəklədim, düz edirsən, dedim. Bilmirəm o sözü necə ifadə edim… Ya bizdə fanatizm güclü idi, Vətənə məhəbbət var idi, ya da çox qürurlu idik. Erməni kəndə girməsin deyirdik… Düşünürdük ki, biz kənddə qalsaq, erməni gəlməyəcək…
- Əslində torpaq tərk ediləndə itirilir…
- Doğrudur… Akif başladı Cəbrayıl polisləri ilə birlikdə postda dayanmağa… Sonra kəndə Xüsusi Təyinatlı Polis Dəstəsi – “OMON”-çular gətirildi…
- 1991-ci ildə “OMON”-çular ən qaynar nöqtələrə ezam olunurdular. Yeni yaranmışdılar və sayları çox az idi…
- Elə bizim kəndə də az gəlmişdilər. Hər kəndə iki-iki bölünürdülər. Onların arasında bizim bir qohum da var idi… Mənə dedi ki, uşaqları da götür, burdan get, yaxında güclü əməliyyat gözlənilir. Ermənilər bu kəndləri almaq üçün hərəkətə keçəcəklər. Həmin vaxt biz olan kəndlərə ərzaq daşıyan qardaşım da bizdə idi. Qohumumuz dedi ki, uşaqları da götür, qardaşınla get…
- Getmədiniz…
- Uşaqları qardaşımla anamın yanına göndərdim, özüm çıxmadım.
- Uşaqlarla necə ayrıldınız?
- Qızım böyük idi, başa düşürdü, oğlum isə dedi məktəbə getmək istəmirəm, atamın yanında qalmaq istəyirəm. Atası da dedi ki, nənəngildən məktəbə getsən, gəlib sənə velosiped alacağam. Oğlum hələ ilk dəfə gedəcəkdi məktəbə. Beləcə, uşaqları göndərib, qaldıq ikimiz…
- Sizin qalmağınıza etiraz etmədi?
***
- Fazilə, sən də get!
- Onda sən də gəl, Akif…
- Sən istəyərsən mən qaçım?
- Axı niyə biz ayrı olmalıyıq? Mən səndən əksiyəm?
- Get ki, olanda da ikimizdən birimizə nəsə olsun… Uşaqlar var…
***
- Beləcə, iyul ayının axırlarında uşaqları Bakıya göndərdim. Avqustun axırlarında isə ermənilər kiçik dəstə ilə kəndə hücum etdilər. Bizim polis hücumun qarşısını aldı. Bir neçə erməni öldürüldü, bir neçəsi isə həmin lağımlarda gözdən itdilər…
- Artıq lağımlar barədə şübhələriniz özünü doğruldurdu…
- Bəli. Onların kəndə hücumu da lağımlarla oldu. Postda dayanmışıq, yolla gələni görürük, amma bir də xəbər tutduq ki, kəndin içindədirlər. Kəndin içinə çox rahat yolları var idi… Lağımlarla gəlir, elə oradan da itirdilər…
- Siz də postda dayanırdınız?
- Kəndin müdafiəsində Cəbrayıl polisləri dayanırdı. Əhali tamamən köçüb getmişdi. Mülki şəxslərdən 9 nəfər idi. Onlardan ikisi də mənimlə başqa bir qadın. Qalanlar kişilər idi. Mən və o qadın döyüşənlərin həyat yoldaşları idik… Təpənin üstündəki müxtəlif istiqamətlərə baxan iki evi post kimi seçmişdilər və biz də hamı ilə birlikdə köçüb o evlərdə yaşayırdıq.
- Postda həyat necə idi? Qadınların günü necə keçirdi?
