Rusiyadakı türk diasporu: "Arif Məlikov təkcə Azərbaycanın deyil, bütün türk dünyasının önəmli insanıdır"

Rusiyadakı türk diasporu, Rus-Türk İş adamları Birliyi (RTİB) görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı bəyanat yayıb.
 
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, RTİB Rusiyadakı türk diasporunun türk şairi Nazim Hikmətin dostu, dünya şöhrətli Arif Məlikovun vəfatından kədərləndiyini, Azərbaycan xalqına və Arif Məlikovun ailəsinə dərin hüznlə başsağlığı verdiyini açıqlayıb.
 
RTİB-in həmsədrləri Səbahəttin Yavuz və Naki Karaaslan tərəfindən yayılan açıqlamada Arif Məlikovun Nazim Hikmətin yaxın dostlarından biri olduğu vurğulanıb. Bildirilib ki, bütün türk dünyası görkəmli bəstəkarı itirib: “Məlikov təkcə Azərbaycanın deyil, bütün türk dünyasının önəmli insanı idi. Nazim Hikmətlə olan dostluğu onu həm də bütün türk dünyasına sevdirmişdi. Məşhur musiqiçinin vəfatı ilə əlaqədar bütün türk dünyasının başı sağ olsun”.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikov mayın 9-da, ömrünün 86-cı ilində Bakıda vəfat edib.

LENT

25 May 2019

Digər xəbərlər >>>