- Səhərə qədər bizimkiləri güdürdüm ki, birdən yuxuya gedərlər… Neçə dəfə olub ki, gedib görmüşəm yuxulayıblar, silahlarını tərpətmişəm ki, oyansınlar. Kimsə xəstələnirdisə, yardım edirdim, yeməyi özüm üçün yox, hamı üçün bişirirdim…
Baxmayaraq ki, dil qabiliyyətim zəif deyil, ancaq o hissləri ifadə edə bilmirəm. Elə bil ki, gərginlikdən öz paltarın sənə iynə kimi batır. Yuxulamaq istəyirsən, bacarmırsan… Səhər o başdan böcəklər günəşin doğmasına sevinib çıxırlar, bax, mən o böcəkləri müşahidə eləmişəm… Yatmırdıq axı, divarın yanında, ağacın altında ayıq-sayıq dayanır, səhərin açılmasını gözləyirdik… Biz həmin vaxtı o günəşin doğmasına həşəratlar qədər sevinirdik ki, bir gecə də bitdi…
- O biri qadın kim idi?
- Döyüşçülərdən Yolçunun həyat yoldaşı Müşkünaz. Məndən iki yaş böyük idi. Onun da uşaqları Bakıda idi, qızı texnikumda, oğlu isə məktəbdə oxuyurdu…
- Həmin günü necə xatırlayırsınız?
- Noyabrın 14-ü idi… Postdakıların heç birinin kefi yox idi… Yoldaşım bir nəfərlə Cəbrayıla çörək almağa düşmüşdü, qayıdanda çox dilxor idi…
***
- Akif, nə olub?
- Heç nə olmayıb. Amma çox pis olacaq…
- Hardan bilirsən?
- Ürəyim belə deyir…
***
Otaqdan çıxdım ki, polis Şükür əllərini göyə açıb deyir, ay allah, gələcəklərsə, bu gecə gəlsinlər…
İndi Azərbaycanın Milli Qəhrəmanı olan Kazım Məmmədovun – çox ciddi, ədəbli və namus çəkən oğlan idi – rəngi sapsarı idi… Nə olub, pis yatmısan, acsan, yoxsa ağrıyan yerin var, soruşdum… Dedi yox, vallah gələcəklər… Polislərdən Elçin musiqi dinləyirdi, Kazım dedi söndür…
Gecə saat birə qalırdı… Hamı dilxor, kimsə danışmır… Yoldaşım dedi, onsuz da hamınız oturmusunuz, mən gedirəm bir az uzanam… Mən də qalxıb onunla bərabər getdim… Uzandıq… Hərəmiz bir tərəfdə… Danışmırıq… Gözümüzə də yuxu getmir… Birdən “tak-tak” başladı…
***
- Gəldilər…
- Bəlkə bizimkilərdir, Akif…
- Yox… Güllələr işıq saçır, dəmir damlara dəyib, daha da işıqlanır… Kənd işığa qərq olub… Bizdə o silahlardan yoxdur…
***
Mən də qalxıb pəncərədən baxdım ki, ilahi, həqiqətən kəndin səması işıq içindədir. Dörd tərəfdən işıq yağır… Sanki yanan kibrit çöpləri ilə kəndi əhatəyə alıblar… Mühasirədəyik…
…Ratsiya ilə xəbər verdilər – “mühasirədəyik…!”
…Yuxarı postdan xəbər gəldi – “mühasirədəyik…!”
…Onlar üç yüzə yaxın adamla gəliblər…
…Biz bir postda 12-13 nəfərik… Bəs yuxarı post?
…Yuxarı postda iyirmi nəfər var…
…“OMON” dəstəsi qonşu kəndin müdafiəsindədir, maşınla gəlsələr bir saata çatacaqlar…
…Mühüm yüksəkliyi əlimizdə saxlamalıyıq…
(Davamı olacaq)
II hissədə:
- Mən yanıb ölmək istəmirəm… Mən boğula bilmirəm… Çıxaq…
- Sən get, mən düşmən əlinə düşməkdənsə boğulmaq, yanıb kül olmaq istəyirəm…
- Alovun içindən çıxanda üstümə nəsə atdılar, ilk zərbədən yıxıldım…
- Meyitlər lazım deyil, qadınları atın maşına, tərpənək, “OMON”çular gəlir…